Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5098/2021 17.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X18 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinə qarşı “ata adının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun akt qeydlərində dəyişiklik edilərək ata adının «Vyaçeslav»dan «Sənan»a dəyişdirilməsi, ata qrafasında «X27» yazılması və buna dair yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X25 izahatında bildirdi ki, iddiaçı Sabunçu rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək ata adının dəyişdirilərək X28 yazılması ilə yeni doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Sabunçu rayon qeydiyyat şöbəsi 03.03.2021-ci il tarixli məktubla bildirmişdir ki, “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” Azəbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarına əsasən tərbiyələndirən şəxsə dair sübutedici sənədlər təqdim edə bilmədiyinə görə müraciətinin həlli qeydiyyat şöbəsində mümkün deyil. Halbuki, iddiaçı cavabdeh orqana müraciət edərkən ərizəsində qeyd etmişdir ki, atası haqqında məlumatın dəyişdirilərək dayısı X23 adının qeyd edilməsini istəyir. İddiaçının həmin istəyi atasının uşaq vaxtından iddiaçının qarşısında atalıq borcunu yerinə yetirməməklə tərbiyə, təhsili və sosial məsələlərində ümumiyyətlə iştirak etməməsindən irəli gəlir. İddiaçının bütün bu qayğılarını qarşılayan və onu tərbiyə edən dayısı X28 olduğundan atası kimi dayısının adının qeyd edilməsini istəyir. İddiaçının bioloji atası X9 nə iddiaçının, nə də iddiaçının böyük bacısının böyüyüb boya-başa çatmalarında heç bir əziyyəti olmamışdır. Hələ onlar körpə uşaq olarkən anaları ilə ataları arasında bağlanmış nikah Abşeron Rayon Məhkəməsinin 2-156/2004 saylı, 11 iyun 2004-cü il tarixli qətnaməsi ilə pozulmuş və həmin prosesdə saziş bağlanaraq iddiaçı və bacısı analarının yanında qalmışlar. İddiaçının tərbiyə və təhsil almasında, sosial məsələlərinin həllində yaxından iştirak edən doğma dayısı X28 olmuşdur. Bu səbəbdən də iddiaçı onu öz övladı kimi tərbiyə etmiş şəxsin adının atasının adı kimi yazılmasını istəyir. Eyni zamanda iddiaçının anasının müraciətinə əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 1536 nömrəli, 12.07.2011-ci il tarixli Sərəncamı ilə iddiaçı ilə bacısının adları və soyadları dəyişdirilmişdir. Həmin sərəncama əsasən iddiaçının soyadı və adı “Preverzyeva Valentina” dəyişdirilərək “İddiaçı” kimi yazılmışdır. Ata adının dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verildiyindən iddiaçı ata adının dəyişdirilməsi üçün indi müraciət edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2-156/2004 saylı 11 iyun 2004cü il tarixli qətnaməsinin surətindən görünür ki, X12 ilə X9 arasında 27 iyun 2000-ci il tarixdə Bakı şəhəri, Səadət sarayında bağlanmış nikah pozulmuş hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən 01.11.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının 12.07.2011-ci il tarixli 1536 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, 17 dekabr 2001-ci il tarixdə anadan olmuş X2 və adının dəyişdirilərək X6 və xx xxxxxx 2002-ci il tarixdə anadan olmuş X1 və adının dəyişdirilərək İddiaçı kimi yazılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 03.03.2021-ci il tarixli məktubda qeyd olunur: Sizin xx.xx.2002-ci il təvəllüdlü X14 barəsində qeyqə alınmış doğum haqqında şəhadətnamədə ata adının dəyişdirilməsi ilə bağlı müraciətinizə baxılmışdır. “Adın, ata adının və soyadın dəyişdirilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarına əsasən tərbiyələndirən şəxsə dair sübutedici sənədlər tədqim edə bilmədiyinizə görə müraciətinizin həlli qeydiyyat şöbəsində mümkün deyildir. İş materiallarında olan Abşeron rayon VVADQ şöbəsi tərəfindən 03.05.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 035937 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 və X10 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 03.05.2005-ci il tarixdə 36 nömrəli ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Pereverziyev, qadına Qarayeva soyadı verilmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 22.07.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 711281 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə doğulmuşdur, atası X8, anası X17r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 25.02.2003-cü il tarixdə 87 nömrəli ilə qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 23.07.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş İddiaçı 25.02.2003-cü il tarixli 87 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2002-ci il tarixdə doğulmuşdur. Atası X8, anası X7r. Akt qeydində aparılmış dəyişiklikdən görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin 12.07.2011-ci il tarixli 1536 saylı sərəncamına əsasən “Pereverziyeva Valentina”nın soyadı və adı dəyişilərək “İddiaçı” yazılmış, ana qrafasında isə anasının soyadı “Pereverziyeva”dan “Qarayeva”ya dəyişdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 05.10.2021-ci il tarixli məktubda qeyd edilir: Vətəndaş İddiaçı qeydiyyat şöbəsinə ata adının dəyişdirilməsi ilə bağlı müraciət etmişdir və imtina məktubu ilə müraciətinə cavab verilmişdir. ‘Adın, ata adının və soyadın dəyişdirilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarının 6.15. maddəsinə əsasən ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. "Adın, ata adının və soyadın dəyişdirilməsi" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ıl 12 may tarixli 79 nömrəli qərarına əsasən tərbiyələndirən şəxsə dair sübutedici sənədlər tədqim edə bilmədiyini görə müraciətinin həlli qeydiyyat şöbəsində mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın: 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.4-cü bəndinə əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir; 6.15-ci bəndinə əsasən ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir; 6.16-ci bəndinə əsasən rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır; 6.17-ci bəndinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir; 6.18-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ata adının dəyişdirilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərbiyələndirən şəxsə dair sübutedici sənədlər tədqim edilə bilmədiyinə görə müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın tələblərindən də görünür ki, ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir, rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərməmiş, rayon (şəhər) polis idarəsinin (şöbəsi) əsaslandırılmış rəyi alınmamışdır. Göründüyü kimi, cavabdeh tərəfindən inzibati icraat tam aparılmamış, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddia tələbində qeyd olunan məsələyə - ata adı dəyişdirilməklə akt qeydində dəyişikliyin edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi məsələsinə cavabdeh inzibati orqan tərəfindən yenidən baxılmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə yenidən baxılması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5098/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5098/2021
17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver