Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5121/2024 28.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisələrə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2023-cü il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-287778/2023 nömrəli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmağına dair iş yerinin arayışını Mərkəzi Filiala təqdim etmədiyi üçün onun güzəştli iş stajını müəyyən etmək mümkün deyil.
2. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şərab zavodlarında 1979-cu ildən 1995-ci ilədək olan 16 il dövr ərzində 5-ci dərəcəli boyaqçı ixtisasında çalışdığı 16 il hesablanmaqla 57 yaşında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması
3. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya 2014-cü ildən xüsusi şərtlərlə təyinat üzrə 57 yaşından pensiya təyin etmək əvəzinə, uzun illərdir müxtəlif bəhanələrlə süründürülərək, bütün Konstitision hüquqları kobud surətdə məhdudlaşdırılır. İddiaçı baş idarə trestində əvvəlcə Samux rayonu, sonra isə Gəncə şəhərində olmuş, briqada halında Naxçıvan MR Şərur, Sədərək, Culfa, Şahbuz, Babək rayonları ərazisində olan şərab zavodlarında üzüm emalı və şərab istehsalı üçün quraşdırılmış iri qabaritli çənlər içərisində briqada halında 5-ci dərəcəli boyaçı kimi 1979- 1995-ci il dövr ərzində montaj və yağlı boyalarla çox ağır və təhlükəli şəraitdə boyama işləri apararaq, oksigen çatışmazlığından hər 15 dəqiqədən bir havasını dəyişməklə işləmişdir. Hər ay əmək haqqı 400-500 manat həcmində olmuşdur. İxtisas dərəcələri isə müəyyən kurslarda olub attestasiya kommisiyası tərəfindən artırılmışdır. İşinə görə 57 yaşında incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası almaq hüququ olduğu halda dəfələrlə cavabdehə şifahi müraciət etmiş, hər dəfə ona əmək pensiyası verilməsi vəd edilsə də, uzun müddət süründürülərək qanunun tələbinə əməl edilməmişdir.
4. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində idianın mümkün sayılmamasını xahiş etmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması həmin Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istigaməti və s.) dəqiq göstərilməlidir. Lakin İddiaçı inzibati orqana müraciət edərkən, güzəştli iş stajını təsdiq edən heç bir arayış təqdim etməmişdir. İddiaçının Mərkəzi Filiala müraciətinə cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-287778/2023 nömrəli məktubda qeyd edildiyi kimi iddiaçının cavabdeh orqana müraciəti zamanı müvafiq arayış əlavə edilmədiyindən onun işlədiyi vəzifənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə qeyd edilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağa dair iş yerinin arayışı Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi
7. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
8. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur.
9. İddia ərizəsindən görünür ki, iddiaçı ona 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir.
10. Məhkəmə qeyd edir ki, həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 11.İstinad olunan normadan görünür ki, xx.xx.2014-cü il tarixdə aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər:
1. 57 yaşının tamam olması;
2. azı 25 il sığorta stajına malik olması;
3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması.
12. İşdə olan iddiaçıya məxsus ИТ-İ №0322983 nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1979-cu illərdə Naxçıvan MR “40 X5” şərab zavodunda fəhlə, xx.xx.1979-xx.xx.1989-cu illərdə PMK-1 üzümçülük sovxozunda rəngsaz, xx.xx.1989-xx.xx.1989-cu illərdə PMK 12-da rəngsaz, xx.xx.1990-xx.xx.1991-ci illərdə və xx.xx.1991-xx.xx.1995-ci illərdə X1 Quraşdırma İdarəsində rəngsaz vəzifəsində işləmişdir.
13. İddiaçıya məxsus ******* saylı, xx.xx.1976-cı il tarixli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olmuşdur.
14. İddiaçıya məxsus 012058 saylı, xx.xx.1979-cu il tarixli diplomdan görünür ki, İddiaçı 1974-cü ildə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi Bakı Yeyinti Sənayesi Texnikomuna daxil olmuş, 1979-cu ildə “şərabın texnologiyası” ixtisası üzrə tam kursu bitirmişdir.
15. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmin Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
16. Göründüyü kimi, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən xx.xx.2006-cı il tarixədək iş stajını təsdiq edən əsas sənəd şəxsin əmək kitabçası olmuşdur.
17. İddiaçının təhsil dövrü, hərbi bileti, əmək kitabçasında xx.xx.2006-cı il tarixədək olan qeydlər nəzərə alındıqda müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixə 20 il 9 ay 17 gün ümumi iş stajı mövcud olmuşdur.
18. İddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı iş stajına gəldikdə həmin tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
19. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin.
20. İşdə olan iddiaçıya məxsus sığortaolunanın hesabından görünür ki, pensiya hüququnun yarandığını iddia etdiyi xx.xx.2014-cü il tarixə iyul 2012-sentyabr 2012, yanvar 2013-oktyabr 2014-cü il tarixlər daxil olmaqla, cəmi 2 il 1 ay ümumi iş stajı vardır.
21. Belə olan halda isə aydın olur ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixə ümumi iş stajı 25 ildən az, cəmi 22 il 10 ay 17 gün təşkil etmişdir.
22. Göründüyü kimi, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün ikinci şərt, ümumi sığorta stajı tələbi ödənilmir.
23. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaş görə əmək pensiyası təyin edilməsini xahiş edir.
24. xx.xx.2014-cü il tarixə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.1.2-ci yarımmbəndinə əsasən Qanunun 9.1-ci, 9.3-cü və 9.7.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na və 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”na uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə hüquq verən sosial sığorta stajı barədə qeydlər sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumatda ayrıca yazılır, ümumi (sosial sığorta) və güzəştli sosial sığorta stajları cəmlənərək sığortaedənin rəhbərliyi və həmkarlar təşkilatı tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
25. İşdə olan Azərbaycan Respublikası Dövlət X4 1403(949)/4 nömrəli, xx.xx.2022ci il tarixli məktubundan görünür ki, 1979-1989-cu illərdə işlədiyi PMK-1-in, xx.xx.1990xx.xx.1991 və xx.xx.1991-xx.xx.1995-ci illərdə işlədiyi X3 Quraşdırma İdarəsinin arxiv sənədləri X7 filialına təhvil verilməmişdir. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmamışdır.
26. İş materiallarından görünür ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə hüquq verən sosial sığorta stajı barədə məlumatı cavabdehə təqdim edə bilməmişdir, həmçinin onun işlədiyi həmin müəssisələr hazırda mövcud deyil.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına əsasən 23200000 XXXİİİ. Ümumi peşələr, 23200000— 13450- təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir.
28. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 35. Ümumi peşələr - təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur..
29. Qanununvericiliyin qeyd edilən tələblərindən məlum olur ki, rəngsazlar o halda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə sayılır ki, həmin peşəni icra edən şəxs təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etsin.
30. Belə ki, istehsalat prosesində insan orqanizminə təsirin dərəcəsinə görə bütün zərərli maddələr 4 sinfə bölür: 1-ci - fövqəladə təhlükəli maddələr; 2-ci - yüksək təhlükəli maddələr; 3-cü - orta təhlükəli maddələr; 4-cü - az təhlükəli maddələr.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahısı”da təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrin, yəni 1-3-cü siniflər arası maddələrin tətbiqindən söhbət gedir.
32. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə hüquq verən sosial sığorta stajı barədə iş yerinin arayışını təqdim etməmiş, işlədiyi müəssisələr fəaliyyətini dayandırdığından müvafiq məlumatın əldə edilməsi də mümkün olmamış, bununla da onun hansı maddaələrlə işlədiyi və həmin maddələrin 1-3-cü siniflər arası maddələr olub olmamasını təyin etmək mümkün olmamışdır.
33. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
34. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı halda iddiaçı rəngsaz kimi işlədiyi vəzifələrdə təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tətbiq etdiyini, bununla da güzəştli iş stajının olduğunu, yəni əlverişli inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir.
35. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, cavabdehin ona 57 yaşdan pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova