Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5120/2024 28.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsinə qarşı “qanuni təmsilçinin adının dövlət reyestrində ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsinə qarşı məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx"MMC (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) təsisçi və rəhbəri olan, İddiaçı adından dəyişdirərək X2 adına salınması öhdəliyinin cavabbehə həvalə edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “iddiaçının təsisçi və rəhbər kimi adının dövlət reyestrində ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, 2021-ci ilin təxminən may ayından X4 iddiaçıya təklif etmişdir ki, o, öz adına məhdud məsuliyyətli cəmiyyətlər müvafiq qanunvericiliyə uyğun olaraq yaratsın və ona versin ki, işlətsin. İddiaçı həmin MMC-əri yaradaraq X3 verdi. Bir neçə ay keçdikdən sonra iddiaçı ona bildirdi ki, bu MMC-lər problem yaradar. Ona görə də həmin MMC-ləri iddiaçının adından çıxartsın. X4 notarial qaydada təsdiqlənmiş xx.xx.2021-ci il tarixli səlahiyyətli orqanların adına yazdığı ərizə verdi ki, həmin MMC-lərin bütün problemlərini öz öhdəsinə götürür. Daha sonra, yəni hal-hazırda belə başa düşür ki, həmin MMC-ləri X2 adına dəyişdirmək daha münasib olardı. Bu səbəblərə görə iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə ərizə ilə müraciət etmişdir, 12 dekabr 2023-cü il tarixli **********814100 nömrəli cavabla müraciət təmin edilməmişdir. Bu səbəblərə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirmişdir ki, ““Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.2-ci maddəsinə görə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Qanunun 12-ci maddəsinə əsasən, kommersiya qurumları üçün qeydiyyatla bağlı müraciət ərizəsinin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bundan başqa bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 89-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində iştirakçılardan hər birinin payının miqdarı haqqında şərtlər göstərilməlidir. Məcəllənin 91.3.1-ci maddəsinə əsasən isə cəmiyyətin nizamnaməsini dəyişdirmək iştirakçıların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Bununla əlaqədar nizamnaməyə dəyişiklik edilməsi barədə təsisçinin qərarı və nizamnaməyə edilmiş dəyişiklik layihəsi (ən azı iki nüsxədə) təqdim edilməlidir. Bundan başqa, Qanunun 5.4.4-cü maddəsinə əsasən təsisçi fiziki şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir. Həmçinin bildiririk ki, Cəmiyyətin rəhbəri dəyişəcəksə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.3.2-cl maddəsinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək iştirakçıların ümumi yığıncağının səlahiyyətində olduğundan yeni rəhbərin təyin edilməsi barədə iştirakçıların ümumi yığıncağının qərarı təqdim edilməlidir. Bundan başqa, Qanunun 5.4.6-cı maddəsinə əsasən qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cəmiyyətin təsisçisinin (və rəhbərinin) dəyişməsi faktının dövlət qeydiyyatına alınması üçün təsis payının özgəninkiləşdirilməsini təsdiq edən sənəd, iştirakçıların ümumi yığıncağının nizamnaməyə dəyişiklik edilməsi (və rəhbərin təyini) barədə qərarı, nizamnaməyə edilmiş dəyişiklik layihəsi, yeni təsisçinin (və rəhbərin) şəxsiyyətini təsdiq edən sənədin surəti müvafiq ərizə formasına əlavə edilməlidir.”
5. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2021-ci il tarixdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə elektron qaydada dövlət qeydiyyatına alınmışdır. Bu hüquqi şəxslərin qeydiyyata alınması üçün İddiaçı tərəfindən elektron qeydiyyat sisteminə müraciət olunmuş və İddiaçı aid olan asan imza ilə müvafiq sənədlər imzalanmışdır. Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu əsasında həyata keçirilir. Qanunun 9-cu maddəsinə əsasən baş vermiş dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Hazırkı iddia tələbi qeyd olunan hüquqi şəxslərin həm təsisçisinin, həm də qanuni təmsilçisinin (direktorunun) dəyişməsi ilə əlaqədardır və qanunvericilikdə hüquqi şəxsin təsisçi dəyişikliyi və qanuni təmsilçi dəyişikliyinin həyata keçirilməsi üçün tələb olunan sənədlər öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 89-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində iştirakçılardan hər birinin payının miqdarı haqqında şərtlər göstərilməlidir. Odur ki, cəmiyyətin təsisçisinin dəyişməsi onun nizamnaməsinə də dəyişiklik edilməsini ehtiva edir və Mülki Məcəllənin 91.3.1-ci maddəsinə, cəmiyyətlərin Nizamnamələrinin 4.3-cü bəndinə əsasən cəmiyyətin nizamnaməsini dəyişdirmək iştirakçıların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 5.4.4-cü maddəsinə əsasən təsisçi fiziki şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir. Bununla əlaqədar hüquqi şəxsin təsisçi dəyişikliyi faktının dövlət qeydiyyatına alınması üçün nizamnamə kapitalındakı payların mülkiyyətçisinin dəyişdiyini təsdiq edən sənəd (alqı-satqı müqaviləsi, bağışlama müqaviləsi və sair), təsisçinin qərarı və nizamnamənin müvafiq bəndinə edilmiş dəyişikliyi nəzərdə tutan nizamnaməyə dəyişiklik layihəsi (və ya yeni redaksiyada nizamnamə) müvafiq ərizə formasına əlavə edilərək Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.1-ci və 49.2-ci maddələridə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsi ilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsi ilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Mülki Məcəllənin 91.3.2-ci maddəsinə və hüquqi şəxslərin Nizamnamələrinin 4.3-cü bəndinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək iştirakçıların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir.
6. Məhkəmə iclasında iştirakı edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasında iştirakı edən cavabdehin nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
8. Hazırkı iddia öhdəliyin icrasına dair iddiadır.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
10. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 5. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması barədə müraciət 5.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. 5.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 5.4.4. təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti; 5.4.6. qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti. 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 12.12. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
11. Qeyd edilən səlahiyyətlərin icrası Bakı şəhəri üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən təmin edilir.
12. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
13. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrin haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 9-1.1. Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9-1.2. Müraciət zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq, dəyişikliyi təsdiq edən sənədlərin skan olunmuş surəti ərizəyə əlavə edilərək gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. 9-1.3. Qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. 9-1.4. Təsis sənədlərinin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınması üçün daxil edilmiş məlumatlar müvafiq olaraq təsisçilərin və ya idarəetmə orqanlarının üzvlərinin gücləndirilmiş elektron imzaları ilə təsdiq edilməlidir. Nizamnamədə dəyişiklik edilən hallarda təqdim olunmuş məlumatlar əsasında proqram təminatı tərəfindən dəyişiklik layihəsi hazırlanır. Bu halda təsisçi (təsisçilər) nizamnaməyə dəyişikliklə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. 9-1.5. Müraciət zamanı dəyişiklik dövlət qeydiyyatına alınaraq, dövlət reyestrinə daxil edildiyi gün dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) məhdud məsuliyyətli cəmiyyətin elektron kabinetinə göndərilir. 9-1.6. Təsisçinin (təsisçilərin) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxsin müraciəti əsasında dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) təsdiq olunaraq kağız daşıyıcılarında da verilir. 9-1.7. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı iştirak paylarının dəyişikliyi ilə bağlı aparılmış notariat hərəkətləri barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlayn rejimdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.
89. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 93.1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər. 93.2. Cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir. 93.3. Cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat: Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı iştirak paylarının dəyişikliyi ilə bağlı notariat hərəkətləri aparılarkən, notarius bu barədə müvafiq məlumatları onlayn rejimdə dərhal “Elektron notariat” informasiya sisteminə daxil etməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Elektron notariat” informasiya sisteminə daxil olmuş məlumatı Azərbaycan Respublikasının Vergilər Nazirliyinə ötürür.
16. Beləliklə, normaların təhlilinə əsasən məhkəmə müəyyən edir ki, hüquqi şəxsin təsisçi dəyişikliyi faktının dövlət qeydiyyatına alınması nizamnamə kapitalındakı payların mülkiyyətçisinin dəyişdiyini təsdiq edən sənəd (alqı-satqı müqaviləsi, bağışlama müqaviləsi və sair), təsisçinin qərarı və nizamnamənin müvafiq bəndinə edilmiş dəyişikliyi nəzərdə tutan nizamnaməyə dəyişiklik layihəsi (və ya yeni redaksiyada nizamnamə) ilə həyata keçirilir.
17. Məhkəmə bu nəticəyə gələrkən eyni zamanda qeyd edir ki, iddiaçının seçdiyi hüquqi müdafiə vasitəsi (yəni hazırda qaldırılan iddia) qarşıya qoyduğu məqsədə uyğun deyil. Belə ki, qurumun rəhbəri olması barədə məlumatın silinməsi, yəni qeydə alınmış faktların sonrakı dəyişikliyin aparılması üçün həmin dəyişikliyi təsdiq edən sənədlərin təqdim edilməsi və ya müraciətin yeni qanuni təmsilçi tərəfindən ünvanlanması tələbi səmərəli hüquq müdafiəsi vasitəsi hesab edilə bilər.
18. Qanunvericiliklə cavabdeh quruma öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə təsis payının özgəninkiləşdirilməsini təsdiq edən sənəd, yeni direktorun (qanuni təmsilçinin) təyinatı barədə qərarı, nizamnaməyə edilmiş dəyişiklik layihəsi, yeni təsisçinin (və rəhbərin) şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilmədən mümkünsüzdür. Bu səbəbdən də cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
19. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
20. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
21. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
22. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva