Məhkəmə qərarları › İş №2-1(112)-5105/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5105/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5105/2025 25.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11nin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11nin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X7 ilə X1 ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən iddiaçının özünə məxsus paya mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən ayrıca Çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, iddiaçı X2 əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə əsl olmayan iddiaçı X7 əsl İddiaçı (bundan sonra – iddiaçı) ilə əvəz edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, sahəsi 22.1 və 15 kvadrat metrdən ibarət 2 yaşayış otağını xx.xx.2017-ci il tarixdə satmışdır və onlara Daşınmaz əmlakın dövlət reyestrindən hər birinin payları göstərilməklə vahid çıxarış verilmişdir (********** qeydiyyat №-li, xx.xx.2019cu il tarixli). Həmin fərdi yaşayış evində onların hər birinə aid olan paylar faktiki olaraq bölünmüşdür və ayrıdır. Paylı mülkiyyətçilərin daşınmaz əmlakda olan paylarının naturada ayrı olmasına baxmayaraq, paylı mülkiyyət hüququna dair bir ümumi çıxarış vardır. Bu həm faktiki vəziyyətə uyğun deyildir, həm də iddiaçının gələcəkdə özünə aid olan payı satmasına və ya digər formada özgəninkiləşdirməsinə maneçilik yarada bilər. Belə ki, iddiaçının özünə aid olan əmlaka dair ayrıca çıxarışının olmaması istənilən halda onu digər mülkiyyətçinin iradə ifadəsindən asılı edəcəkdir. Buna görə də iddiaçı mülkiyyətdə olan özünə məxsus paya dair ayrıca çıxarış almaq qərarına gəlmişdir. O, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nə ərizə ilə müraciət etmişdir və həmin müraciətə reyestr xidməti cavab olaraq paylı mülkiyyətdə olan “A” literli tikili genişləndirilərək əlavə torpaq sahəsindən (64 kv.m.) edildiyi və mövcud vəziyyətdə digər payçının hissəsinə giriş əlavə torpaq sahəsində genişləndirilən “A” literli tikilidən olduğunu və bu səbəbdən bölgü sxeminin tərtib edilməsinin mümkünsüz olduğunu bildirmişdir. Bu hal isə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən müvafiq çıxarışın ayrıca olaraq iddiaçıya verilməsindən imtina kimi qəbul edilir. Hal-hazırda adı çəkilən fərdi yaşayış evinə mülkiyyətçilərin payları bölünmüş vəziyyətdədir, ona görə də həmin payları naturada bölməkdən söhbət gedə bilməz. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı müvafiq iddia ilə bağlı deyil, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair bölgü sxeminin tərtib edilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Belə ki, paylı mülkiyyətdə olan “A” literli tikili genişləndirilərək əlavə torpaq sahəsi (64.0 kv.m) istifadə edilmişdir. Mövcud vəziyyətdə digər payçının hissəsinə giriş əlavə torpaq sahəsində genişləndirilən “A” literli tikilidən olduğundan bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.01557 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 135.7 kv.metr olan fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuşdur. 0832135 nömrəli xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən, ü/s 135.7 kv.m olan, 179q saylı fərdi yaşayış evinin, sahəsi 22.1 və 15 kv.m-dən ibarət 2 yaşayış otağını alıcı X1 mülkiyyətinə vermişdir. Satıcı qalan hissələri özündə saxlamışdır. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 3 otaq- yaşayış sahəsi 63.7 kv.m olan hissəsi İddiaçı, 2 otaq- yaşayış sahəsi 37.1 kv.m olan hissəsi isə X1 paylı mülkiyyətindədir. İddiaçı hazırda onun paylı mülkiyyətində olan daşınmaz əmlaka ayrı çıxarış verilməsi, bununla da paylı mülkiyyətə xitam verilməklə onun payının fərdi mülkiyyət hüququ üzrə ayrıca qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Göründüyü kimi, qanunvericiliyə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya ümumi mülkiyyətdə olan əşya sayılır və ümumi mülkiyyətin bir növü olan ümumi paylı mülkiyyətə xitam verilməsi üçün əmlak fiziki olaraq bölünməlidir. Məhkəmə qeyd edir ki, qanunverici daşınmaz əmlakın sxematik bölgüsünün aparılması ilə bağlı müraciət edən şəxslərin xidmət haqqının ödənilməsi barədə sənəd, şəxsiyyəti təsdiq edən sənəd, əmlaka dair hüquqmüəyyənedici sənədlər və müvafiq ərizə təqdim etdiyi halda bölgü sxemin tərtib edilməsini cavabdehə həvalə etmişdir, hansı ki, bu bölgü sxem əsasında bölünmüş əmlaka dair hər bir şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun reyestrdə ayrıca qeydiyyatı mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İstinad olunan normalardan görünür ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi tərəflərin razılığı ilə həyata keçirilir. Əgər belə razılıq yoxdursa, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, tərəflər arasında hazırkı halda paylı mülkiyyətin bölünməsi ilə bağlı mübahisə yoxdur. Lakin işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********41 nömrəli sorğuya cavab məktubundan görünür ki, paylı mülkiyyətdə olan “A” literli tikili genişləndirilərək əlavə torpaq sahəsi (64.0 kv.m) istifadə edilir. Mövcud vəziyyətdə digər payçının hissəsinə giriş əlavə torpaq sahəsində genişləndirilən "A" literli tikilidən olduğundan bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X11 1 saylı Bakı Ərazi İdarəsinin 3- 21-3-30/2-7046/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 416.0 kv.m təşkil edir. Fərdi yaşayış evi paylı mülkdür. İddiaçının sahəsi texniki pasportda 1,2,3,4,7 saylı otaqlarda, digər payçının sahəsi isə 5 və 6 saylı otaqlarda yerləşir. Digər payçı həyətə açılan qapı və pəncərəni bağlayaraq küçə tərəfə qapı ilə pəncərə açıb. Həmçinin fərdi yaşayış evi bir dam altında yerləşir. Payçıların sahələrinə giriş ayrı-ayrıdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, A tikilisi paylı mülkdür və vahid tikilidir. Faktiki olaraq A tikilisi günişləndirilmişdir və torpaq sahəsi 64.0 m2 artmışdır. Digər payçının hissəsinə giriş əlavə olunmuşdur, artıq torpaq sahəsində genişləndirilən A tikilisinindəndir. Bu səbəbdən bölgü işləri aparmaq mümkün olmamışdır. Göründüyü kimi, mübahisəli daşınmaz əmlak digər payçıya satılarkən əmlakda müvafiq dəyişikliklər edilmiş, ikinci girişin təmin edilməsi üçün həyətə açılan qapı və pəncərə bağlanılaraq küçə tərəfə qapı ilə pəncərə açılmış, bununla da xx.xx.2019-cu ildə tərtib edilmiş texniki pasporta dəyişiklik edilməsini zəruri edən hal yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – MM): - 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; - 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. - 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. - 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. - 27.1-ci maddəsinə görə həmin Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. - 27.2-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: - 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları (25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda) aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; - 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Sadalanan normalardan müəyyən olunur ki, qanunvericiliyə əsasən yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yenidənqurma və yenidənplanlaşdırmalar üçün yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanlarının qərarı olmalıdır. Əgər belə dəyişiklik artıq edilmişsə, onda əmlakda aparılmış bu dəyişikliklər yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. İşin halları ilə mübahisəli fərdi yaşayış evində müvafiq dəyişikliklər edilməsi öz təsdiqini tapsa da, bununla bağlı yerli icra hakimiyyəti orqanının qərarı təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı halda həmin qərar olmadan iddiaçının paylı mülkiyyətinə xitam verilməklə mülkiyyət hüququnun ayrılıqda qeydə alınması Mənzil Məcəlləsinin istinad olunan normalarının tətbiqindən yayınma, həmin normalarının tələblərinin heçə endirilməsi deməkdir ki, bu da yolverilməzdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı qanunvericiliklə zəruri olan sənədləri cavabdehə təqdim etmədiyindən onun hazırkı tələbi əsaslı olmamış, buna görə də cavabdeh haqlı olaraq iddiaçının tələbini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar