Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5100/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, xx.xx.2020-ci il tarixdə könüllü olaraq İİ Qarabağ müharibəsində iştirak etmişdir. Fizuli rayonu uğrunda gedən döyüşlərdə Qərargah və təchizat bölüyünün mühafizə taqımında atıcı vəzifəsində iştirak etmişdir. N nömrəli hərbi hissəyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə cəlb olunmuş və N nömrəli hərbi hissənin komandirinin xx.xx.2020-ci il tarixli, 340 nömrəli xəstəlik haqqında şəhadətnamə əsasında sol ağciyərinin yuxarı payının infiltratif vərəmi diaqnozu ilə hərbi hissəninn siyahısından çıxardılaraq ehtiyata buraxılmışdır. İddiaçı müharibə veteranı statusunun verilməsi ilə bağlı AR Müdaflə Nazirliyinə müvafiq sənədlərlə birlikdə (hərbi biletin notarial qaydada təqdiq edilmiş surətini, şəxsiyyət vəsiqəsinin surəti, müvafiq arayışlar və s. əlavə etməklə) ərizə əsasında müraciət etmiş, AR Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 4/3-4614 saylı məktubuna cavab olaraq xx.xx.2022-ci il tarixli № 17/932 saylı məktubu ilə ona imtina verilmişdir. İddiaçı hesab edir ki, ona müharibə veteranı statusu verilməlidir. Belə ki, 2020-ci ilin oktyabr ayında N nömrəli hərbi hissəyə daxil olmağı barədə və xx.xx.2020-ci il tarixində isə azad olunmağı barədə qeyd iddiaçıya SX seriyalı, ******* nömrəli hərbi biletin 6-cı səhifəsinin 13-cü qrafasında öz əksini tapmışdır. İddiaçı «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı xx.xx.1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə istinad edərək hesab edir ki, imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına dail olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etmişdir. Münasibətdə bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi əsassızdır və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olmadığından mümkün sayıla bilməz: İddiaçı komissiyaya müraciət etmədən və komissiyanın rəyini almadan məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteram” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd edilən hüquq normalarının mənasından da göründüyü kimi, qanunverici müvafiq veteran adının və buna uyğun vəsiqənin verilməsini müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmçinin, müharibə veteranı adının verilməsi müvafiq icra hakimiyyəti orqanının müvafiq komissiyasının rəyinin olması ilə şərtləndirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsindəki tələblə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən arzuladığı inzibati akt qəbul edilmədiyindən məhkəmədə iddia irəli sürmüşdür. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən iddiaçıya və N №li hərbi hissənin komandirinə ünvanlanmış 26 aprel 2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq aşağıdakı məzmunda cavab verilmişdir: “Vətəndaş İddiaçı tərəfindən Müdafiə Nazirliyinə ünvanlanmış müraciətə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin” verilməsi üzrə komissiyasında baxılır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi və bununla əlaqədar müraciət müəllifinə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair xidməti barədə hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrdən çıxarışları, ezamiyyətdə olubsa ezamiyyət vərəqələrinin surətini, arayış-məlumatı və həmçinin qeyd olunan məlumatları CD variantda qısa müddət ərzində bizim ünvana təqdim etməyinizi xahiş edirəm. -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindəki məlumatlardan görünür ki, İddiaçı xx.xx.1993-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -İddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli 9783№li HUİ 050016 №li Səfərbərlik Sərəncamından görünür ki, İddiaçı S+4 saat ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinə çağırılmışdır. -SX ******* №li hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi tərəfindən ezam olunaraq atıcı vəzifəsində işləmiş və döyüş tapşırığının yerinə yetirmək məqsədilə döyüş bölgəsinə hərbi hissə tərəfindən ezam olunmuşdur. Hərbi hissənin siyahısına xx.xx.2020-ci il tarixli, 206 №li əmrlə daxil edilmiş, hərbi hissənin siyahısından xx.xx.2020-ci il tarixli, 266 №li əmr əsasında çıxarılmış, xx.xx.2020-ci il tarixdə Binəqədi İdarəsi tərəfindən hərbi qeydiyyata alınmışdır. -01 dekabr 2020-ci il tarixli, N №li N nömrəli hərbi hissənin komandirinin xəstəlik haqqında şəhadətnaməsindən və çıxarış epikrizindən görünür ki, 251 №li hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş İddiaçı sol ağciyərinin yuxarı payının infiltratif vərəmi, dağılma və səpələnmə mərhələsində ağciyər sahəsində səpələnmiş ocaqlar şəklində diaqnozu ilə hərbi hissənin siyahısından çıxardılaraq sərəncama verilmişdir. -N nömrəli hərbi hissə tərəfindən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya ünvanlanan 12 may 2022-ci il tarixli məktubdan görünür ki, sonuncunun xx.xx.2022-ci il tarixli 4/3-46/4 saylı ərizəsi N nömrəli hərbi hissədə araşdırılmış və aşağıdakı məzmunda cavab verilmişdir: “N nömrəli hərbi hissəyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi şəhər İdarəsi tərəfindən qismən səfərbərliklə toplanışa cəlb olunmuş hərbi vəzifəli əsgər İddiaçı, xx.xx.2020-ci il tarixdə Qərargah və təchizat bölüyünün mühafizə taqımında atıcı vəzifəsinə qəbul edilmiş xx.xx.2020-ci tarixdə N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 340 nömrəli xəstəlik haqqında şəadətnamə əsasında sol ağciyərinin yuxarı payının infiltratif vərəmi diaqnozu ilə hərbi hissənin siyahısından çıxardılaraq ehtiyata buraxılmışdır. Toplanışda olduğu müddət ərzində Qərargah və təchizat bölüyünün mühafizə taqımında hərbi hissənin anbar və qeyri-yaşayış binalarının mühafizəsi üçün atıcı vəzifəsində xidmət aparmışdır. Hərbi hissədə şəxsi heyətin sayı az olduğundan mühəndis silahlandırma vasitələrinin təminatı məqsədi ilə Fizuli rayon Şükürbəyli kəndində yerləşən mühəndis anbarına yüklərin daşınması və boşaldılması üçün xx.xx.2020-ci il tarixdən “xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə ezamiyyətdə olmuşdur. Ezamiyyətdə olduğu müddət ərzində heç bir aktiv döyüş əməliyyatlarında iştirak etməmişdir. Ehtiyata buraxılarkən toplanışda iştirakı nəzərə alınaraq hərbi hissə komandiri tərəfindən həvəsləndirilərək fəxri fərmanla təltif edilmişdir. -N №li hərbi hissənin komandiri tərəfindən verilmiş fəxri fərmanın surətindən görünür ki, əsgər İddiaçı qismən səfərbərliklə N №li hərbi hissədə xidmət etdiyi müddət ərzində qazandığı nəaliyyətlərə və yüksək nizam-intizamı ilə fərqləndiyinə görə təltif edilmişdir. -Cavabdeh AR Müdafiə Nazirliyinin 10 iyun 2022-ci il tarixli məktubundan görünür ki, iddaçı İddiaçı AR Müdafiə Nazirliyinə ünvanladığı ərizə N nömrəli hərbi hissədə araşdırılmış və aşağıdakı məzmunda cavab verilmişdir: “Araşdırmanın nəticəsinə əsasən müəyyən edilmişdir ki, Siz, Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunmuş qismən səfərbərliklə toplanış keçmək üçün çağırılmış və toplanış bitənədək N nömrəli hərbi hissənin daimi dislokasiya məntəqəsində Müşfiqabad qəsəbəsində olmusunuz. Xidməti zərurətlə əlaqədar olaraq 3 (üç) gün müddətinə N nömrəli hərbi hissəyə ezam olunmusuz və ezamiyyətdə olduğunuz zaman müharibə gedən istiqamətlər üzrə heç bir aktiv döyüş əməliyyatlarında iştirak etməmisiniz”. -Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 fevral 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkarlanmamışdır. -Məhkəmənin sorğusuna cavab olaraq N №li hərbi hissə tərəfindən verilmiş N aprel 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Səfərbərlik toplanışı ilə əlaqədar olaraq hərbi hissədə qərargah və təchizat bölüyünün mühafizə tağımında xidmət keçmişdir. Mühəndis silahlandırma vasitələrini yükləmə məqsədilə N nömrəli hərbi hissəyə hərbi hissə komandirinin rəhbərliyi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli əmri ilə ezam olunmuşdur. Lakin ezamiyyət müddətində əsgər İddiaçı istiqamətlər üzrə heç bir döyüş əməliyyatlarında iştirak etməmiş və heç bir döyüş tapşırığına cəlb olunmamışdır. Mühəndis Silahlandırma vasitələrinin çatdırıldığı anbar hərbi hissənin daimi dislokasiya məntəqəsi olmuş, yəni aktiv döyüş əməliyyatları gedən ərazidə yerləşməmişdir. Əsgər İddiaçı ezamiyyət vərəqəsi Müdafiə nazirinin müvafiq qərarına əsasən saxlama müddətini keçdiyinə görə hərbi hissənin arxiv saxlanılmasında olan iş, kitab və jurnalların məhvetmə komissiyası tərəfindən yoxlanılaraq xx.xx.2023-cü il tarixli 304 nömrəli akta salınaraq məhv edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 062 nömrəli əmrinin (Azərbaycan Ordusunun “Vətən müharibəsi” dövründə döyüş fəaliyyətində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşməsi haqqında) 1.12 bəndində göstərilmişdir: - N nömrəli hərbi hissədən (Qeydiyyat əməliyyat bölməsi, Qərargah və Təchizat bölüyünün mühafizə tağımı istisna olmaqla) digər bölmələr aktiv döyüşə cəlb olunmuş hesab olunsun. -110 №li hərbi hissə tərəfindən verilmiş N avqust 2023-cü il tarixli məktubdan görünür ki, N nömrəli hərbi hissə N sentyabr 2020-ci il tarixədək Beyləqan rayon Xaçınabad yaşayış məntəqəsində yerləşib, bu da işğal altında olan ərazi hesab edilmir. Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişlər. Döyüş təminatı ilə bağlı tapşırıqlar - döyüş dəstəyi və döyüş xidmət dəstəyi tapşırıqlarından ibarətdir. Döyüş təminatının döyüş dəstəyi tapşırığı - döyüş bölmələrinin döyüşə (əməliyyata) hazırlıq dövründə və onun gedişində taktiki fəaliyyətlərin bilavasitə dəstəklənməsi, mühafizəsi və qorunması tədbirləridir. Döyüş təminatının döyüş dəstəyinə daxildir: istehkam fəaliyyətləri. Döyüş dəstəyi bölmələrinə aiddir: mühəndis-istehkam bölmələri. Mühəndis təminatı - qoşunlara vaxtında və gizli hərəkət etmək, açılmaq, manevr etmək və döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmək üçün lazımi şərait yaratmaq, qoşunların və obyektlərin bütün məhvetmə vasitələrindən qorunmasını artırmaq, həmçinin düşmənə itki verdirmək və onun fəaliyyətlərini çətinləşdirmək məqsədi ilə təşkil olunur və həyata keçirilir. Mühəndis təminatının əsas tapşırıqları: -düşmənin, ərazinin və obyektlərin mühəndis kəşfiyyatı; qoşunlar tərəfindən tutulmuş rayonların, hədlərin, mövqelərin, idarəetmə məntəqələrinin açılma rayonlarının fortifikasiya hazırlığı; -mühəndis maneələrinin (tək və qrup minalar, mina sahələri, mina-partlayışlı və partlamayan maneələr) qurulması və saxlanılması, dağıntıların yaradılması; minaların zərərsizləşdirilməsi, mina sahələrindən, mina-partlayışlı və partlamayan mühəndis maneələrindən, əngəllərdən və dağıntılardan keçidlərin açılması və saxlanılması; ərazilərin və obyektlərin minalardan və partlayış təhlükəli döyüş sursatlarından təmizlənməsi; su maneələrinin keçilməsi (dəf edilməsi) zamanı keçidlərin (dayaz su keçidləri, körpü keçidləri, bərə keçidləri və s.) qurulması və saxlanılması; daşınma, təxliyyə və qoşunların hərəkət yollarının hazırlanması və işlək vəziyyətində saxlanılması; qoşunların və obyektlərin maskalanması üzrə mühəndis tədbirləri. -Müvafiq sorğu əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi tərəfindən məhkəməyə göndərilmiş iddiaçının uçot kartasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 02 dekabr 2020-ci il tarixli 246№li əmrinə əsasən 09 dekabr 2020-ci il tarixdə tərxis edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən tələbin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra- Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 2-ci hissəsinin dördüncü abzasına əsasən, bu Əsasənamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Həmin Əsasnamənin 2-ci hissəsindən: Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının N sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Normaların məzmunundan aydın olur ki, iddiaçıya o halda müharibə veteranı adı və vəsiqəsi verilə bilər ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş olsun və bu məlumatlar hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiqlənsin. Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə səfərbərliyə çağırılaraq hərbi xidmət keçmək üçün Müşfiqabad qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə göndərilmiş, həmin hərbi hissənin qərargah və təchizat bölüyünün mühafizə tağımında xidmət keçmiş, hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən mühəndis silahlandırma vasitələrinin təminatı məqsədilə hərbi hissə komandirinin rəhbərliyi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli, 246 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdə tərxis edilmişdir. Məhkəmə cavabdehin imtina dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının aktiv döyüş əməliyyatlarında iştirak etməsi onun özü tərəfindən də iddia edilmir. Belə ki, iddiaçı döyüş bölgəsində döyüş təminatının yerinə yetirilməsi ilə hərbi hissə rəhbərliyinin əmri ilə ezam olunmasına istinad edərək ona müharibə veteranı adı və vəsiqəsi verilməli olduğunu hesab edir. Yuxarıda göstərilən qanunvericilik normalarından göründüyü kimi, döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. İddiaçının səfərbərliyə cəlb edilərək göndərildiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmasa da, onun xidmət keçdiyi həmin hərbi hissənin qərargah və təchizat bölüyü, həmçinin hərbi hissə komandirinin müvafiq əmri ilə döyüş təminatı ilə bağlı ezam olunduğu N nömrəli hərbi hissə Müdafiə nazirinin müvafiq əmrinə əsasən işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarına cəlb edilmişdir. Döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi məsələsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddiaçı mühəndis silahlandırma vasitələrinin təminatı məqsədi ilə Fizuli rayon Şükürbəyli kəndində yerləşən mühəndis anbarına daşınması və boşaldılması üçün ezam edilmişdir. Bu baxımdan iddiaçının ezam olunduğu hərbi hissədə icra etməli olduğu vəzifə bilavasitə döyüş əməliyyatları aparan hərbi hissənin və ya orqanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, həmin hərbi hissə və ya orqana verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin, silah və hərbi texnikanın) və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks tədbirlərə (kəşfiyyat, mühəndis təminatı, radioelektron mübarizə, taktiki maskalanma və s.) aid olmuşdur. Belə olan halda, iddiaçı döyüş zonasında döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu və onun ezam olunduğu hərbi hissənin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olduğu sübuta yetirildiyindən iddiaçı tələbində haqlıdır. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanuna zidd olmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5100/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5100/2023
19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver