Məhkəmə qərarları › İş №2-1(112)-5119/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5119/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5119/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi) qarşı «məlumat vərəqəsinin verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (üçüncü şəxs DSMF X6 İdarəsi) qarşı «məlumat vərəqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) AR Dövlət Gömrük Komitəsinin xx xxxxxx 1997-ci il tarixli 100 saylı əmri ilə Binə Gömrükxanası sərnişin şöbəsinə inspektor vəzifəsinə təyin edilmişdir. xx xxxxx 2014-cü il tarixli 100/250 ş saylı əmri ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi skanlaşdırma şöbəsinin inspektoru vəzifəsinə, xx xxxx 2015-ci il tarixli 100/655 ş saylı əmr ilə həmin şöbənin böyük inspektoru vəzifəsinə keçirilmiş, nəhayət xx xxxxxx 2018-ci il tarixli 100/1345 ş saylı müvafiq əmrlə «Gömrük Orqanlarında xidmət haqqında Əsasnamə»nin 120-ci maddəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə onun xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ön sıralarda döyüşməklə xx xxxxxx 1992-ci il tarixli 57 nömrəli əmrə əsasən müvafiq hərbi hissənin şəxsi heyətinə sıravi əsgər-atıcı təyin edilməklə həmin tarixdən xx xxx 1993-cü il tarixədək Gədəbəy rayonunun Şınıx bölgəsinin müdafiəsində, Başkənd əməliyyatında, Mutudərə kəndinin alınmasında fəal yaxından iştirak etmişdir. Hal-hazırda müharibə veteranıdır. Dəfələrlə aidiyyətı qururmlara yazılı və şifahi müraciətlərinə baxmayaraq, onun təqaüdü düzgün hesablanmamışdır. Bu barədə rəsmi müraciətinə AR Dövlət Gömrük Komitəsi x xxxx 2020-ci il tarixli 1000-180/1xx-xx/010007 nömrəli imtina məktubu vermişdir. Belə ki, Komitə onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi müddətin güzəştli xidmət illərinə əlavə olunması üçün AR Müdafiə Nazirliyinin bu barədə müvafiq qərarının təqdim ediməsini tələb etmişdir. Halbuki bu qanunsuzdur. Bunu təsdiqləyən Müdafiə Nazirliyinin arxiv arayışı mövcuddur. İddiaçının müraciətlərinə və müharibə veteranı vəsiqəsini təqdim etməsinə baxmayaraq ondan həqiqətən döyüş bölgəsində xidmət etməyi barədə qərar verilməsini tələb ediblər və o, lazım olan arayışları AR Dövlət Gömrük Komitəsinə təqdim etmişdir. Ərizədə qeyd olunan qanunvericilik normalarının tələblərini nəzərə almadan və AR Dövlət Gömrük Komitəsi onun müraciətini düzgün araşdırmadan, qeyri-obyektiv olaraq ərizədə göstərilən xüsusatlara səthi yanaşaraq müraciətin müsbət həllinə laqeyid münasibət göstərmişdir. «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» AR Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarına görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi. Hərbi qulluqçuların pensiyasına «Əmək pensiyaları haqqında» AR Qanununun 20.14.1-ci maddəsi ilə qulluq stajına görə əlavələr hesablanarkən «Hərbi qulluqçuların pensiya təminatı haqqında» AR Qanunun qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vələndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. (Konstitusiyanın 7-ci maddəsinin İ hissəsi, 12-ci maddəsinin İ hissəsi, 16-cı maddəsinin İ hissəsi). Bu müddəaların həyata keçirilməsi o deməkdir ki, dövlət hər şeydən əvvəl insanlar üçün mövcud olur və onların tələbatlarının real olaraq əks olunması, qorunması və müdafiə edilməsi sahəsində müvafiq öhdəliklər daşıyır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Beləliklə də «Hərbi qulluqçuların pensiya təminatı haqqında» AR Qanununun 16-cı maddəsinə görə həmin Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını AR Nazirlər Kabineti müəyyən etmişdir. Belə ki, «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Lakin, xidmət illərinə görə ona (iddiaçıya) əmək pensiya təyin edilsə də, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi xx xxxxxx 1992-ci il tarixdən – xx xxx 1993-cü il tarixədək olan hərbi xidmət dövrü pensiya təminatı zamanı güzəştli bir ayı üç ay sayılmaqla nəzərə alınmamışdır. Göstərilənlərə və İPM-in 33.1-ci maddəsinə əsaslanaraq, xx xxxxxx 1992-ci il tarixdən xx xxx 1993-cü il tarixədək olan xidmət dövrünün imtiyazlı 1 günü 3 gün hesablanmaqla ümumi xidmət illərinin yenidən hesablanması, bunun təqaüdə çıxdığı müddətdən hesablanması və buna dair məlumat vərəqəsinin tərtib edilərək DSMF X6 İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi iddiaya qarşı yazılı etirazında aşağıdakılar qeyd olunur: - İddiaçı iddiası təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, AR Dövlət Gömrük Komitəsi sədrinin xx xxxxxx 2018-ci il tarixli 100/1345ş nömrəli əmri ilə «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İddia ərizəsindən görünür ki, o, xx xxxxxx 1992-ci il tarixdən xx xxx 1993-cü İl tarixədək olan xidmət dövrünün imtiyazlı 1 günü 3 gün hesablanmaqla ümumi xidmət illərinin yenidən hesablanması, bunun pensiyaya çıxdığı müddətdən hesablanması və buna dair yeni məlumat vərəqəsinin tərtib edilərək DSMF orqanına göndərilməsi öhdəliyinin AR Dövlət Gömrük Komitəsinın üzərinə qoyulmasını tələb edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxan hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilir. «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» AR Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 631 nömrəli qərarına əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. İddiaçı xx xxxx 2020-ci il tarixli iddia ərizəsinə əlavə edilmiş sənədlərindən müəyyən olunur ki, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən AR Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 631 nömrəli qərarının tələbini nəzərə almadan AR Müdafiə Nazirliyinin x xxxxxx 2019-cu il tarixli arxiv arayışı əlavə edilməklə kifayətlənmişdir. AR Nazirlər Kabinetinin xx xxxxxx 1992-cı il tarixli 631 nömrəli qərarının tələbindən də göründüyü kimi, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən şəxslərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması AR Müdafiə Nazirliyinin, AR Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilir. Lakin iddiaçı AR Müdafiə Nazirliyinin bu barədə müvafiq qərarı olmadan hazırkı İddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda AR Dövlət Gömrük Komitəsinin hər hansı təqsiri istisna olunur. Hazırkı iddia tələbi üzrə cavabdeh olaraq qeyd etmək zəruri hesab olunur ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin hallan barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdınlmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə inzibati prosessual qanunvericiliyin subutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulmasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir və iddia hər hansı əsaslı şübhə yaratmayan sübutla təsdiq edilmir. Göstərilənlərə və İPM-in 12, 58.7, 64.1, 68.2-ci maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X3 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: (9.5.1) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular, (9.5.2) hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, (9.5.3) hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, (9.5.4) hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Həmin Qanunun 20.14-cü maddəsinə görə bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - (20.14.1) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunmaqla. müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 68-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasının x xxxxxxxx 2005-ci il tarixədək qüvvədə olan tələblərinə görə Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir - döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də AR Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti – üçqat ölçüdə. AR Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» xx xxxxxx 1992-ci il tarixli 631 nömrəli qərarının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Gömrük orqanlarının kiçik heyət, orta, baş, ali rəis heyəti vəzifələrində xidmətə təyin olunma günündən. Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə «Əmək pensiyaları haqqında» AR Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Qərarın 2-ci bəndinin “a” yarımbəndi AR Nazirlər Kabineyinin x xxxx 2005-ci il tarixli 125 nömrəli qərarı ilə həmin bəndə dəyişiklik edilənədək aşağıdakı məzmunda verilmişdur: - Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün xidmətin bir ayı üç ay sayılmaqla Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin. Həmin qərarın 2-ci bəndinə görə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması AR Müdafiə Nazirliyinin, AR Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 nömrəli qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın müddəalarına görə: - (1-ci bənd) bu Qaydalar «Əmək pensiyaları haqqında» AR Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – AR Təhlükəsizlik Şurasının katibinin xidmətində, Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – AR Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən DSMF-yə təqdim olunması qaydalarını müəyyən edir: - (3-cü bənd) bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində DSMF-yə təqdim edilir. Məhkəmənin qənaəti belədir ki, cavabdehin imtinası qanunaz zidd deyil. Bu qənaət ondan irəli gəlir ki, iddiaçının 1992 – 1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları dövründə döyüşən ordunun (AR Müdafiə Nazirliyinə tabe olan) tərkibində xidmət etdiyi AR Müdafiə Nazirliyinin İşlər X4 müvafiq arayışı ilə təsdiqləndiyindən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə əsasən əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 68-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasının x xxxxxxxx 2005-ci il tarixədək qüvvədə olan tələbləri və hazırda qüvvədə olan AR Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinin “a” yarımbəndi hər hansı şərtsiz, yəni AR Müdafiə Nazirliyinin bu barədə müvafiq qərarının olması tələb edilmədən (Qanunda nəzərdə tutulmadığından) iddiaçıya münasibətdə tətbiq olunmalı və onun həmin dövr üzrə xidmətdə olma müddəti üçqat hesablanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı 1992 – 1993-cü illərdə döyüş əməliyyatlarında iştirak etdiyi xidmət dövrü imtiyazlı olaraq 1 gün 3 gün sayılmaqla pensiyaya çıxdığı vaxtdan xidmət illəri yenidən hesablanaraq məlumat vərəqəsinin tərtib edilib DSMF qurumuna göndərilməsi öhdəliyi cavabdeh AR Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 1992 – 1993-cü illərdə döyüş əməliyyatlarında iştirak etdiyi xidmət dövrü imtiyazlı olaraq 1 gün 3 gün sayılmaqla pensiyaya çıxdığı vaxtdan xidmət illəri yenidən hesablanaraq məlumat vərəqəsinin tərtib edilib DSMF qurumuna göndərilməsi öhdəliyi cavabdeh AR Dövlət Gömrük Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar