Məhkəmə qərarları › İş №2-1(112)-5103/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5103/2022

21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5103/2022 21.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğvi və sair” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli ******* saylı qərarının qanunsuz hesab edilməklə ləğv edilməsi və xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olmaması barədə arayış verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, cavabdehin xx.xx.2019-cu il tarixli ******* saylı qərarının qanunsuz hesab edilməklə ləğv edilməsi və xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olmaması haqqında arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında bildirmişdir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydas”nın 2.2.1-ci yarımbəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin Qaydanın 4.1.1-ci yarımbəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Şəxsin qeyd olunan bənddə göstərilən əsasa malik olub-olmamasının yoxlanılması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş pasport, qeydiyyat və miqrasiya idarəsinə sorğu göndərilmişdir. Həmin baş idarənin xx.xx.2019-cu il tarixli məktubuna əsasən İddiaçı xx.xx.1991-ci il tarixdən (Azərbaycan SSR vətəndaşının XXV-JQ571181 nömrəli pasportu) ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən edilmişdir. Sözügedən Qaydanın tələbinə əsasən qəbul edilmiş yuxarıda göstərilən qərar xx.xx.2019-cu il tarixli 08/A-311 nömrəli məktubla İddiaçı təqdim edilməsi üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə göndərilmişdir. Eləcə də, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı VS/013/19 nömrəli arayış təqdim edilmişdir. Qanunvericilik normalarının tələbinə uyğun olaraq sözügedən qərar şəxsə vaxtında təqdim edilməsinə baxmayaraq inzibati şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş 30 gün müddət onun tərəfindən buraxılmışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 75.1.3-cü maddəsinin tələbi üzrə xx.xx.2021-ci il tarixli İNZ-16 nömrəli inzibati şikayət baxılmamış saxlanılmışdır). Bu barədə müvafiq qərar qəbul edilmiş və qərarla bağlı məlumat barədə müvafiq məktub şəxsə göndərilmişdir. Bundan başqa, yuxarıda qeyd olunan qərar barədə məlumat 2021-ci ilin avqust ayında şəxsə DMX tərəfindən şəxsə göndərilsə də, iddia ərizəsi 2022-ci ilin dekabr ayında şəxs tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir (iddia ərizəsi məhkəməyə 12 yanvar 2022-ci il tarixdə daxil olmuşdur). Bu da o deməkdir ki, iddiaçı DMX-ya qarşı məhkəməyə müraciət edərkən qanunvericiliklə müəyyən olunmuş iddia qaldırmaq müddətini pozmuşdur. Göstərilənlərə əsasən, cavabdeh iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddia mümkün iddiadır. Çünki hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* nömrəli 22 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan 426629 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. İşdın görünür ki, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyi xx.xx.2019-cu il tarixdə İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə müvafiq arayışın alınmasına köməklik göstərilməsi barədə müraciətini aidiyyəti üzrə göndərilməsi üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə təqdim etmişdir. Konsulluq İdarəsi həmin müraciətin surətini şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün sorğu vərəqi ilə birlikdə baxılması üçün cavabdehə təqdim etmişdir. İş materiallarında olan “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması haqqında” ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərardan görünür ki, cavabdeh həmin sorğuya baxmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndini və 4.1.1-ci yarımbəndini rəhbər tutaraq xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanınmışdır. İddiaçı hazırda bu qərarı mübahisələndirərək onun ləğv edilməsini və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olmaması haqqında arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. ...Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. Həmin Qanunun 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; Azərbaycan Respublikası vətəndaşının pasportu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanıyarkən Qaydanın 4.1.1-ci bəndinə, yəni Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi bu hal iş materialları ilə öz təsdiqini tapır. Belə ki, cavabdehin təqdim etdiyi informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı İİİ-JQ seriyalı 426629 nömrəli Azərbaycan SSR-in pasportuna əsasən xx.xx.1991ci il tarixdən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Həmçinin məhkəmə sorğusuna cavab olaraq Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1975ci il təvəllüdlü X1 xx.xx.1991-ci il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Eyni zamanda işdə olan Mingəşevir şəhəri 7 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş arayışından görünür ki, MİS-də olan forma B sənədinə əsasən iddiaçı xx.xx.1991-ci il tarixdə ünvan 3 ünvanına qeydiyyata alınmış, xx.xx.2011-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı Qaydaların 2.2.1-ci maddəsində göstərilən Azərbaycan SSR-in vətəndaşı kimi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmuşdur. Belə olan halda isə müəyyən olunur ki, cavabdehin qəbul etdiyi qərar qanuni olmuşdur və ləğv edilməsi üçün əsas yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin qərarın ləğv edilməsi hissəsində təmin edilməməlidir. İddia tələbinin İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olmaması haqqında arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinə gəldikdə, bu tələb iddia tələbinin ilkin hissəsindən asılı olduğundan və cavabdehin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmədiyindən iddia tələbi həmin hissədə də təmin edilə bilməz. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apeılyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar