Məhkəmə qərarları › İş №2-1(112)-5104/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5104/2025

04.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5104/2025 04.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı1 Atamalı qızı və İddiaçı2, cavabdehin nümayəndəsi X5 və üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı1 Atamalı qızı və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı “çıxarışın ləğv edilməsi.” tələbinə dair tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 Atamalı qızı və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar üçüncü şəxs X1 gəlinləri olmuş, həmin şəxsin övladları ilə olan nikahları pozulmuşdur. Ailə həyatı qurulduqdan sonra qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, birgə təsərrüfat idarə etmiş, uşaqlar həmin ünvanda anadan olmuşdur. Həmin yaşayış sahəsinə gələrkən fərdi yaşayış evi 3 otaq 69,3 kv.m ibarət olmuş, yeni evlərin tikintisinə evlilik vaxtı başlanılmış, 3 mərtəbəli 9 otaqlı tam təmirli, və şəraitli fərdi yaşayış evinin tikintisinə nail olunmuşdur. İddiaçılar hesab edir ki, evlilik dövründə əldə edildiyindən onların payı vardır. Pandemiya dövründə də 2 mərtəbəli 3 otaqlı yeni fərdi yaşayış evi inşa etdirilmişdir. Sonradan nikahlar pozulmuş, həmin şəraitdən istifadə edən X3 həmin ünvana tikinti sahəsi 325,8 kv.m olmaqla yeni çıxarış almışdır. Cavabdeh heç bir araşdırma aparmadan həmin şəxsin adına bu ölçüdə tikililiyə mülkiyyət hüququ dövlət qeydiyyatına almaqla onların hüququn pozmuşdur. Etiraz onunla əsaslandırılır ki, iddiaçıların çıxarışın ləğv edilməsi ilə əlaqədar cavabdehə müraciəti daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İş materiallarında olan: Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 69,3 kv.m olan 3 otaqlı yaşayış sahəsi üçüncü şəxs Z.Mahmudovanın mülkiyyətində olmuşdur. Çıxarışdan görünür ki, həmin fərdi yaşayış evi 325,80 kv.m ölçüdə, yerləşdiyi torpaq sahəsi ilə birlikdə Z.Mahmudovanın mülkiyyətindədir. Həmin fərdi yaşayış evi və torpaq sahəsinə dair arxiv qovluğunda olan sənədlərdən görünür ki, fərdi yaşayış evi 69,3 kv.m ölçüdə qeydiyyata alınmış, məlumatlandırma icraatı qaydaında Binəqədi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edilərək mənzilin inşa edildiyi qeyd edilmiş, buna dair layihə təqdim edilmişdir. Cavabdehin 27 fevral 2025-ci il tarixli məktubundan görünür ki, fərdi yaşayış evinin sökülməsi və torpaq sahəsi üzərində yerləşən yeni tikilinin qeydiyyatı ilə bağlı üçüncü şəxsin ərizəsinə, elektron çıxarışa və 28 dekabr 2023-cü il tarixli məlumatlandırma ərizəsinə və eskiz layihəyə əsasən ümumi sahəsi 325,8 kv.m olan fərdi yaşayış evi və torpaq sahəsi üzrə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, X1 cavabdehlər İddiaçı1 Atamalı qızı və İddiaçı2 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi və s dair iddiası qismən təmin edilmiş, həmin şəxslərin 41 A saylı ünvanda yerləşən mübahisəli yaşayış sahəsindən çıxarılması qət edilmiş, istifadə hüququnun olmadığına istinadla iddia digər istifadə hüququnun itirilmiş hesab edilməsinə dair hissədə rədd edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının: 17.“Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Hazırkı iş üzrə qaldırılmış iş üzrə verilmiş iddia isə göstərilən tələblərə əməl edilmədən verildiyindən mümkün sayılmamalıdır. Belə ki, Ali Məhkəmənin Plenum Qərarının göstərilən tələblərindən də müəyyən edildiyi kimi iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Belə ki, iddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olduğu halda hüquqi maraqdan, düzgün hüquqi müdafiə vasitəsindən söhbət gedə bilər. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə əvvəllər 69,3 kv.m ölçüdə olan iddiaçıların gəlin köçdükləri fərdi yaşayış evinin nikah dövründə həmin şəxslərin fərdi yaşayış evlərində yaşaması, ailə təsərrüfatı aparması, birgə nikah dövründə mənzil şəraitini yaxşılaşdırılmasına dair hərəkətlərin edilməsinə istinadla mülkiyyət hüququnun müəyyən edilməli olması, sonradan 325,8 kv.m ölçüdə fərdi yaşayış evi və torpaq sahəsinin üçüncü şəxsin adına dair aparılmış mülkiyyət hüququna dair qeydin qanuni olub-olmaması ilə əlaqədardır. İddiaçılar hesab edir ki, 69.3 kv.m ölçüdə fərdi yaşayış evinə nikahda olduqları dövrdə müvafiq əlavə və yenidən tikinti işləri aparılmış və fərdi yaşayış evinin ölçüsü əhəmiyyətli dərəcədə artırılmışdır ki, nikah pozulduqdan sonra cavabdeh inzibati orqan hər hansı səbəb olmadan 325.8 kv.m ölçüdə tikiliyə dair üçüncü şəxsin adına əsassız qeydiyyat aparmışdır. Məhkəmə bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsinə görə məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat tikili üzərində mülkiyyət hüququnu təsdiq edən sənəddir. Yuxarıda göstərilən Plenum Qərarının tələbindən mahiyyətindən isə görünür ki, mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması digər bir qurumun aparmış olduğu inzibati icraatın nəticəsi ilə əlaqədar olarsa həmin icraat üzrə gəlinmiş nəticənin qanuniliyi mübahisələndirilməlidir. Hazırkı işin faktiki hallarından da görünür ki, mülkiyyət hüququna dair qeyd məlumatlandırma icraatı qaydasında tikiliyə dair hər hansı iradın bildirilməməsi ilə əlaqədar olmuşdur. Nəzərə alınmalıdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin: 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.[66] 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.[67] 80.4-1. Bu Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.[68] 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. İş materiallarından isə görünür ki, yerli icra hakimiyyəti orqanına məlumatlandırma icraatı üzrə ərizə verilmiş, layihə təqdim edilmiş, layihəyə dair hər hansı irad bildirilməmişdir. İddiaçılar isə göstərilən məlumatlandırma icraatının qanuniliyi mübahisələndirmək əvəzinə cavabdehin qeydiyyat hərəkətlərini mübahisələnmişdir. Halbuki, qeydiyyat hərəkətlərinin aparılmasına əsas olan inzibati icraatın düzgün aparılıb-aparılmaması ayrıca mübahisə predmeti olmalıdır ki, həmin inzibati icraatın qanuniliyin mübahisələndirmədiyi halda qeydiyyat hərəkətlərinin aparılmasına münasibətdə cavabdehə yönələn iddia mümkün hesab edilməməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar