Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5114/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona səhhətinə görə əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçıya xx.xx.2017-ci il tarixdə 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Diaqnoz: Sağ budun aşağı 1/3 nin dişlənmiş yaraları. Sağ tərəfli N.femoralisin travmatik zədələnməsindən sonrakı it dişləməsi. Baş beynin travması nəticəsində şəxsiyyətin dəyişiklikləri ilə kobud davranış pozuntuları, yaddaş zəifliyi. Sağ aşağı ətrafın monoparezi. Əlilliyin səbəbi “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə göstərilmişdir. xx.xx.2022-ci il tarixdə iddaçının əlillik müddəti bitmiş və o, əlilliyin yenidən təyin olunması üçün qeydiyyat yeri üzrə Poliklinikaya müraciət etmiş və həmin X5 Komissiyasının qərarı ilə xx.xx.2022-ci il tarixdə ona imtina cavabı verilmişdir. Tibbi Sosial Ekspert Komissiyasına müvafiq göndəriş verilmişdir. Lakin cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixdə keçirdiyi qiymətləndirmə ilə ona imtina cavabdeh verilmişdir. İddiaçı imtinanı əsassız və qanunsuz hesab edərək cavabdeh ona münasibətdə diaqnozlara uyğun düzgün qiymətləndirmə aparmamışdır. Halbuki iddiaçıya təyin edilmiş çox saylı diaqnozlar ona 2-ci dərəcəli əlillik qrupunun təyin edilməsi üçün kifayət qədər əsas verirdi. Belə ki, iddiaçıya 2022-2023-cü illərdə aşağıda göstərilən müxtəlif tibbi müəssisələri tərəfindən müxtəlif diaqnozlar təyin edilmiş və o, həmin diaqnozlar üzrə müalicə almışdır. “Medistyle” Hospitalında xx.xx.2020-ci il tarixdə müayinə olmuş və ona koronar angioplastika məsləhət görülmüş; AR Səhiyyə Nazirliyinin 2 №-li X2 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müalicədə olmuş və ona “Baş beyin xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və yaddaş zəifliyi” diaqnozu təyin edilmiş; AR Səhiyyə Nazirliyinin 2 №-li X2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müalicədə olmuş və ona “Baş beyin xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və yaddaş zəifliyi” diaqnozu təyin edilmiş; 23 saylı Birləşmiş şəhər Xəstəxanasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müayinədə və müalicədə olmuş və ona “Sol aşağı ətrafı atrofıyası və hərəkət funksiyasının pozulması, baş beyin travması nəticəsində davranış pozuntuları” diaqnozu təyin edilmiş; AR Səhiyyə Nazirliyinin 2 №-li X2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müalicədə olmuş və ona “Baş beyin xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və yaddaş zəifliyi” diaqnozu təyin edilmiş; AR Səhiyyə Nazirliyinin 2 №-li X2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müalicədə olmuş və ona “Baş beyin xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və yaddaş zəifliyi” diaqnozu təyin edilmiş; AR Səhiyyə Nazirliyinin 2 №-li X2 xx.xx.2022-ci il tarixdə Elektroensofaloqrafıya müayinəsindən keçmiş və “Orta strukturların disfunksiyası, aktivləşdirici strukturların üstünlüyü” diaqnozu təyin edilmiş; Akademik C.Abdullayev adına X8 İnstitutunda xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və ona ürək qandamar sisteminin 40% tutulması qeyd olunmuş; xx.xx.2020-ci il tarixdə X11 MRT müayinəsindən keçmiş və “Mastoid hüceyrələrdə skleroz qeyd olunmuş, Paranazal sinuslar-Arxa qrup etmoidal hüceyrələrdə yığıntılar və mukoza qalınlaşması qeyd edilir” diaqnozu müəyyən edilmişdir. Göstərilənlərə əsasən, iddiaçı əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X3 xx.xx.2022-ci il imzalanma tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi travma mənşəli nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri kobud davraniş pozuntulari və yaddaş zəifliyi. (Sağ budun dişlənmiş yarası). Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1977-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2016-cı il tarixli 1061 nömrəli qərar verilmişdir. Həmin qərarda “Sağ budun aşağı 1/3-nin dişlənmiş yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, bədənində keyimə hissi, aşağı ətraflarda hissiyatsızlıq və hərəkət məhdudluğundan şikayətlənmiş, Miokard infarktı keçirdiyini, bundan sonra ürəklə bağlı problemlərinin başladığını bildirmişdir. Hal-hazırda medikamentoz preparatlardan “Aspirin Kardio” qəbul etdiyini qeyd etmiş, digər dərmanların adlarını bilməmişdir. Anamnestik məlumatlarda, yıxılıb başının çay daşına dəydiyini, sağ ayağını it dişlədiyi qeyd etmişdir. Müayinə zamanı sağ budun orta 1/3-də diş izlərinə müvafiq çapıq toxuma aşkarlanmış, hər iki aşağı ətrafda əzələ inkişafı paralel, atrofiya, parez izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Təqdim olunmuş, MRT müayinəsi kəllə-beyin travmasını təsdiqləməmiş, psixi statusunda sadəcə emosional labillik müşahidə olunmuşdur. Təqdim olunmuş Medistyle Hospitalın xx.xx.2020-xx.xx.2020-ci il tarixli Epikrizdə diaqnoz “Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası İİ funksional sinif. Koron ar angioplastika LAP damarına angioplastika” kimi qeyd olunsa da, əlillik təyinatına əsas verməmişdir. X6 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli arayışında qeyd edilmiş diaqnoz əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. 2 saylı X3 xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları və yaddaşın enməsi ilə” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. 2 saylı X3 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsində nəticə “Orta strukturların disfunksiyası, aktivləşdirici strukturların üstünlüyü qeyd olunur” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Medistyle Hospital xx.xx.2022-ci il tarixli EMG müayinəsinin nəticəsi “Bu əlamətlər sağ ayaqda ağır aksonal degenerasiyalı Femoral sinirin ifadəli distal neyropatiyası lehinə dəyərləndirilir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X12 xx.xx.2022-ci il tarixli Kranioserebral MRT müayinəsinin nəticəsi “Sağdan Mastoid hüceyrələrdə skleroz qeyd olunur. Paranazal sinuslar-arxa qrup etmoidal hüceyrələrdə yığıntılar və mukoza qalınlaşması qeyd edilir. Beyin yarımkürələrində subaraxnoidal şırımların həcmi bir qədər artmışdır qeyri-kobud kortikal atrofiya əlamətləri” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERAda xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunur, anterior septumun və inferior septumun apikal seqmenti ciddi hipokinetikdir, sistolik funksiya azalıb (LVEF=44%). Aortal və Mitral qapaqlar fibrotikdir. Min MR, Min TR. Perikard təmizdir Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR=116)” kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir və iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Cavabdeh etiraz məktublarında iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də, müraciəti təmin edilməmişdir. Qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati aktla ona əlilik təyin edilməməklə hüquqi vəziyyətində hər hansı dəyişiklik baş verməmişdir. Həmin qərarın iddiaçıya təqdim olunması öz təsdiqini tapmamışdır. Bununla belə həmin qərar iddiaçının hüquqi statusunda hər hansı dəyişikliyə səbəb olmadığından iddiaçı məcburetmə növündə iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-Ş-xx/xx/2023 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmuş, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində xx.xx.2022-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Həmçinin, hazırda səhhətində ağırlaşmalar əmələ gəlibsə, dövlət tibb müəssisəsi tərəfindən müayinə olunub, sağlamlıq vəziyyətinizi tam şəkildə əks etdirən yeni göndəriş rəsmiləşdirildikdən sonra əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəyi bildirilmişdir. İş materiallarında olan sənədlərə əsasən: İddiaçı əlillik vəziyətinə xx.xx.1997-ci il tarixdə baxılmış və “əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat: ikinci dərəcəli əlillik; əlillik səbəbi: Hərbi Xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; diaqnoz: Sağ budun aşağı 1/3-nin dişlənmiş yaraları. Sağ tərəfli N.femoralisin travmatik zədələnməsindən sonrakı it dişləməsi. Baş beynin travması nəticəsində şəxsiyyətin dəyişiklikləri ilə kobud davranış pozuntuları, yaddaş zəifliyi. Sağ aşağı ətrafın monoparezi.” səbəbi ilə beş il müddətinə, yəni, xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlillik verilmişdir. İnzibati icraat materiallarından görünür ki: Sonuncu dəfə İddiaçı əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixdə baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi travma mənşəli nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri kobud davranış pozuntuları və yaddaş zəifliyi. (Sağ budun dişlənmiş yarası), Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması – Səbəb: diaqnozun öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçıya münasibətdə tərtib edilmiş göndərişdə xəstəliyin gedişi xroniki, ağırlıq dərəcəsi orta ağır olaraq qeyd edilmişdir. Əsas diaqnoz olaraq - F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi travma mənşəli nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri kobud davranış pozuntuları və yaddaş zəifliyi, ağırlaşma qismində; 1. F07.8 - Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin üzvi xəstəliyi travma mənşəli nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri kobud davranış pozuntuları və yaddaş zəifliyi; 2. F06.8 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular, baş beynin üzvi xəstəliyi travma mənşəli nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri kobud davranış pozuntuları və yaddaş zəifliyi göstərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının 28 fevral 2023-cü il tarixli, 3-17-4/3-3-1247/2023 nömrəli Qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi- Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023cü il tarixdə aşağıda adı göstərilən 29 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 25. Bakı şəhər sakini xx.xx.1977-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2016-cı il tarixli 1061 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ budun aşağı 1/3-nin dişlənmiş yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, bədənində keyimə hissi, aşağı ətraflarda hissiyatsızlıq və hərəkət məhdudluğundan şikayətlənmiş, Miokard infarktı keçirdiyini, bundan sonra ürəklə bağlı problemlərinin başladığını bildirmişdir. Hal-hazırda medikamentoz preparatlardan “Aspirin Kardio” qəbul etdiyini qeyd etmiş, digər dərmanların adlarını bilməmişdir. Anamnestik məlumatlarda, yıxılıb başının çay daşına dəydiyini, sağ ayağını it dişlədiyi qeyd etmişdir. Müayinə zamanı sağ budun orta 1/3-də diş izlərinə müvafiq çapıq toxuma aşkarlanmış, hər iki aşağı ətrafda əzələ inkişafı paralel, atrofiya, parez izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Təqdim olunmuş, MRT müayinəsi kəllə-beyin travmasını təsdiqləməmiş, psixi statusunda sadəcə emosional labillik müşahidə olunmuşdur. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qərarın iddiaçıya təqdim olunmasını təsdiq edən sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qərarda göndərişin nömrəsi öz əksini tapmamışdır, lakin cavabdeh tərəfindən iddiaçıya münasibətdə imtinanın verilməsinə əsas olmuş xx.xx.2022-ci il tarixli göndərişin surəti inzibati icraat materialları ilə birlikdə etiraza əlavə edilməklə məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 1061 nömrəli Qərarında qeyd edilmişdir ki, Qobustan RHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Knyaz oğlunun hərbi xidmət dövründə aldığı və xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ budun aşağı 1/3nin dişlənmiş yaraları” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon idarəsinin xx.xx.2010-cu il tarixli 4/360 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli 4/71 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2003-cü il tarixli çıxarış epikrizi, 314 nömrəli xəstəlik tarixindən çıxarışlar, vətəndaşın ərizəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmişdir”. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5114/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəmə qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3759 nömrəli məktubu ilə göndərilmiş İddiaçı haqqında olan xx.xx.2024-cü il tarixli 2243 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, ...İddiaçı Knyaz oğlunda Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, ifadəli davranış və yaddaş pozuntuları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu anmnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırki müayinənin nəticələri (yoxlanılan şəxsin verdiyi anamnestik məlumatlara görə 2003-cü ildə gizir rütbəsində kəşfiyyatçı kimi hərbi xidmətdə olduğu zaman hadisə yerində itin qəfildən hücum edərək onu ayağından dişləməsi və onun oradan uzaqlaşmaq istədiyi zaman hündürlükdən çaya yıxılaraq bir sutkaya yaxın müddət huşunu itirməklə başından zədə alması, aşkar edilərək Sarcalı qəsəbəsində yerləşən hərbi hospitala gətirilməsi, müalicələrdə olması, daha sonralar onda meydana gələn əsəbilik, yuxu pozuntusu, baş ağrıları ilə və hərbinin tələblərini icra etməkdə çətinliklərlə əlaqədar hərbi xidmətdən təxris edilməsi, psixi vəziyyəti ilə əlaqədar ilk dəfə stasionar müalicədə AR SN-nin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi “Baş beynin travma nəticəsində şəxsiyyətin dəyişiklikləri və davranış pozuntuları” diaqnozu ilə olması, son illər onda digər şikayətlərin yarandığını, yuxusunun pozulması, əsəbilik, baş ağrıları ilə yanaşı yaddaşında zəifləmə yaranması, hərdən əsəblərini cilovlaya bilməyərək əsəbi reaksiyalar verməsi, göstərilənlərlə yanaşı ayağında və belində ağrılarla əlaqədar yaşayış yeri üzrə poliklinikaya müraciətlərinin olması, ambulator müalicələr qəbul etməsi, həmçinin ürək ağrıları ilə əlaqədar müayinələrdən sonra 2020-ci ildə ürəyində stend əməliyyatı keçirməsi, psixi vəziyyəti ilə əlaqədar son illərdə Bakı şəhər 2 nömrəli X1 dəfələrlə “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və yaddaş zəifliyi” diaqnozu ilə stasionar müalicələrdə olması, həmçinin hazırki müayinə zamanı bir qədər narahat görünməsi, ünsiyyətə həvəssiz daxil olması, verilən suallara bir qədər ləng dərk etməsi, şikayətləri barəsində soruşduqda tez yorulma, hövsələsizlik, əhvalında dəyişkənlik olmasını, bununla yanaşı baş ağrıları, yuxu pozuntuları, yaddaşda zəiflik yarandığını, göstərilən səbəblərlə əlaqədar işləyə bilməməsini bildirməsi, əsəbi halların tez-tez baş verməsi, əsəbi gərginliklər zamanı hirsini boğmaq məqsədilə yumruğu ilə divara vurması, əlinə düşən hər-hansı bir əşyanı çırparaq sındırması, bəzən ailə üzvlərinə qarşı aqressiv davranması, adi qıcıqlara qarşı dözümsüzlükdən əziyyət çəkdiyini, əsəblərini cilovlaya bilməməsini bildirməsi, ambulator qaydada müraciətləri və stasionar müalicələrdə olduqdan sonra evə yazıldıqda ona evdə qəbul etməsi üçün reseptlərə müvafiq dərmanları (təqdim etdiyi ambulator xəstənin tibbi kartasına görə qəbul etdiyi dərmanlar – Amitriptilin, Pirasetam, Serebrozilin, Fenezepam, Sermion və s.) əldə edərək qəbul etməsi, aparılan söhbət gedişatında verilən bəzi suallar zamanı əsəbiliyinin artmasının nəzərə çarpması, sorğu gedişatında tez yorulması, astenizasiya olunması, “məni tez buraxın çıxım gedim, hövsələm çatmır, başın ağrıyır” kəlmələri ilə onda əsəbi gərginliyin aşkar biruzə verməsi və s.) sübut edir. İddiaçı qoyulmuş “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin üzvi xəstəliyi, travma mənşəli nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və yaddaş zəifliyi” diaqnozun yoxlanılan şəxsin hazırkı psixi vəziyyətinə uyğun olması müəyyən edilir. İddiaçı hal-hazırda müəyyən edilən “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, ifadəli davranış və yaddaş pozuntuları ilə” diaqnozlu psixi pozuntu yoxlanılan şəxsin 2003cü ildə başından almış olduğu travma nəticəsində onda yaranmış ifadəli davranış və yaddaş pozuntuları həmin travmanın sonrakı dinamikasını əks etdirərək xəstəliyin ağırlaşmasının göstəricisidir. Diaqnozların əlilliyin meyarlarına uyğun olub-olmamasının müəyyən edilməsi məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid deyil. İddiaçı sağalma ehtimalının nə qədər olması və göstərilən psixi pozuntunun müalicə olunaraq sağalması barəsində qoyulan suala cavab olaraq bildirmək olar ki, yoxlanılan şəxsdə onda aşkar edilmiş "Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, ifadəli davranış və yaddaş pozuntuları ilə" aldığı müalicələrə baxmayaraq pozuntu əlamətləri təkrarlandığı üçün həmin psixi pozuntunun dəqiq proqnozunu vermək mümkün deyildir. Məhkəmə hesab edir ki, işin yuxarıda qeyd edilən faktiki hallarına qanunvericiliyinin aşağıda göstərilən normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 26 dekabr tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimatın 2.2-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik” səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində “üzvi mənşəli şəxsiyyət pozuntusu” F07 diaqnozu öz əksini tapmaqdadır. Eyni zamanda müəyyən edilmişdir ki, Meyarların 7.6.2-ci bəndində öz əksini tapmış “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” F07.8 diaqnozu iddiaçıya münasibətdə rəsmiləşdirilmiş göndərişdə öz əksini tapmaqdadır. İşin faktiki hallarını iş materialları ilə qarşılıqlı şəkildə təhlil edən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Bununla yanaşı qeyd edilməlidir ki, əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın fəaliyyəti diskresion səlahiyyətlər çərçivəsində həyata keçirilməkdədir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion səlahiyyətlərin təsir dairəsinə düşən qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdeh əlilliyin təyin edilməsindən imtinasını diaqnozun əyani müayinə zamanı öz təsdiqini tapmaması və nəticə etibarı ilə əlillik əlaməti təyin etməməsi ilə əsaslandırmışdır. Məhkəmə araşdırması və iş üzrə təyin edilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, İddiaçı üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu (F07) aşkar olunur. İddiaçı qeyd olunan “üzvi mənşəli şəxsiyyət pozuntusu”nun strukturuna depressiv və koqnitiv pozuntular, emosional labillik daxildir. Beləliklə, İddiaçı qoyulmuş diaqnozları düzgün hesab oluna bilər. Yuxarıda sadalanan əlamətlər, həmçinin şəxsiyyət pozuntusu keçirilmiş kəllə-beyin travmasının fəsadları və ağırlaşmaları kimi qiymətləndirilir. Qeyd olunmuş diaqnozlu pozuntuların keçirilmiş kəllə beyin travması ilə səbəbli əlaqəsi vardır. Ekspert rəyində bildirilmişdir ki, iddiaçıda qeyd olunan psixi pozuntunun aldığı müalicələrə baxmayaraq pozuntu əlamətləri təkrarlandığı üçün həmin psixi pozuntunun dəqiq proqnozunu vermək mümkün deyildir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə qüvvədə olan hərbi həkim komissiyasının qərarı mövcuddur ki, ona münasibətdə həmin qərar əsasında xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək beş il müddətinə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Lakin cavabdeh tərəfindən diaqnozun düzgün olması, iddiaçının əvvəllər də eyni diaqnoz əsasında əlil olmasını nəzərə almadan, qərarda iddiaçıda olan xəstəliklərin əyani müayinə zamanı öz təsdiqini tapmasını əsaslandırmadan müvafiq imtina qərarı qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, qanunla və qaydalara əsasən müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması cavabdeh tərəfindən aparılan icraat çərçivəsində mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi). İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, iddia iddiaçı tərəfindən irəli sürülən tələb həcmində təmin olunmalı, cavabdehin üzərinə xx.xx.1977-ci il tarixdə doğulmuş İddiaçı xx.xx.2022-ci il tarixli B00030354CHX nömrəli göndəriş əsasında iddiaçıda müşahidə olunan F07.0 və F07.8 XBT kodlu diaqnozlar əsasında müddəti və faizi müəyyən edilməklə əlilliyin təyin edilməsi öhdəliyi qoyulmalıdır. Belə ki, hazırkı vəziyyətdə iddiaçıya münasibətdə əlilliyin səbəbinin müəyyən edilməsinə nəzərən hərbi həkim komissiyasının qərarı mövcuddur, iddiaçının ona əlilliyin təyin edilməsini tələb etdiyi diqanoz öz təsdiqini tapır və Meyarlarda mövcuddur. Onun ağırlaşmalarına uyğun əlilliyin dərəcəsinin və müddətinin müəyyən edilməsi isə cavabdehin diskresion səlahiyyətlərinə aiddir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, işə iddia tələbi çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixli B00030354CHX göndəriş əsasında göndərişin imzalandığı xx.xx.2022-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X10.
Məhkəmə qərarları › İş №2-1(112)-5114/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5114/2024
05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver