Məhkəmə qərarları › İş №2-1(112)-5092/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5092/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5092/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “əmək müqaviləsi bildirişinə xitam verilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi portalında 30.07.2015-ci il tarixdə qeydiyyata alınmış və sistemə daxil edilmiş xxxxxxx000200 saylı Əmək müqavilələrinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 03.06.2013-cü il tarixdə 5 saylı Ərazi Vergi İdarəsindən qeydiyyatdan keçmiş təsisçisi olduğu LPS "X2" MMC-nin (VOEN: **********) həm də 30.07.2005-ci il tarixdə sistemə daxil edilmiş xxxxxxx000200 saylı Əmək müqavilələrinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi əsasında hüquqi təmsilçisi kimi fəaliyyətə başlamışdır. 24.07.2017-ci il tarixdən 5 saylı Ərazi Vergi İdarəsi tərəfindən təqdim olunmuş **********647000 saylı Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışı əsasında hüquqi təmsilçi vəzifəsindən azad olunmuşdur. Lakin 24.07.2017-ci il tarixdən tutduğu vəzifədən azad olunmağına baxmayaraq onunla bağlanmış əmək müqaviləsi bildirişinə bu günə qədər sistemdə xitam verilməmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti iddiaya yazılı etiraz təqdim etmiş və **********1 nömrəli, 26.04.2021-ci il tarixli etirazında bildirilmişdir ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı ilə “X2” MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən mərkəzləşdirilmiş elektron informasiya sistemində aktiv əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi mövcuddur. Belə olan halda iddiaçı əmək müqaviləsinin xitamı ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün ilk növbədə işəgötürənə, sözügedən bildiriş işəgötürən tərəfindən daxil edilmədiyi halda aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında ümumi səlahiyyətli məhkəmələrə müraciət etməlidir. Buna baxmayaraq əmək münasibətləri ilə bağlı tələb fərdi əmək mübahisəsi olduğu və bu mübahisə mülki xarakter daşıdığı halda iddiaçı inzibati məhkəməyə müraciət etmiş, bununla da, məhkəmə aidiyyəti normaları pozulmuşdur. Digər bir məsələ isə iddiaçının öz iddia tələbində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini cavabdeh kimi göstərərək, işəgötürənlə arasında bağlanmış əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbidir ki, qeyd olunan tələb maddi normalara ziddir və əsassızdır. Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələblər Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Bununla yanaşı iddia tələbi ilə bağlı araşdırma aparılan zaman hüquqi şəxs “X2” MMC-nin aktiv vergi ödəyicisi olduğu müəyyən edilmişdir. Belə olan halda İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə elektron sistemdə işəgötürən tərəfindən müvafiq qeydlər aparılması tələbi ilə bağlı hüquqi şəxsə müraciət etməlidir. Qeyd olunanları və iddiaçının tələbinin Xidmətin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə edərək mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini, iddiaya etirazı və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan 30.07.2015-ci il tarixli, xxxxxxx000200 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində “Dövlət orqanı və ya hüquqi şəxs olan işəgötürən barədə məlumatlar” hissəsində hüquqi şəxsin adı LPS "X2" Məhdud Məsuliyyətli Cəmiyyəti; “İşəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs barədə məlumatlar” hissəsində işəgötürən şəxs kimi İddiaçı, vəzifəsi kimi Baş direktor, müəssisə/kommersiya xidməti; “işçi barədə məlumat” hissəsində İddiaçı; “iş yeri barədə məlumatlar” hissəsində iş yerinin adı kimi LPS "X2" Məhdud Məsuliyyətli Cəmiyyəti, “işçinin vəzifəsinin (peşəsinin) adı” kimi məşğulluq təsnifatı üzrə: Baş direktor, müəssisə/kommersiya xidməti; Əmək müqaviləsi üzrə Direktor; “əmək müqaviləsinin bağlandığı tarix” kimi 01.10.2014-cü il göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən **********647000 nömrəli, 24.07.2017-ci il tarixli çıxarışa əsasən LPS "X2" Məhdud Məsuliyyətli Cəmiyyəti adlı qurum təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət, qanuni təmsilçisi (əvvəlki) İddiaçı, qanuni təmsilçisi (hazırkı) X7 olmaqla 03.06.2013-cü ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin İddiaçı ünvanlanmış **********0 nömrəli, 29.01.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Məlum edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət" portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə ışəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə və ya mübahisəli hal yarandığı təqdirdə məhkəməyə müraciət edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin **********302500 nömrəli, 16.04.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, dövlət reyestr məlumatlarına əsasən “X2” MMC 03.06.2013-cü il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə 5 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır. Cəmiyyət təsis olunarkən təsisçi İddiaçı, rəhbər vəzifəsinə X3 təyin olunmuşdur. Hal-hazırda rəhbər və təmsilçi X5r. 30.06.2019-cu il tarixdə təqdim etdiyi (“vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında”) ərizəyə əsasən 30.06.2019-cu il tarixdən 31.05.2024-ci il tarixədək, sahibkarlıq fəaliyyətini dayandırmışdır. Həmçinin bildirilir ki, cəmiyyətin ləğv edilməsi və təşkilati-hüquqi formasının dəyişdirilməsi barədə məlumat dövlət reyestrində müəyyən edilməmişdir. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, İddiaçı “X2” MMC-nin təsisçisi olaraq İddiaçı MMC-nin direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı 01.10.2014-cü il tarixli əmək müqaviləsinə dair 30.07.2015-ci il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişini mərkəzləşdirilmiş elektron informasiya sisteminə yerləşdirmişdir. Daha sonra cəmiyyətin qanuni təmsilçilik səlahiyyəti İddiaçı X6 verilmiş, təsisçi olaraq yenə də İddiaçı qalmışdır. Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışda cəmiyyətin keçmiş qanuni təmsilçisi İddiaçı, hazırkı qanuni təmsilçisi X7, təsisçisi İddiaçı göstərilir. Hazırkı tələbində İddiaçı vaxtilə özünün sistemə daxil etdiyi cəmiyyətin direktoru olaraq işə götürülməsi barədə əmək müqaviləsinə xitam verilərək əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin cavabdeh X4 Xidmətinin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, hazırkı mübahisə “X2” MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilərək əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci bəndinə görə əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydaların: -3.1-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. -3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. -3.4-cü bəndinə görə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. -3.5-ci bəndinə görə işəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. -6.2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir. Sadalanan normalardan görünür ki, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.1-ci bəndinə əsasən öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Xidmətin vəzifəsidir. Göründüyü kimi əmək müqaviləsinin bağlanılması, əmək müqaviləsində dəyişiklik edilməsi və ya əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işçi ilə əmək müqaviləsi bağlamış işəgötürənin səlahiyyətinə aiddir. X1 Müfəttişliyinə işəgötürənin əvəzinə əmək müqaviləsi bildirişini mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etmək vəzifəsini deyil, bilavasitə işəgötürən tərəfindən əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsinə riayət edilməsinə nəzarət etmək səlahiyyətini tanımışdır. İşin hallarından da görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsini həmin müəssisədən tələb etmək əvəzinə, tələbi cavabdeh inzibati orqana qarşı irəli sürmüşdür. İddiaçının MMC-nin hazırki qanuni təmsilçisini (direktoru) tapa bilməməsi və buna görə də bildirişi sistemə daxil edə bilməməsi ilə bağlı dəlili ilə də məhkəmə razılaşmır. Belə ki, hüquqi şəxs “X2” MMC hal-hazırda mövcuddur, yəni hüquqi şəxs kimi ləğv edilməmişdir. İddiaçı hazırda həmin cəmiyyətin qanuni təmsilçisi olmasa da, lakin tək təsisçisi olaraq qalmışdır. Cəmiyyətin təsisçisinin isə cəmiyyətin idarə edilməsinin təşkili ilə bağlı qanunla müəyyən olunan səlahiyyətləri qalmaqdadır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -91.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. -91.3-cü maddəsinə görə məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.1.cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; 91.3.2.cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək və s. -91-2.3-cü maddəsinə əsasən cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında müqavilə həmin şəxsin seçildiyi (təyin edildiyi) cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Təkbaşına rəhbərin səlahiyyətləri bu Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxs tərəfindən həyata keçirilir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda cavabdeh qismində qoyulmuş inzibati orqanın iddiaçının tələbi ilə bağlı cavabdehliyi olmadığından və sonuncunun inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş qeyd edilən iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “əmək müqaviləsi bildirişinə xitam verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar