Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5096/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası” publik hüquqi şəxsinə qarşı “qazanxananın sökülməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Buzovna qəsəbəsində “Vərəm” dispanserinin ərazisində inşa edilmiş qazanxananın, ona aid borunun AR Səhiyyə Nazirliyi hesabına sökülməsi və yerinin dəyişdirilməsinin öhdəlik kimi cavabdehin üzərinə qoyulması, 100.000 manat kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda 8 nəfər ailə üzvü ilə birlikdə yaşayır. Həmin evə dair qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehə aid 7 saylı “Vərəm” dispanserinin qazanxanası 2020-ci ilin aprel ayında inşa edilmişdir. Qazanxana tikilərkən onun yaxınlığında yaşayan sakinlərin, o cümlədən iddiaçının ailəsinin hüquq və mənafeləri nəzərə alınmamış, əksinə kobud surətdə pozulmuşdur və bu hal davam edir, belə ki, həmin dispanserin 25 ha-dan artıq ərazisi olmasına baxmayaraq qazanxana onun evinin yaxınlığında tikilmişdir. Yaşadığı evlə qazanxananın tüstü borusu arasındakı məsəfə 5,5 m-dir. Tüstü borusu dəmirdən ibarət olub hündürlüyü 15 metr, gövdəsinin diametri 01 metrdir. Qazanxananın səsindən 12 nəfər ailə üzvü gecələr yata bilmir, gündüzlər isə istirahət edə bilmir. Qazanxananın 15 m hündürlüyə malik borusu isə əsl yüksək təhlükə mənbəyidir və yaşadığı ərazi isə daimi külək olan seysmik yer olduğundan hər an təhlükə ilə baş verə biləcək qəza ilə üzbəüz qalmışlar. Dəfələrlə cavabdehə və aidiyyəti orqanlara müraciət etsə də müraciətinə AR Səhiyyə Nazirliyi heç bir cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. İddiaçının xx.xx.2022-ci il tarixli ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5096/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi əsl cavabdeh “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında işirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddia predmet baxımından inzibati məhkəmə icraatında baxılması mümkün olmayan iddiadır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddiaçının tələbi ünvan 1 və onun xx.xx.1994-cü il tarixli, 30/358 qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmış xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin yaxınlığında inşa edilmiş qazanxanadan gələn səs və titrəyiş, eləcə də qazanxanaın tüstü borusu ilə ev arasında məsafənin az olması səbəbi ilə borunun uçma təhlükəsinin olması, bununla da onun mülkiyyətçi kimi hüquqlarının pozulması ilə bağlıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 25 nömrəli 23 avqust 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş və 28 sentyabr 2021-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmış “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası” publik hüquqi şəxsinin Nizamnaməsindən görünür ki, “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası” (bundan sonra Sanatoriya) “Publik hüquqi şəxslər haqqında” Azərbyacan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbyacan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 2.7.1-ci yarımbəndinə uyğun olaraq Azərbyacan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusunda yaradılmışdır. Nizamnamənin 2.1, 2.2 və 2.3-cü bəndlərinə əsasən Sanatoriya 0-17 yaşda olan şəxslərə vərəmin sümük-vərəm və ağciyər formalarının kliniki protokola uyğun müalicəsindən sonra sanator yardım göstərməklə yanaşı vərəm xəstələri ilə təmasda yoluxanların kimyəvi profilaktikasını həyata keçirən müalicə profilaktika müəssisəsidir. Sanatoriyanın fəaliyyətinin əsas məqsədi uşaq və yeniyetmələrin sümük-vərəm və ağciyər xəstəliklərinin müalicəsindən sonra reabilitasiyası və pedaqoji təhsildən yayınmamaq şərtilə və bu sahədə hüquqların təmin edilməsindən ibarətdir. Sanatoriya “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunu və digər normativ hüquqi aktlara uyğun olaraq fəaliyyət göstərir. Həmçinin iş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair Səhiyyə Nazirliyi, Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün X1 adına xx.xx.2021-ci il tarixdə **********42-12101 nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib edilmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçının sökülməsini və ya yerinin dəyişdirilməsini tələb etdiyi ünvan 2 ünvanında yerləşən qazanxana Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün X1 balansında olmaqla ona aid əmlak kompleksinin tərkibində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh qismində çıxış edən Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün X2 publik hüquqi şəxsi inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan statusunda çıxış edə bilsə də, lakin hazırkı iddiaçı ilə yaranmış mübahisə öz hüquqi təbiətinə görə inzibati orqanın inzibati hüquq (publik hüquq) fəaliyyətindən yaranan inzibati mübahisə olmadığından iddiaya inzibati məhkəmə icraatında baxıla bilməz. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (bənd 5.1). Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır (bənd 5.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.2-ci maddəsinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Həmin Məcəllənin 43.3-cü maddəsinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Hazırkı halda iddiaçı ünvan 1 fərdi yaşayış evinin mülkiyyətçisidir. Eyni zamanda mübahisə predmeti olan qazanxana cavabdeh publik hüquqi şəxsin balansındadır. İddiaçının tələbi ona mülkiyyət hüququ əsasında məxsus olan fərdi yaşayış evinin cavabdehə məxsus qazanxananın yaratdığı təhlükə və səs-küydən qorunmasıdır ki, bu tələb bütövlükdə mülkiyyət hüququnun müdafiəsi ilə əhatə olunur. Eləcə də publik hüquqi şəxsin qazanxana ilə bağlı irəli sürülmüş tələbə münasibətdə müdafiə hüququ publik hüquqdan deyil, mülkiyyət hüququndan irəli gəlir. Belə ki, cavabdeh hazırkı iş üzrə iddiaçıya münasibətdə hər hansı inzibati funksiyanı yerinə yetirməmiş və hakimiyyət səlahiyyətlərini tətbiq etməmişdir. Cavabdehin iddiaçının inzibati hüquqdan irəli gələn hüquqpozması o zaman yarana bilər və inzibati hüququn predmeti ola bilərdi ki, publik hüquqi şəxs nizamnamə ilə ona verilmiş publik səlahiyyətlərinin yerinə yetirilməsindən imtina etsin və yaxud düzgün icra etməsin (məs, sanator, profilaktik, reabilitasiya, tibbi-sosial yardım göstərməmək və s.) Hazırkı halda isə cavabdehin hərəkəti publik hüquqdan irəli gəlmir. İddiaçının mülkiyyətinin müdafiəsi hüququ kimi cavabdeh publik hüquqi şəxsin də balansında olan əmlakla bağlı mülkiyyətin müdafiəsi hüququ var və bu hüquqlar bərabərdir, biri digərindən üstün deyildir, mülkiyyət hüquqlarının müdafiəsində hər iki tərəf bərabər statusda mülkiyyətçi statusunda çıxış edir, biri digərinə hakimiyyət səlahiyyəti tətbiq etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. -153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. -157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Göründüyü kimi hazırkı iş üzrə tərəflərdən biri publik hüquqi şəxs olsa da mübahisə bilavasitə mülki münasibətlərdən yaranan mülki hüquq xarakterlidir. Cavabdeh qurum iddiaçıya münasibətdə bilavasitə hakimiyyət səlahiyyətini tətbiq edən inzibati orqan statusunda deyil, mülki döviyyənin bərabər hüquqlu subyekti statusunda çıxış edir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən birincisi iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisə publik hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci bəndində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərar 15.2-ci bənd). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərar 15.3-cü bənd). Qeyd edilənlərə əsasən məhkəmə iddianın məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı izah edir ki, iddiaçının hazırkı tələblə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası” publik hüquqi şəxsinə qarşı “qazanxananın sökülməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5096/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5096/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver