Məhkəmə qərarları › İş №2-1(112)-5102/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5102/2023

07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5102/2023 07.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli 525 nömrəli sərəncamının ləğv edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada İddiaçı yaşayış yeri üzrə 3 (üç) nəfər ailə tərkibi ilə hərbi xidmət dövründə vətən uğrunda döyüşmüş hərbi qulluqçuların siyahısında güzəştli mənzil uçotuna götürülməsi və mənzil uçot siyahısına daxil edilməsi məcburetmə qaydasında Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli, 525 №-li sərəncamının ləğv edilməsi və mənzil növbəsinin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində qəbul edilmiş sərəncam ləğv edilməlidir. Belə ki, cavabdeh tərəfindən inzibati icraat düzgün aparılmamış, bundan başqa həmin sərəncam ehtiyatda olan hərbi qulluqçunun sosial təminat hüquqlarının pozulmasına yönəlmişdir. Cavabdehin etirazı: Cavabdeh Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti iddiaya dair etirazla məhkəməyə müraciət edərək, İddiaçı Cavabdehnə qarşı ona ayrılmış konpensasiyanın bərpa edilməsinə və 2020-ci ilin yanvar ayından məhkəmə qərarı qəbul edilən günə qədər dayandırılmış hissənin hesablanaraq arada olan fərqin cavabdeh tərəfindən İddiaçı ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı inzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1 (112)-5602/2021 {hakim A.Abdullayevə) saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-5602/2021 saylı qərarından İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qeyd olunan qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 28 sentyabr 2022ci il tarixli, 2-1(103)- 1382/2022 (sədrlik edən hakim A.Hüseynov, hakimlər A.Hüseyn və S.Bəktaşi) saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-5602/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ayrılmış kompensasiyanın verilməsinin bərpa edilməsi, habelə 2020-ci ilin yanvar ayından məhkəmə qərarı qəbul edilən günə qədər ödənilməmiş kompensasiya məbləği cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ödənilməsi qərara alınmışdır. Bundan sonra Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1 (103)-1382/22 saylı qərarından Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilmiş və hal-hazırda inzibati iş hakim Kəmaləddin Bədəlovun icraatındadır. Cavabdeh tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətindən onun ailə üzvlərinin adına əmlak olub-olmaması barədə rəsmi arayış gətirilməsi dəfələrlə tələb olunasada o, bunu təqdim etməkdən imtina etmişdir. Bundan sonra iş üzrə məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə iddiaçının və ailə üzvlərinin adına əmlak olub-olmaması barədə sorğu göndərilmiş və sorğuya cavab olaraq müəyyən edilmişdir ki, İddiaçı həyat yoldaşı X2 adına Xazmaz rayonu, Cəfər Cabbarlı küçəsi, 1-ci dalan, 5 nömrəli fərdi yaşayış evi mövcuddur və qeyd olunan fərdi yaşayış evinin və torpaq sahəsinin xüsusi mülkiyyətdə olması barədə çıxarış verilmişdir. Beləliklə, hərbi qulluq haqqında qanunvericilik nə yaşayış sahəsi olmayan şəxslərə kimlərin aid olmasını, nə də həmin şəxslərin mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi qaydasını tənzimləyir.Bu hallar Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir. Belə olduğu halda Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.1 .-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsini əldə etmişlər, yaşayış sahəsinə ehtiyacı olmayan vətəndaşlar uçotdan çıxarılır. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün onun yaşayış sahələrinə ehtiyacı olan şəxslər dairəsinə aid olmalıdır.Bu kateqoriyaya aid olan və uçota alınan şəxs yaşayış sahəsi əldə etdikdə, o uçotdan çıxarılır.Yəni həmin şəxs artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir, buna görə də uçotdan çıxarılır. İddiaçı ailə üzvü, yəni həyat yoldaşı X1 rayonu, Cəfər Cabbarlı küçəsi, 1 -ci dalan, 5 nömrəli fərdi yaşayış evi əldə etdiyindən və həmin yaşayış evi xüsusi mülkiyyətdə olduğundan Cavabdeh Başçısının 525 nömrəli, 02 noyabr 2022-ci il tarixli sərəncamı ilə Cavabdeh Başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamı ləğv edilmiş və İddiaçı ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotu siyahısından çıxarılmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2013-cü il tarixli 56№-li Sərəncamı ilə İddiaçı yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, oğlu) güzəştli əsaslarla mənzil uçotuna götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli, 525 №-li sərəncamından görünür ki, İddiaçı həyat yoldaşı X2 mülkiyyətində daşınmaz əmlak mövcud olduğundan İddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh Başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı ləğv edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: -fiziki və ya hüquqi şəxsin ərizəsi; -inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; -inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. “İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Hazırki işdə iddiaçının mənzil uçotundan çıxarılmazdan öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçının mənzil uçotuna daxil edilməsinin qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Ümumiyyətlə inzibati icraatla bağlı qanunvericiliyin aydın tələbidir ki məlumatlandırma aparılmaqla, yəni, şəxs barəsində açılmış inzibati işlə bağlı şəxsə xəbər verilməklə inzibati icraat aparılmalı, şəxs mənzil uçotuna alınmış orqana çağrılmalı, ya da iştirakı digər vasitələrlə təmin edilməli, maraqlı şəxsin izahatı dinlənilməli, ehtimal olunan azaldılmanı və ya dayandırmanı istisna edə biləcək halların mövcudluğu həmin şəxsin iştirakı ilə araşdırılmalı, daha sonra bu barədə qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının mənzil uçotundan çıxarılması haqqında qərar qəbul etsə də, həmin qərar “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Bir daha qeyd olunur ki, cavabdeh iddiaçının dinləmə hüququ təmin etməli olduğu halda, onun inzibati araşdırmaya dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmışdır ki, nəticə etibarı ilə iddiaçının etimad göstərdiyi inzibati aktı (mənzil uçotuna götürülməsi barədə) ləğv edərək, onu mənzil uçot siyahısından çıxarmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən inzibati icraat düzgün aparılmamış, iddiaçının etimad göstərdiyi əlverişli inzibati akt onun dinləmə hüququ təmin olunmadığından, ləğv edilmiş, bununla da iddiaçı mənzil uçot siyahısından çıxarılmışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bununla bağlı Məhkəmə qeyd edir ki, hazırki məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-215/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarlarında da əks olunmuşdur. Beləliklə Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mənzil növbəsindən çıxarılması əsassız olduğundan, mübahisə predmetini təşkil edən sərəncam ləğv edilməsi, iddiaçının mənzil növbəsi dayandırıldığı tarixdən bərpa edilməlidir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli, 525 №-li sərəncamı ləğv edilsin. İddiaçı mənzil növbəsinin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar