Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5111/2021 20.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı X5 şəhidlik statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı X5 şəhidlik statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 08 may 1995-ci ildə Biləsuvar RHK tərəfindən hərbi xidmətə çağırılmış, Qazax rayonunda N saylı hərbi hissədə xidmət etmişdir. N aprel 1997-ci ildə Ramin xidmət etdiyi hərbi hissə rəhbərliyinin bildirdiyinə görə şəhid olmuşdur. Ona görə də, dəfn mərasimini rayon ictimaiyyətinin və rəhbərliyyinin iştirakı ilə şəhid statusuna uyğun keçirilmişdir. 17 iyul 1997-ci il tarixdə ona və həyat yoldaşı X6 Biləsuvar rayonunun Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən şəhid ailəsi olaraq vəsiqələr verilmişdir. 23 ildən sonra şəhid ailələri üçün sığorta vəsaiti ödənilərkən müvafiq arayış üçün müraciət etmişlər və bu vaxt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon Şöbəsinin 10 dekabr 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, “Oğlu X1 rayon Prokurorluğunun 05.08.2010-cu il tarixli məktubuna əsasən N saylı hərbi hissədə xidmət keçərkən 28.04.1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürmüşdür”. Cavab onlar üçün gözlənilməz və anlaşılmaz olduğundan o, bu barədə hərbi prokurorluğa müraciət etmişlər. Hərbi Prokurorluğun onlara göndərdiyi 14.05.2019-cu il tarixli məktubda göstərilir ki, “istintaq zaman X5 özünü öldürməsi faktı üzrə cinayət hadisəsi müəyyən edilmədiyinə görə cinayət işi üzrə icraata 28.07.1997-ci il tarixdə, 01.09.2000-ci il tarixdə qüvvədə olmuş Azəbraycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsinin birinci bəndinə əsasən (cinayət hadisəsi müəyyən edilmədiyinə görə) xitam verilmişdir. 09.10.2015-ci ildə həmin cinayət işi saxlama müddəti başa çatdığına görə müvafiq akt əsasında məhv edilmişdir. 15.10.2020-ci iltarixdə onlar yenidən Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək, X5 şəhidlik statusunun bərpa edilməsini xahiş etmişlər. Lakin, Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 12.02.2021-ci il tarixli cavab məktubunda şəhidlik statusunun bərpa edilməsindən imtina olunmuşdur. İş üzrə hazırlıq iclası 20.10.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin düzgün cavabdehə qarşı yönəlmədiyini bildirərək, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkilinə məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrinə müvafiq olaraq hüquqi yardım göstərilərək, qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilmişdir. Lakin, iddaçının nümayəndəsi və vəkili tərəfindən dəqiqləşdirilmiş iddia ərizəsinin (cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizənin) təqdim edilməsindən imtina edilmişdir. İddia ərizəsindən görünür ki, iddia tələbinin predmetini “Şəhid və şəhid ailəsi statusunun verilməsi (bərpa edilməsi) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4-cü bəndinin 4.1-ci müddəasına əsasən: Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, hazırki mübahisədə iddiaçının mərhum oğlunun şəhidlik statusunun bərpa edilməsi məsələsinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon şöbəsi olan, Biləsuvar rayon Şöbəsi tərəfindən baxılmalıdır. Bu səbəbdən də, iddiaçı iddia ərizəsində göstərdiyi hallarla bağlı ərizə ilə ilk öncə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon Şöbəsinə müraciət etməli, müraciətinin təmin olunmadığı təqdirdə isə aidiyyəti üzrə məhkəmədə (Şirvan İnzibati Məhkəməsində) iddia qaldırmalıdır. Beləliklə, hazırki iddia tələbi ona cavab verməli olan inzibati orqana qarşı yönəlmədiyindən, iddiaçının iddia tələbi İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməyərək, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5111/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5111/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver