Məhkəmə qərarları › İş №2-1(112)-5091/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5091/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5091/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçı İddiaçı nümayəndəsi, eyni zamanda vəkili X2 (Ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 55 A, mənzil 68; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 9 saylı Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi, eyni zamanda vəkili X3 (Ünvanı: Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 16, mənzil 9; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosu, vəkil) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən, 55 yaşdan iddiaçıya 2004-2005-ci illərin orta aylıq əmək haqqından hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclaında iddiaçının “İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx xxxxxxxx 2008-ci il tarixdən (55 yaşdan) əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur. O, uzun müddət zərərli iş sahəsində işlədiyinə görə 2010-cu ildən, 57 yaşından güzəştli şərtlərlə pensiyaya çıxmışdır. Lakin onun pensiyasının vaxtı düzgün hesablanmamışdır. Belə ki, o, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Azərbaycan SSR Elmlər Akademiyasında çilingər peşəsində işləmişdir. xx.xx.1972-ci ildən xx.xx.1974-cü il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1974-cü il tarixdə Petrov adına Bakı Maşınqayırma zavoduna 2-ci dərəcli fəhlə peşəsinə qəbul edilmişdir. xx.xx.1975-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1975-ci il tarixdə Petrov adına Bakı Maşınqayırma zavoduna 2-ci dərəcli yardımçı fəhlə peşəsinə qəbul edilmişdir. xx.xx.1977ci il tarixdə 2-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir. xx.xx.1980-ci il tarixdə 3-cü dərəcəli çilingər keçirilmişdir. xx.xx.1980-ci il tarixdə 2-ci dərəcli bənna ikinci peşəsi verilmişdir. xx.xx.1983-cü il tarixdə 1-ci dərəcəli qaz ilə kəsən ikinci peşəsi verilmişdir. xx.xx.1986-cı il tarixdə 2 nömrəli sexə 2-ci dərəcəli qaz ilə kəsən peşəsinə keçirimişdir. xx.xx.1992-ci il tarixdə Petrov adına maşınqayırma zavodunun adı Zabrat maşınqayırma zavodu adlandırılmışdır. xx.xx.1992-ci il tarixdə “Turan” kiçik müəssisəsinə keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Turan” kiçik müəssisəinə 5-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir. xx.xx.1992-ci il tarixdə Zabrat maşınqayırma zavoduna 4-cü dərəcəli qaz ilə kəsən vəzifəsinə qəbul edilmişdir. xx.xx.2004-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixdə “SDL Denholm LTD” şirkətinin filialında boru çilingəri peşəsinə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdə işdən azad edilmişdir. İddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 34 il 1 ay 25 gün ümumi əmək stajı vardır. xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci il tarixədək qaz ilə kəsən peşəsində işləməklə zərərli iş sahəsində işlədiyinə görə 13 il 2 ay 6 gün xüsusi stajı vardır. Onun xx.xx.1971-ci il tarixdən xx.xx.1997-ci il tarixədək 25 il 5 ay 26 gün ümumi əmək stajı vardır. Ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün xx xxxxxx 1997-ci il tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajının mövcud olması tələb olunur.Onun xx.xx.1953-cü ildə anadan olduğunu nəzərə alaraq xx xxxxxx 1997-ci il tarixədək 12 il 6 aydan çox əmək şəraiti xüsusilə zərərli olan işlərdə iş stajı və 25 ildən artıq ümumi iş stajı olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü və 67-ci maddələrinə müvafiq olaraq 55 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən yaranmışdır. Beləliklə, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, onun 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Bununla əlaqədar olaraq o, 55 yaşının tamam olan vaxtdan, həmin vaxt qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və hesablanması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Həmin İdarədən ona ünvanlanmış xx xxxx 2020-ci il tarixli cavab məktubunda onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin iddiaçının pensiya hüququnun yarandığını hesab etdiyi xx.xx.2008-ci il tarixində qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yəni həmin tarixdə kişilərə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün iki şərtə cavab verilməsi tələb edilirdi: 1) 57 yaşa çatma; 2) 25 il ümumi staja malik olub onun 12 il 6 ayını güzəştli şərtlərlə pensiya hüququ yaradanpeşələrdə işləmiş olma. Yəni həmin tarixdə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilə bilməsi üçün o, qeyd olunan iki tələbə də cavab verməli idi. İddiaçı isə həmin tarixdə 57 yaşına çatmamışdı, buna görə də, ona müvafiq pensiya təyin edilə bilməzdi. İddiaçı iddia ərizəsində belə bir hüquqi əsasa istinad etmişdir ki, “55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün xx xxxxxx 1997-ci il tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajının mövcud olması tələb edilirdi.” İddiaçının belə bir qənaətə gəlməsinin əsasının nə olduğu bəlli deyil. Nə mövcud qanunvericilikdə, nə də iddiaçının pensiya hüququnun yarandığını hesab etdiyi xx.xx.2008-ci il tarixində belə bir istisna nəzərdə tutulmamışdı. İstisna yalnız Qanunun 9.8-ci maddəsi ilə müəyyən olunmuşdur ki, orada da söhbət xx xxxxxx 1997-ci il tarixinədək deyil, xx.xx.2006-cı il tarixinədək ümumi və güzəştli iş stajını toplamış şəxslərin həmin tarixədək qüvvədə olmuş yaş həddindən güzəştli şərtlərlə pensiyaya çıxa biləcəyindən gedir. İddiaçıya isə, hətta xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla pensiya təyin edilsə idi belə, yenə də 57 yaşdan təyin ediləcəkdi. Çünki “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Yəni xx.xx.2006-cı ilə qədər belə bu yaş həddi artıq 57-ə çatdırılmışdı. Buna görə, nəinki 2008ci, hətta 2002-ci ildə 55 yaşı olsa idi belə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası 55 yaşdan deyil, 57 yaşdan təyin ediləcəkdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Qax rayonunda anadan olmuşdur. İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş ВУ seriyalı 068848 nömrəli Hərbi Biletə əsasən İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarından görünür ki, müvafiq qaydada təsdiq edilmiş xx.xx.1971-ci il tarixli Əmək kitabçasına əsasən xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Azərbaycan SSR Elmlər Akademiyasında çilingər peşəsində işləmişdir. xx.xx.1972-ci ildən xx.xx.1974cü il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1974-cü il tarixdə Petrov adına Bakı Maşınqayırma zavoduna 2-ci dərəcli fəhlə peşəsinə qəbul edilmişdir. xx.xx.1975-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1975-ci il tarixdə Petrov adına Bakı Maşınqayırma zavoduna 2-ci dərəcli yardımçı fəhlə peşəsinə qəbul edilmişdir. xx.xx.1977ci il tarixdə 2-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir. xx.xx.1980-ci il tarixdə 3-cü dərəcəli çilingər keçirilmişdir. xx.xx.1980-ci il tarixdə 2-ci dərəcli bənna ikinci peşəsi verilmişdir. xx.xx.1983-cü il tarixdə 1-ci dərəcəli qaz ilə kəsən ikinci peşəsi verilmişdir. xx.xx.1986-cı il tarixdə 2 nömrəli sexə 2-ci dərəcəli qaz ilə kəsən peşəsinə keçirimişdir. xx.xx.1992-ci il tarixdə Petrov adına maşınqayırma zavodunun adı Zabrat maşınqayırma zavodu adlandırılmışdır. xx.xx.1992-ci il tarixdə “Turan” kiçik müəssisəsinə keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Turan” kiçik müəssisəinə 5-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir. xx.xx.1992-ci il tarixdə Zabrat maşınqayırma zavoduna 4-cü dərəcəli qaz ilə kəsən vəzifəsinə qəbul edilmişdir. xx.xx.2004-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixdə “SDL Denholm LTD” şirkətinin filialında boru çilingəri peşəsinə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdə işdən azad edilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsi iddiaçının müraciətinə verilən xx.xx.2020-ci il tarixli imtina məktubunda göstərmişdir: “Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N-İi siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizənizdə qeyd etdiyiniz əsaslarla 55 yaşdan müəyyən edilməklə yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Həmin Qanununun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. İş materiallarında əmək kitabçasının müvafiq qaydada təsdiq edilmiş surətindən göründüyü kimi xx.xx.1997-ci ilədək iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, 25 ildən az olmayan (25 il 04 ay 27 gün) ümumi iş stajı və bu müddətin 12 il 6 aydan az olmayan (13 il 01 ay 06 gün) güzəştli iş stajı mövcud olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını qazandığı vaxtda qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Ümumi peşələr” bölməsində göstərilən “qazla kəsicilər” 23200000—11618 kod nömrəsi ilə qeyd edilmişdir. xx xxxxxx 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanıtərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, (...) çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Lakin əgər istinad edilmiş qanun qüvvəyə minməmişdən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsində "əvvəllər qüvvədə olmuş qanunvericiliklə" müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Beləliklə, istinad edilən qanunun tələbinə görə, iddiaçıya 2 nömrəli siyahı üzrə 55 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya o zaman təyin oluna bilər ki, o, xx.xx.1997-ci il tarixədək 12 il 06 ayını 2 nömrəli siyahı üzrə güzəştli işlərdə çalışmaqla ən azı 25 il ümumi iş stajına malik olmuş olsun. Nəzərdən qaçırmaq olmaz ki, əgər iddiaçı xx.xx.1997-ci il tarixədək lazımi sığorta stajını toplamış olmasa, yalnız bu halda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddinin 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması qaydası iddiaçıya münasibətdə tətbiq oluna bilər. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli Plenum Qərarında göstərilmişdir: “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” x xxxxxx 2010-cu il tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır.” Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla 1997-ci ilin avqust ayının 1-dək 25 ildən az olmayan ümumi iş stajı, bu müddətin azı 12 il 6 ayını həmin əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışması iş materialları ilə təsdiqini tapdığından onun 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.1997-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi qanunverici yaş və stajla bağlı əvvəlki qanunvericiliklə müəyyən edilmiş tələblərin əsas alınacağını təsbit etmişdir. Yuxarıda da şərh olunduğu kimi əvvəlki qanunvericilik (“Vətəndaşların pensiya təminatı haqqında” Qanun) yaşla bağlı tələb kimi iddiaçının halına münasibətdə 55 yaş olaraq müəyyən etmişdir. Məhkəmə iddia tələbinin “yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunun 1.6-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.” Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir. Göründüyü kimi, ötən dövr üçün hesablanan pensiyanın hissə-hissə ödənilməsi ilə bağlı norma 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının pensiya hüququ yarandığı vaxt, yəni xx xxxxxxxx 2008-ci il tarixdə ötən dövr üçün hesablanan pensiyanın hissə-hissə ödənilməsi ilə bağlı norma qüvvədə olmadığından, həmçinin həmin vaxt qüvvədə olan qanunvericilikdə ötən dövr üçün hesablanan pensiyanın birdəfəlik ödənilməsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, iddia tələbi “yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi” hissəsində də təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx xxxxxxxx 2008-ci il tarixdən (55 yaşdan) əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx xxxxxxxx 2008-ci il tarixdən (55 yaşdan) əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar