Məhkəmə qərarları › İş №2-1(112)-509/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-509/2023

10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-509/2023 10.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən, ARDNŞ-nin N.Nərimanov adına NQÇİ-in “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən iddiaçıya verilmiş Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən 29 saylı, 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının müraciətindən imtina etmişdir. İddiaçı bildirir ki, həmin torpaq sahəsinin ona ayrılması və onun istifadəsində olması müvafiq sənədlər ilə təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İdarənin arxiv məlumatına əsasən “Dəniz Neftçisi” bağçılıq-yoldaşlığın nəznində 29 saylı bağ sahəsi digər şəxsin (X6) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və özgəninkiləşdirilmiş, hazırda həmin bağ sahəsi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Elektron kadastr məlumatına əsasən koordinatlarla göstərilən bağ sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Həmçinin, texniki baxış keçirilən zaman “Dəniz Neftçisi” bağçılıq-yoldaşlığın bölgü sxemi təqdim olunmadığından bağ sahəsinin yerləşməsini təyin etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X2, X7 və X4 üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, imtina məktubundan və etiraz ərizəsinin surətindən görünür ki, iddiaçının müraciətinə qiymət verilərkən cavabdeh imitna üçün 2 halı əsas götürmüşdür:

1. “Dəniz Neftçisi” bağçılıq-yoldaşlığın nəznində 29 saylı bağ sahəsinin digər şəxsin (X6) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi və özgəninkiləşdirilməsi;

2. Bağ sahəsinin ayrıc aktından kənarda yerləşməsi;

3. Bağ sahəsinin yerləşməsinin müəyyən etmək mümkün olmamasıdır. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Fiziki şəxsin bağ sahəsi üzrə mülkiyyət hüququnun yaranması hallarından biri, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən verilmiş sənədlərin mövcud olmasıdır. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Hazırki mübahisə üzrə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərə malik olmuş, bununla da onun torpaq (bağ) sahəsinə münasibətdə gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Məhkəmə, imtina əsası kimi göstərilən hər bir hala ayrı-ayrılıqda münasibət bildirilməsini zəruri hesab edir. Məhkəmə cavabdehin imtina üçün göstərdiyi birinci əsasa münasibət bildirir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən 29 saylı, 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını arzulayır. Cavabdeh inzibati orqan isə 29 saylı bağ sahəsinin artıq digər şəxsin adına qeydiyyata alındığını və özgəninkiləşdirildiyini bildirərək iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edir. Nəzərə alınmalıdır ki, məhkəmə araşdırılması zamanı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən “29” nömrə altında olan bağ sahəsinin iki fiziki şəxs, yəni İddiaçı, eyni zamanda X5 ayrılmışdır. Baxmayaraq ki, həmin nömrə altında olan bağ sahəsinin iki fiziki şəxsə ayrılmasını təsdiq edən sənədlər mövcud olsa da, bu hal vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/369 saylı, xx.xx.1990-cı il tarixli 4/145 saylı, xx.xx.1990-cı il tarixli 7/437 saylı və xx.xx.1991-ci il tarixli 10/518 saylı qərarları ilə Səngəçal bağ massivindən N.Nərimanov adına NQÇİ-nin işçilərinə paylanmış bağ sahəsinin siyahısında İddiaçı adı 93 sətirdə, Tofiq Əbilovun adı isə 341 sətirdə göstərilmişdir. Bundan sonra İddiaçı “Dəniz neftçisi” Bağçılıq yoldaşlıq təsərrüfatı üzvlüyünə qəbul olunması ilə bağlı iclas keçirilmiş və üzvlüyü qəbul olunması protokol ilə rəsmiləşdirilmiş, bununla bağlı ona üzvlük kitabçası verilmişdir. Göründüyü kimi iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən bağ sahəsinə münasibətdə üzvlük kitabçasına, bağlar təsərrüfatının iclasından protokola malik olmuş, onun adı bağlar təsərrüfatının siyahısında aşkar olunmuş, bununla da o bağ sahəsinə hüquqmüəyyənedici sənədlərə malik olmuşdur. Məhkəmə diqqətə çatdırır ki, təqdim olunan sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən olunmadığı, eləcə də cavabdeh və üçüncü şəxs tərəfindən də həmin şənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmadığı üçün, qeyd edilən sənədlər mötəbərlik prezumpsiyası prinsipi baxımından mötəbər sayılmalı və qeydiyyat üçün əsas qismində qiymətləndirilməlidir. Bundan başqa, iş üzrə materiallardan görünür ki, bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatına və bunun üzərindən də həmin bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olan iddiaçıya səlahiyyətli orqanlar tərəfindən müvafiq qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. Nəzərə alınmalıdır ki, həmin dövrdə qüvvədə olmuş torpaq qanunvericiliyinə (1992-ci ilədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 20-ci maddəsi) əsasən torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq xalq deputatları sovetinin icraiyyə komitəsi tərəfindən onun qərarı əsasında ayrılırdı. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində də nəzərdə tutulmuşdur. Eyni zamanda həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. İddiaçıya bağ torpaq sahəsinin ayrılması barədə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş protokoldan müvafiq çıxarış, eyni zamanda “Dəniz neftçisi” Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçası iş materiallarına əlavə edilmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, işin müəyyən olunmuş hallarından iddiaçıya torpaq sahəsinin ayrılması barədə sənədlərin qüvvədə olduğu görünür. İddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan sənədlərin hər hansı subyekt, o cümlədən üçüncü şəxs tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, digər fiziki şəxsə (X5) ayrılmış 29 nömrəli bağ sahəsi üzərində ilkin olaraq X3 mülkiyyət hüquqları qeydə alınmış, daha sonra mülki əqd (alqı-satqı müqaviləsi) əsasında həmin bağ sahəsi digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Nəzərə alınmalıdır ki, həmin bağ sahəsinin hazırki mülkiyyətçisi X2 məhkəmə icraatı zamanı dindirilmiş, hər iki bağ sahəsinin fərqli dislokasiyada yerləşdiyini bildirmiş, bununla da hazırki iddia tələbinə etirazının olmadığını vurğulamışdır. Göründüyü kimi cavabdeh inzibati orqan imtina əsası kimi 29 saylı bağ sahəsinin digər fiziki şəxsin adına özgəninkiləşdirildiyini bildirsə də, 29 nömrə altında olan bağ sahələrinin dislokasiya baxımından fərqli olduğunu, iddiaçının və üçüncü şəxsin bağ sahələrinə münasibətdə fərqli sənədlərə malik olduğunu nəzərə almamış, bununla da iddiaçının daşınmaz əmlaka münasibətdə yaranmış mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Hazırki mübahisə ilə oxşar xarakter mübahisə kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1416/2022 saylı qərarı əsas gətirilməlidir. Belə ki, hazırki işdə olduğu kimi həmin mübahisə də eyni nömrə altında olan bağ sahəsinin ayrı-ayrı şəxslərə ayrıldığı ilə bağlıdır. Bu zaman kassasiya instansiya məhkəməsi iddiaçıya ayrılan sənədlərin qüvvədə olduğunu, üçüncü şəxsin etirazının olmadığı nəzərə almış, bununla da vətəndaşın torpaq sahəsinə münasibətdə qeydə alınan hüquqların əsaslı olduğunu hesab etmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin imtina əsası kimi göstərdiyi dəlil formal xarakter daşıyır. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi ikinci hala münasibət bildirir. Belə ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən iddia olunan bağ sahəsinin ayrıc aktından kənarda yerləşdiyini bildirir. Buna münasibətdə Məhkəmə qeyd edir ki, cavabdehin imtinasının həmin hissəsi ilə bağlı tikinti-texniki ekspertizasının təyin edilməsi, mütəxəssis rəyinin alınması və ya yerində müayinə kimi tədbir görülməsi istiqamətində tədbirlərin görülməsinə zərurət yoxdur. Belə ki, hətta iddia olunan torpaq sahəsi ayrıc aktından kənarda yerləşsəydi belə, bu halı vəziyyəti iddiaçının ziyanına dəyişməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-301/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki dəlillərlə bağlı vurğulayır ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində “Avtonəqliyyattexnika” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında A.Qədimlinin adına 27 deyil 22 saylı bağ sahəsinin ayrılmasının qeyd olunması, həmçinin həmin bağ sahəsinin elektron kadastr məlumatlarına əsasən digər bağçılıq-yoldaşlığının – “Avtomobil Nəqliyyat Nazirliyi” təsərrüfatının ayrıc aktının daxilində yerləşməsi iddiaçının təqsiri deyil və qeyd edilən hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsi onu göstərir ki, əgər torpaq sahəsi ayrıc aktından kənarda yerləşsə belə, bu hal vətəndaşın ziyanına şərh edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtina əsası kimi göstərdiyi ikinci hal aradan qalxmışdır. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi üçüncü hala münasibət bildirir. Belə ki, cavabdeh digər imtina əsası kimi torpaq sahəsinə bölgü sxeminin təqdim olunmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, göstərilən bu hal da öz növbəliyində imtina əsası qismində çıxış etmir. Məhkəmə ilk növbədə qeyd edir ki, topraq sahəsinə mülkiyyət bu zaman torpaq sahəsinin naturada ayrılması barədə qərarın və ya bölgü sxeminin olması şəxsin məhz hansı hissəyə münasibətdə mülkiyyət hüququna malik olmasını müəyyən edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin müddəalarına nəzər yetirdikdə məlum olur ki, Məcəllənin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakın sxematik bölgüsünün aparılması ümumi mülkiyyətçilər və ya əmlakın əvvəlki və köhnə mülkiyyətçisi mülki mübahisələrin yaranmasının azaldılmasına xidmət edir. Misal olaraq 10 ha torpaq sahəsi olan A adlı şəxs B adlı şəxsə həmin torpaq sahəsindən 3 ha torpaq sahəsini satarkən və ya digər üsulla özgəninkiləşdirərkən 3 ha torpaq sahəsinin mülkiyyətçisinin B adlı şəxs olması barədə müqavilə 3 ha torpaq sahəsinə mülkiyyət hüququnun mövcudluğu üçün əsas qismində çıxış edir. Lakin həmin 3 ha torpaq sahəsinin harada yerləşməsi, hansı koordinatlarının olması, 10 ha torpaq sahəsinin hansı hissəsindən ayrılması həmin müqavilədə əksini tapmır. Qeyd olunan halların aydınlaşdırılması, yəni A-nın B-yə 3 ha torpaq sahəsini özünün mülkiyyətində olmuş 10 ha torpaq sahəsinin hansı hissəsindən ayrılması sxematik bölgünün aparılması, başqa sözlə bölgü sxemin tərtib edilməsi ilə həyata keçirilir. Həmin sənəd əsasında həm A özündə qalan 7 ha torpaq sahəsinin hansı sahə olması barədə koordinatlar göstərilən plan və ölçü sənədi ala bilir, həmçinin B-də 3 ha torpaq sahəsinə real koordinatlarını müəyyən edən plan və ölçü sənədi almaq imkanına malik olur. Nəticədə də həmin torpaq sahələrinin hansının harada yerləşməsi ilə bağlı tərəflər arasında torpağın hansı hissəsinin kimə məxsus olması haqqında mübahisə yaranmır, o cümlədən daşınmaz əmlaka mülkiyyət hüququnu qeydə alan orqan texniki sənədlərin hazırlanması imkanına malik olur. Analoji hal, o cümlədən ümumi mülkiyyətçilər barəsində də keçərlidir. Belə ki, 2 ha torpaq sahəsinə bərabər hissədə paya malik olan A və B adlı şəxslər arasında bölgü sxemin tərtibi zamanı kimin payına naturada hansı torpaq sahəsi düşür müəyyən edilə bilər. Əks halda isə torpaq sahəsinin yalnız paylarının hissəsi müəyyən edilə bilir, faktiki istifadə olunan torpaq sahəsinin hansı hissələrinin tərəflərə düşməsi barədə isə hər hansı hüquqi- texniki sənəd tərtib edilə bilmir. Bu zaman tərəflər arasında payların yerləşdiyi naturada yer barədə qeyd olunan sənədlərin tərtib edilməsi razılıq əsasında mümkün olmadıqda isə hər iki tərəfin iştirakı ilə işə baxan məhkəmə həmin torpaq sahəsinin naturada ayrılması ilə bağlı qərar qəbul edir və həmin qərar A və B arasında torpaq sahəsinin faktiki hər şəxsə düşən sahəsinin məhz hansı koordinatlarda olmasını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan bölgü sxeminin tələb edilməsində yalnız o zaman haqlı olardı ki, əgər torpaq sahəsinin yerləşməsi ilə bağlı mülkiyytçilər arasında mübahisə yaranmış olsun. Hazırda iddiaçı və üçüncü şəxs arasında belə bir mübahisə olmadığından, yəni torpaq sahələrinin üst-üstə düşməsi halı müəyyən olunmadığından, cavabdeh inzibati orqan bölgü sxeminin tələb edilməsində haqlı olmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtina əsası kimi göstərdiyi həmin dəlil də imtina əsası qismində çıxış etmir. Məhkəmə son olaraq onu da diqqətə çatdırır ki, cavabdeh inzibati orqan sorğuya cavab məktubundan iddia olunan ərazisinin Qobustan Əməliyyat Şirkətinin (ARDNŞ) ərazisində yerləşdiyini iddia etmişdir. Məhkəmə tərəfindən bu hissədə araşdırma aparılmış və müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsi “Azneft” İstehsalat Birliyinə aid mühəndis-kommunikasiya qurğulaırının mühafizə zonasına düşmür və bu sahədə hərhansı bir neft-qaz əməliyyatların aparılması nəzərdə tutulmuşdur. Göründüyü kimi “Azneft” İstehsalat Birliyinin özü də torpaq sahəsinin mühafizə zonasına düşmədiyini təsdiq etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin qeyd etdiyi həmin hal iddianın mahiyyəti üzrə həllində rol oynamır. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etmək üçün hüquqmüəyyənedici sənədə malik olduğundan, həmçinin cavabdehin imtina məktubunda göstərilən əsaslar təkzib olunduğundan, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən, ARDNŞ-nin N.Nərimanov adına NQÇİ-in “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən iddiaçıya verilmiş Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən 29 saylı, 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar