Məhkəmə qərarları › İş №2-1(112)-5113/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5113/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5113/2024 25.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 803 saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 6002 nömrəli xx.xx.1971- ci il tarixli Bağın icarəyə verilməsi haqqında Müqavilə ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha sahəsi olan 803 saylı bağ sahəsi mərhum X3 ayrılmışdır, onun vəfatı ilə əlaqədar torpaq sahəsi həyat yoldaşı X7 adına keçirilmiş və onunla icarə müqaviləsi bağlanmışdır. Daha sonra bağ sahəsi iki yerə bölünərək 0,12 ha hissəsi digər şəxsin adına qeydiyyata alınaraq özgəninkiləşdirilmiş, yerdə qalan 0,12 ha hissəsi Bağlar İdarəsi ilə X11 arasında xx.xx.1988-ci il tarixli 6002 saylı müqavilə bağlanmışdır. xx.xx.1989-cu il tarixində X11 ərizə yazaraq bildirmişdir ki, xəstə və yaşlı olduğuna görə Sabunçu rayonu Ləhiş bağ masivində (Nardaran qəsəbəsində) yerləşən 0,12 ha ola torpağını (6002 №-li müqavilə, 803 №-li bağ) onun adından İddiaçı adına sənədləşdirilsin. Ona ayrılan bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizə ilə, tələb olunan sənədləri əlavə edilməklə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi öz imtinasında bildirmişdir ki, sözügedən torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən 8219 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, 803 saylı bağ sahəsinin istifadəçisi olan X11 ərizə təqdim edərək, ünvan ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin faktiki sahəsinə uyğun olaraq bağların sxematik xəritəsi üzrə 803 saylı bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsinin yerinə uyğun gəlməsinə baxmayaraq 803 saylı bağ sahəsi olaraq İddiaçı adına qeydiyyata alınmasına etiraz etmir, razıdır. Bununla əlaqədar gələcəkdə yarana biləcək bütün növ mübahisələrin həllinin yoluna qoyulmasına dair bütün məsuliyyəti öz üzərinə götürür. Hesab edir ki, cavabdeh orqan «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və həmin qanunun 15-ci maddəsinə zidd olaraq mənə imtina vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli xx.xx.2023-cü il tarixli, ********** nömrəli xx.xx.2023-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli **********83 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli **********42 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdehin xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş məktubunda göstərilmişdir: “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “803” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan başqa, göstərilən torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən 8219 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Qeyd olunanlarla yanaşı, idarənin arxiv məlumatlarına əsasən bağ sahəsi ilkin olaraq X3 0.25 ha olaraq ayrılmışdır, onun vəfatı ilə əlaqədar torpaq sahəsi həyat yoldaşı X7 adına keçirilmiş və onunla icarə müqaviləsi bağlanmışdır. Daha sonra bağ sahəsi iki yerə bölünərək 0.12 ha hissəsi digər şəxsin adına qeydiyyata alınaraq özgeninkiləşdirilmiş, yerdə qalan 0.12 ha hissəsi Bağlar İdarəsi ilə X11 arasında xx.xx.1988-ci il tarixli 6002 saylı, müqavilə bağlanmışdır. Həmçinin, tərəfinizdən torpaq sahəsinə dair təqdim olunan xx.xx.1989-cu il tarixli ərizədə X8 bağ sahəsinin sizin adınıza rəsimləşdirilməsinə etiraz etmədiyini qeyd etsə də, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.”; - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilmişdir: “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “803” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli, ********** nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətlə əlaqədar bildiririk ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən sizə hüquqi yardım göstərərək bildiririk ki, müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılacaqdır.”; - məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 803 saylı bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir; - Binanın, bağ sahəsinin uzun müddətli İcarəyə verilməsi barədə xx.xx.1963-cü il tarixli 6002 nömrəli Müqavilədən görünür ki, Nardaran qəsəbəsində 0.25 ha sahəsi olan 50 nömrəli bağ sahəsi X3 icarəyə verilmişdir; - Bağ sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında xx.xx.1967-ci il tarixdə Müqavilədən görünür ki, Nardaran qəsəbəsində 0.25 ha sahəsi olan 50 nömrəli bağ sahəsi X3 icarəyə verilmişdir; - 1970-ci ilin avqust ayında tərtib edilmiş İnventarizasiya aktında 6002 nömrəli Müqavilə ilə X3 icarəyə verilmiş bağ sahəsinin nömrəsi 50/803 göstərilmişdir; - Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün 6002 nömrəli müqavilənin müddəti uzadılaraq Nardaran qəsəbəsində 0.25 ha sahəsi olan 803 nömrəli bağ sahəsi X3 icarəyə verilmişdir; - xx.xx.1975-ci il tarixli Nikah haqqında Şəhadətnamədən görünür ki, X5 ilə X12 arasında xx.xx.1936-cı ildə nikah bağlanılmış və arvada Hüseynova soyadı verilmişdir; - xx.xx.1979-cu il tarixli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1979-cu ildə ölmüşdür; - X2 ölümündən sonra Nardaran qəsəbəsində 0.25 ha sahəsi olan 803 nömrəli bağ sahəsi X2 adından X9 adına rəsmiləşdirilərək 6002 nömrəli xx.xx.1987-ci il tarixli müqavilə bağlanılmışdır; -X13 xx.xx.1988-ci il tarixdə Bakı Bağlar İdarəsinə ərizə ilə müraciət edərək yaşlı olduğuna görə Nardaran qəsəbəsində yerləşən bağın ev olan hissəsinin X1 adına keçirilməsini xahiş etmişdir; - 803 nömrəli bağ sahəsi bölündükdən sonra xx.xx.1988-ci il tarixdə 6002 nömrəli Müqavilə bağlanılmış X9 istifadəsində 0.12 sahəsi olan 803 nömrəli bağ sahəsi qalmışdır; - X13 xx.xx.1989-cu il tarixdə Bakı Bağlar İdarəsinə ərizə ilə müraciət edərək xəstə və yaşlı olduğuna görə Nardaran qəsəbəsində yerləşən 803 nömrəli bağın onda qalan hissəsini, yəni 12 sot olan torpağı onun adından İddiaçı adına keçirilməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı iddiadır. İddia əsaslı olduğundan təmin edilməlidir. Hazırkı mübahisə mahiyyət etibarı ilə, Nardaran qəsəbəsində yerləşən ölçüsü 0,12 ha olan, 803 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdeh inzibati orqana hazırkı iddia tələbi ilə müraciətlər etmiş cavabdeh inzibati orqan tərəfindən isə iddiaçının müraciətinə müxtəlif səbəblər göstərilməklə imtina cavabı verilmişdir. Daha sonra cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, qeyd edilən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Həmin imtina məktubundan narazı qalan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 803 saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh sonradan məhkəmə icraatında iddia tələbinə qarşı yazılı etiraz məktubu təqdim etmişdir. Etirazda xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilən dəlillər təkrarlanmışdır (torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir). Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtina üçün gətirdiyi dəlillər əsassızdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının mülkiyyət hüquqlarının qeyd alınmasından 3 əsasla imtina etmişdir:

1. torpaq sahəsi qonşu sahə ilə ümumi hasar daxilində yerləşir;

2. göstərilən torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən 8219 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir;

3. torpaq sahəsinə dair təqdim olunan xx.xx.1989-cu il tarixli ərizədə X8 bağ sahəsinin iddiaçının adına rəsimləşdirilməsinə etiraz etmədiyi qeyd edilsə də, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin təqdim edilməməsi. Məhkəmə mübahisələndirilən hər bir hala (dəlilə) ayrı-ayrılıqda münasibət bildirməyi məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehin “torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşməsi” dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Bununla bağlı məhkəmə qeyd edir ki, bağ sahəsinin ümumi hasar daxilində yerləşməsi imtina üçün əsas ola bilməz və bu hal ona hüququnun qeydiyyata alınmamasına əsas vermir. Məhkəmə qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Məhkəmə hazırkı iş üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanuna zidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması nəticəsinə gəlmişdir. Məhkəmə “göstərilən torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən 8219 saylı bağ sahəsinin ərazisinə uyğun gəlməsi imtina” dəlili ilə bağlı olaraq isə qeyd edir ki, bu dəlilin də heç bir hüquqi əsası yoxdur. Belə ki, cavabdeh belə bir halı sübut edən hər hansı mötəbər dəlilə, yəni ərazinin sxemi, plan və cizgisinə, habelə elektron kadastr məlumatlarına istinad etməmiş, üst-üstə düşən torpaq sahələrinin başqa şəxslərin qanuni istifadəsində (mülkiyyətlərində) olması ilə bağlı düzgünlüyü və doğruluğu şübhə doğurmayan sübutları məhkəməyə təqdim etməmişdir. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə, mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda cavabdeh öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, cavabdeh mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etməsinə əsas olaraq göstərilənlərə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Eyni zamanda cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçıya qanuni əsaslarla torpaq sahəsi məxsus olmasına baxmayaraq, onun müraciətinə formal olaraq yanaşmış və iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Belə olan halda, cavabdehin imtinası maddi və prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixi imtina məktubunda isə iddiaçıya müraciəti ilə bağlı olaraq bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Halbuki təqdim edilən səndələrdən də görünür ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş arxiv sənədlərindən müəyyən edilir ki, mübahisə predmeti olan bağ sahəsi ilkin olaraq X3 0.25 ha olaraq ayrılmışdır, onun vəfatı ilə əlaqədar torpaq sahəsi həyat yoldaşı X7 adına keçirilmiş və onunla icarə müqaviləsi bağlanmışdır. Daha sonra bağ sahəsi iki yerə bölünərək 0.12 ha hissəsi digər şəxsin adına qeydiyyata alınaraq özgəninkiləşdirilmiş, yerdə qalan 0.12 ha hissəsi Bağlar İdarəsi ilə X11 arasında xx.xx.1988-ci il tarixli 6002 saylı müqavilə bağlanmışdır. Həmçinin, iddiaçı tərəfindən torpaq sahəsinə dair təqdim olunan xx.xx.1989-cu il tarixli ərizədə X8 803 nömrəli bağ sahəsinin İddiaçı adına rəsimləşdirilməsinə etiraz etmədiyi qeyd edilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın göstərilən imtina dəlili ilə bağlı qeyd edir ki, torpağın qalan 0.12 ha hissəsi ilə bağlı hüquq müəyyənedici sənəd olan müvafiq müqavilə mövcud olmuş, adına müqavilə mövcud olan şəxs X11 isə həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq torpağın qeyd edilən hissəsinin iddiaçının adına keçirilməsi ilə bağlı onun tərəfindən lazımı hüquqi addım atılaraq iradə ifadəsini bildirmişdir. Lakin iddiaçı və X8 iradəsindən asılı olmadan həmin vaxt səlahiyyətli qurum tərəfindən münasibətlər rəsmiləşdirilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüququn qüvvəyə minməsi üçün həmin dövrdə qüvvədə olmuş qanunla müəyyən edilmiş rəsmiləşmə tərəflərin iradəsindən asılı olmayaraq başa çatmamışdır. Həmin münasibətləri rəsmiləşdirmək öhdəliyi iddiaçının üzərinə qoyula bilməz və bu onun məsuliyyət sferasına da aid edilə bilməz. Belə ki, inzibati orqan bu rəsmiləşdirməni başa çatdırmalı idi. Qeyd edilən münasibətləri rəsmiləşdirən qurum isə hazırda ləğv edilmiş və onun hüquqi varisi müəyyən olunmamışdır. Lakin həmin qurumun arxiv daşıyıcısı və hazırda müllkiyyət hüquqlarını qeydə alan orqan isə cavabdeh inzibati orqandır. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, iddiaçının iradəsindən asılı olmayaraq münasibətləri rəsmiləşdirən qurum ləğv edildiyindən, hazırkı halda arxiv daşıyıcısı olan inzibati orqan həm də mülkiyyət hüquqlarının qeydə alınmasını həyata keçirdiyindən, müvafiq bağ sahəsinə dair arxiv qovluğunda qeyd edilən münasibətlərin mövcudluğunu təsdiq edən sənədlər mövcud olduğundan cavabdeh inzibati orqanın gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. İşin xüsusi halı ondan ibarətdir ki, iddiaçı ötən uzun müddət ərzində həmin bağ sahəsinə faktiki olaraq sahiblik etmiş və həmin torpaq sahəsinə dair digər şəxslərin yəni üçüncü şəxsəlrin hər hansı iddiası və tələbi mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci bəndinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci bəndinə əsasən kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Belə olan halda iddiaçının “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən həmin torpaq sahəsinə qanuni istifadəçi kimi mülkiyyət hüququ əldə etmişdir. İddia edilən torpaq sahəsinin bir hissəsinin qonşu bağın ərazisi daxilinə düşməsi hüquqların qeydiyyatından imtina üçün əsas hesab edilə bilməz. Beləliklə də, göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin müxtəlif əsaslarla mübahisəli torpaq sahəsinin iddiaçının adına qeydiyyatdan imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarını pozur. Fərdi bağların altında olan torpaqlar əvəzsiz olaraq qanuni istifadəsində olan şəxslərə əvəzsiz verildiyindən, iddiaçıya məxsus bağ sahəsi onun qanuni istifadəsində olduğundan, bağ sahəsinə hüququn dövlət qeydiyyatına alınması üçün qanunda nəzərdə tutulan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası olduğundan cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.7-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bu zaman həmçinin qeyd edilən Sazişin iddiaçıya torpaq sahəsinin ayrılmasından uzun müddət sonra bağlanıldığı və etimadın qorunması prinsipi, eləcə də yuxarıda istinad olunan normalar baxımından həmin Sazişin müddəalarının şəxsin ona torpaq sahəsinin ayrılması barədə qərara əsaslanan hüququnun qeydiyyata alınmasını istisna etmədiyi də nəzərə alınmalıdır. Belə ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquq müəyyənedici sənəd əsasında yaranır. Hüquq müəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmələr mübahisə üzrə qərar qəbul edərkən həm də şəxsin inzibati orqanın, konkret halda cavabdehin inzibati praktikasına, onun davranışına şəxsin etimad hüququnu və bununla bağlı onun inzibati orqandan qanuni gözləntilərini də nəzərə almalıdırlar. Yuxarıda göstərilənlərlə yanaşı, məhkəmə “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı mübahisə ilə bağlı iddiaçının cavabdeh inzibati orqanın inzibati praktikasına, onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntiləri də mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir” Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən bir də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “apriori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır. tilərin yaranması ilə nəticələnsin. Azərbaycan Repsublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinin birinci cümləsinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin maddənin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı xx.xx.1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır, imtina formal mülahizələrə əsaslanaraq verilmişdir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.12 ha olan, 803 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0.12 ha olan, 803 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar