Məhkəmə qərarları › İş №2-1(112)-5099/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5099/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5099/2023 31.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “pul məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “pul məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı istifadə etmədiyi əşya əmlakı əvəzi pul kompensasiyasının, sərəncamda olduğu müddətdə ona ödənilməmiş 380 manat məbləğində aylıq maaşın və pensiyaya çıxması ilə əlaqədar olaraq vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1999-2000-ci illər ərzində xidmətdə olmuş, xx.xx.2022-ci il tarixində X2 müvafiq əmri ilə “FHN-də Xidmətkeçmə haqqında” Əsasnamənin 33.1.1-ci maddəsinə əsasən (öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə) xidmətinə xitam verilmişdir. Qeyd edir ki, pensiyaya çıxmazdan əvvəl 2 (iki) ay ərzində sərəncamda olmuş və həmin dövrdə ona hər ay 1050 manat məbləğində aylıq pul məvacibi ödənilmişdir. Halbuki onun aylıq məvacibi 1240 manat təşkil etmişdir. Həmçinin, xidmətinə xitam verilərkən, ona əşya əmlakı əvəzinə pul kompensasiyası ödənilməmişdir. Bundan əlavə qanunvericiliyə görə pensiyaya çıxması ilə əlaqədar ona vəzifə və rütbə maaşının 6 (altı) misli məbləğində birdəfəlik müavinət ödənilməlidir. Lakin, ona heç bir müavinət ödənilməmişdir. Bununla bağlı cavabdeh orqana vəkili vasitəsilə rəsmi şəkildə müraciət ünvanlasa da, qanunla müəyyən olunmuş müddətdə heç bir cavab almamışdır. Cavabdehin bu mövqeyi ilə razı olmadığı üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanuncvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 2.2-ci maddəsinə müvafiq olaraq fövqəladə hallar orqanlarında hər bir qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 33.1.1-ci yarımbəndinin tələblərinə uyğun olaraq fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə əməkdaşın öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə xitam verilir. Cavabdeh sərəncamında olmuş X4 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin “Vixr-3” Yanğınsöndürmə gəmisinin komandirinin müavini daxili xidmət mayoru İddiaçı 29 avqust 2022-ci il tarixində X2 1304/ş nömrəli əmri ilə öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmiş və onun xidmət illəri 22 il 02 ay 11 gün təşkil etmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunun 23.13-cü maddəsinə müvafiq olaraq pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Həmin qanunun 23.12-ci maddəsinin tələblərinə əsasən “Yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət keçmiş əməkdaşlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər”. İddiaçının xidmət illərinin 22 il 02 ay 11 gün olduğunu və qanunla tələb olunan 35 illik xidmət stajının olmadığını nəzərə alaraq iddiaçıya vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi mümkün deyildir. Eyni zamanda bildirilmişdir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü maddəsində Fövqəladə hallar orqanları əməkdaşlarının arzusu ilə növbəti verilən geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyasının verilə biləcəyi müəyyən edilmişdir. İddiaçı xidmətdə olduğu dövr ərzində geyimlə tam təmin edilmişdir. Xidmət zamanı onun istifadə edilməmiş əşya əmlakı əvəzi pul kompensasiyasının ödənilməsi barədə hər hansı bir müraciəti Nazirliyə daxil olmamışdır, iddiaçının xidmətkeçməsinə xitam verildikdən sonra, geyim forması ilə əlaqədar kompensasiyanın ödənilməsi barədə iddiası tamamilə əsassızdır. Həmçinin, müvafiq qanunun tələblərinə görə geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyası əməkdaşın xidmətdə olduğu dövrdə şamil edilir və xidmətkeçməsinə xitam verilmiş şəxslərə ödənilmir. Eyni zamanda, qanunun qeyd olunan müddəası imperativ norma deyildir və məcburi xarakter daşımır. Bu baxımdan, İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10cu maddəsinə istinad etməklə geyim əşyaları əvəzinə pul kompensasiyası ödənilməsi barədə iddiasının heç bir hüquqi əsası yoxdur.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. cavabdeh tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3- 18-4/2-35/2023 nömrəli məktuba əsasən bildirilmişdir ki, sabiq əməkdaş İddiaçı xidmət etdiyi dövr ərzində geyim əşyaları ilə tam qaydada təmin olunmuşdur. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.12 və 23.13-cü maddələrinə əsasən fövqəadə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət keçməklə pensiya hüququ əldə etmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 (altı) misli miqdarında birdəfəlik müavinət verilir. Namiq İsayevə birdəfəlik müavinətin ödənilməsi qeyd olunan Qanunun tələblərinə uyğun olmadığı üçün mümkün hesab edilmir. Azərbaycan Respublikası Cavabdeh 30 iyun 2022-ci il tarixli, 0894/ş nömrəli əmrinə əsasən 01 iyul 2022-ci il tarixdən 29 avqust 2022ci il tarixədək sərəncam pulu tam olaraq ödənilmişdir. Sabiq əməkdaş barədə məlumat vərəqəsinin tərtib edilməsi və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Fililına göndərilməsi isə, Cavabdeh səlahiyyətlərinə aiddir.

8. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 370 nömrəli arayışa əsasən 1981-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. xx.xx.2022-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsində hərbi qeydiyyatdadır.

9. İddiaçıya məxsus AO seriyalı ******* nömrəli hərbi bilet iş materiallarına əlavə edilmişdir.

10. Azərbaycan Respublikasının Cavabdeh 1304/ş nömrəli 29 avqust 2022-ci il tarixli əmrinə əsasən “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq və Azərbaycan Respublikasının Prezidentinin 19 arel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.6-cı bəndini rəhbər tutaraq, Nazirliyin sərəncamında olan daxili xidmət mayoru İddiaçı öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Əmrə əsas: Nazirliyin X4 Xidmətinin 03 avqust 2022-ci il tarixli xx/xx-01376 nömrəli məktubu ilə daxil olmuş təqdimat və təqrir.

11. Azərbaycan Respublikasının Cavabdeh X4 Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən X3 fövqəladə hallar orqanlarında xidmət ili 22 il 02 ay 11 gün təşkil edir.

12. Azərbaycan Respublikası Cavabdeh X4 Xidmətinin rəis müavini daxili xidmət polkovniki Əkbər Novruzova, Azərbaycan Respublikası Cavabdeh X4 Xidmətinin ADNŞ obyektləri üzrə Yanğından Mühafizə İdarəsi tərəfindən ünvanlanmış 09 dekabr 2022-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, sabiq əməkdaş daxili xidmət mayoru X5 Azərbaycan Respublikası Cavabdeh 29 avqust 2022-ci il tarixli 1304/ş nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Cavabdehndə xidmətkeçmə haqqında Əsasnamənin 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə fövqəladə hallar orqanında xidmətkeçməsinə xitam verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, sabiq əməkdaş xidmət etdiyi dövr ərzində geyim əşyaları il təmin edilmişdir (geyim əmlakı attestatı qeyd olunur); Azərbaycan Respublikası Cavabdeh 29 avqust 2022-ci il tarixli 1304/2 nömrəli əmrində əməkdaşa vəzifə və rütbə maaşının 6 (altı) misli məbləğində birdəfəlik müavinətin ödənilməsi barədə heç bir bənd qeyd edilməmişdir; Azərbaycan Respublikası Cavabdeh 30 iyun 2022-ci il tarixli 0894/ş nömrəli əmrinə əsasən 01 iyul 2022-ci il tarixdən tutuduğu vəzifədən azad edilərək sərəncama göndərilmiş və ona 01 iyul 2022-ci il tarixindən 29 avqust 2022-ci il tarixinədək sərəncam pulu tam olaraq ödənilmişdir; əməkdaşın xidmət etdiyi “Vixr-3” Yanğınsöndürmə gəmisi 01 yanvar 2022-ci il tarixdən təmirə dayanmış və 01 fevral 2022-ci il tarixdən onun vəzifə maaşına qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əsasən 40 faiz dəniz əmsalı hesablanmışdır.

13. Azərbaycan Respublikası FHN DYMX ADNŞO üzrə YMİ tərəfinədn verilmiş Forma N7 geyim əmlaklarının 12 may 2023-cü il tarilxi attestatı barədə məlumatdan görünür ki, YMİ-nin sabiq əməkdaşı, daxili xidmət mayoru İddiaçı may 2020, noyabr 2021-ci il üzrə əşya əmlakı ilə təmin edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq cavabdeh inzibati orqana müraciət edilmişdir. Cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

20. Belə ki, iddia tələbindən göründüyü kimi, iddiaçının tələbi üç hissədən ibarətdir: 1. əşya əmlakı əvəzinə pul kompensasiyasının; 2. Sərəncamda olduğu müddətdə ona ödənilməmiş 380 manat məbləğində aylıq maaşın; 3. Pensiyaya çıxması ilə əlaqədar olaraq vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi.

21. Məhkəmə iddiaçının tələbinin birinci hissəsinə münasibətdə hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 22 il 02 ay 11 gün fövqəladə hallar orqanlarında etmiş, onun xidmət etdiyi, “Vixr-3” Yanğınsöndürmə gəmisi 01 yanvar 2022ci il tarixdnə təmirə dayanmışdır. O, Azərbaycan Respublikası Cavabdeh 30 iyun 2022-ci il tarixli, 0894/ş nömrəli əmrinə əsasən, 01 iyul 2022-ci il tarixdən 29 avqust 2022-ci il tarixədək sərəncamda olmuş, Azərbaycan Respublikası Cavabdeh 29 avqust 2022-ci il tarixli, 1304/ş nömrəli əmrinə əsasən öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 12 may 2023-cü il tarixli Geyim Əmlaklarının Forma N7 attestatından müəyyən edilmişdir ki, İddiaçı xidməti müddətində geyim əmlakı ilə təmin edilmişdir. Beləliklə, iddiaçının tələbi həmin hissədə əsassız hesab edilməklə təmin edilməməlidir.

22. Məhkəmə iddiaçının tələbinin ikinci hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, həmin hissə ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən (Fövqəladə hallar orqanlarının əməkdaşı təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında vəzifədən azad edildikdə üç ayadək müddətdə müvafiq icra hakimiyyəti orqanının sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən altı ayadək uzadıla bilər. Fövqəladə hallar orqanları əməkdaşının məzuniyyətdə olduğu dövr bu müddətə daxil edilmir. Fövqəladə hallar orqanları əməkdaşının sərəncamda olduğu müddətdə əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı üç ay müddətində saxlanılır.) iddiaçının sərəncamda olduğu müddətdə, yəni 01 iyul 2022-ci il - 29 avqust 2022-ci il tarixləri arasında əvvəlki vəzifədə aldığı aylıq əmək haqqısı saxlanılmalı olduğu halda, saxlanılmamış, iddiaçıya əvvəlki vəzifəsində ödənilmiş aylıq əmək haqqısı 1240 manat olduğu təqdirdə, aylıq 1050 manat məbləğində pul ödənilməklə, ümumilikdə 380 manat məbləğində əskik pul məbləği ödənilmişdir. Cavabdeh tərəfindən məhkəmə icraatının gedişadında bunu təkzib edəcək hər hansı bir sübut təqdim edilməmişdir. Beləliklə, iddiaçının tələbi həmin hissədə əsaslı hesab edilməklə təmin edilməlidir.

23. Məhkəmə iddiaçının tələbinin üçüncü hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.

24. Məhkəmə iddia tələbinin həmin hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

25. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun: Maddə 1. Fövqəladə hallar orqanlarında xidmətkeçmə 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. Maddə 2. Fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsasları 2.1. Fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlar təşkil edir. 2.2. Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Maddə 20. Xüsusi rütbələr 20.2. Fövqəladə hallar orqanlarının əməkdaşlarının xüsusi rütbələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. Maddə 23. Fövqəladə hallar orqanları əməkdaşlarının sosial müdafiəsi 23.13. Pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlil olması ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Maddə 24. Fövqəladə hallar orqanları əməkdaşlarının pensiya təminatı 24.1. Fövqəladə hallar orqanlarında xidmət keçən və xidmət keçmiş əməkdaşların, habelə onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr ödənilir.

26. “Dövlət qulluğu haqqında” Qanunun 33-cü maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.

27. Cavabdeh orqanın etiraz ərizəsində İddiaçı imtina üçün göstərdiyi əsaslar aşağıdakılardan ibarətdir:

28. İddiaçının xidmətkeçməsinə xitam verilərkən onun 22 il 02 ay 11 gün xidmət stajı olmuşdur ki, bu da “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.12-ci maddəsi ilə nəzərdə tutulmuş pensiyaya çıxma şərtlərinə uyğun deyildir. Müvafiq Qanunla tələb olunan 35 illik xidmət stajının olmadığı halda iddiaçının pensiyaya çıxması isə, onun digər əsaslarla pensiya hüququ əldə etməsinə dəlalət edir və ona sözügedən müavinətin ödənilməsini qeyri-mümkün edir.

29. Məhkəmə cavabdeh orqanın etirazında imtina üçün göstərdiyi dəlilləri razılaşmayaraq hesab edir ki, imtina üçün cavabdeh orqanın gətirdiyi dəlillər əsassızdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı müvafiq xidmət illərinə (20 ildən artıq) malik olduğundan Cavabdeh “Məlumat vərəqəsi” əsasında ona əmək pensiyası təyin edilmişdir. Cavabdehin ikinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 23.13-cü maddəsində bu və ya digər əsaslardan asılı olmayaraq, pensiya çıxması ilə əlaqədar olaraq fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Yəni, fövqəladə hallar orqanlarında xidmət keçən şəxs təyin edilmə əsasından asılı olmayaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiyaya çıxdıqda ona 6 misli müavinətin verilməsi nəzərdə tutulur. İddiaçı də müvafiq qanunun tələblərinə uyğun olaraq pensiya təyin edilmişdir.

30. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

31. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 16-ci maddəsinin İ hissələri).

32. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi).

33. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz (Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissəsi).

34. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbi hazırki hissədə də, əsaslı hesab edilməklə təmin edilməlidir.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

37. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

38. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı sərəncamda olduğu müddətdə ödənilməmiş 380 manat məbləğində aylıq əmək haqqısı və pensiyaya çıxması ilə əlaqədar olaraq vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar