Məhkəmə qərarları › İş №2-1(112)-5094/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5094/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5094/2023 01.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı “X9 Kompani S.A” Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “X9 Kompani S.A” Şirkətinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla, sərəncamın ləğv edilməsi barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X9 Kompani S.A” Şirkəti cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı X6 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1665 nömrəli 10 avqust 1999-cu il tarixli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X9 Kompani S.A.”şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası; işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. “X9 Kompani S.A” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X9 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci, maddəsinə əsasən ARDNŞ “X9 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. “X9 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüquqları mövcuddur. Belə ki, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan həmin sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi olan Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci mədən ərazisində, 6 №li mağazanın yanında 28 m. x 35 m. ölçüdə olan torpaq sahəsi fərdi ev tikintisi üçün Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1665 nömrəli 10 avqust 1999-cu il tarixli sərəncamı ilə X5 ayrılmışdır. Mahir Kərimova ayrılmış torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması üçün sənaye təyinatlı torpaq sahəsinə aid olması xx.xx.1976-cı il tarixli xəritə ilə təsdiq olunmuşdur. Sənaye təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən heç bir əsas olmadan vətəndaşın istifadəsinə ayrılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı əməliyyat şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyətini həyata keçirilməsinə maneçilik yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh-Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və iddia ərizəsində üçüncü şəxs qismində göstərilmiş-X4 təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuş, X6 zəruri cəlb etmə qaydasında üçüncü çəxs qismində inzibati məhkəmə icraataıa cəlb olunmuşdur. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə göstərilmişdir ki, iş üzrə üçüncü şəxs olan X4 RİHB-nın xx.xx.1999-cu il tarixli 1665 saylı sərəncamı ilə torpaq sahəsi ayrılan dövürdə dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə verilməsi və mühafizəsi Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilmişdir. “X9 Kompani S.A” Şirkəti isə 16 avqust 2005-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış sazişə əsasən Suraxanı rayonunda fəaliyyət göstərməyə və kontrakt ərazilərindəki torpaq sahələrinə nəzarət etməyə başlamışdır. Qeyd olunanları nəzərə alaraq Suraxanı RİHB-nın xx.xx.1999-cu il tarixli 1665 saylı sərəncamının qanuna müvafiq olduğunu bildirməklə, iddianın təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişlər. Üçüncü şəxs X3 iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X9 Kompani S.A” Şirkətinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan əsaslarla əsaslandırır. İş materiallarında olan “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin əsasnaməsinin surətindən müəyyən olunur ki, Şirkət xx.xx.2005-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1105-N7-1668 qeydiyyat № ilə xx.xx.2005-ci il tarixdə X8 Qeydiyyatı İdarəsində qeydə alımışdır. Məhkəmənin müvafiq sorğularına əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-00308/2023 №-li, xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin 1665 №-li, xx.xx.1999-cu il tarixli sərəncamının surətindən müəyyən olunur ki, vətəndaş M.Kərimova fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində, 6 №-li mağazanın yanında, 28 m. x 35 m. ölçüdə torpaq sahəsinin ayrılması qərara alınmışdır. İPM-nin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız müvafiq qərar qəbul olunduqdan 22 il keçdikdən sonra, 20 dekabr 2022-ci ildə məhkəməyə müraciət etmişdir və belə olan halda iddiaçının bu illər ərzində mübahisəli ərazinin üçüncü şəxsə ayrılması barədə Suraxanı RİHB-nın qərarından xəbərdar, məlumatlı olmaması barədə dəlili inadırıcı olmamaqla, ağlabatan deyildir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsində üçncü şəxs tərəfindən inşa olunmuş tikilini xx.xx.2021-ci il tarixdə aşkar etsələr də, sonuncu tərəfindən mübahisələndirilən sərəncam təqdim olunaraq, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı müvafiq orqanlara müraciət edəcəyi bildirildiyi üçün, tərəflərindən qanuna müvafiq tədbirlərin görülməsi hərəkətləri dayandırılmışdır. Lakin sonradan üçüncü şəxs X6 tərəfindən mübahisəli torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının qeydə alınmasına dar heç bir sənəd təqdim olunmadığı üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Ümumilikdə iddia müddətinin başlanılması üçün yalnız şəxsin öz hüququnun pozulduğunu bildiyi an deyil, eyni zamanda öz hüququnun pozulduğunu bilməli olduğu an əsas götürülür. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, mübahisəli torpaq sahəsi ARDNŞ-ə məxsus torpaq sahələri olmuşdur. İşin hallarından da göründüyü kimi, üçüncü şəxs tərəfindən mübahisəli torpaqda uzun illər bundan öncə fərdi yaşayış evi tikmiş və iddiaçı buna qarşı hər-hansı bir qaydada etirazını bildirməmişdir. Həmçinin iddiaçı bu müddət ərzində tikilinin sökülməsinə və ya torpaq sahəsinin geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etmələri barədə sübut təqdim etməmişdir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85.1-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı “X9 Kompani S.A” Şirkətinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla, sərəncamın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar