Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-512/2024 15.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı arayışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı arayışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hərbi hissədə xidmətdə olarkən hərbi təlimlərdə iştirak zamanı beton dirəyinin qismən aşması nəticəsində sol körpücük sümüyü sınışdır. Əzilmə səbəbi kimi düşünərək həkimə müraciət etməmişdir. Sonradan isə hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş, sınıqdan sonra düzgün olmayan formada bitişmə olduğunu müəyyən etmişdir. Müalicə üçün Baş Klinik Hospitala göndərilmiş, cərrahi əməliyyat keçirmişdir. Lakin, 10 ildən artıq müddətdir ki, hərbi hissə tərəfindən travma haqqında arayış verilmir. Ali Məhkəmənin 11 avqust 2023-cü il tarixli qərarından görünür ki, işin aidiyyəti üzrə baxılmsı üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək 500 manat məbləğində pulun tutulmasını xahiş etmiş, iddia 500 manat pulun iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsi formasında icraata qəbul edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: Hərbi biletin surətindən görünür ki, iddiaçı 28 sentyabr 2010-01 iyul 2011-ci il tarixlərdə N saylı hərbi hissədə xidmət etmişdir. Hərbi hissənin məktubunda qeyd edilmişdir ki, hərbi hissədə aldığı zədələnmə faktı ilə əlaqədar Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət edib təkrar şəhadətləndirildikdən sonra komissiyanın rəsmi rəyini hərbi hissəyə təqdim etdikdə travma haqqında arayışın verilməsi mümkündür. Cinayət işinin rədd edilməsi barədə qərarda Məhkəmə Tibbi Ekspertinin rəyinə istinadla qeyd edilmişdir ki, iddiaçının sınığı bərk küt əşyanın xəsart nahiyəsinə təsirindən törənmişdir, sağlamlığın az ağır zərər vurmasına uyğundur. Qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin 284 nömrəli rəyinə əsasən xəsarət sağlamlığa az ağır zərər vurmaya aiddir. Bakı Klinik Hspitalın 161 nömrəli arayışında qeyd edilmişdir ki, 07 noyabr 2010-cu il tarixdə hərbi hissədə işləyərkən beton dirək çiyninə düşmüş və travma almışdır. Ağrıları olmuş, lakin həkimə müraciət etməmiş, deformasiya hiss etdikdən sonra həkimə müraciət etmiş, BKH-a göndərilmişdir. Sol korpücük sümüyünün diafizinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığına görə aparılmış korreksiyaedici osteotamiyası, ilizarov üsulu ilə osteosintezi cərrahı əməliyyatından sonrakı vəziyyət, travmadır, hərbi xidmət dövründə alınmışdır, neyrosirkulyator asteniya, kardinal tip, cuzi dərəcədə ifadə olunmuş vegetativ damar pozuntuları, xəstəlikdir hərbi xidmət dövründə alınmışdır, hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 30 gün müddətinə məzuniyyət verilməlidir barədə qərar qəbul edilmişdir. 13 iyun 2023-cü il tarixli Cavabdeh arayışından görünür ki, 1520 nömrəli xx.xx.2013cü il tarixli zədələnmələrin qeydiyyat kitabı F-7 məhv edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçının Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta pulunun ödənilməsi tələbinə dair iddiası üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, N saylı hərbi issədə xidmətdə olarkən beton dirəyinin qismən aşması nəticəsində sol körpücük sümüyü sınmışdır. Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsində sığorta ödənişinin verilməsindən imtina edilmiş, xəsarətin dərəcəsi barədə sənəd təqdim edilmədiyinə istinad edilmiş, iddiaçıya izah edilmişdir ki, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə aidiyyəti orqana müraciət etməli, imtina gəldikdə inzibati məhkəməyə müraciət etməlidir. Xəsarət dərəcəsi müəyyən edildikdən sonra yenidən məhkəməyə müraciət edə bilər. 284 nömrəli akta əsasən xəsarət sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xidmət keçdiyi dövrdə sol körpücüyünün sınığı ilə nəticələnən xəsarət almışdır. 31 yanvar 2011-ci il tarixli arayışda travma və xəstəlikdir, hərbi xidmət dövründə almışdır qeydi göstərilmişdir. Belə olduğu təqdirdə də iddiaçının müvafiq sığorta hadisəsi baş verdiyindən, yəni hərbi xidmət dövründə travma aldığından tələblə müraciət etməkdə haqlı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə də 284 nömrəli canlı müayinə aktına, eləcə də Baş Klinik Hospitalın 161 nömrəli arayışına istinad edərək hesab etmişdir ki, iddiaçının hərbi xidmət dövründə xəstəliklə nəticələnən travma alması, bunun nəticəsində hərbi xidmətə müvəqqəti yararsız hesab edilməsi, ekspert rəyi ilə sağlamlığına dəyən zərərin az ağır qiymətləndirilməsi iş materialları ilə sübut edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Məhkəmə isə hesab edir ki, travma haqqında arayışın verilməsi ilə əlaqədar iddianın qaldırılmasında iddiaçının hüquqi marağı aydın deyildir. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçının hərbi xidmət dövründə travma alması istər Baş Klinik Hospitalın 161 nömrəli arayışında, istərsə də Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin 284 nömrəli aktında öz əksini tapmış, mülki icraat qaydasında baxılan iş üzrə də həmin sübutlara qiymət verilərək hərbi xidmət dövründə travma alması nəzərə alınmaqla sığorta ödənişinin iddiaçıya ödənilməsi qərara alınmışdır. Məhkəmə xüsusi olaraq 161 nömrəli arayışın tətqiqi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin arayış ştatlı hərbi həkim komissiyasının qərarı formasında olmuş, HHK-nin qərarı: Sol korpücük sümüyünün diafizinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığına görə aparılmış korreksiyaedici osteotamiyası, ilizarov üsulu ilə osteosintezi cərrahı əməliyyatından sonrakı vəziyyət, travmadır, hərbi xidmət dövründə alınmışdır, neyrosirkulyator asteniya, kardinal tip, cuzi dərəcədə ifadə olunmuş vegetativ damar pozuntuları, xəstəlikdir hərbi xidmət dövründə alınmışdır, hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 30 gün müddətinə məzuniyyət verilməlidir formasında arayış verilmişdir ki, həmin arayışda nəzərdə tutulan travma və onun hüquqi nəticələri ilə bağlı inzibati akt xüsusiyyətinə malik müvafiq sənəd iddiaçıya verilmişdir ki, inzibati akt xarakteri daşımaqla Komissiyanın qərarı əsasında travmanın hərbi xidmət dövründə alınması barədə 161 nömrəli arayış olduğu, eləcə də 284 nömrəli digər bir aktla da hərbi travma təsdiq edildiyi və hərbi xidmət dövründə travmanın alınması müəyyən edilərək məhkəmə qətnaməsi qəbul edildiyi halda iddiaçının hazırkı travma haqqında arayışın verilməsinə dair iddiaya münasibətdə hüquqi marağının nədən ibarət olması aydın olmamış, iddiaçı da həmin maraqla bağlı məktub ünvanlanmasına baxmayaraq hər hansı izahat verməmişdir. Göründüyü kimi hərbi hissənin arayışından daha mötəbər sənədlərlə, eləcə də inzibati aktla iddiaçının hərbi xidmət dövründə travma alması təsdiqini tapmışdır ki, həmin akt qüvvədə olduğu müddətdə yenidən başqa icraat üzrə təsdiqinə zərurətin nədən ibarət olması iddiaçı tərəfindən müəyyən edilməmiş, iddiaçının hərbi xidmət dövründə travma alması iş üzrə təqdim edilmiş digər sənədlərlə, o cümlədən inzibati akt xarakterli 161 nömrəli arayış, eləcə də 284 nömrəli akt və ona əsasən qəbul edilmiş məhkəmə qətnaməsi ilə də sübut edilmiş, cavabdehin nümayəndəsinin iştirakı ilə keçən məhkəmə iclasında da iddiaçının hüquqi marağının nədən ibarət olması müəyyən edilə bilməmiş, iddiaçı da həmin hüquqi marağın nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Eləcə də iddianın 500 manat pulun cavabdehdən tutulmasına hissəsində də iddianın mümkünlük şərti ödənilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, qeyd olunan növ iddia üzrə tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin, hazırkı iş üzrə ilkin müraciət mövcud olmamış, mövcud olduğu halda belə məhkəməyə təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-512/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-512/2024
15.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver