Məhkəmə qərarları › İş №2-1(112)-5111/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5111/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5111/2024 17.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 26 kv.m 9 saylı qarajın (qeyri-yaşayış sahəsinin) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxaırşın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 yanvar 2015-ci il tarixdə onunla "xxxx" MTK arasında Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində tikilməkdə olan yaşayış binasında 26,0kv.metr sahəsi olan 9 saylı qarajı alıcıya verməyi, alıcı isə həmin qarajı qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş qarajın haqqını vaxtı-vaxtında ödəməyi öhdəsinə götürür. "xxxx" MTK tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli maliyyə arayışına əsasən ünvan 2, 26.0 kvadrat metr olan 9 saylı qarajın pay dəyəri 25000 manat tam olaraq onun yəni İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı qarajın adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq formal xarakterli xx.xx.2023-ci il tarixli məktubla cavab verərək ərizənin icrasından imtina etmişdir. Qeyd etmişdir ki, imtina məktubunu rəsmi olaraq xx.xx.2023-cü il tarixdə almışdır. Məhkəmənin nəzərinə catdırmaq istəyirlər ki, onunla bir binada yaşayan qonşularının demək olar ki, hamısı öz qarajlarına dair çıxarışı artıq əldə etmişlər, bu səbəbdən də, ona imtina edilməsi təəccüb doğurur.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********48 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, iddiaçı tərəfindən verilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə uyğun mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) təqdim olunmalı olduğu halda, iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqavilə təqdim edilmişdir. Qeyd edilən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə notariat qaydasında bağlanılmış alğı-satqı müqaviləsi əsasında iddiaçının adına özgəninkiləşdirilə bilər. İdarənin mütəxəssisləri tərəfindən göstərilən qeyri-yaşayış sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsi zirzəmi mərtəbəsində yerləşməklə, faktiki qaraj kimi istifadə olunur və ölçüsü 20.6 kv.m təşkil edir.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. “Yaşayış binasında mənzil tikintisi haqqında” 10 yanvar 2015-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MMCnin tikilməkdə olan binada yerləşən qeyri-yaşayış sahəsindən (qaraj) 26.0 kv.m 9 saylı qeyri-yaşayış sahəsini alıcı İddiaçı verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

8. "xxxx" MMC tərəfindən verilmş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən 120D saylı yaşayış binası "xxxx" MMC-nə məxsusdur. Bu binanın zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 26 kv.m olan 9 saylı qarajın pay dəyəri 25000 (iyirmi beş min) manat tam olaraq İddiaçı tərəfindən tam ödənilmişdir. Bu qarajla bağlı MMC-yə borcu yoxdur.

9. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli 3-21-3-30/2-Ə1076-8/2023 **********48 nömrəli məktuba əsasən iddiaçıya bildirilmişdir ki, göstərilən qeyri-yaşayış sahəsi (qaraj) "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında alğı-satqı əsasında adına qeydiyyat aparıla bilər.

10. 263 saylı 20 dekabr 2019-cu il tarixli “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına İcazə” sənədinə əsasən: 3. Tikinti obyektinin ünvanı, döngə nöqtələrinin koordinatları, adı – Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2337-ci məhəllə, M.Hadi küçəsi, 120D, 1 girişli, zirzəmili, 20 mərtəbəli yaşayış binası; 4. Tikinti obyektinin istismar təyinatı - yaşayış sahəsi; 5. Tikintiyə dair icazəverici sənədlər – Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008- ci il tarixli 16 nömrəli sərəncamı; 6. Tikinti obyektinin sahibi (sifarişçisi) - "xxxx" Mənzil-Tikinti Kooperativi; 7. İstismara hazırlığı barədə rəyin tarixi və qeydiyyat nömrəsi – xx.xx.2019cu il, № 0284; 8. Tikinti obyektinin əsas texniki göstəriciləri: 1.Binanın ümumi sahəsi - 22730,2 kv.m, o cümlədən: - mənzillərin ümumi sahəsi - 18327,4 kv.m, - qeyri-yaşayış sahəsi: zirzəmi və 1-ci mərtəbə - 1735,0 kv.m, liftin maşın şöbəsi və texniki otaq - 32,0 kv.m, 2. Mənzillərin sayı – 190 ədəd; 3. Mərtəbələrin sayı – 20 ədəd; 4. Girişlərin sayı – 1 ədəd. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, xx.xx.2019-cu il tarixindən yaşayış binasının istismarına icazə verilmişdir.

11. İş materiallarına həmin yaşayış binasında analoji qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsi barədə çıxarış əlavə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak etmiş cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MTK arasında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2337-ci məhəllə, M.Hadi küçəsi, 120 D; 1 girişli, zirzəmili, 20 mərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 26 kv.m olan 9 saylı qarajın alınması barədə xx.xx.2015-ci il tarixli müqavilə imzalanmış, qarajın dəyəri iddiaçı tərəfindən ödənilmişdir.

19. İddiaçı həmin müqavilə əsasında mübahisəli qaraj üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, cavabdeh orqan qeyd edilən yaşayış sahəsinin "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə notariat qaydasında bağlanılmış alqı-satqı müvaqiləsi əsasında iddiaçının adına qeydiyyata alına biləcəyini və idarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlakda İnventarlaşdırma işləri aparılan zaman təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında qeyri-yaşayış sahəsinin yerləşmə mövqeyində uyğunsuzluq olduğunu əsas gətirməklə tələbin təmin edilməsindən imtina etmişdir.

20. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasının əsassız olmasını iddia edərək mübahisəli qaraj üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsini mübahisələndirir.

21. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.

22. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: … 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); … 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; … 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

25. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 3.0.42-ci maddəsinə əsasən, sifarişçi – tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslərdir; 101.1-ci maddəsinə əsasən, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir; 102.1-ci maddəsinə əsasən, tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.2-ci maddəsinə əsasən, obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir.

26. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2337-ci məhəllə, M.Hadi küçəsi, 120 D; 1 girişli, zirzəmili, 20 mərtəbəli yaşayış binasının istismarına 20 dekabr 2019-cu il tarixdə 263 nömrəli sənədə əsasən icazə verilmişdir. Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MTK göstərilmişdir.

27. İş materiallarından göründüyü kimi, xx.xx.2014-cü il tarixli müqaviləyə əsaslanaraq "xxxx" MTK mübahisəli qarajı iddiaçıya satmış, iddiaçı buna görə müvafiq ödəniş etmiş və qarajı təhvil almışdır. Həmçinin mübahisəli qarajın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün hüququmüəyyənedici əsas kimi çıxış edən həmin müqavilə hazırda qüvvədədir, ləğv olunmamış, "xxxx" MTK və digər şəxslər tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir.

28. Belə olan halda, "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə mübahisəli qeyri-yaşayış sahəsi üzərində iddiaçının hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici əsas kimi qəbul edilməlidir.

29. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

30. Məhkəmə qeyd edir ki, müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Lakin əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil yaxud qeyri-yaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən hər hansı səbəbdən MTK ilə MMC-ni fərqləndirə bilmirsə, onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyriyaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etməkdirsə, bu halda onların bu niyyətinə üstünlük verilməli və yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə MTK yaşayış evlərində yerləşən mənzillər kimi yanaşılmalıdır (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır).

31. Cavabdehin istinad etdiyi yaşayış binasına "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qaraja mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasının mümkün olduğuna dair dəlilini də məhkəmə əsassız hesab edir.

32. Belə ki, tərəflər arasında bağlanmış müqavilə ilə "xxxx" MTK inşa etdiyi binadakı qarajı dəyərini almaqla satmışdır. Ona görə də həmin qaraja dair "xxxx" MTK hər hansı hüququn sahibi deyildir. Dəyəri tam ödənildiyi üçün qaraja mülkiyyət hüququ müqaviləyə əsasən iddiaçıya keçmişdir.

33. Məhkəmə həmçinin vurğulayır ki, qeyd edilən dəlilin mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinaya əsas olmaması ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Ali Məhkəmənin 2-1(102)- 3108/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı; 2-1(102)- 2537/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı; 2-1(102)-2482/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı).

34. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.

35. Məhz bu baxımdan hazırkı halda iddiaçının "xxxx" MTK MMC ilə müqavilə bağlayarkən niyyətinin yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etmək olduğunu və bu məqsədlə müəyyən edilmiş haqqı tam ödədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş əsas hazırkı iş üzrə mövcuddur.

36. Cavabdehin etirazında qeyd etdiyi qeyri-yaşayış sahəsinin faktiki ölçüsünün 20 kv.metr təşkil etməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli qarajın iddiaçıya ayrılması zamanı müqavilə üzrə ölçüsü 26 kv.metr göstərilməsinə baxmayaraq, İdarənin mütəxəssisləri tərəfindən göstərilən qeyri-yaşayış sahəsinə yerli baxış keçirilməsi məlum olmuşdur ki, qeyri-yaşayış sahəsi zirzəmi mərtəbəsində yerləşməklə faktiki ölçüsü 20.0 kv.m təşkil edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının mübahisəli qeyriyaşayış sahəsinə dair hüquqları həmin qeyri-yaşayış sahəsinin faktiki ölçüsünə uyğun qeydiyyata alınmalıdır.

37. Beləliklə hazırki iş üzrə hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının çoxmənzilli yaşayış binasında olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.

38. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

39. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

40. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

41. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. ünvan 4 ünvanındakı "xxxx" MMC-yə məxsus binada yerləşən sahəsi 20 kv.m olan 9 saylı qaraj (qeyri-yaşayış) sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar