Məhkəmə qərarları › İş №2-1(112)-5102/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5102/2020

15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5102/2020 15.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirаkı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Çıxarışın və texniki pasportun verilməsi”nə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyatzadə küçəsi-1A ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı və həmin mənzilə dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 286 nömrəli xx.xx.2000-ci il tarixli səəncamı ilə ona Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində tərəfindən fərdi yaşayış evi tikilmiş və bugünədək həmin fərdi yaşayış evi və torpaq sahəsi faktiki sahibliyində və istifadəsindədir. Ona məxsus fərdi yaşayış evinə dair mülkiyyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tərəfindən cavabdehə müraciət edilsə də, cavabdeh müraciətini təmin etməmişdir. Cavabdehin hərəkəti qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iddiaya etiraz edərək, cavabdeh orqanın imtinasının qanuni və əsaslı olduğunu qeyd edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin izahatını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. Qaradağ rayon İcra Hakimiyyətinin Başçısının xx xxxxx 2000-ci il tarixli 286 nömrəli sərəncamına əsasən vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyatzadə küçəsi-1A ünvannda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin eskiz layihəsi əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx xxx 2020-ci il tarixli **********27 saylı imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının müraciətinə baxılmış və müəyyən edilmişdir ki,qeyd olunan fərdi yaşayış evi, yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan respublikası qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmiş və fərdi yaşayış evinə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Azərbaycan Respubikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, M-448 nömrəli arayışda Qaradağ rayonu İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli 286 saylı sərəncamının Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin sərəncamda İddiaçı barəsində heç bir məlumatın olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialının xx xxxx 2019-cu il tarixli M- 448 nömrəli məktubdan görünür ki, Qaradağ rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli 286 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda vətəndaş İddiaçı oğu barəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialının xx xxxx 2020-ci il tarixli 471 nömrəli sorğuya cavab məktubdan görünür ki, Qaradağ rayon İcra hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 286 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncam vətəndaş İddiaçı barəsində deyil, 1999-2000-ci il tədris ilində Azərbaycan Respublikası Müdafiə Nazirinin əmrinə müvafiq olaraq hərbi təhsil müəssisələrinə namizədlərin seçirlməsi işinin yekunları və 2000/2001-ci tədris ilində hərbi təhsil müəssisələrinə daxil olmaq üçün namizədlərin seçilməsi işində qarşıda duran vəzifələr haqqındadır. Həmin sərəncam sorğuya cavab məktubuna əlavə edilmişdir. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilənsənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Beləliklə, işin araşdırılmış halları ilə təsdiq olunmuşdur ki, ümumiyyətlə iddiaçıya Qaradağ rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2000-ci il tarixli 286 saylı sərəncam ilə torpaq sahəsi ayrılmamış, Dövlət Arxivinin Bakı filialının sorğuya cavab məktubundan görünür ki, xx.xx.2000-ci il tarixli 286 saylı sərəncam mövcuddur, lakin İddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı deyil. İddiaçı isə iddia tələbində göstərdiyi hallara dair heç bir mötəbər sübut, o cümlədən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinəd qeyd edilən əsaslardan hər hansı birini təqdim edə bilməmiş və sorğuya cavab məktubunu təkzib etməmişdir. Odur ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınaraq, müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı Hacıxəli oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin evə dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar