Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-511/2025 18.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın və alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən 101995 kv.m torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə "xxxx" MMC arasında alqı-satqı edilməsi barədə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sərəncamının və tərəflər arasında bağlanmış 1731 nömrəli xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin X3 Bakı şəhəri XDSİK-nın 9/549 saylı xx.xx.1988-ci il tarixli qərarı əsasında ona ayrılmış Ləhiş bağ massivində 29 saylı bağ-tikinti kooperativinin tərkibində 5145 saylı bağ sahəsi hissəsində etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 onun əridir və o, xx.xx.2005-ci ildə vəfat etmişdir. Bakı şəhər X7 İcraiyyə komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarına əsasən X1 Ləhic bağ massivində 29 saylı bağ-tikinti kooperativinin tərkibində 5145 saylı torpaq sahəsi ayrılmışdır. Həmin komitənin xx.xx.1989-cu il tarixli, 54 saylı məktubunda sözügedən torpaq sahəsində Q.Mustafayevə bağ evi tikməyə və hasar çəkməsinə icazə verildiyi qeyd olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-3142/2023 nömrəli qətnaməsinə əsasən Ləhic bağ massivində 29 saylı bağ-tikinti kooperativinin tərkibində torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər X7 İcraiyyə komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarının xx.xx.2005-ci ildə vəfat etmiş mərhum X3 məxsus olması faktı müəyyən edilmişdir. İddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yuxarıda adıçəkilən bağ sahəsinin "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində **********98 reyestr nörməsi ilə aparılmış qeydiyyat yazısının ləğv edilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin inzibati işdə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaya qarşı etiraz ərizəsi təqdim edilmiş və etirazda göstərilmişdir ki, “... Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsi ünvanında yerləşən 101995 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə "xxxx" MMC arasında bağlanan 1731 nömrəli, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ilkin olaraq "xxxx" MMCnin adına qeydiyyatdan keçmişdir. Daha sonra "xxxx" MMC tərəfindən bölünərək özgəninkiləşdirilmişdir. Hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsi ünvanında yerləşən 5.4879 ha torpaq sahəsi "xxxx" MMC-nin mülkiyyətindədir...”. Bundan sonra ona məlum olmuşdur ki, mərhum əri Qeybulla Mustafayevə verilmiş bağ torpaq sahəsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 1731 nömrəli, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-yə satılmışdır. Halbuki sözügedən alqı-satqı müqaviləsinin bağlanılmasına əsas olan sərəncam və həmin alqı-satqı müqaviləsi etibarsızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi torpaq sahəsi Bakı şəhər X7 İcraiyyə komitəsi tərəfindən mərhum əri X3 verilmişdir. Bu həm 1 saylı Bakı Ərazi İdarəsinin məktubları (xx.xx.2023-cü il tarixli), həm də Dövlət Arxinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərardan çıxarışla öz təsdiqini tapır. Odur ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi səlahiyyəti olmadan mərhum ərinə məxsus bağ sahəsini "xxxx" MMC-yə satmışdır. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazidəki heç bir torpaq sahəsi ümumiyyətlə adıçəkilən Komitənin balansında olmamışdır. Bu da sərəncamın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas verən digər haldır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2-9429/2024 №-li iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Üçüncü şəxs - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə təsdiq edilmişdir. Qeyd edilən Fərmanın 3-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması həmin Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Qeyd olunan qanunvericilik normalarına uyğun olaraq ərizəçi "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsi ünvanında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd və mübahisə predmeti olan 101995 kv.m torpaq sahəsinin onun istifadəsində olmasını təsdiq edən sənəd təqdim edildikdən sonra Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 338 nömrəli sərəncamı ilə torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və torpaq sahəsinə dair tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 1731 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. Belə olan halda istər mübahisəli torpaq sahəsi, istərsə də onun üzərində yerləşən daşınmaz əmlak üzərində qeydə alınmış hüququnun qüvvədə olması göstərir ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən həyata keçirilmiş özəlləşdirmə zamanı yuxarıda qeyd olunan qanunvericilik normalarının hər hansı tələbi pozulmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin birinci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İddiaçı ərizəsində Bakı şəhər X9 İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarı ilə 29 saylı bağ tikinti kooperativinin tərkibində 5145 saylı bağ sahəsinin mərhum əri X3 ayrıldığını, lakin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin mübahisələndirilən 1731 nömrəli, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında qeyd olunan bağ sahəsinin "xxxx" MMC-nin mülkiyyətinə verildiyini qeyd edir. Halbuki iddiaçının əsaslandığı Bakı şəhər X9 İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarında ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi qeyd olunmamış, bundan əlavə iddiaçı tərəfindən mərhum əri Qeybulla Mustafayevə 5145 saylı bağ sahəsinin ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənəd (order və s.) iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktublarından görünür ki, Sabunçu rayonu, Ləhiş bağ massivi 5145 saylı bağ sahəsinin iddiaçının mərhum əri Qeybulla Mustafayevə ayrılması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd idarənin arxivində aşkar olunmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin ikinci hissəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin beşinci hissəsinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı iddia tələbinin əsası kimi Bakı şəhər X9 İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarına əsaslansa da, ona ayrılmış torpaq sahəsinin yerləşmə yeri ilə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış hər hansı sənədi (ayrıc aktı və s.) məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhər X9 İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarının iddianın predmeti olan torpaq sahəsinə hər hansı bağlılığının olması, qeyd olunan sənədlər əsasında iddiaçının torpaq sahəsi üzərində hər hansı hüquqlarının yaranmasının mümkün olması mövcud iş materialları ilə sübut olunmadığından, iddiaçını hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, on altı il ərzində mübahisə predmeti olan əmlak "xxxx" MMC-nin mülkiyyətində olmuş və iddiaçı bundan xəbərdar olmuşdur. İddiaçının mübahisə torpaq sahəsinin "xxxx" MMC tərəfindən özəlləşdirməsində məlumatlı olması iş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli məktubu ilə sübut olunur. İddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2-1(112)-3454/2024 saylı qərardadı ilə iddia tələbinin mümkün hesab edilməməsi qərara alınmışdır. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-4246/2024 №-li Qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2-1(112)-3454/2024 saylı qərardadı ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş iddiaçı və üçüncü şəxs müvafiq olaraq məhkəmə iclasına gəlmədiklərindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Tətbiq edilən hüquq və iddia tələbinə dair məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi hazırki iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş və iddia ərizəsi iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında onu təmsil edən Vəkil tərəfindən imzalanmışdır. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən elektron məhkəmə informasiya sisteminə inteqrasiya olunmuş məlumatlardan müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ölmüşdür. Göründüyü kimi iddiaçı məhkəmə gedişatı zamanı vəfat etmişdir. Nəzərə alınmalıdır ki, İPM-nin müddəalarında inzibati məhkəmə icraatı qaydasında prosessual hüquq varisliyi ilə bağlı məsələ tənzimlənməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə: - 36.6. İnzibati icraatda maddi hüququn hüquqi varisliklə bağlı müddəaları tətbiq edilir. İştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik qaydasında keçməsinə yol verilmir. Maddənin tələbindən göründüyü kimi, inzibati icraatda hüquq varisliyi qaydasında şəxs yalnız o halda cəlb oluna bilərlər ki, əgər maddi hüquq belə varisliyin müəyyən edilməsinə imkan verir. Məhkəmə qeyd edir ki, iddia tələbi sərəncamın və alqı-satqı müqaviləsinin qismən ləğv edilməsi ilə bağlı olduğundan, bu sahəyə dair maddi hüquq normalarının hüquq varisliyə yol verilibverilməməsi müəyyən olunmalıdır. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, Bakı Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 9/549 saylı xx.xx.1988-ci il tarixli qərarı ilə Ləhiş bağ massivi 29 saylı BTK-nın nəzdində iddiaçının vərəsi olduğu X1 torpaq sahəsi ayrılmışdır. X4 xx.xx.2005-ci il tarixdə vəfat etmiş və İddiaçı isə xx.xx.2013-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında X2 vərəsəsi kimi müəyyən olunmuşdur. Daha sonra mərhum iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “5145” saylı torpaq sahəsi X3 məxsus olması barədə arayış alması məqsədilə müraciət etmiş və müraciəti zamanı ona məlum olmuşdur ki, X3 Bakı Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 9/549 saylı xx.xx.1988-ci il tarixli qərarı əsasında ayrılan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “5145” saylı torpaq sahəsi **********98 reyestr nömrəsi ilə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, “sərəncamın və alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsilə bağlı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “5145” saylı torpaq sahəsi üzərində dolayı yolla mülkiyyət hüquqlarının qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 1153. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir. Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağrılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik miras qoyan şəxsin hansı hüquq və vəzifələrinin mirasın tərkibinə daxil olduğunu fərqləndirmişdir. Eyni zamadan nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bu maddənin tələbinə görə, daşınmaz əmlak üzərində hüquqlara malik olan şəxs onun hüququnu təsdiq edən cıxarışı almadan öldükdə, onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması barədə qeydiyyat orqanı arayış verməlidir ki, həmin arayış hüquqların dövlət qeydiyyatına alınması üçün əsas hesab olsun. Beləliklə, inzibati icraata dair qanunverciliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatına dair maddi normalar hüquq varisliyinə yol verdiyindən, inzibati məhkəmə icraatı üzrə də hüquq varisliyinin mümkünlüyü qəbul olunmalıdır. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vərəsəlik işlərinin açılıbaçılmaması barədə məlumatın verilməsi” informasiya bölməsindən müəyyən olunmuşdur ki, hazırk iş üzrə iddiaçı xx.xx.2024-cü il tarixdə ölmüş İddiaçı ölümü ilə əlaqədar ötən müddət ərzində vərəsəlik işinin açılmamış, vərəsə və ya vərəsələrə vərəsəlik şəhadətnamənin verilməsi həyata keçirilməmişdir. İnzibati məhkəmə icraatı qaydasında prosessual hüquq varisliklə bağlı məsələnin hazırki mərhələdə həll edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; - 1321.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir; - 1321.3-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. - 1322-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Maddələrin tələblərindən göründüyü kimi, vərəsələr kimi müəyyən edilmiş şəxslərin miras əmlaka hüququnu təsdiq edən rəsmi sənəd vərəsəlik şəhadətnaməsidir ki, belə şəhadətnamə müəyyən şərtlərin mövcudluğu halında mirasın açıldığı gündən altı ay keçdikdən sonra və yaxud daha tez verilə bilər. Məhkəmə diqqətə çatdırır ki, hazırkı tələb varisliyə yol versə belə, iddiaçının vərəsələrin dairəsi müəyyən edilməmişdir. Belə ki, mülki qanunvericiliyin tələbindən də görünür ki, varisliyin təsdiqi şəxsə təqdim edilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən edilir. Şəxsin vəfat etmiş şəxslə hər hansı qohumluq əlaqəsinin mövcud olması vəfat edən şəxsin varisliyə yol verilən hüquqlarının məhz həmin şəxs tərəfindən realizə imkanını birbaşa yaratmır. Bu zaman göstərilən qohumluq əlaqəsində olan və ya digər formada varis qismində tanına bilən şəxs vəfat edən şəxsin varisi kimi şəhadətnamə ilə müvafiq notarius tərəfindən təmin edilməlidir. Lakin, hazırkı iş üzrə iddiaçının vərəsələrinə dair müvafiq şəhadətnamə təqdim edilməmişdir. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. İş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə;
262. İcraata xitam verilmə qaydası və nəticələri: 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Qeyd olunan nəzərə alaraq Məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 1.2, 80 və 81-ci maddələrini və MPM-nin 261-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev