Məhkəmə qərarları › İş №2-1(112)-5087/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5087/2022

11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5087/2022 11.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxs X4 cəlb olunmaqla) qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1981-ci il təvəllüdlü X2 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Füzuli Bayramov prospekti, ev 35 ünvanda yerləşən 23 saylı mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 27 yanvar 2022-ci il tarixli Qərardadına əsasən X4 3-cü şəxs qismində işə cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o 2012-ci ildə alqı-satqı edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Füzuli Bayramov prospekti, Füzuli Bayramov prospekti, ev 355-də yerləşən 23 nömrəli mənzili almışdır. Mənzilə dair mülkiyyət hüquqları Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2012-ci il tarixli Seriya MA ******* saylı Çıxarışı ilə qeydə alınmışdır. Mən mənzili alan zaman, yəni 2012-ci ildə yaşayış yeri üzrə arayış verilmişdir ki, artıq qeydiyyatda heç kim xxxxxxx. Lakin sonuncu dəfə 19 noyabr 2021-ci il tarixində 2 saylı ASAN Xidmət Mərkəzində yaşayış yeri üzrə elektron arayış alan zaman məlum oldu ki, mənzildə qeydiyyatda iddiaçının ailə üzvlərindən əlavə tanımadğı şəxs var. Həmin şəxs onun mənzili aldığı zaman qeydiyyatda qalan keçmiş sakin X3r. İddiaçı hesab edir ki, həmin şəxs - xx.xx.1981-ci il təvəllüdlü X4 iddiaçı mənzili alan gündən indiyə kimi, artıq 10 ildən çoxdur ki, onun mənzilində yaşamadığı mənzildən pasport qeydiyyatından çıxarılmalıdır. Əks halda bu bir mülkiyyətçi kimi iddiaçının hüquqları pozulur, mülkiyyətində olan əmlaka dair sərbəst sərəncam vermək hüquqları məhdudlaşdırılır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişi üçüncü şəxsin qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvana göndərilmiş, lakin həmin bildirişlər poçt idarəsi tərəfindən zərfin üzərində “bu ünvanda yaşamır” sözləri qeyd olunaraq məhkəməyə geri qaytarılmışdır. Lakin cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin və 3-cü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 18 aprel 2012-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Füzuli Bayramov prospekti, ev 35 üvanda yerləşən 23 nömrəli mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir və bu barədə iddiaçı çıxarış əldə etmişdir. -Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 09629667b-12D saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, üçüncü şəxsin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən 23 nömrəli mənzilin hazırda kimin mülkiyyətində olmasına dair məlumatın və buna dair sənədlər, həmçinin İddiaçının adına verilmiş MA seriyalı, ******* nömrəli Çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunan 13 fevral 2021-ci il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Füzuli Bayramov prospekti, 35 ünvanda yerləşən 4 otaqlı, 74 nömrəli mənzili X1 satın almışdır. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Füzuli Bayramov prospektində yerləşən 35 saylı evin 23 nömrəli mənzili İddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı qeyd olunan mənzili satın almışdır, onunla hər hansı qohumluq əlaqəsi xxxxxxx, o həmin evin keçmiş sakinidir. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxsin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X4 iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 4 ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü X2 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Füzuli Bayramov prospekti, ev 35 mənzil 23 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar