Məhkəmə qərarları › İş №2-1(112)-509/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-509/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-509/2021 13.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmək kitabçasında müvafiq qeydlərin aparılması” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının əmək kitabçasında 01.07.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosunda hüquqşünas vəzifəsində işləməyi haqqında qeydlərin aparılmasının və təsdiq edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-2016-cı illərdə Almaniya Federativ Respublikasında Münhen Ludviq-Maksimilians Universitetində hüquq üzrə magistr təhsili almışdır. Təhsil aldıqdan sonra 01.07.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək “SANAS” hüquq bürosunda hüquqşünas kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edərək əmək kitabçasında onun 01.07.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosunda hüquqşünas vəzifəsində işləməyi barədə qeydlərin aparılması və təsdiq edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi **********8 saylı, 04.12.2019-cu il tarixli cavab məktubu ilə iddiaçının əmək müqaviləsi əsasında işləməməyi və məcburi dövlər sığorta ödənişləri ölkə hüdudlarından kənarda keçirildiyi üçün əmək kitabçasında qeydlərin aparılmasının qeyrimümkün olduğunu əsas gətirərək müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qeyd olunan əsəslarla müraciətinin təmin edilməsindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.6-ci maddəsinə əsasən xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2.b bəndinə əsasən xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır və təsdiq edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qanunvericilik normalarını tələblərinə əsasən 01.07.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosunda hüquqşünas vəzifəsində işlədiyinə dair əmək müqaviləsini, bununla yanaşı həmin dövlərdə işəgötürən tərəfindən ödənilmiş məcburi dövlət sığortasının ödəniş sənədlərini təqdim etdiyindən, həmin sənədləri əsassız sayaraq əmək kitabçasında qeydlərin aparılmasının qeyri-mümkün olduğunu əsas gətirərək cavabdehin müraciətini təmin etməkdən imtina etməsi qanunsuz və əsassızdır. Buna görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin imtinası əsassız hesab olunmalı və iddiaçının əmək kitabçasında 01.07.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosunda hüquqşünas vəzifəsində işləməyi barədə qeydlər aparılmalı və təsdiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaya dair 30 oktyabr 2020-ci il tarixli etirazında bildirilmişdir ki, İddiaçı iddia ərizəsində 01.07.2017ci ildən 01.03.2019-cu il tarixinədək Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosunda hüquqşünas vəzifəsində işlədiyini qeyd etmişdir. Həmin vəzifədə müvafiq qeyd edilən illər üzrə əmək fəaliyyətinin əmək kitabçasında qeyd edilməsi üçün ƏƏSMN-ə müraciət etmiş, lakin Nazirliyin müvafiq araşdırmasından sonra iddiaçıya əsaslı və qanuni imtina cavabı verilmişdir. Aşağıdakı əsaslara görə İddiaçı iddia ərizəsində əsaslandırdığı iddia tələbi təmin edilməməlidir. 1. Başqa dövlətin ərazisində əmək fəaliyyəti dövrü: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Eynilə, Qanunun 23-cü maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə) məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hər üç normanın məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün müvafiq icra hakimiyyəti orqanına dövlət sosial sığorta haqlarının ödənilməsidir. İddiaçı vəziyyətində isə əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ödənilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyil. Bununla yanaşı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı bəndinə əsasən Xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2.b bəndinə əsasən xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşlarının əmək kitabçasında onun xarici ölkədəki məcburi dövlət sığortasının həyata keçirilməsini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. 2. Xarici dövlətin ərazisində Azərbaycan Respublikası vətəndaşları əmək fəaliyyəti ilə məşğul olmaya başladıqda həyata keçirilən hərəkətlər: Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 58ci maddəsinə müvafiq olaraq 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Azərbaycan Respublikasının vətəndaşları xarici hüquqi və ya fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi qaydada xarici ölkələrdə işə düzələ bilərlər. Azərbaycan Respublikasının vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda, hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi məqsədi ilə təyinat ölkələrinə gəldikdən sonra 1 ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyində və ya konsulluğunda qeydiyyatdan keçməli və həmin ölkədə işləmələri barədə rəsmi sənəd təqdim etməlidirlər. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları qeydiyyatdan keçən Azərbaycan Respublikasının vətəndaşları haqqında məlumatı 1 ay müddətində müvafiq icra hakimiyyəti orqanına verirlər. Müvafiq icra hakimiyyəti orqanı bu barədə müntəzəm olaraq müvafiq icra hakimiyyəti orqanlarını xəbərdar etməlidir. Xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının işlədikləri ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və va konsulluğu olmadıqda, onlar 1 ay müddətində işləmələri barədə rəsmi sənədi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərməlidirlər. 3. İşə inzibati məhkəmə qaydasında baxılmasının hüquqi nəticə doğurması: “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Müvafiq inzibati iş üzrə iddiaçının qeyd edilən dövrlər üzrə sosial sığorta stajının təsdiqlənib əmək kitabçasında qeyd edilməsi hər hansı bir hüquqi nəticə doğurmayacağı üçün müvafiq işlə bağlı qərar qəbul edilməsi məqsədəuyğun deyildir. Sonda cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 04 dekabr 2019-cu il tarixli iddiaçının müraciətinə cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2.b bəndinə əsasən xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və təsdiq edilir. İddiaçının əmək müqaviləsi əsasında işləməməyi və məcburi dövlət sığorta ödənişləri ölkə hüdudlarından kənarda keçirildiyi üçün əmək kitabçasına qeydlərin aparılması qeyri-mümkündür. -İddiaçı ilə “SANAS” hüquq bürosu arasında bağlanmış 15.06.2017-ci il tarixli əmək müqaviləsinin Azərbaycan dilinə tərcümə edilərək notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01 iyul 2017-ci il tarixdə hüquq əməkdaşı kimi həmin büroda fəaliyyətə başlamışdır. -İddiaçı ilə “SANAS" hüquq bürosu arasında bağlanmış 15.11.2017-ci il tarixli əmək müqaviləsinin Azərbaycan dilinə tərcümə edilərək notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01 dekabr 2017-ci il tarixdə işçi kimi həmin büroda fəaliyyətə başlamışdır. -İddiaçıya verilmiş sosial sığorta üzrə qeydiyyat şəhadətnaməsinin Azərbaycan dilinə tərcümə edilərək notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, o, Almaniya Federativ Respublikasında 21.07.2017-ci il, 10.08.2017-ci il, 19.12.2017-ci il, 10.08.2017-ci il tarixdən sosial sığorta ödəyicisi kimi qeydiyyata alınmışdır. -Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosu tərəfindən verilmiş 2017-ci ilin iyul-dekabr aylarını əhatə edən dövr üçün, 2018-ci il ilin yanvar – noyabr aylarını əhatə edən dövr üçün, 2019-cü ilin yanvar və fevral ayları üçün ümumi/xalis ödənişlərin göndərilməsi barədə məlumatların Azərbaycan dilinə tərcümə edilərək notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, iddiaçı Həsənov X2 Federativ Respublikasında 14050890H031 sosial sığorta nömrəsi ilə sosial sığorta ödəyicisi kimi qeydiyyata alınmış və onun adına sosial sığorta haqları Almaniya Federativ Respublikasında ödənilmişdir. -Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosu tərəfindən 2017-ci il üçün işəgötürən tərəfindən işçiyə verilmiş fərdi gəlir vergisinin ödənilməsi haqqında arayışın Azərbaycan dilinə tərcümə edilərək notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı HSNVMNİE90H05Z saylı VÖEN-lə Almaniya Federativ Respublikasında qeydiyyata alınmışdır. -Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosu tərəfindən verilmiş 29.11.2019-cu il tarixli arayışdan görünür ki, 05.08.1990-cı il təvəllüdlü, Bakıda doğulan cənab İddiaçı 01.07.2017-ci il tarixindən 01.03.2019-cu il tarixinə kimi əmək müqaviləsi əsasında hüquq üzrə əməkdaş kimi fəaliyyət göstərmişdir. Əmək müqaviləsi pozulmamış və müddətsiz olmuşdur. -Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə daxil olmuş SBRL/1679/20 saylı, 23.10.2020-ci il tarixli məktubun surətindən görünür ki, Mərkəzin s/15-12037/15/20 nömrəli 01.10.2020-ci il tarixli məktubuna istinadən bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq İddiaçı 01.07.2017-ci il tarixindən 01.03.2019-cu il tarixinədək Almaniyada yerləşən “SANAS” hüquq bürosunda hüquqşünas vəzifəsində çalışması barədə məlumatın əldə olunmasında yardım göstərilməsi sorğusu ilə AFR XİN-ə nota ilə müraciət olunmuşdur. AFR XİN-in Mülki və ticarət məsələlərində beynəlxalq hüquqi yardım şöbəsindən Səfirliyə daxil olmuş elektron poçtda bildirilmişdir ki, Bakı inzibati Məhkəməsinin sorğusunun əsli (sorğunun ünvanı “Səlahiyyətli məhkəməyə” kimi olmalıdır) və həmin sorğunun alman dilinə təsdiq olunmuş tərcüməsi AFR XİN-ə təqdim olunduğu təqdirdə o, baxılması üçün Almaniyanın müvafiq qurumlarına göndəriləcəkdir. COVİD-19 pandemiyası ilə əlaqədar beynəlxalq səyahətlə bağlı mövcud olan məhdudiyyətlər nəzərə alınaraq, ilkin olaraq sorğunun surətinin, daha sonra isə əslinin AFR XİN-ə təqdim olunması işçi qaydada razılaşdırılmışdır. AFR XİN-in cavab məktubunda həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası “Mülki və ticarət işlərində xaricdə sübutların götürülməsi haqqında” 18 mart 1970-ci il tarixli Konvensiyaya qoşulmadığına, eləcə də bu sahədə Azərbaycanla Almaniya arasında ikitərəfli müqavilə olmadığına görə bu tipli sorğular Azərbaycanın ədliyyə orqanları tərəfindən birbaşa olaraq Almaniyanın səlahiyyətli orqanlarına göndərilə bilmir. Belə olan halda sorğular diplomatik kanallar vasitəsilə göndərilməlidir ki, bu da müəyyən vaxt tələb edən prosedurdur. “Mülki və ticarət işlərində xaricdə sübutların götürülməsi haqqında” 18 mart 1970-ci il tarixli Konvensiyası bir tərəf dövlətin məhkəmə (ədliyyə) orqanı tərəfindən digər tərəf dövlətin səlahiyyətli qurumuna sübut götürmək və digər məhkəmə hərəkətlərini həyata keçirmək üçün sorğu göndərə bilmək imkanını nəzərdə tutur. Konvensiyaya əsasən hər bir tərəf dövlət bu cür sorğuların qəbul olunması və icraya məsul quruma ötürülməsi üçün Mərkəzi Orqan təyin edir. Hüquqi yardım sorğuları sorğunun icra olunacağı ölkənin Mərkəzi Orqanına birbaşa (həmin ölkənin digər qurumları vasitəsilə deyil) olaraq göndərilir. Hazırda 63 dövlət bu Konvensiyanın tərəfidir (o cümlədən, Belarus, Ukrayna, Türkiyə, Qazaxıstan, İsrail, Rusiya, Çin, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya). Bəhs olunan Konvensiyanın mülki və ticarət işlərində qarşılıqlı hüquqi əməkdaşlığı asanlaşdırdığını və məhkəmə sorğularının daha tez cavablandırılmasına imkan verdiyini nəzərə alaraq, ölkəmizin bu Konvensiyaya qoşulması məsələsinin nəzərdən keçirilməsini təklif edirik. Bakı İnzibati Məhkəməsinin sorğusuna AFR XİN-in cavabı barədə həmin qurumun məlumatlandırılmasına dair göstəriş verməyiniz xahiş edilmişdir. Bununla yanaşı, mülki və ticarət işlərində hüquqi yardım sorğusu ilə bağlı alman tərəfinin tələblərinin Azərbaycan məhkəmələri tərəfindən gələcəkdə nəzərə alınması üçün həmin tələblər barədə AR Ədliyyə Nazirliyinə məlumat verilməsini məqsədəuyğun hesab edilmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir. Həmin Məcəllənin 87-ci maddəsinin 4-cü hissəsinə əsasən işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin maddənin 6-cı hissəsinə əsasən xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və təsdiq edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 1999-cu il 122 saylı Fərmana əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, 87-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.9. fərdi hesabın yığım hissəsi - sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır. 1.0.17. sosial sığorta ehtiyatı – sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğdə formalaşdırılan, əmək pensiyalarının bu Qanunda müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılması, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər və digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilən, istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan və ilin sonuna istifadə edilməmiş qalığı növbəti ilə keçən vəsaitdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti. Həmin Qanunun 23-cü maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə görə sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.3.-cü bəndinə əsasən həmin Qanunun 1.0.2-ci, 11.1-ci, 18.6-cı, 21.2.2-ci, 21.2.4-cü, 23.1-ci, 25-ci, 28-ci, 29.1-ci (ikinci halda), 29.3-cü, 30.1-ci (birinci və ikinci cümlələrində), 30.1-1-ci, 31.1-ci, 31.1-1-ci, 31.2-ci, 32.2-ci və 41.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 3.2.b bəndinə əsasən xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır və təsdiq edilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 58-ci maddəsinə əsasən 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Azərbaycan Respublikasının vətəndaşları xarici hüquqi və ya fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi qaydada xarici ölkələrdə işə düzələ bilərlər. Azərbaycan Respublikasının vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda, hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi məqsədi ilə təyinat ölkələrinə gəldikdən sonra 1 ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyində və ya konsulluğunda qeydiyyatdan keçməli və həmin ölkədə işləmələri barədə rəsmi sənəd təqdim etməlidirlər. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları qeydiyyatdan keçən Azərbaycan Respublikasının vətəndaşları haqqında məlumatı 1 ay müddətində müvafiq icra hakimiyyəti orqanına verirlər. Müvafiq icra hakimiyyəti orqanı bu barədə müntəzəm olaraq müvafiq icra hakimiyyəti orqanlarını xəbərdar etməlidir. Xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının işlədikləri ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu olmadıqda, onlar 1 ay müddətində işləmələri barədə rəsmi sənədi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərməlidirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarında verdiyi hüquqi şərhinə görə dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İnzibati işə baxılması zamanı məhkəmə müəyyən etmişdir ki, iddiaçı 01.07.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək Almaniya Federativ Respublikasında fəaliyyət göstərən “SANAS” hüquq bürosunda hüquqşünas kimi fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edərək əmək kitabçasında onun 01.07.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosunda hüquqşünas vəzifəsində işləməyi barədə qeydlərin aparılması və təsdiq edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi **********8 saylı, 04.12.2019-cu il tarixli cavab məktubu ilə iddiaçının əmək müqaviləsi əsasında işləməməyi və məcburi dövlər sığorta ödənişləri ölkə hüdudlarından kənarda keçirildiyi üçün əmək kitabçasında qeydlərin aparılmasının qeyrimümkün olduğu əsas gətirilərək müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə işin araşdırılan hallarına görə qeyd edir ki, iddiaçı 01.07.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək Almaniya Federativ Respublikasında fəaliyyət göstərən “SANAS” hüquq bürosunda hüquqşünas kimi fəaliyyət göstərsə də, bununla əlaqədar vergilər, həmçinin, sığortaedən tərəfindən sosial sığorta haqqı Almaniya Federativ Respublikasının müvafiq orqanlarına ödənilmiş, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına isə heç bir sosial sığorta haqqı ödənilməmişdir. Halbuki, həm Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 6-cı hissəsinə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 3.2.b bəndinə əsasən xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır və təsdiq edilir. İddiaçı isə xarici işəgötürənlə bağladığı əmək müqaviləsini cavabdehə və məhkəməyə təqdim etsə də, Azərbaycan Respublikasında məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Vətəndaşın əmək kitabçasında əmək fəaliyyəti ilə bağlı qeydlərin aparılması və təsdiq edilməsinin məqsədi də yuxarıda qeyd olunan hüquqi mövqedən də aydın oldugu kimi pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından vacibdir. Buna görə də, iddiaçının əmək kitabçasında 01.07.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosunda hüquqşünas vəzifəsində işləməyi haqqında qeydlərin aparılmasının və təsdiq edilməsi barədə müraciətinin təmin olunmasından imtina edilməsi barədə cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. Azərbaycan Respublikası İPM-in: 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “iddiaçının əmək kitabçasında 01.07.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosunda hüquqşünas vəzifəsində işləməyi haqqında qeydlərin aparılması və təsdiq edilməsinin cavabdehə həvalə edilməsi barədə” barədə iddiası əsaslı olmadığı üçün rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddiaçının əmək kitabçasında 01.07.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosunda hüquqşünas vəzifəsində işləməyi haqqında qeydlərin aparılması və təsdiq edilməsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tam formada rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 4 Sədrlik edən: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar