Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5115/2023 06.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Təhlükəsizlik Şəhər Xidmətinə qarşı “kameralardan çəkilmiş görüntülərin verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Təhlükəsizlik Şəhər Xidmətinə qarşı “xx.xx.2022-ci il tarixli 173 saylı vəkil sorğusuna cavab olaraq TŞ9-121, TŞ9- 122, TŞ9-123, TŞ9-147 kameralarından həmin hadisə yeri açıq aydın görünə bilməsini və həmin kameralardan 08 oktyabr saat 20:45-dən 22:20-yə qədər olan vaxt ərzində çəkilmiş görüntülərin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 oktyabr 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinə vəkil sorğusu verərək bildirmişdir ki, 08 oktyabr 2022-ci il tarixdə saat 21:00-22:00 arasında Nardaran-Bilgəh yolunda Bilgəh istiqamətində öz hərəkət zolağında hərəkət edən övladları olan Kia markalı avtomobilə yüksək sürətlə çırpılan Rengrover markalı avtomobili idarə edən şəxs hadisə yerindən yayındırılmış və hadisəyə aidiyyətı olmayan başqa bir şəxsi qabağa vermişlər və bu hadisə ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində araşdırma gedir. Hadisə zamanı Rengrover markalı nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarını dərhal sökərək aparmışlar və həmin hadisə baş verən anda Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin rəisi hadisə yerinə gəlmiş və sonradan bilmişdir ki, həmin Rengrover markalı avtomobil digər şəxsə məxsusdur və həmin hadisəni törədən zaman içkili olması barədə şübhələr var. Spirtli içkili olan hadisəni törədən şəxsi hadisə yerindən dərhal qaçırtmışlar. Həmin hadisə zamanı güclü zərbənin nəticəsində Kia nəqliyyat vasitəsində olan oğlu X1 və X2 hadisə yerində həlak olmuşlar, digər şəxs X3 isə ağır xəsarətlər alaraq Mərkəzi Klinikada reanimasiyada koma vəziyyətindədir. Həmin görüntüləri götürərək baş vermiş hadisənin kim tərəfindən törədilməsini müəyyən etmək daha rahat olar və cinayət işinin ədalətli araşdırılmasına nail olmaq üçün TŞ9-121, TŞ9-122, TŞ9-123, TŞ9-147 kameralarından hadisə yeri açıq-aydın görünə bilməsini və kameralardan 08 oktyabr saat 20:45-dən 22:20-yə qədər olan vaxt ərzində çəkilmiş görüntülərin verilməsini xahiş etmişdir, lakin cavabdeh tərəfindən lazım olan cavab verilmir. Məhkəmə iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım edərək 29 dekabr 2022-ci il tarixli məktubla prosessual qənaət prinsipindən çıxış edərək çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsi kimi sübutun əldə edilməsi barədə müvafiq vəsatəti cinayət təqibini həyata keçirən orqana təqdim etmək hüququnun olmasını bildirmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü müvafiq olaraq bu Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarından: 7.1. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. .. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının tələbi cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyət çərçivəsində cinayət işinin ədalətli araşdırılmasına nail olmaq üçün vəkil sorğusu əsasında sübut əldə edilməsi ilə bağlıdır. Belə olan halda prosessual qənaət prinsipindən çıxış edərək məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya qanuna müvafiq qaydada çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsi kimi sübutun əldə edilməsi barədə müvafiq vəsatətlə cinayət təqibini həyata keçirən orqana müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova