Məhkəmə qərarları › İş №2-1(112)-5086/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5086/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5086/2025 25.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Maştağa Bələdiyyəsi) qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı-1 bağ massivində yerləşən torpaq sahəsi üzərində hüquqların mərhum X5 məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********80 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Albalı İ» bağlar massivində yerləşən 0.12 ha torpaq sahəsinin mərhum X5 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Albalı İ» bağlar massivində yerləşən 600,0 m2 torpaq sahəsinin mərhum X5 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 50/7 saylı Qərarına əsasən Maştağa qəsəbəsi, «Albalı İ» bağlar massivində yerləşən ərazidə fərdi bağ evinin tikintisi üçün, İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş, xx.xx.2019-cu ildə vəfat etmiş mərhum həyat yoldaşı, X5 1200 m2 torpaq sahəsi satılmışdır. Torpaq sahəsi mübahisəsiz olaraq İddiaçı istifadəsindədir və həmin inzibati akt hal-hazırda qüvvədədir. xx.xx.2006- cı il tarixli, 50/7 saylı Qərarın 2-ci bəndinə əsasən ayrılmış torpaq sahəsi X2 mülkiyyətinə verilmiş, 3-cü bəndinə əsasən X7 ilə Maştağa Bələdiyyəsi arasında torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. Torpaqların Alqı-Satqısına dair xx.xx.2006-cı il tarixli akta əsasən X7 ilə Maştağa Bələdiyyəsinin hesabına 2112 (iki min yüz on iki) manat torpaq haqqını ödəmişdir. İddiaçı "Vərəsəlik hüququ haqqında şəhadətnamə"nin verilməsi ilə bağlı Bakı şəhəri 9 saylı Notariat Ofisinə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə adına 2778 saylı vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 29 oktyabr 2024-cü il tarixli, 3-48- 2F/2-P-4958-8-5335/2024 nömrəli arxiv arayışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin arxiv fondu üzrə 30 noyabr 2006-cı il tarixli, 50/7 saylı Qərarının və ona əlavə edilimş akt sənədinin təsdiq edilmiş ksero surətləri İddiaçı təqdim edilmiş, lakin qərara cizgi sənədi əlavə edilməmişdir. Cavabdeh imtina haqqında məktubunda "Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında" Qanunun 15-ci maddəsinin hansı bəndini rəhbər tutduğunu qeyd etməmişdir. Halbuki, həmin maddədə hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilən 6 fərqli hal nəzərdə tutulmuşdur ki, onlardan heç biri cavabdehin istinad etdiyi imtina səbəbini özündə ehtiva etməmişdir. Cavabdeh inzibati orqanın imtina haqqında məktubunun məzmunundan görünür ki, o, istinad etdiyi bu halı ümumiyyətlə əsaslandırmamış və hər hansı müşaiyətedici sübut təqdim etmədən mülahizələrlə bildirmişdir. Qeyd olunan ünvanda yerləşən torpaq sahəsi magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmir və mühafizə zolağına düşmür. Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Albalı İ» bağlar massivində yerləşən ərazidə fərdi bağ evinin tikintisi üçün satılmış 0,12 ha ərazisi olan torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməməsindən imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respubliksının Qanununun tələbləri təmin edildiyindən cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş “torpaqların alqı- satqısına dair akt” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatına əsasən sahə Vişnyovka bağ massivinin ərazisində yerləşməklə dövlət mülkiyyəti torpağıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Maştağa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 50/7 nömrəli qərarından görünür ki, X6 Maştağa qəsəbəsi «Albalı İ» bağ massivində 1200 kv.m torpaq sahəsi fərdi bağ evi tikintisi üçün ayrılmışdır. Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında xx.xx.2006-cı il tarixli alqısatqı müqaviləsindən görünür ki, Bələdiyyələrin statusu haqqında, Bələdiyyələrin əraziləri və torpaqları haqqında və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq Maştağa Bələdiyyəsinin 50/7 saylı qərarı əsasında Bakı Sabunçu rayonu Maştağa qəsəbəsib Albalı İ b/m küçəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi X1. İşdə olan ölüm haqqında 018228 nömrəli, xx.xx.2019-cu il tarixli şəhadətnamədən görünür ki, X7 xx.xx.2019-cu il tarixində ölmüşdür. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktından görünür ki, torpaq sahəsinin sərhədlərinin üç tərəfi daş hasar, bir tərəfinə isə daş düzülmüşdür. İcazəsiz tikili yoxdur. Hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,12 ha, faktiki sahəsi isə 0,06 ha-dır. İddiaçı hazırda qeyd olunan sənədlərə istinad edərək Maştağa bələdiyəsi tərəfindən A.Cəbiyevə ayrılmış 600 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici bələdiyyəyə məxsus əmlakın özgəninkiləşdirilməsinə dair aktı, daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Göründüyü kimi, qanunverici bələdiyyəyə məxsus əmlakın özgəninkiləşdirilməsinə dair aktı, daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən etmişdir. Torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxt qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər) alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. - maddə 6.7. Bələdiyyələr on gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır. - -Maddə 8.0. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində - 0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; 8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək; 8.0.3. kənd təsərrüfatı məqsədləri üçün inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq normasının kənd təsərrüfatına az yararlı torpaqlardan - 500 mislinədək; yararsız torpaqlardan - 600 mislinədək; 8.0.4. sənaye, nəqliyyat, rabitə və digər istehsal, ticarət, ictimai-iaşə, xidmət, digər obyektlərin, habelə fərdi və kooperativ qarajların, inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün - layihə sənədləri ilə tələb olunan ölçüdə. - maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan redaksiyası) əsasən: - bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - bənd 4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. -bənd 7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - bənd 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. -bənd 21. Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. - 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. İstinad olunan normalardan müəyyən olunur ki, xx.xx.2006-cı il tarixdə bələdiyyə şəxsə torpaq sahəsi ayırmaq üçün: 1.torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlarının və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) rəyini əldə edir;

2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu həmin torpaq sahəsinin planını (cizgisini) təsdiq edir və torpaq sahəsinin normativ qiymətini müəyyən edir və həmin sənədləri bələdiyyəyə təqdim edir;

3. həmin sənədlər bələdiyyəyə daxil olduqdan sonra torpaq sahəsinin şəxsin icarəsinə verilməsi ilə bağlı qərar qəbul edir.

4. şəxslə bələdiyyə arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanır. Lakin işdən görünür ki, bələdiyyə iddiaçıya torpaq sahəsi ayırarkən qanunvericiliklə tələb olunan normalara əməl etməmiş, səlahiyyətli orqanların rəyini almamışdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-13158/2025 nömrəli məktubundan görünür ki, Sabunçu rayonu Maştağa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 50/7 nömrəli Qərarı ilə X5 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 1200 kv.m torpaq sahəsinin ayrılmasına dair (torpaq sahəsinin yeri, yerləşdiyi zona, normativ qiyməti və sair) ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilib-edilməməsi ilə bağlı məlumatın verilməsi barədə xx.xx.2025-ci il tarixli, ********** nömrəli xidməti məktuba "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır. Mərkəzin arxivində aparılmış araşdırma zamanı Sabunçu rayonu Maştağa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 50/7 nömrəli Qərarı ilə X5 1200 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə İ-ci hissəsinə əsasən bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir: 6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam; Konstitusiyanın 145-ci maddəsinin İ-ci hissəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Həmin maddənin İİ-ci hissəsinə əsasən bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Mübahisəli qərarın qəbul edildiyi “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Qanun 16.4-cü maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Həmin Qanunun 16.5-ci maddəsinə görə bələdiyyənin bütün iclasları protokollaşdırılır. Həmin Qanunun 33.3-cü maddəsinə görə Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. İstinad olunan normalardan görünür ki, bələdiyyə əmlakının şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi barədə qərar qəbul edilir və bu qərar bələdiyyə iclasında bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İddiaçının təqdim etdiyi 50/7 saylı qərardan görünür ki, həmin qərar xx.xx.2006-cı il tarixdə bələdiyyə iclasında qəbul edilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Maştağa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 50 saylı iclasının qərarından görünür ki, həmin iclasın gündəliyi Maştağa Bələdiyyəsinin 2007-ci ilin Yerli Büdcəsi və X11 müzakirəsi və qəbul edilməsi haqqında olmuş, iclasda hər hansı bir şəxsə, o cümlədən A.Cəbiyevə torpaq sahəsinin ayrılması məsələsi müzakirə olunmamışdır. İşdən görünür ki, Maştağa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 50/7 saylı qərarı inzibati nəzarəti həyata keçirən orqana xx.xx.2006-cı il tarixdə daxil olmuşdur (iddiaçının hazırda təqdim etdiyi qərar isə xx.xx.2021-ci il tarixdə dövlət arxivinə təhvil verilmişdir). Məhkəmə bələdiyyənin iclasdankənar qərar qəbul etmək səlahiyyətinin olmamasını nəzərə alaraq hesab edir ki, iddiaçının təqdim etdiyi həmin qərar hüquqmüəyyənedici sənəd qismində qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Hazırkı halda iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddia olunan torpaq sahəsi üzərində iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar