Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5097/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Cavabdeh qarşı “artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin qaytarılması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 1897,50 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 13 yanvar 2023-cü il tarixində ərizə ilə müraciət edərək ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmişdir. X1 və Təyinat filialı tərəfindən qəbul edilən 6 mart 2023-cü il tarixli 3-17-2/3-2-924/2023 nömrəli Əmrlə Cavabdeh “İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.1-ci maddəsinə əsasən 1 fevral 2023-cü il tarixdən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 1897,50 manat vəsait nağdsız qaydada ödənilmişdir. Qanunun 18.0.6-cı maddəsinə əsasən sığorta sığorta ödənişi alan şəxsin sığorta ödənişi aldığı dövrdə müvafiq icra hakimiyyəti orqanına məlumat vermədən işə düzəlməsi halı sığorta ödənişinin verilməsinin dayandırılması əsaslarındandır. Cavabdehin qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırılması Cavabdeh tərəfindən 13 yanvar 2023cü il tarixli “İltizam” imzalanmaqla təmin edilmişdir. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehlə bağlı 2022-ci ilin mart ayından xidməti müqavilə əsasında işə düzəldiyi müəyyən olunmuş və 31 oktyabr 2023-cü il tarixli 3-17-2/3-3-627/2023 nömrəli Əmrlə cavabdehə işsizlikdən sığorta ödənişinin ödənilməsi dayandırılmışdır. Diqqət edilməli məqam ondan ibarətdir ki, işsizlikdən sığorta ödənişi təyinatı 6 mart 2023-cü il tarixindən etibarən başlamış, şəxs isə məhz həmin aydan xidməti müqavilə əsasında çalışmışdır. Cavabdeh xidməti müqavilə əsasında işlədiyinə baxmayaraq Agentliyə bununla bağlı məlumat verməmişdir. Göründüyü kimi şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. İşsizlikdən sığorta ödənişi beş ay ödənildikdən sonra MEİS-in müvafiq altsistemində Cavabdeh 2023-cü ilin mart ayından məşğul şəxs olduğu aşkar olunmuşdur. Belə ki, Cavabdeh xidməti müqavilə əsasında işlədiyi halda işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci maddəsinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Yuxarıda qeyd edilən təyinata əsasən cavabdehə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar Filial tərəfindən 29 avqust 2023-cü il tarixli 3-17-2/2-A-54037/2023 və 17 oktyabr 2023-cü il tarixli 3-17-2/2-A- 63540/2023 nömrəli xəbərdarlıq məktubları ünvanlanmışdır. Ancaq cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktublarına ümumiyyətlə münasibət bildirilməmiş, artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə Filiala geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi icra edilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən ona işsizlikdən sığorta ödənişinin təyinatı aparıldıqdan sonra həmin ödənişin dayandırılması əsaslarından biri hesab edilən xidməti müqavilə əsasında işə düzəlmiş və bununla bağlı Qanunun 5.2.1-ci maddəsində nəzərdə tutulan öhdəliyin icra edilməməsi nəticəsində işsizlikdən sığorta ödənişinin artıq ödənilməsi ilə nəticələnən təqsirli hərəkətlər icra edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətdə iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 PHŞ-in iddiaçının iddiası əsassız və ədalətsizdir, təmin edilə bilməz. Belə ki, onun AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya xidmətinin ətraf mühit üzrə monitorinq mərkəzində baş mütəxəssis vəzifəsində işlədiyi əmək müqaviləsinə 2023-cü il yanvar ayında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 b) maddəsinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra ona DOST xidmətindən zəng vuraraq gəlib ərizə yazmağı və işsiz kimi qeydiyyata durduqdan sonra işsizlikdən sığorta ödənişi almaqla bağlı müraciət etməsini tövsiyə etmişlər. Edilən tövsiyələri nəzərə alaraq işsiz kimi qeydiyyata alınmağı üçün müvafiq qaydada DOST xidmətinə müraciət etmiş, müraciəti araşdırıldıqdan sonra ona işsiz statusu verilərək müvafiq qaydada işsizlikdən sığorta ödənişi təyin olunmuşdur. İddia ərizəsində aşağıdakı məsələlərlə razı deyil və əsassız hesab edir: “İşsizlikdən sığorta haqqında” Qanunun 18.0.6-cı maddəsini pozaraq müvafiq icra hakimiyyəti orqanına məlumat vermədən işə düzəlmişdir. Həmin qanunun 5.2.1-ci maddəsinə əsasən sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməmişdir. Yuxarıda bildirilən hər iki məsələ tamamıilə əssasızdır, çünki o, işsiz kimi qeydiyyata almağa çağıranda və işsizlikdən sığorta ilə bağlı sənədlərinə baxıb araşdırıb işsizlikdən sığorta ödənişi təyin etməmişdən əvvəl, yəni 2022-ci ildən etibarən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlara zal nəzarətçisi olaraq cəlb olunur. Bu xidməti o, Ekologiya və Təbii Sərvətlər Nazirliyində işlədiyi dövrdə də əlavə qazanc əldə etmək üçün göstərmişdir. Qeyd olunan xidmət və qazanc sabit iş və qazanc növü deyil, bir iki aydan bir ehtiyac olduğu təqdirdə onu dəvət edib həmin gün üçün ödəniş edirlər. Digər bir uyğun gəlməyən məsələ isə, iddia ərizəsində qeyd olunmuşdur ki Mərkəzləşmiş elektron informasiya sisteminin müvafiq alt sistemində onun 2022-ci ilin mart ayından xidmət müqaviləsi əsasında işə düzəldiyi qeyd olunub. Aşağıdakı abzasda isə qeyd olunub ki, sığorta ödənişi ona 2023-cü ilin mart ayında təyin olunub və o, 2023-cü ilin mart ayından müqavilə əsasında işə başlamışdır. Yəni iddiaçı 2022-ci ildən işləməsini etiraf edərək növbəti abzasda öz yazdığını təkzib edir. Maraqlı və diqqət yetiriləsi məqamlardan biri də odur ki, X5 31 oktyabr 2023-cü il tarixdən işsizlikdən sığorta ödənişinin dayandırılmasına baxmayaraq 2024-cü ilin sonunda qeyd olunan ödənişin qaytarılması ilə bağlı müraciət etmişdir. Cavabdeh hesab edir ki, 2022-ci ilin mart ayından Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlara zal nəzarətçisi olaraq xidmət göstərməsinə baxmayaraq, onu işsiz kimi 2023-cü ildə qeydiyyata alan və ona işsizlikdən sığorta ödənişinin təyin olunması ilə bağlı araşdırıb qərar verən X5 1 ildən çox müddət keçməsinə baxmayaraq həmin ödənişi geri tələb etməsi ədalətsiz və əsassızdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -X5 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən qəbul edilən 06 mart 2023-cü il tarixli 3-17-2/3-2-924/2023 nömrəli əmrlə Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.1-ci maddəsinə əsasən 01 fevral 2023-cü il tarixindən etibarən işsizlikdən sığorta ödənişi təyin edilmişdir. -Cavabdehnun "xxxx" ASC-də olan hesabındakı çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixdə hər ay üzrə 37,50 manat olmaqla işsizlikdən sığorta haqqı vəsait ödənilmişdir. -“X5” X7 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən 31 oktyabr 2023-cü il tarixli 3-17-2/3-3-627/2023 nömrəli əmrlə Cavabdeh təyin olunmuş işsizlikdən sığorta ödənişi dayandırılmışdır. -İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 13.2.1-ci maddəsinə əsasən Sizə xx.xx.2023-cü il tarixdən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və 1897,50 manat sığorta ödənişi vəsaiti nağdsız qaydada kart hesabınıza köçürülmüşdür. Nəzərinizə çatdırırıq ki, Qanunun 18.0.1-ci maddəsinə əsasən sığorta ödənişi alan şəxsin “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edilməsi sığorta ödənişinin dayandırılmasına səbəb olur. xx.xx.2023-cü il tarixdən məşğul şəxs hesab edildiyiniz üçün 1897,50 manat işsizlikdən sığorta ödənişi vəsaitinin ödənilməsi əsassız hesab olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası"nın 6.2-ci bəndinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada X3 (bundan sonra - Agentlik) qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd edilən səbəbdən bu məktub Sizə təqdim olunduğu tarixdən 30 (otuz) gün müddətində artıq ödənilmiş sığorta ödənişini könüllü qaydada Agentliyə geri qaytarmadığınız təqdirdə, mübahisənin məhkəmə qaydasında həlli məqsədi ilə qanunamüvafiq tədbir görüləcəkdir. Qeyd olunan məbləğin geri qaytarılması üçün bank rekvizitləri əlavə olunur.” -İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Sizə əsassız hesablanmış 1897,50 manat işsizlikdən sığorta ödənişi vəsaitinin geri qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli, 3-17-2/2-A-54037/2023 nömrəli məktub ünvanlanmışdır. Lakin qeyd edilən vəsait tərəfinizdən hazırkı dövrə qədər könüllü surətdə X3 (bundan sonra-Agentlik) geri qaytarılmamışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci bəndinə əsasən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, bu məktub Sizə təqdim olunduğu tarixdən 10 (on) gün müddətində qeyd olunan vəsait könüllü surətdə geri qaytarılmadığı halda yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət ediləcəkdir. Qeyd olunan məbləğin geri qaytarılması üçün bank rekvizitləri əlavə olunur.” Beləliklə, işin hallarına əsasən, iddiaçı hazırkı iddia tələbi ilə işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 1897,50 manat dövlət vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X2 Nizamnaməsinin 1.1-ci bəndinə əsasən X5 aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının Əsasnaməsi”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı (bundan sonra - Filial) Agentliyin strukturuna daxil olan mərkəzi və regional qurumların mühasibat uçotu, büdcə və smeta təhlilini həyata keçirən, maliyyə hesabatlığını təşkil edən, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş işsizlikdən sığorta ödənişinin (bundan sonra - sığorta ödənişi) qanunvericilikdə nəzərdə tutulmuş qaydada və vaxtda təyin edilməsi və ödənilməsini, məşğulluq tədbirlərinin maliyyələşdirilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşmış qurumdur. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunundan: -1.1. Bu Qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. -1.2. Bu Qanuna uyğun olaraq sığorta ödənişi əmək münasibətlərinə bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş şəxslərə şamil edilir. -2.0.1. işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. -5.2.1. Sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat vermək sığortaolunanın vəzifələrindəndir. -13.2. Bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir: 13.2.1. Bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada; 13.2.2. bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində; 13.2.3. bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində. -13.6. Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə 3 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. -18.0.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə sığorta ödənişinin verilməsi dayandırılır. “Məşğulluq haqqında” Qanunun 4.1.2-ci maddəsinə əsasən, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər məşğul şəxslərə aid edilir. “İnzibati icraat haqqında” Qanundan: - 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Göründüyü kimi qanunvericiliyin yuxarıda istinad olunan tələbinə əsasən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməlidir. “İşsizlikdən sığorta haqqında” Qanunun 18.0.1-ci maddəsindən göründüyü kimi, şəxs “Məşğulluq haqqında” Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə sığorta ödənişinin verilməsi dayandırılır. Hazırkı iş üzrə cavabdehin xidməti müqavilə əsasında Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlara zal nəzarətçisi olaraq cəlb olunduğu, bu işlə bağlı ona haqq ödənildiyi müəyyən olunmuş, qeyd olunan xüsusatlar cavabdehin özü tərəfindən də təsdiq edilmişdir. Belə olan halda, cavabdeh mülki-hüquqi xarakterli müqavilə əsasında əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxs olaraq məşğul şəxslər kateqoriyasına aid edildiyindən 31 oktyabr 2023-cü il tarixli 3- 17-2/3-3-627/2023 nömrəli əmrlə cavabdehə işsizlikdən sığorta ödənişinin ödənilməsinin dayandırılması əsaslı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli, 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci bəndinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır. Bundan imtina edilərsə bu barədə mübahisəyə məhkəmə qaydasında baxılmalıdır. İş materiallarından görünür ki, cavabdehə işsizlikdən sığorta ödənişi kimi xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək 1897,50 manat vəsait ödənilmişdir. Cavabdeh özü də ona 1897,50 manat vəsaitin ödənildiyini təkzib etməmişdir. Odur ki, iddiaçı cavabdehə işsizlikdən sığorta ödənişi kimi ödənilən vəsait, yəni 1897,50 manat məbləğin iddiaçıya geri qaytarılması tələbində haqlıdır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmənin qənaəti belədir ki, iddia təmin edilməli, Cavabdeh işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 1897,50 manat dövlət vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 1897,50 manat dövlət vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5097/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5097/2025
27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver