Məhkəmə qərarları › İş №2-1(112)-5119/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5119/2021

01.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5119/2021 01.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, "xxxx" MMC və "xxxx" MTK üçüncü şəxslər qismində cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsində, 2 otaqlı, sahəsi 90 kv.m. olan mənzilə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (podratçı) ilə İddiaçı (sifarişçi) arasında 31 oktyabr 2012-ci il tarixdə "xxxx" MMC-nin Baki şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi İ saylı çoxmənzilli yaşayiş binasının 12-ci mərtəbəsində, 2 otaqlı, 37 №-li, 90 kv.m. mənzilə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən mənzil sahəsinin qiyməti hər 1 kv.m. üçün 785,5 manat həcmində müəyyənləşdirilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 70695 manat olmaqla dəyişilməz qalır. Mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və 31 oktyabr 2012-ci il və 05 noyabr 2012-ci il tarixli kassa mədaxil orderlər ilə "xxxx" MMC-nin hesabına ödənilmişdir. Buna dair kassa mədaxil orderi və maliyyə arayışı verilmişdir. Tərəflər arasında bağlanmış göstərilən müqavilənin 1.1-ci bəndinə əsasən, podratçı ("xxxx" MMC) Baki şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi İ saylı çoxmənzilli yaşayış binəsinin 12-ci mərtəbəsində, 2 otaqlı, 37 №-li, 90 kv.m. mənzilini tikib sifarişçiyə (İddiaçı) təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq podratçı ("xxxx" MMC) Baki şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi İ saylı çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsində, 2 otaqlı, 37 №-li, 90 kv.m. mənzilini tikib sifarişçiyə (İddiaçı) təhvil vermişdir. Azərbaycan Respublikasının Dövlət şəhərsalma va Arxitektura Komitəsi tərəfindən "xxxx" MMMC-nin adına Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən yaşayış binasına dair istismarına sadələşdirilmiş formada yaşayış obyekti kimi icazə verilmiş və həmin bina tikintilərin dövlət reyestrinə daxil edilmişdir. Göstərilənlərə əsasən, "xxxx" MMC (podratçı) ilə İddiaçı (sifarişçi) arasında 31 oktyabr 2012-ci il tarixdə bağlanmış "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi İ saylı çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsində, 2 otaqlı, 37 №-li, 90 kv.m. mənzilə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə əsasında göstərilən mənzilə dair pay haqqını — mənzilin dəyərini tam ödədiyindən, həmin mənzil üzərində İddiaçı sahiblik va istifadə hüququ yaranmışdir. Göstərilənlərə və Azərbaycan Respublikası MM-nin 139-cu maddəsinə əsaslanaraq 03.02.2021-ci il tarixdə həmin mənzilə dair hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı, 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq, 1 saylı Bakı Ərazi İdarəsinin 17.02.2021-ci il tarixli, **********27 №-li cavab məktubuna əsasən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasindan imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinası əsassızdır. İddiaçının həmin mənzilə dair tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyəti) qarşısında hər hansı borc öhdəliyi yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 30.03.2021-ci il tarixli qərardadı ilə, "xxxx" MMC və "xxxx" MTK üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə təqdim edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, İddiaçı tərəfindən qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, 09.12.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. Vətəndaşın İdarəyə təqdim etdiyi müqavilə "xxxx" MMC ilə bağlanmışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********27 saylı, 17.02.2021 -ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxslər nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 31.10.2012-ci il tarixli, 71 saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Sifarişçi” İddiaçı Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən “Podratçı” "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi İ saylı çoxmənzilli yaşayış binasının Xİİ mərtəbəsində, 2 otaqlı, 37 nömrəli, 90 kv.m. mənzili tikib “Sifarişçi”yə təhvil verməyi və “Sifarişçi” öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Tikilən mənzilin ümumi yaşayış sahəsinin 1 kv.m. qiyməti 785,50 manat olmaqla, mənzilin ümumi sahəsi 90 kv.m., müqavilənin qiyməti 70695 manat müəyyən edilmişdir; "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı "xxxx" MMC-dən 31.10.2012-ci il tarixli 71 saylı müqavilə ilə Nəsimi rayonu D.Əliyeva küçəsidə inşa edilən çoxmənzilli yaşayış binasının Xll mərtəbəsində yerləşən 90 kv.metr sahəsi olan 37 saylı mənzilə görə müəssisəyə 70695 (yetmiş min altı yüz doxsan beş ) manat pul ödəmişdir. İddiaçı 31 oktyabr 2012-ci il tarixli 71 saylı müqavilə üzrə borcu qalmamışdır; Mənzilin təhvil-təsliminə dair aktın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında olan, 31.10.2012-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC tərəfindən, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının Xİİ mərtəbəində yerləşən, 37 saylı 2 otaqlı, sahəsi 90 kv.m. olan mənzil, müqavilədə nəzərdə tutulmuş qaydada İddiaçı təhvil verilmişdir; Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş imtina məktubunda göstərilmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməlidir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, 09.12.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 17 sentyabr 2021-ci il tarixli məktubla Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-ya ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) məxsus yaşayış binasının Azərbaycan Respublikasının Prezidentinin 19.02.2019-cu il tarixli 529 nörməli Fərmanına uyğun olaraq verilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09.12.2019-cu il tarixli 246 nömrəli istismara icazə sənədinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin sənədə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllə; 1 girişli, zirzəmili 17 (+mansarda) mərtəbəli yaşayış binasının 09.12.2019-cu il tarixdən istismarına icazə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); … 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” İş materiallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında 31 oktyabr 2012-ci il tarixdə çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 71 nömrəli müqavilə bağlanmışdır. İddiaçı tərəfində müqavilə üzrə ödənilməli olan məbləğ "xxxx" MMC-yə ödənilmiş və müqavilədə göstərilən mənzil iddiaçıya təhvil verilmişdir. İddiaçının hüququun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququnu qeydə almaqdan imtina etmiş, bu zaman çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, 09.12.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçi) "xxxx" Mənzil Tikinti Kooperativinin ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərildiyinə istnad etmişdir. Cavabdehin bu dəlilləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 3.0.42-ci maddəsinə əsasən, sifarişçi – tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslərdir; 101.1-ci maddəsinə əsasən, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir; 102.1-ci maddəsinə əsasən, tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.2-ci maddəsinə əsasən, obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli icazə verilmişdir. Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MTK ("xxxx" MMMC) göstərilmişdir. İş materialları ilə mübahisəli mənzilin yerləşdiyi binanın tikintisi zamanı bütün sənədlərdə tikintini sifariş edən, yəni sifarişçi qismində "xxxx" MTK-nın göstərildiyi müəyyən edildiyindən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edən sənəddə - Tikinti obyektinin istismarına icazədə "xxxx" MTK-nın adının yazılması təbiidir. Lakin məhkəmə qeyd edir ki, tikinti obyektinin istismarına icazədə sifarişçi qismində "xxxx" MTK-nın adının yazılması "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqaviləni şübhə altına almaq üçün əsas deyildir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin icraatındakı 2-2(113)-731/2021 saylı 21.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" MTK digər tələblərlə yanaşı 5 mart 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşma müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsini məhkəmədən xahiş etmiş, lakin iddia tələbi təmin olunmamışdır. Bu qətnamə qanuni qüvvəyə minməsə də, müqavilənin ləğv edilməsinin müqavilənin bağlandığı andan hüquqi nəticə yaratmadığını, tərəflərin öhdəliklərinə ləğv edilmə anından xitam verildiyini, onun nəticələrinin müqavilənin ləğv edilməsindən sonraya şamil olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, həmin müqavilə ləğv olunsa belə, bu hal "xxxx" MMC-nin 2012-ci ildə iddiaçı ilə bağladığı müqavilənin ləğvi üçün əsas təşkil edə bilməz. İş materiallarından göründüyü kimi, 05.03.2006-cı il tarixli müqaviləyə əsaslanaraq "xxxx" MMC mübahisəli mənzili iddiaçıya satmış, iddiaçı buna görə müvafiq ödəniş etmiş və mənzili təhvil almışdır. Həmçinin mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestində qeydə alınması üçün hüququmüəyyənedici əsas kimi çıxış edən 31 oktyabr 2012-ci il tarixli 71 nömrəli müqavilə hazırda qüvvədədir, ləğv olunmamış, "xxxx" MTK tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Belə olan halda, "xxxx" MMC ilə İddiaçı arasında 31 oktyabr 2012-ci il tarixdə bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 71 nömrəli müqavilə 37 nömrəli mənzil üzərində İddiaçı hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici əsas kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Məhkəmə qeyd edir ki, 31 oktyabr 2012-ci il tarixli 71 nömrəli müqavilədə tərəflərin necə adlandırmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Lakin əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil yaxud qeyri-yaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən hər hansı səbəbdən MTK ilə MMC-ni fərqləndirə bilmirsə, onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyri-yaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etməkdirsə, bu halda onların bu niyyətinə üstünlük veriməli və yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə MTK yaşayış evlərində yerləşən mənzillər kimi yanaşılmalıdır (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). Məhz bu baxımdan hazırkı halda İddiaçının "xxxx" MMC ilə 31 oktyabr 2012-ci il tarixli 71 nömrəli müqaviləni bağlayarkən niyyətinin yaşayış (qeyri-yaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etmək olduğunu və bu məqsədlə müəyyən edilmiş haqqı tam ödədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş əsas hazırkı iş üzrə mövcuddur. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının çoxmənzilli yaşayış binasında olan mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 12ci mərtəbəsində, 2 otaqlı, sahəsi 90 kv.m. olan mənzilə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 1 girişli, zirzəmili, 17 mərtəbəli (+mansard) yaşayış binasının 12-ci mərtəbəsində, 2 otaqlı, sahəsi 90 kv.m. olan 37 saylı mənzilə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar