Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5105/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 31 saylı yaşayış binasının 18 nömrəli mənzilinə pasport qeydiyyatına alınmasının cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda inzibati binaya qeydiyyata alınmışdır. Belə ki, o, daha əvvəl də həmin mənzildə qeydiyyatda olmuş, həmin qeydiyyatı Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-7709/2016 nömrəli iş üzrə qəbul edilmiş 10.11.2016-cı il tarixli qətnaməsinə əsasən silinmiş, lakin sonradan həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4681/2018 nömrəli iş üzrə qəbul etdiyi 06.06.2018-ci il tarixli qərardadı ilə ləğv olunmuşdur. Odur ki, Bakı şəhəri Nəsimi rayon polis idarəsinə müraciət edərək silinmiş qeydiyyatının geriyə icra dönüşünün edilməsi, yəni Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 31 saylı yaşayış binasının 18 nömrəli mənzilinə pasport qeydiyyatına alınmalı olduğunu, yəni əvvəlki qeyd edilən ünvana qeydiyyatının bərpa olunmasını istədiyini bildirmişdir. Eləcə də həmin ev ½ hissədə mülkiyyətçi kimi ona məxsusdur və buna dair reyestrdən çıxarış ərizəsinə əlavə olaraq cavabdeh quruma təqdim edilmişdir. Cavabdeh tərəfindən onun müraciətinə baxılmamış və 10 mart 2021-ci il tarixli məktubla imtina əsaslandırılmamış, sadəcə Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Cavabdeh inzibati orqana müraciətini əsaslandırdığı hər iki hal (məhkəmə qərardadı və mülkiyyət hüququna dair reyestrdən çıxarış) tələbinin, yəni Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 31 saylı yaşayış binasının 18 nömrəli mənzilinə pasport qeydiyyatına alınması üçün əsasdır.
3. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizədə iddia tələbinə onun iştirakı olmadan məhkəməyə təqdim edilən sübutlar əsasında baxılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Nəsimi rayon polis idarəsi tərəfindən məhkəməyə təqdim edilən ərizədə iddiaya yazılı etiraz təqdim edilmədən işə cavabdeh qurumun iştirakı olmadan baxılmasına etiraz edilmir.
II. İddianın növü və mümkünlüyü
5. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
6. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
7. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
8. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi 10.03.2021-ci il tarixli cavabında ərizədə göstərilmiş mənzilə qeydiyyata bərpa olunması məsələsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir.
9. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
10. Daşınmaz əmlakın dövlət reyestindən çıxarışa əsasən, ünvan 2 üzərində iddiaçının ½ hissədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 16 may 2018-ci ildə qeydiyyata alınmışdır (Qərardadın notariat qaydasında təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir).
11. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4681/2018 nömrəli iş üzrə 06 iyun 2018-ci il tarixli qərardadına əsasən: Cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-7709/2016 saylı 10 noyabr 2016-cı il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətindən imtinası qəbul edilmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilmiş; İddiaçılar X1 və X2 cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi tələbinə dair iddiası üzrə iddiaçılar X1 və X2 iddiadan imtinaları qəbul edilmiş; Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 7709/2016 saylı 10 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş; İş üzrə icraata xitam verilmişdir (Qərardadın notariat qaydasında təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir).
12. Bakı Apelyasiya Məhkəməsinin məhkəmə qərarının qanuni qüvvəyə minməsinə dair 11.02.2021-ci il tarixli arayışına əsasən Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 4681/2018 nömrəli iş üzrə 06 iyun 2018-ci il tarixli qərardadından kasasiya şikayəti verilməmiş, Azərbaycan Respublikası MPM-in 400-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir.
13. İddiaçıya 30.03.2017-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, hazırda Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr. 86 inzibati binada qeydiyyatdadır.
14. İddiaçıya 08.12.2011-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, əvvəllər ünvan 1 ünvanında qeydiyyatda olmuşdur.
IV. Məhkəmənin mövqeyi
15. İddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmaq istədiyi mənzilin mülkiyyətçisidir (bax 10-cu bənd), bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
21. Məhkəmə qeyd edir ki, bir tərəfdən iddiaçı qeydiyyata alınmaq istədiyi mənzilin hazırda paylı mülkiyyətçisidir (bax 10-cu bənd), digər tərəfdən istifadə hüququna xitam verilməsinə əsas olmuş məhkəmə aktı ləğv olunmuşdur (bax 11 və 12-ci bəndlər). İddiaçı hüquqlarının müdafiəsini iki yolla həyata keçirə bilərdi: mülkiyyətində olan mənzilə qeydiyyata alınma və məhkəmə qərarının icra dönüşü qaydasında (qeyd edilən prosedur qanunvericilikdə dəqiq tənzimlənməmişdir). İddiaçı haqlı olaraq hüquqlarının təmin edilməsinin daha sürətli hesab etdiyi birinci yolu seçmişdir.
22. Məhkəmənin hazırki iş üzrə iddiaçının ünvan 2 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğusundan sonra iddiaçı tərəfindən (məhkəmənin hüquqi yardım məktubuna əsasən) həmin evə dair mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edilmişdir. Odur ki, həmin sorğunun cavablandırılmasına zərurət aradan qalxmışdır.
23. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
24. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulsun. Cavabdehin imtinası qanunsuz hesab olunsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva