Məhkəmə qərarları › İş №2-1(112)-5087/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5087/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5087/2021 30.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı “ASAN” Xidmət Mərkəzinə müraciət etmiş, iddiaçının müraciəti aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmiş, Filial İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********4 nömrəli, 21.12.2020-ci il tarixli imtina məktubunda iddiaçının həm sosial sığorta stajı, həm də pensiya kapitalının olmadığını bildirmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 62 yaşının tamam olduğu 16 sentyabr 2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə anadan olmuş, orta məktəbi bitirdikdən sonra, yəni 03.09.1975-ci il tarixdən əmək fəaliyyətinə başlamış və bu günə kimi 25 ildən artıq əmək stajı toplamışdır. Hazırda 62 yaşı var. Hesab edir ki, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında göstərmişdir ki, iddiaçının əmək kitabçası araşdırılarkən onun əmək kitabçasının birinci səhifəsində pozuntular aşkarlanmış, yəni əmək kitabçasının birinci səhifəsi işəgötürənin möhürü ilə təsdiq edilməmişdir. Bundan başqa, iddiaçının əmək kitabçasında 04.05.2010-cu ildə kommersiya direktoru vəzifəsinə qəbul olunduğu Respublika “xəbərlər.com” İnformasiya Agentliyinə işə daxil olduğu tarix və əmrlərlə rəqəmlərə düzəlişlər edildiyi, 04.05.2018-ci ilin düzəldilərək 04.05.2010-cu il kimi yazıldığı görünür. X6 Sisteminə (PAS) əsasən iddiaçının 1992-ci ilə qədər və 1992-2006-cı illər arası, həmçinin 2006-cı ildən sonra da pensiya kapitalı olmamışdır. Halbuki, lazım olan pensiya kapitalı 28800 manatdır. Göründüyü kimi, iddiaçının həm sosial sığorta stajı, həm də pensiya kapitalı yoxdur. Göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verdilər və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmənin 07.06.2021-ci il, 09.07.2021-ci il və 24.09.2021-ci il tarixli iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X2 etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həm istinad olunan normaya, həm də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci yarımbəndinə əsasən 1 iyul 2020 – 30 iyun 2021-ci il üzrə qadınlara pensiya təyin edilməsi yaşı 62 yaşdır. Beləliklə, qeyd olunan normalardan görünür ki, 2020-ci ilin sentyabr ayı üzrə qadınlara yaşa görə əmək pensiyası aşağıdakı şərtlər mövcud olduğu təqdirdə təyin edilir: 1) 62 yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, onun 62 yaşı 16.09.2020-ci il tarixdə tamam olmuşdur. Göründüyü kimi İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etdiyi 2020-ci ilin dekabr ayında 62 yaşı tamam olmuşdur. İkinci şərtə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı 03.09.1975 - 20.07.1976-cı il tarixlərində Salyan avtobazasında biletlərin satışı üzrə xəzinədar və konduktor, 18.07.1977-30.09.1977-ci illərdə X4 Şöbəsində makinaçı katibə, 10.10.1990-12.11.1996-cı il tarixlərində Salyan rayon sığorta şirkətində iqtisadçı, 01.12.1996-05.01.2004-cü illərdə “Bibiheybət” Elmi-istehsalat müəssisəsində kargüzar, 15.01.2004-15.12.2005-ci il tarixlərində “Bibiheybət” Elmi-istehsalat müəssisəsində kargüzar, 04.05.2010-01.02.2020-ci il tarixlərində “Respublika xəbərləri.com” İnformasiya Agentliyində kommersiya direktoru vəzifəsində işləmişdir. İddiaçı 10.05.2020-ci il tarixdən bu günə kimi X7 MMC-də müxbir vəzifəsində işləyir (baxmayaraq ki, işdə olan əmək müqaviləsi bildirişinə əsasən iddiaçı 14.07.2020-ci il tarixdən X7 MMC-də işləyir). İş materiallarında olan “Bibiheybət” Elmi-istehsalat müəssisəsinin direktoru tərəfindən verilmiş Arayışdan görünür ki, İddiaçı 01.12.1996-cı il tarixdən müəssisəyə 01.12.1996-cı il 23 nömrəli əmrlə işə qəbul olunmuşdur. 05.01.2004-cü ildə öz xahişi ilə işdən azad olunmuşdur. 14.01.2004-cü ildə 3K nömrəli əmrlə işə yenidən bərpa olunmuşdur. 15.12.2005-ci ildə 39 nömrəli əmrlə işdən azad olunmuşdur. Əmək haqqı saytın rentabelləşməsinə qədər ictimai əsaslarla müəyyən edilmişdir. Əmək haqqı olaraq fəal işçi olduğu üçün 500 manat təyin edilmişdir. Məhkəmə iddiaçının əmək stajına münasibətdə iki dövrün fərqləndirilməsini zəruri sayır:

1. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu 01.01.2006-cı il tarixədək olan dövr- İ dövr;

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olduğu 01.01.2006-cı il tarixdən hazırkı tarixədək – İİ dövr. İ dövrlə bağlı məhkəmə aşağıdakıları qeyd edir: 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26.09.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən ümumi iş stajına aid sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər aşağıdakı iş dövrü üzrə əmək stajına əsas kimi qəbul edilir. 14 dekabr 1962-ci ildən sonrakı dövr əgər əmək kitabçasını verən idarə, müəssisə və təşkilata işə daxil olana qədər hansı idarə, müəssisə və təşkilatda, hansı vaxtda, hansı vəzifələrdə işləməsi barədə əmək kitabçasında konkret qeyd aparılmışsa. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Göstərilənlərə əsasən, məhkəmə iddiaçının 01.01.2006-cı il tarixədək əmək kitabçasındakı qeydləri əsas götürərək həmin dövrü iddiaçının sığorta stajı kimi qəbul edir. Belə olan halda müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı il tarixədək 16 il 2 ay 13 gün sığorta stajı olmuşdur. İİ dövrlə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. 01.01.2006-cı il tarixdən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin Qaydaların 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Qaydaların 3.10-cu bəndinə əsasən isə Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər Sosial sığorta stajına şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda daxil edilir. Göründüyü kimi, qanunvericilik 01.01.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilsin. İddiaçıya məxsus əmək kitabçasında onun 04.05.2010-01.02.2020-ci il tarixlərində “Respublika xəbərləri.com” İnformasiya Agentliyində kommersiya direktoru vəzifəsində işləməsi, 10.05.2020-ci il tarixdən bu günə kimi X7 MMC-də müxbir vəzifəsində işləməsi göstərilmişdir. Lakin işdən müəyyən olunur ki, bu illər ərzində məcburi dövlət sosial sığorta haqları ödənilməmiş, iddiaçı həmin dövr üzrə pensiya kapitalına malik olmamışdır. Belə olan halda qanunvericiliyin sadalanan normalarına əsasən iddiaçının 04.05.2010-cu ildən sonra işlədiyi müddət onun sığorta stajına daxil edilə bilməz. Beləliklə, aydın olur ki, iddiaçının 62 yaşının tamam olduğu xx.xx.1958-ci il tarixə onun cəmi 16 il 2 ay 13 gün sığorta stajı olmuş və bununla da o, 25 il sığorta stajı tələbini ödəməmişdir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun; - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. - 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmadığı müəyyən edildiyindən Qanunun 22-1.2-ci maddəsi də ona tətbiq oluna bilməz. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan X7 MMC-nin təsisçisi və baş direktoru Vüsalə Həsənova tərəfindən verilmiş arayışa əsasən İddiaçı həqiqətən 2010-cu il tarixdən “Respublikaxəbərləri.com” İnformasiya Agentliyində müxbir vəzifəsində işləmiş və 2019-cu ildə də işdən azad olunmuşdur. Lakin işdən “Respublikaxəbərləri.com” İnformasiya Agentliyinin mövcudluğu müəyyən edilmir. Belə ki, arayışı verən V.Həsənova iddiaçıya məxsus əmək kitabçasını “Respublikaxəbərləri.com” İnformasiya Agentliyinin vəzifəli şəxsi kimi imzalasa da, onun bu səlahiyyətini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir, işdə olan əmək müqaviləsi bildirişindən isə əməkq müqaviləsinin 16.09.2019-cu il tarixdə X7 MMC ilə bağlandığı müəyyən olunur. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 01/3-1654 nömrəli, 17 iyul 2021-ci il tarixli məktubuna əsasən 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Respublika xəbərlər.com” İnformasiya Agentliyinə dair məlumat mövcud deyildir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 4/1342 nömrəli, 15 iyul 2021-ci il tarixli məktubuna əsasən “Respublika xəbərlər.com” İnformasiya Agentliyinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 09.08.2021-ci il tarixli, **********642500 nömrəli məktubda bildirmişdir ki, hüquqi şəxslərin dövlət reyestrində “Respublika xəbərlər.com” İnformasiya Agentliyi adlı hüquqi şəxsin qeydiyyatı barədə məlumat mövcud deyildir. Göründüyü kimi, nəinki iddaçının işlədiyi 04.05.2010-01.02.2020-ci illər üzrə məcburi sosial sığorta haqqı ödənilməmiş, ümumiyyətlə, iddiaçının həmin illərdə işləməsi, müəssisənin mövcud olması müəyyən edilmir. İddiaçının sığorta stajından asılı olmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə gəldikdə məhkəmə qeyd edir ki, bu da iş materialları ilə müəyyən edilmir. Belə ki, iddiaçının 01.01.2006-cı il tarixdən hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması yuxarıda artıq müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İşdən görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiyanın təyin edilməsi üçün tələb olunan pensiya kapitalı 28800 manat olduğu halda, onun 01.01.2006-cı il tarixədək qazanmış olduğu pensiya hüququ pensiya kapitalına çevrildikdə əldə olunan məbləğ 11984,35 manat edir ki, bu da tələb olunan məbləğdən azdır. Beləliklə, məhkəmə qeyd edir ki, məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Sadalananlardan aydın olur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ikinci şərt, yəni fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), yaxud da azı 25 il sığorta stajının olması faktı mövcud deyil. Bununla da İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə iddiaçının üzərinə qoyulan ilkin sübutetmə vəzifəsi yerinə yetirilməmiş olur ki, bu da eyni zamanda onun arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin normanın ikinci cümləsi ilə üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı :

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar