Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5094/2020 14.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi) «qərarın və seçkinin ləğv olunması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi) «qərarın və seçkinin ləğv olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, işin mübahisə olunmayan halları ondan ibarətdir ki, o (iddiaçı), Bakı şəhəri 9 saylı Hüquq Məsləhətxanasının təsisçilərinin ümumi yığıncağının x xxxxxx 2005-ci il tarixli qərarı ilə məsləhətxananın müdiri seçilmişdir. Bakı şəhəri 9 saylı Hüquq Məsləhətxanasının nizamnaməsi AR Ədliyyə Nazirliyində xx xxxxxx 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. O, 1996-cı ildə AR Vəkillər Kollegiyasına üzv qəbul olunmuş və fəaliyyətini Abşeron rayon Hüquq Məsələhətxanasında davam etdirmişdir. Yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi olduğundan ərizəsi əsasında 1998-ci ildə Bakı şəhəri 13 saylı Hüquq Məsləhətxanasının 9 saylı Filialına keçirilmişdir. 2005-ci ildə 7 təsisçi vəkilin iştirakı ilə yeni yaradılmış 9 saylı Hüquq Məsləhətxanasının müdiri seçilmişdir. Həmin vəzifəyə seçildikdən sonra məsləhətxananın nizamnaməsi qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin həyətyanı sahəsində məsləhətxana üçün bina tikintisi nəzərdə tutulurdu. Vəkillər Kollegiyası müvafiq vəsait ayırmadığından, məsləhətxana üçün bina vəkillərin özlərinin vəsaiti və təşəbbüsü ilə tikildi və onlar fəaliyyətlərini davam etdirdilər. 2016-cı ildə Vəkillər Kollegiyasının rəhbərliyi heç bir əsas olmadan İntizam Komissiyasının üzvünü Məsləhətxanaya göndərmiş və həmin şəxs onlara yoxlama aparıldığını bildirmişdir. O (iddiaçı), yoxlaamaa aparılmasına razılıq verməmişdir. 2015 – 2016-cı illərdə səhhəti ilə əlaqədar o, bu haqsızlıqlara müqavimət göstərmək iqtidarında olmamışdır. Yoxlama qeyri-qanuni aparılmışdır. Orderlərin və qəbzlərin vəkillərə verilməsi yoxlanılmış və sənədlər prokurorluğa göndərilmişdir. Vəkillər Kollegiyası vəkil sirrinə müdaxilə edərək pozuntuya yol vermişdir. Bağlanmış bir neçə müqavilə yoxlamadan sonra pozulmuşdur. Vəkillər Kollegiyasına hüquq məsləhətxanası «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununa əsasən statistik məlumatlar verməlidir. Maliyyə, müqavilə və orderlərin yoxlanılmasını isə, vergi orqanları həyata keçirirlər. x xxxxxx 2016-cı il tarixdə AR Vəkillər Kollegiyasının konfransında iştirak etmək üçün nümayəndə seçilməsi üçün Kollegiya rəhbərliyi məsləhətxanaya gəlmiş, həmin nümayəndə seçkisində onu (iddiaçını) müdir vəzifəsindən kənarlaşdırmağa çalışmışdır. Həmin vaxt onu 7 saylı Hüquq Məsləhətxanasına keçirmişlər. 9 saylı Hüquq Məsləhətxanası AR Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Təsisçi vəkillər tərəfindən 2005-ci ildə AR Vəkillər Kollegiyasının iştirakı olmadan müdir seçilmişdir. AR Vəkillər Kollegiyası ilə 9 saylı Hüquq Məsləhətxanası arasında maliyyə sənədlərinin yoxlanılması barədə heç bir müqavilə bağlanmamışdır. 9 saylı Hüquq Məsləhətxanası AR Vəkillər Kollegiyasına yalnız statistik məlumatlar verməli və vəkilin hər hansı bir hüquq pozuntusu olduğu halda, vəkil barədə intizam tədbiri görməlidir. Məsləhətxanada aparılan seçkilərə və maliyyə sənədlərinin yoxlanılmasına Kollegiyanın ixtiyarı yoxdur. Göstərilənlərə və AR Mülki Məcəlləsinin 44.1, 44.3, 45.1, 45.2, 48.1-ci maddələrinə, İPM-in 37, 48, 73-cü maddələrinə əsaslanaraq, AR Vəkillər Kollegiyasının x xxxxxx 2016-cı il tarixli İddiaçı Bakı şəhəri 7 saylı Hüquq Məsləhətxanasına vəkil təyin edilməsi (keçirilməsi) barədə qərarın 2016-cı ilin noyabr ayında 9 saylı Hüquq Məsləhətxanasında aparılmış seçkinin etibarsız sayılaraq ləğv olunması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə əsasən işin hazırlıq icraatına başlanmış və məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zətruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini və iddiasında qərarların “etibarsız sayılması”nı yox, ləğvini tələb etdiyini bildirdi və iddianı müdafiə etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 24-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İşin ilkin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı hazırkı iddiasında 2016-cı ildə qəbul olunmuş inzibati (məsləhətxananın rəhbərinin seçilməsi və onun başqa hüquq məsləhətxanaya keçirilməsi barədə qərarları) mübahisələndirir və özünün iddia ərizəsindəki etirafı, eləcə də fəaliyyətinin xarakteri ilə (hansı qurumda, hansı vəzifədə fəaliyyət göstərməsi ilə) onun sözügedən aktlardan həmin ərəfədə məlumatlı olması təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirilən inzibati aktlara münasibətdə iddia müddətini buraxmaqla iddia qaldırmışdır və bu səbəbdən də iddia mümkün sayıla bilməz. Məhkəmə həmçinin vurğulayır ki, iş üzrə İPM-in 24-cü maddəsində göstərilən halların (təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar) mövcudluğu ilə bağlı xüsusatlar müəyyən edilmədiyindən, İPM-in 13 və 24.1-ci maddəri üzrə “buraxılmış müddətin bərpası barədə” ərizə verilməsi ona tövsiyə olunmamışdır. AR Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü və 9-cu bəndlərində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5094/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5094/2020
14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver