Məhkəmə qərarları › İş №2-1(112)-5094/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5094/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5094/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən və ona məxsus olan qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixli, **********20-05101-083001 reyestr nömrəli texniki pasportda əks olunan 143,2 kvm. sahə ilə adına qeydiyyatın aparılmaqla mülkiyyət hüququ üzrə hüquqların dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 65,80 kvm. olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olmuş və buna dair cavabdeh inzibati orqan tərəfindən ********** nömrəli, 02 noyabr 2021ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış verilmişdir. Adıçəkilən qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasportda isə obyektin ümumi sahəsi 143,2 kvm. olaraq qeyd olunmuşdur. Bundan sonra həmin texniki pasport əsasında ona məxsus qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan ona məktub ünvanlayaraq müraciətini təmin etməmişdir. Cavabdeh inzibati orqan imtinanı onunla əsaslandırmışdır ki, hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Halbuki, yuxarıda sadaladığı hüquqmüəyyənedici sənədlər ərizəsinə əlavə edilmişdir. Bu əsasdan hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə ilk dəfə xx.xx.2021-cı il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinə bitişik əlavə 77.4 kv.m sahə inşa edilib. İnşa edilmiş sahənin altında yerləşən torpaq sahəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan, ümumi paylı mülkiyyət hüququ ilə bütün mülkiyyətçilərə məxsus sahədir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********69 saylı cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2022-ci il tarixə təyin olunmuş şifahi məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilərək iddiasının təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 61.70 kvm. olan mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2016-cı il tarixdən İddiaçı məxsusdur. - Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyətdə olan mənzil məsələləri üzrə komissiyanın üzvləri tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki rəyin surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən 30 saylı mənzilin mülkiyyətçisi vət. İddiaçı müraciətinə əsasən ona məxsus mənzilə yerində baxış keçirilərək aşağıdakılar müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeyd edilən ünvanda 30 saylı 3 otaqlı mənzil vət. İddiaçı məxsusdur. Birinci mərtəbədə yerləşən mənzildə yenidənqurma, yenidənplanlaşdırma və əlavə tikinti işləri aparılmış, bir pəncərə boşluğu giriş qapısı ilə əvəz olunmuş, mənzil qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün uyğunlaşdırılmış və nəticədə mənzilin faktiki ümumi sahəsi 143,27 kvm. olmuşdur. Mənzildə yenidənquraşdırma və əlavə tikinti işlərinin uzun illər qabaq aparıldığı Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 3 nömrəli MİS-nin tərtib etdiyi xx.xx.2021-ci il tarixli aktla təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20, 21 və 27ci maddələrini rəhbər tutaraq komissiya hesab edir ki, vət. İddiaçı mülkiyyətində olan Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 5d ünvandakı 30 saylı mənzilin faktiki istifadə vəziyyəti nəzərə alınaraq ümumi sahəsi 143,27 kvm. olmaqla təyinatının qeyri-yaşayış sahəsinə keçirilməsi mümkündür. - Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyətdə olan mənzil məsələləri üzrə komissiyanın üzvləri tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qəbul aktının surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən vət. İddiaçı mülkiyyətində olan 30 saylı mənzilə yerində baxış keçirilərək aşağıdakılar müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeyd edilən ünvanda 30 saylı 3 otaqlı mənzil vət. İddiaçı məxsusdur. Birinci mərtəbədə yerləşən mənzildə yenidənqurma, yenidənplanlaşdırma və əlavə tikinti işləri aparılmış, bir pəncərə boşluğu giriş qapısı ilə əvəz olunmuş, mənzil qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün uyğunlaşdırılmış və nəticədə mənzilin faktiki ümumi sahəsi 143,27 kvm. olmuşdur. Mənzildə yenidənquraşdırma və əlavə tikinti işlərinin uzun illər qabaq aparıldığı Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 3 nömrəli MİS-nin tərtib etdiyi xx.xx.2021-ci il tarixli aktla təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20, 21 və 27-ci maddələrini rəhbər tutaraq komissiya hesab edir ki, vət. İddiaçı mülkiyyətində olan Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 5d ünvandakı 30 saylı mənzilin faktiki istifadə vəziyyəti nəzərə alınaraq ümumi sahəsi 143,27 kvm. olmaqla təyinatının qeyri-yaşayış sahəsinə keçirilməsi işləri başa çatmışdır və mənzil qeyri-yaşayış sahəsi kimi istismara hazırdır. - Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti Başçısının 374 nömrəli, xx.xx.2021-ci il tarixli “Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 5d ünvanda vət. İddiaçı məxsus 30 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” sərəncamının surətindən görünür ki, Yasamal rayon İcra Hakimiyyətinə vət. İddiaçı müraciət edərək, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 5d ünvanda mülkiyyətində olan 30 saylı mənzildə aparılmış yenidənqurma işlərini nəzərə alaraq yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçırilməsini xahiş etmişdir. xx.xx.2016-cı il tarıxli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeyd edilən ünvanda 30 saylı 3 otaqlı mənzil vət. İddiaçı məxsusdur. Birinci mərtəbədə yerləşən mənzildə yenidənqurma, yenidənplanlaşdırma və əlavə tikinti işləri aparılmış, bir pəncərə boşluğu giriş qapısı ilə əvəz olunmuş, mənzil qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün uyğunlaşdırılmış və nəticədə mənzilin faktiki ümumi sahəsi 143,27 kv.m olmuşdur. Mənzildə yenidənqurma və əlavə tikinti işlərinin uzun illər qabaq aparıldığı Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 3 nömrəli MİS-in tərtib etdiyi xx.xx.2021-ci il tarixli aktla təsdiq olunmuşdur. Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyətdə olan “Mənzil məsələləri üzrə komissiya” mənzilə baxış keçirərək onun mövcud vəziyyətində qeyri-yaşayış sahəsi kimi istifadə olunmasına müsbət rəy vermişdir. Təqdim olunmuş sənədlərə əsaslanaraq və Azərbaycan Respublikası Mənzil Məcəlləsınin 20, 21 və 27-ci maddələrini rəhbər tutaraq Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 5d ünvanda vət. İddiaçı məxsus 30 saylı mənzildə uzun illər qabaq aparılmış yenidənqurma, yenidənplanlaşdırma, əlavə tikinti işlərini və giriş qapısının açılmasını nəzərə alaraq mövcud ölçülərində sənədləşdirilməsi və mənzil ümumi sahəsinin 143,27 kvm. olmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə sərəncam verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 5d; Yeni qaydalarla: AZ 1141, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.80 kvm. olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdən İddiaçı məxsusdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair **********20-05101- 083001 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, girişin ümumi sahəsi 10,0 kvm., boş otağın ümumi sahəsi 118,9 kvm., dəhlizin ümumi sahəsi 3,9 kvm., mətbəxin ümumi sahəsi 8,2 kvm., sanitar qovşağın ümumi sahəsi 2,2 kvm., cəmi qeyri-yaşayış sahəsinin əsas sahəsi 118,9 kvm., köməkçi sahəsi 24,3 kvm. olmaqla ümumi sahəsi 143,2 kvm.-dən ibarətdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********69 №-li məktubdan görünür ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mövcud əlavə sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar bildirilir ki, qeyri-yaşayış sahəsinə bitişik əlavə 77,4 kv.m sahə inşa edilib. İnşa edilmiş sahənin altında yerləşən torpaq sahəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan, ümumi paylı mülkiyyət hüququ ilə bütün mülkiyyətçilərə məxsus sahədir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 5d; Yeni qaydalarla: AZ 1141, ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti Başçısının 374 nömrəli, xx.xx.2021-ci il tarixli “Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 5d ünvanda vət. İddiaçı məxsus 30 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” sərəncamına əsasən ünvan 7 ünvanda İddiaçı məxsus 30 saylı mənzildə uzun illər qabaq aparılmış yenidənqurma, yenidənplanlaşdırma, əlavə tikinti işlərini və giriş qapısının açılmasını nəzərə alaraq mövcud ölçülərində sənədləşdirilməsi və mənzil ümumi sahəsinin 143,27 kvm. olmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən isə qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları qeydə alınan zaman isə qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasportda və həmçinin müvafiq sərəncamda qeyd edilmiş ölçülər deyil, yaşayış sahəsinin ilkin ölçüləri (halbu ki, həmin ölçülər də fəqrlildir, xx.xx.2016-cı il tarixli, ********** №-li çıxarışda 61,7 kvm., xx.xx.2021-ci il tarixli, ********** №-li çıxarışda 65,8 kvm.) daşınmaz əmlakın dövlət reyestrindəki çıxarışda göstərilmişdir. İddiaçının ona məxsus olan qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixli, **********20-05101-083001 reyestr nömrəli texniki pasportda əks olunan 143,2 kvm. sahə ilə adına qeydiyyatın aparılmaqla mülkiyyət hüququ üzrə hüquqların dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi cavabdeh inzibati orqan tərəfindən qeyri-yaşayış sahəsinə bitişik əlavə 77,4 kv.m sahənin inşa edilməsi, inşa edilmiş sahənin altında yerləşən torpaq sahəsinin birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan, ümumi paylı mülkiyyət hüququ ilə bütün mülkiyyətçilərə məxsus sahə olması əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.0.4. qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. - 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 4-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. - 13.9-cü maddəsinə əsasən dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir: 13.9.1. obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər zəruri məlumatlar; 13.9.2. mülkiyyət və digər əşya hüquqları, hüquq sahibinin adı, fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumat və hüquqi şəxsin rekvizitləri. Hüquq sahibinin göstərdiyi ünvan, payın miqdarı, hüququ təsdiq edən sənədlərin adı və digər zəruri məlumatlar; 13.9.3. mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut, ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti. - 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. - 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. - 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. - 23.3-ci maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə işin hallarına qiymət verərək qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 5d; Yeni qaydalarla: AZ 1141, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.80 kvm. olan qeyri-yaşayış sahəsinin İddiaçı xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı qeyri-yaşayış sahəsinin ölçüləri ilə bağlıdır. Qeyri-yaşayış sahəsinin fakitki ölçüləri ilə bağlı cavabdeh inzibati orqan tərəfindən müvafiq texniki pasport tərtib edilmişdir və həmin pasportda əksini tapan texniki göstəricilər Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti Başçısının 374 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamda qeyd edilmiş ölçüyə uyğundur. Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti Başçısının 374 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncami isə hal-hazırda qüvvədə olmaqla mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.11-cü bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətinə aiddir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun: - 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2 və 24.3-cü maddələrinə görə isə inzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırılması zamanı mübahisələndirilən daşınmaz əmlakın ümumi sahəsinin xx.xx.2021-ci il tarixli, **********20- 05101-083001 reyestr nömrəli texniki pasportda əks olunan sahədən ibarət olması və iddiaçının bununla bağlı hüquqmüəyyənedici sənədlərlə malik olması müəyyən edildiyindən, həmin sahə ilə bağlı digər şəxslərin hüquq və mənafelərinə zidd olan hallar müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunsuz olmaqla iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən və İddiaçı məxsus olan qeyriyaşayış sahəsinin xx.xx.2021-ci il tarixli, **********20-05101-083001 reyestr nömrəli texniki pasportda əks olunan 143,2 kvm. sahə ilə İddiaçı adına qeydiyyatın aparılmaqla mülkiyyət hüququ üzrə hüquqların dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən və İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixli, **********20-05101-083001 reyestr nömrəli texniki pasportda əks olunan 143,2 kvm. sahə ilə İddiaçı adına qeydiyyatın aparılmaqla mülkiyyət hüququ üzrə hüquqların dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar