Məhkəmə qərarları › İş №2-1(112)-5114/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5114/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5114/2023 27.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı-İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzilin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 5-ci mərtəbədə olan 1 otaqlı mənzilin ona qaytarılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1972-ci il tarixdə Müdafiə Nazirliyinin Hərbi Ticarət idarəsində sürücü vəzifəsinə işə düzəlmiş və Hərbi Ticarət İdarəsi 1992-ci ildə AR Müdafiə Nazirliyinin tərkibinə keçdikdən sonra həmin idarədə işləməyə davam etmiş və xx.xx.1996-cı il tarixdə öz arzusu ilə işdən çıxmışdır. 1973-cü ildə ona Müdafiə Nazirliyinin mənzil fondundan 1 otaqlı yaşayış sahəsi ayrılmışdır. Həmin yaşayış sahəsi ünvan 1 ünvanında 5-ci mərtəbədə yerləşir. O, hazırda həmin ünvanda pasport qeydiyyatındadır və həmin ünvanda 2022-ci ilin avqust ayınadək yaşamışdır. Həmin yataqxana hal-hazırda AR Müdafiə Nazirliyinin balansındadır. Lakin təxminən bir neçə ay əvvəl o, yataqxananın komendantından xahiş etmişdir ki, qızı xəstədir, 5-ci mərtəbəyə qalxıb-düşmək onun üçün çətindir, ona görə ona 1-ci və ya 2-ci mərtəbədən 1 otaqlı mənzil verilməsini xahiş etmişdir. Təbii ki, hazırda qeydiyyatda olduğu və 2 ay əvvələ qədər yaşadığı 1 otaqlı mənzilin təhvil verilməsi şərtilə, o, bu barədə yataqxananın komendantı ilə razılığa gəlmişdir. Lakin o, 1 otaqlı mənzilini 2 ay əvvəl yataqxananın komendantına təhvil versə də bunun əvəzinə başqa mənzil verilməmişdir. O, hazırda qızı ilə kirayədə yaşayır. Onun ünvan 1 ünvanında 5-ci mərtəbədə olan 1 otaqlı mənzilinin ona qaytarılmasına köməklik edilməsi xahişi ilə xx.xx.2022-ci il tarixdə AR Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirinə mənzil məsələsi ilə bağlı ünvanladığı xx.xx.2022-ci il tarixli müraciəti Müdafiə Nazirliyinin Mənzil-istismar idarəsinə daxil olmuş, baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Qarnizonu Mənzil-istismar hissəsinə göndərilmiş və nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir. Daha sonra AR Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar İdarəsi tərəfindən ona 1966 №-li, xx.xx.2022-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabında göstərilir ki, o, xx.xx.2011-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Polis İdarəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi ilə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 1 A nömrəli yataqxanaya daimi pasport qeydiyyatına alınmasına baxmayaraq onun yataqxananın 83 nömrəli otağına heçbir hüququ sənədi yoxdur və həmin otaqda uzun müddət yaşamadığına görə, 83 nömrəli otağın boşaldılması üçün, yoxlama komissiyası tərəfindən xəbərdar olunmuşdur. O, otağın boşaldılması üçün, bir həftə vaxt istəyərək, həmin otağı özü boşaldaraq, aidiyyəti üzrə təhvil vermişdir. Lakin o, imtina məktubunda göstərilənlərlə razı deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair yazılı münasibəti (etiraz) məhkəməyə təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iddianı qəbul etməyərək, mübahisəli otağın xidməti mənzil kimi iddiaçının istifadəsində olduğunu və sonuncu tərəfindən həmin otağın könüllü olaraq təhvil verildiyini bildirmiş və qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia mümkündür. İşin halları. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1945-ci ildə Şəmkir rayonunda doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş 4/2- 3856 №-li, xx.xx.2022-ci il tarixli arxiv arayışının surətindən müəyyən olunur ki, İddiaçı ərizəsinə əsasən, 11 №-li hərbi ticarət rəisinin xx.xx.1972-ci il tarixli 167/1 №-li əmrilə (əsas: §-37, səh-78) 3-cü dərəcəli sürücü vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən, (öz xahişi ilə) sürücü İddiaçı, 1 №-li hərbi ticarət rəisinin 27.12 1996-cı il tarixli 130/1 №-li əmrilə (əsas: §-6, səh- 164) işdən azad edilmişdir. İddiaçı tərəfindən Bakı Qarnizonu Mənzil İstismar hissə rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, Rəşid İsmayılov küçəsində yaşayaraq, 82 nömrəli mənzildə əvvələr qeydiyyatda olmuşdur, hal-hazırda ailə vəziyyətinə görə kirayədə yaşayır. Otağı təhvil verməyə etirazı yoxdur. Bir həftə möhlət verilməsini xahiş etmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 1966 №-li, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov ünvanında yerləşən 1a nömrəli yataqxananın 83 nömrəli 1 (bir) otaqlı otağın boşaldılması haqqında bildirirlər ki, Azərbaycan Respublikası Müdafiə nazirnin xx.xx.2014-cü il tarixli 2 saylı Qərarını əsas tutaraq - Bakı Qarnizonu Mənzil- İstismar hissə rəisi tərəfindən verilmiş əmrinə əsasən yoxlama komissiyası tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, o, arxiv sənədlərinə əsasən SSSRİ dövründə dövründə Müdafiə Nazirliyinin tərkibində Ticarət İdarəsində sürücü vəzifəsində işləyərək 1a nömrəli yataqxanaya xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixinə kimi və xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinə kimi Bakı şəhəri, Binəqədi rayonu, pasport masası tərəfindən müvəqqəti olaraq pasport qeydiyyatına alınmışdır. xx.xx.2011-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Polis İdarəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi ilə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 1a nömrəli yataqxanaya daimi pasport qeydiyyatına alınmasına baxmayaraq, onun yataqxananın 83 nömrəli otağına heç - bir hüququ sənədi yoxdur və həmin otaqda uzun müddət yaşamadığına görə, 83 nömrəli otağın boşaldılması üçün, yoxlama komissiyası tərəfindən xəbərdar olunmuşdur. Otağın boşaldılması üçün, bir həftə vaxt istəyərək, həmin otağı boşaldaraq, aidiyyəti üzrə təhvil vermişdir. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-4722/2023 saylı, xx.xx.2023-ü il tarixli cavab məktubunda xx.xx.1945-ci il təvəllüdlü İddiaçı xx.xx.2007-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlama müddəti bitdiyinə görə müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün olmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********84 №-li, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı adına ölkə ərazisi üzrə daşınmaz əmlakın qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmənin mövqeyi. İddianın hüquqi əsası ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 91.1.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) xidməti yaşayış sahələri aiddir. - 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. - 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. - 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. - 101.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. - 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1972-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi ticarət idarəsində sürücü vəzifəsinə təyin olunmuş və 27.12 1996-cı il tarixdə işdən azad edilmişdir. İşlədiyi dövrdə xx.xx.1977ci il tarixdən mübahisəli mənzillə təmin olunmuş və xx.xx.2011-ci il tarixində daimi pasport qeydiyyatına alınmışdır. Otaqdan uzun müddət istifadə etmədiyi üçün, Mənzil-İstismar hissəsi tərəfindən ona otağın boşaldılması təklif olunmuş və iddiaçı ərizə ilə müraciət edərək, otağın boşaldılması etiraz etmədiyini bildirmiş və könüllü surətdə otağı təhvil vermişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68-69, 73, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar