Məhkəmə qərarları › İş №2-1(112)-5122/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5122/2024

28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5122/2024 28.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi X8 vasitəsilə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məcburi köçkün statusunun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “xx.xx.2005-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası- X9 xx.xx.1971-ci ildə Kəlbəcər rayonunda anadan olub. Anası- Mustafayeva (Çıraqova) Nailə Şəhmar qızı xx.xx.1982-ci ildə Kəlbəcər rayonunda anadan olub. İddiaçı tərəfindən məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilməsi ilə əlaqəli Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə müraciətindən xx.xx.2023-cü il tarixli № 3-36/2-M-106xx-xx/2023/7906 saylı məktubla imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina səbəbi əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, “İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi” ilə bağlı iddiaçının babası X4 Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6 bəndinin tələblərinə uyğun olaraq “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmadığından, xx xxxx 2005-ci il təvəllüdlü övladınız İddiaçı doğum tarixindən əvvəl, xx.xx.2004-cü ildən şəxsi mülkiyyətinizdə olan ünvan 1 ünvanında daimi pasport qeydiyyatında olduğunuzdan övladınıza məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi Komitənin imkanı xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, -İddiaçı X3nun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmaqla, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; -İddiaçı anası X1 rayonu, Milli kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır, - X10 məcburi köçkün statusuna və onu təsdiq edən sənədə (vəsiqə) malikdir. 2007-2024-cü illəri əhatə edən məcburi köçkünlər haqqında elektron məlumat bazasına əsasən, iddiaçının X3 xx.xx.2004-cü il tarixdən xx.xx.2018-ci il tarixədək ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən Komitəyə təqdim olunmuş arayışa əsasən, ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2004-cü il tarixdə X5 adına qeydiyatdan keçmişdir və hazırda da mülkiyyətindədir. Göründüyü kimi iddiaçının X3nun qeydiyyatı övladı - xx.xx.2005-ci il təvəllüdlü İddiaçı doğum tarixindən əvvəl (xx.xx.2004-cü il tarixindən xx.xx.2018-ci il tarixədək) xx.xx.2004-cü il tarixində bugünədək mükiyyətində olan ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğundan Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qayda!ar”ın 4.2.6-cı bəndinə əsasən, iddiaçıya məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə əsasən, “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir. Beləliklə, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a müvafiq olaraq, iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Qeyd olunanlara əsasən iddianın rədd olunması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, Kəlbəcər rayonundan məcburi köçkündür, ailəsi və özü hazırda məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət alırlar. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi ilə bağlı müraciət iddiaya etirazdakı dəlillərə uyğun əsaslandırılaraq təmin edilməmişdir. -Elektron məhkəmə sisteminin şəxsiyyət vəsiqəsi bölməsindən əldə olunan məlumatlara əsasən, ASAN 4 tərəfindən xx.xx.2021-ci il tarixdə verilən şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının X3 xx.xx.1971-ci ildə Kəlbəcər rayonunda doğulmuşdur. Yaşayış yeri Kəlbəcər rayonu ünvanıdır. -Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AA seriyalı, 079695 №-li məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X9 məcburi köçkün statusuna malikdir. -ASAN 4 tərəfindən xx.xx.2023-cü il tarixdə verilən şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının anası X10 xx.xx.1982-ci ildə ünvan 3ində doğulmuşdur. Yaşayış yeri Kəlbəcər rayonu, Aşıq Alı küçəsi ünvanıdır. -Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AA seriyalı, 132384 №-li məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X10 məcburi köçkün statusuna malikdir. -Bakı şəhəri Nizami rayonu VVADQ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZ-İ seriyalı 143453 №li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 arasında eyni tarixdə nikah bağlanmışdır. -Bakı şəhəri Nizami rayonu VVADQ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası- X6r. -ASAN 4 tərəfindən xx.xx.2022-ci il tarixdə verilən şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2005-ci ildə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 8 ünvanıdır. -Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, ev 24, 41 saylı mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 485 №-li Sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Ə.Kürçaylı küçəsi, 24 saylı evin, 1 otaqlı, yaşayış sahəsi 16.22 kv.metr olan 41-ci mənzilinə dair iddiaçının X3 ilə kirayə müqaviləsi bağlanmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, X5 adına ünvan 9 ünvanı xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X5 adına ölkə ərazisi üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak, X7 adına isə hər hansı daşınmaz əmlak aşkar edilməmişdir. -Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məktubun surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X9 24.01 1995-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Bakı şəhəri, Ə.Kürçaylı küçəsi, ev 24, mənzil 41-də, 15 04.2015cı il tarixdən 24.0.2018-ci il tarixədək Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2-ci dalan, 810-cu keçid, ev 35-də, xx.xx.2018-ci il tarixdən 04 06.2021-ci il tarixədək Kəlbəcər şəhəri, Dəlidağ küçəsi, ev 53-də, xx.xx.2021-ci il tarixdən hazırkı vaxtadək Kəlbəcər şəhəri, A.Alı küçəsi, ev 36 ünvanında qeydiyyatdadır. Bakı şəhəri, ünvan 11 ünvanında qeydiyyatda olan şəxlər müəyyən edilməmişdir. -Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Zəngilan rayonunun Zəngilan şəhər sakini X12 xx.xx.1993-cü ildə Zəngilan şəhərindən məcburi köçkün gəlmiş, lakin 1996-cı ildə Zəngilan şəhərindən qeydiyyatdan çıxaraq Bakı şəhərinə daimi qeydiyyata düşmüşdür. X2 şəhər İƏD-si üzrə nümayəndəlikdə daimi qeydiyyatda olmadığı üçün, onun oğlu xx.xx.2006-cı il təvəllüdlü İddiaçı da məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət almır. Beləliklə, işin mübahisələndirilməyən halları belədir ki, İddiaçı valideynlərinin hər ikisi Kəlbəcər rayonunda anadan olmuşlar və məcburi köçkün statusuna malikdirlər. Onlar xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İsmayıl Mustafayev iddiaçının doğulmasından əvvəl, yəni xx.xx.2003-cü il tarixdə bağlanmış kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmiş, həmin daşınmaz əmlak xx.xx.2004-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmış və o, xx.xx.1995-ci ildən xx.xx.2015ci ilədək həmin mənzildə qeydiyyatda olmuşdur. Məhkəmə cavabdehin imtinasının qanunsuz olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)- Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. -9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. -10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; -12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin (Komitənin) qərarı əsasında verilir. Bu statusun verilməsi üçün şəxs Komitədə qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş Qanunun İİ fəsli "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.1-ci bəndinə əsasən sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün vəsiqəsi verilir. Həmin Qaydaların 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Həmin Qaydaların 4.2.6-cı bəndinə əsasən "Məcburi köçkün statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. Göründüyü kimi qanunvericilik "məcburi köçkün” statusunun əldə edilməsi qaydalarından biri olaraq “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsini mümkün hesab etmir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının anadan olduğu tarixdən əvvəl, yəni 2005-ci ilədək onun atası İsmayıl Mustafayev ayrıca yaşayış sahəsi əldə etdiyindən və 2015-ci ilədək həmin ünvanda qeydiyyatda olduğundan iddiaçıya “məcburi köçkün” statusu verilməsi "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə ziddir və bu halda cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. "Məhkəmələr və hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Göstərilənlərə əsasən qeyd edilməlidir ki, oxşar mübahisə ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2113/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında da kassasiya instansiya məhkəməsi analoji mövqedən çıxış edərək “məcburi köçkün” statusuna malik olan şəxsin ayrıca yaşayış sahəsi əldə etdikdən və həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsini mümkün hesab etməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar