Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5124/2021 19.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla mənzil növbəsinə bərpa olunması tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona verilmiş mənzilin sənədləşdirilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, ona X2 dövlət hesabına bina 3, giriş 83, mərtəbə 5-də yerləşən 4 otaqlı 2 saylı mənzilin ayrılmasına dair qərarla götürüldüyü mənzil növbəsindən çıxarılmasına dair cavabdehin qərarının qanunsuz hesab edilməsi barədə barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, ona X2 dövlət hesabına bina 3, giriş 83, mərtəbə 5-də yerləşən 4 otaqlı 2 saylı mənzilin ayrılmasına dair götürüldüyü mənzil növbəsinə bərpa olunmağı öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1992-ci ildən 2019-cu ilin aprel ayına qədər Azərbaycan Silahlı Qüvvələrində Döyüş bölgəsində xidmət etmişdir. Halhazırda ehtiyatda olan mayordur. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərara əsasən xidmət dövründə ürək əməliyyatı olunaraq, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olunmuşdur. 5 nəfər ailə üzvü var. Uşaqları məktəblidir. Kirayə yaşayır. 2019-cu ilin dekabr ayında onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciət əsasında ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində mənzil ayrılmış, lakin 2020-ci ildə evlər sənədləşdirildikdə o, yenidən müraciət etdikdə ona bildirilmişdir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 2020-ci il 17 iyun tarixli 166 nömrəli məktubla onun hərbi xidmət dövründə Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının 1997-ci il 12 dekabr tarixli Hökmü ilə Cinayət Məcəlləsinin 17-ci və 171-ci maddələrinin 1-ci hissəsinə əsasən məhkum olunduğu barədə məlumat Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nörəli Fərmanı ilə yaradılmış Komissiyaya təqdim edilmiş və bununla bağlı Maliyyə Nazirliyinin 2021-ci il 11 fevral tarixli 11/05-34-1020 nömrəli məktubu ilə ona məlumat verilmişdir”. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 19 avqust 2020-ci il tarixli 11/05-139-4065 nömrəli məktubuna əsasən mənzil verilməsi barədə məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına uyğun olaraq mənzil növbəsindən çıxarılmışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin həmin Fərmanında göstərilir ki, 20 il və 20 ildən daha artıq qüsursuz xidmət edənlərə mənzil verilir. 1997-ci il dekabr ayından 1998-ci ilin may ayına kimi həbs olunsa da amnistiya olunmuşdur və sonradan həmin vaxtdan 2019-cu ilin aprel ayına qədər qüsursuz və nümunəvi xidmət etmişdir. Dəfələrlə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Fəxri Fərmanlar və pul mükafatı almışdır. 25 iyun 2004-cü il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) Yubiley Medalı ilə təltif olunmuşdur. 19 iyul 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) Yubiley Medalı ilə, 24 iyun 2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi Yubiley Medalı ilə, 24 iyun 2013cü ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə, 24 iyun 2014-cü ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə, 26 iyun 2013-cü ildə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə, 26 fevral 2019-cu ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olunmuşdur. O, Əfqanıstan veteranı və Qarabağ, həm də Silahlı Qüvvələrin veteranıdır. Bütün yuxarıda göstərilənlər onun vətənə, dövlətə, yüksək xidmətinin bariz nümunəsidir. Qüsursuz 20 il xidmət etməsi ona mənzil verilməsinə maneçilik törətmir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçı iddia ərizəsində 20 ildən artıq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etdiyi üçün ona mənzil verilməsini xahiş etmişdir. Prosessual qanunvericiliyin tələblərinə görə prosesdə tərəflər iddiaçı, cavabdeh, üçüncü şəxs ola bilər. İddia tələbinin yönəldiyi və iddiaya cavab verməli olan fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maliyyə Nazirliyi iddiaya cavab verməli tərəf olmadığı halda onun üzərinə hər hansı öhdəlik də qoyula bilməz. Ümumiyyətlə prosessual qanunvericiliyin tələblərinə əsasən dəymiş zərər o halda təmin edilə bilər ki, bu iddia həmin zərəri vurana yönəlmiş olsun, eyni zamanda zərərvuranın hərəkətləri ilə dəymiş zərər arasında səbəbli əlaqə mövcud olsun. İndiki halda Maliyyə Nazirliyinin iddiaçıya zərər dəyməsinə səbəb olan heç bir hərəkəti olmadığından iddianın Maliyyə Nazirliyinə yönəldilməsi yanlışdır və mümkün deyildir. Belə ki, Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və müvafiq qaydada təsdiq edilmiş dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 2020-ci il 17 iyun tarixli 166 nömrəli məktubla iddiaçının hərbi xidmət dövründə Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının 1997-ci il 12 dekabr tarixli Hökmü ilə Cinayət Məcəlləsinin 17-ci və 171 -ci maddəsinin 1-ci hissəsinə əsasən məhkum olunması barədə məlumat Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyaya təqdim edilmiş və bununla bağlı Maliyyə Nazirliyinin müvafiq məktubları ilə İddiaçı məlumat verilmişdir. Göründüyü kimi, iddiaçı yuxarıda qeyd olunan Fərmanda nəzərdə tutulan şəxslərin kateqoriyasına bərabər tutula bilməz. Belə ki, məhkumluğun olması hərbi xidmətin qüsursuz hesab edilməsini istisna edir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Əhmədov X3 rayonu, Mincivan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 5 ünvanında qeydiyyatdadır. - ГР seriyalı 051165 №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı (06.05.1984-06.08.1986- SSR silahlı qüvvələrində hərbi xidmətdə olmuş, 1991-ci ildən - 1993-cü ilədək Zəngilan bölgəsində gedən döyüşlərdə iştirak etmişdir) Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçu kimi xidmət illəri aşağıdakı kimi olmuşdur: 24.04.1994-02.11.1995-ci il zabit ehtiyat taboru; 12.11.1995-15.01.1997-ci il N saylı hərbi hissədə tağım komandiri; 28.05.1997-15.12.2012-ci il N saylı hərbi hissədə tağım komandiri; 15.12.2012-01.02.2014-cü il C.Naxçıvanski adına Hərbi Lisey; 01.02.2014- 16.09.2015-ci il N saylı hərbi hissə bölük komandiri; 16.09.2015-02.04.2019-cu il N saylı hərbi hissə təlim mərkəzi. - İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi” yubiley (№ 071t 25 iyun 2004-cü il); “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli (№ 096t 24 iyun 2013cü il); “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli (№ 0133t 24 iyun 2014-cu il); “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli (№ 052t 26 iyun 2015-ci il); “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley (№ 0138t 19 iyul 2008-ci il); “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley (№ 099t 24 iyun 2013-cü il), “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” (№ 023t 26 fevral 2019-cu il) medalları ilə təltif olunmuşdur. - İddiaçı 2016-cı tədris ilində döyüş və ictimai siyasi hazırlıqda, qoşun xidmətinin təşkilində və hərbi intizamında əldə etdiyi naliyyətlərə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının 19 fevral 2019-cu il tarixli 252 saylı arayışının surətindən müəyyən olunur ki, İddiaçı ŞQ Baş Klinik Hospitalın rəisinin 28.04.2014-cü il tarixli sərəncamına əsasən 29.04.2014-cü ildə SO BKH terapiya profilli hospitalda hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Şəhadətnamədə qeyd olunmuşdur ki, xəstəliklər hərbi xidmət dövründə alınmışdır. HHKnın hərbi xidmətə , hərbi uçot ixtisası üzrə xidmətə və s. Yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 44a, 43b, 13b, 24b, 72c maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqındaƏsasnamə”yə qoşma) əsasən Həm dinc həm də müharibə dövründə hərbi xidmətə yarasızdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İddiaçı ünvanladığı 19 avqust 2020-ci il tarixli 11/05-139-4065 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyində X1 ayrılan mənzilin verilməsində köməklik göstərilməsi barədə 2020ci il 06 avqust tarixli ərizəsinə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2020-ci il 17 iyun tarixli 166 nömrəli məktubu ilə məhkumluğu olan bir qrup hərbi qulluqçunun adlı siyahısı Komissiyaya təqdim edilmiş və onun adı həmin siyahıda göstərildiyi üçün “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına uyğun olaraq mənzil növbəsindən çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin İddiaçı ünvanladığı 09.09.2020-ci il tarixli 3507 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidnetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, dövlət komissiyası tərəfindən ona X2 bina 3, giriş 83, mərtəbə 5, mənzil 2,4 otaqlı (84,11 kv. m.) ünvanında dövlət vəsaiti hesabına daimi mənzil verilməsinə qərar verilmişdir. Aparılan əlavə yoxlama zamanı xidməti dövründə məhkumluğunun olduğu müəyyən edildiyindən bu barədə dövlət komissiyasının sədrinə məlumat verilmişdir. Dövlət komissiyası tərəfindən müvafiq qərar qəbul edildikdə nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 11 fevral 2021-ci il tarixli 11/05-34-1020 saylı məktubunda qeyd olunmuşdur ki, onun 03.02.2021-ci il tarixli müraciətinə aidiyyəti üzrə baxılmışdır. Məlum olduğu kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 2020-ci il 17 iyun tarixli 166 nömrəli məktubla onun hərbi xidmət dövründə Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının 1997-ci il 12 dekabr tarixli Hökmü ilə Cinayət Məcəlləsinin 17-ci və 171-ci maddəsinin 1-ci hissəsinə əsasən məhkum olduğu barədə məlumat sözügedən Fərmanla yaradılmış Komissiyaya təqdim edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 10 mart 2021-ci il tarixli 1049 nömrəli məktubda qeyd edilmişdir ki, müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, dövlət komissiyası tərəfindən ona X2 bina 3, giriş 83, mərtəbə 5, mənzil 2, 4 otaqlı (84,11 kv. m.) ünvanında dövlət vəsaiti hesabına daimi mənzil verilməsinə qərar verilmişdir. Aparılan əlavə yoxlama zamanı xidməti dövründə məhkumluğunun olduğu müəyyən edildiyindən bu barədə dövlət komissiyasının sədrinə məlumat verilmişdir. Dövlət komissiyası tərəfindən müvafiq qərar qəbul edildikdə nəticəsi barədə əlavə məlumat veriləcəkdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivi 19 oktyabr 2021-ci il tarixli 10/208 saylı məktubu ilə 1997-ci il, Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalı tərəfindən İddiaçı barəsində çıxarılmış hökmün və qərardadın surətləri məhkəməyə təqdim edilmişdir. Məktuba əlavə olunmuş Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının 12 dekabr 1997-ci il tarixli, 1126/1997 №li hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17, 171-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib, 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, barəsində həbs qəti-imkan tədbiri seçilməsi və məhkəmə zalından həbs edilməsi, cəzasını ümumi rejimli koloniyada çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 dekabr 1997-ci il tarixindən hesablanması hökm edilmişdir. Hökmdən narazı qalan İddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasının 14 yanvar 1998-ci il tarixli qərardadı ilə İddiaçı məhkum olunmasına dair Hərbi Dəniz Qüvvələri Tribunalının 12 dekabr 1997-ci il tarixli hökmünün dəyişiklik edilmədən şikayətin təmin olunmadan saxlanılması qərara alınmışdır. İddiaçının hazırkı tələblə bağlı cavabdeh inzibati orqana müraciətinə 03 mart 2021ci il tarixli 11/05-43/1552 saylı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 2020-ci il 17 iyun tarixli 166 nömrəli məktubla onun hərbi xidmət dövründə Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının 1997-ci il 12 dekabr tarixli Hökmü ilə Cinayət Məcəlləsinin 17-ci və 171-ci maddəsinin 1-ci hissəsinə əsasən məhkum olunduğu barədə məlumat Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyaya təqdim edilmiş və bununla bağlı Maliyyə Nazirliyinin 2021-ci il fevral tarixli 11/05-34-1020 nömrəli məktubu ilə ona məlumat verilmişdir. Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, İddiaçı hərbi qulluqçu kimi xidmət illərinin qüsursuz olub-olmaması və həmin xidmət illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Lakin, bundan əvvəl məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilibödənilməməsinə qiymət verir. Belə ki, baxılan işdə iddianın mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 8.1.4-cü maddəsinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən iddiaçı doğru olaraq cavabdehin yerləşdiyi yer üzrə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia tələbi mahiyyəti üzrə əsaslıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı 20 ildən çox qüsursuz xidmət etdiyinə görə dövlət vəsaiti hesabına mənzilin ayrılmasına dair götürüldüyü mənzil növbəsinə bərpa olunmağını xahiş edir. Lakin cavabdeh müraciətin həllindən imtina edir və bunu onunla əsaslandırır ki, məhkum edilməsi onun xidmətinin qüsursuz olmadığına əsas ola bilməz. Hərbi qulluqçuların qüsursuz xidmət illərinə görə dövlət vəsaiti hesabına mənzillə təmin olunması Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanın normaları əsasında həyata keçirilir. Sözügedən Fərmanın 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanın 2-ci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Fərmanda müəyyən olunan tərkibdə Komissiya yaradılsın. Fərmanın 3-cü bəndində göstərilmişdir ki, Komissiyaya tapşırılsın ki: siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın (bənd 3.1); hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin (bənd 3.2). Fərmandan göründüyü kimi qanunverici hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri üçün onların Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etməsi şərtini irəli sürmüşdür. İddiaçının 20 təqvim ilindən çox xidmət etməsi işin mübahisələndirilməyən halıdır. Tərəflər arasında mübahisə məhz iddiaçının “qüsursuz” xidmətin göstərilməməsi ilə bağlı yaranmışdır ki, bunun əsasında isə iddiaçının məhkumluğunun olması əsas kimi qəbul edilmişdir. Məhkəmə iddiaçının məhkumluğunun “qüsursuz xidmət” anlayışına təsirinin olmaması ilə AR Cinayət Məcəlləsinin müddəalarını əsas gətirir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Hazırki iş üzrə müəyyən olunur ki, Hərbi Dəniz Hava Qüvvələri Hərbi Tribunalının 1997-ci il 12 dekabr tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə üzrə məhkumluğu ödənilmişdir. Əgər cəza- cinayət törətmiş şəxsin əməlinə dövlətin verdiyi hüquqi reaksiyadırsa, məhkumluq - törədilən cinayətə görə çəkilən cəzanın hüquqi nəticəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təsadüfi deyil ki, həmin Məcəlləsinin 16.3-cü maddəsinə görə, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya Cinayət Məcəlləsinin Xüsusi Hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Göründüyü kimi qanunverici məhkumluğun ödənilməsi səbəbindən həmin şəxs tərəfindən törədilmiş cinayəti təkrar deyil, ilk dəfə törədilmiş kimi qəbul edir. Bu isə o deməkdir ki, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr-şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. Belə olan halda iddiaçı barəsində məhkumluğunun ödənildiyi - 12.12.2001-ci il tarixdən etibarən onun bu əsasla, yəni əvvəllər məhkum olması əsası ilə hər hansı məhdudiyyətə məruz qalması artıq cinayət qanununun “ədalət” prinsipi ilə uzlaşmır və bu hal onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh Nazirliyin imtinasına dair gətirdiyi dəlil iddiaçıya verilmiş təltiflərlə təkzib olunur. Belə ki, Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 333-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən "Qüsursuz xidmətə görə" medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə müvafiq olaraq "Qüsursuz xidmətə görə" medalının 3 dərəcəsi vardır: "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Adından da göründüyü kimi bu təltif dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur ki, iddiaçı da Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi” yubiley (№ 071t 25 iyun 2004-cü il); “qüsursuz xidmətə görə” 3-cü dərəcəli (№ 096t 24 iyun 2013-cü il); “qüsursuz xidmətə görə” 2-ci dərəcəli (№ 0133t 24 iyun 2014-cu il); “qüsursuz xidmətə görə” 1-ci dərəcəli (№ 052t 26 iyun 2015-ci il); “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley (№ 0138t 19 iyul 2008-ci il); “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley (№ 099t 24 iyun 2013-cü il), “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” (№ 023t 26 fevral 2019-cu il); medalları ilə təltif olunmuşdur. Eləcə də, Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin 1- ci bəndinə görə, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Göründüyü kimi qanunverici istinad olunan medalla silahlı birləşmələrdə 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların təltif oluna biləcəyini qeyd etmişdir. İş üzrə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 023t №-li 26 fevral 2019-cu il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı ilə təltif olunmuşdur. Bütün bunlar isə onu deməyə əsas verir ki, iddiaçı hərbi xidmət zamanı qüsursuz xidmət etmiş hərbi qulluqçu hesab olunduğundan cavabdeh tərəfindən qeyd olunan təltiflərə layiq görülmüşdür. Beləliklə də, iddiaçı 13.02.1992-ci ildən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, 02.04.2019-cu ildən səhhəti ilə bağlı tərxis olunmuşdur. 27 illik (27 il 02 ay 19 gün) xidmət ilinin cəmi 4 ili üzrə barəsində məhkəmə hökmü ilə cəza təyin olunmuş, lakin sonradan xidmətini davam etdirmiş, xidmət illərində fərqləndiyində görə müxtəlif medallarla, xüsusi ilə də qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi təltiflərə layiq görülmüşdür. Belə olan halda, iddiaçının hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), onu, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən, sözügedən Fərman ona da şamil edilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, hərbi qulluqçunun hərbi xidmət dövründə məhkum edilməsi, lakin şərti məhkum edilməklə cəzasını çəkmədən öz xidmətini davam etdirməsi, hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin olunması üçün şərtləşdirilmiş “qüsursuz xidmət” anlayışına təsir etmir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, onun tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, İddiaçı Bakı şəhəri X2 dövlət hesabına bina 3, giriş 83, mərtəbə 5-də yerləşən 4 otaqlı 2 saylı mənzilin ayrılmasına dair götürüldüyü mənzil növbəsinə bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5124/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5124/2021
19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver