Məhkəmə qərarları › İş №2-1(112)-5108/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5108/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5108/2020 07.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına (üçüncü şəxs “xxxxxx” ASC) qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına (üçüncü şəxs “xxxxxx” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə “xxxxxx” ASC-nin Yevlax filialının direktoru X3 ilə onun arasında bağlanmış 115.LN.1609.080715.R.00001 nömrəli "İstehlak krediti müqaviləsi“nin icrası ilə bağlı artıq ödədiyi vəsaitin - 2000 (iki min) AZN məbləğində pul vəsaitinin Mərkəzi Bankın hesabından onun xeyrimə tutulması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və “xxxxxx”ASC-nin Yevlax filialı ilə İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 115.LN.1609.080715.R.00001 saylı kredit müqaviləsi üzrə 1.988,56 manat (bir min doqquz yüz səksən səkkiz manat əlli altı qəpik) məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,o, hərbçidir. xx.xx.2015-ci il tarixdə “xxxxxx” ASC-nin Yevlax filialının direktoru X3 ilə onun arasında 115.LN.1609.080715.R.00001 nömrəli "İstehlak krediti müqaviləsi" bağlanmış və həmin müqaviləyə əsasən 24 ay müddətinə illik 32% dərəcəsi ilə 280 ABŞ dolları komissiyon haqqı ödəməklə 4000 (dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit məbləği ona xarici valyutada, ABŞ dolları ilə verilmişdir və həmin ərəfədə 1 ABŞ dollarının manata nisbətdə məzənnəsi 1.05 AZN idi. O, kredit müqaviləsini imzaladıqdan sonra, yəni həmin müqavilə əsasında öhdəlikləri yarandıqdan sonra, 6 ay müddətində ödənişlərini 1 ABŞ dollarının 1.05 AZN məzənnəsi ilə ödəmişdir. Respublikada ikinci devalivasiyadan sonra 1 ABŞ dollarının məzənnəsi 1.78 AZN oldu və o, kredit öhdəliklərini həmin məzənnə ilə ödəmək məcburiyyətində olmuşdur. Təbii ki, həmin məzənnə ilə ödənişlər onun mənafeyinə zidd idi və o, ağır maddi duruma düşmüşdür. Yaxınlarının və doğmalarının köməkliyi ilə kredit öhdəliklərini ödəmişdir. Möhtərəm Prezidentimiz humanist bir addım atdı. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanı qəbul edildi və həmin tarixdən qanuni qüvvəsini aldı. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq problemli kreditlərin kompensasiyası ilə bağlı onun adı siyahıya salınmamışdır. Halbuki, ölkə rəhbərinin yuxarıda qeyd edilən Fərmanı ona münasibətdə tətbiq edilməli və o, 1 ABŞ dollarının məzənnəsi 1.78 AZN olmaqla öhdəliklərini yerinə yetirdiyi məbləğə dair ona kompensasiya hesablanaraq ödənilməli idi. Sözügedən Fərmanın tələbləri ona münasibətdə tam uyğundur: 2012-ci il 01 yanvar tarixindən sonra verilmiş; Xarici valyutada əsas kredit məbləği 10.000 (on min) ABŞ dollarından, Milli valyutada isə 17000 (on yeddi min) manatdan çox olmayan kreditlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan X2 Palatası tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması səbəbindən müvafiq kreditlərin iddiaçının adına olmasının müəyyən edilməsi mümkün olmamış, məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış xx xxxx 2020-ci il tarixli 16-03872-2020 saylı məktubda qeyd edilir: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinə və bu iddiaya qarşı Mərkəzi Bankdan öz münasibətini yazılı şəkildə bildirmək tələbinə dair məhkəmədən Sərəncam daxil olmuşdur. Bununla bağlı qeyd olunur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə ləğv prosesində olan “xxxxxxx" ASC arasında xx.xx.2015-ci il tarixdə 4.000 ABŞ dolları dəyərində kredit müqaviləsinin bağlanılmasına dair müvafiq qeydlər bazaya ötürülmüşdür. Belə ki, həmin qeydlərə əsasən müəyyən edilir ki, İddiaçı sözügedən kredit müqaviləsi üzrə əsas borcu ikinci devalvasiya (xx.xx.2015-ci il) tarixinə 3.314,28 ABŞ dolları təşkil etmişdir. Həmçinin qeyd olunmalıdır ki, "xxxxxxxxxxxx" ASC tərəfindən İddiaçı kredit tarixçəsinə borcalanın şəxsiyyətini təsdiq edən məlumatlar, eləcə də bank İD və hesab nömrəsi qeyri-dəqiq olan xx.xx.2018-ci il tarixli kredit xətti müqaviləsi barədə qeydlər də daxil edilmişdir. Məhz bu səbəbdən vətəndaşın adı Fərmanın təsir dairəsinə düşən şəxslərin siyahısına daxil edilməmişdir. Məhkəmə bildirişi daxil olduqdan sonra sonuncu müqavilə üzrə yenidən müvafiq yoxlama həyata keçirilmiş və bu müqavilə üzrə ödəniş müddəti keçmiş kredit borcu aşkar edilmədiyindən bank İD və hesab nömrələri dəqiqləşdirilmədən də məhkəmə Sərəncamına mahiyyəti üzrə cavab verilməsi mümkün olmuşdur. Belə ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona Fərmanın 1.2- ci bəndinin tələbi nəzərə alınmaqla ləğv prosesində olan “xxxxxxx” ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1.988,56 manat məbləğində kompensasiya məbləğinin hesablanmasına etiraz edilmir. İş materiallarında olan “xxxxxx” ASC-nin Yevlax filialı ilə İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 115.LN.1609.080715.R.00001 nömrəli "İstehlak krediti müqaviləsi"ndənvə kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, “xxxxxx” ASC-nin Yevlax filialı tərəfindən İddiaçı 24 ay müddətinə illik 32% hesablanmaqla 4.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxxxx” ASC-nin Yevlax filialı ilə İddiaçı ilə bağlanmış 115.LN.1609.080715.R.00001 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli 1 saylı Razılaşmadan və əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit kreditor tərəfindən restrukturizasiya edilir və buna müvafiq olaraq borcalana verilmiş kreditin məbləği 3184,33 ABŞ dolları təşkil edir, kreditin faiz dərəcəsi 21.44%, müddəti isə xx xxxx 2017-ci il tarixə müəyyən edilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Maliyyə X1 ********** nömrəli xx xxxx 2019-cu il qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalanlara, yəni fiziki şəxslərə kompensasia məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (xx.xx.2015-ci il və xx.xx.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. Yalnız həmin xüsuslara malik olan fiziki şəxslərə dövlət tərəfindən kompensasiya məbləği ödənilir. İşin hallarından görünür ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və “xxxxxx” ASC-nin Yevlax filialı ilə İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 115.LN.1609.080715.R.00001 saylı kredit müqaviləsi üzrə 1.988,56 manat (bir min doqquz yüz səksən səkkiz manat əlli altı qəpik) məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar