Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5127/2021 15.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinin yaşayış sahəsi kimi qeyd edilməklə dövlət reyestrindən ona müvafiq çıxarışın verilməsi barədə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin üzərinə ona məxsus ünvan 1 ünvanındakı 2 girişli 17 mərtəbəli binanın texniki mərtəbəsində yerləşən 3 (üç) otaqdan ibarət qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə müvafiq qərarın verilməsi öhdəliyi və eyni zamanda, bu sahənin yaşayış sahəsi kimi dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10.02.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, uzun müddət ailə üzvləri ilə birgə yaşadığı və faktiki yaşayış sahəsi olan, ancaq bununla belə “qeyri-yaşayış sahəsi” kimi vaxtilə qeydə alınmış mənzilinin yaşayış sahəsi statusuna keçirilməsi barədə müvafiq qərar qəbul edilməsini və bu mənzilinin yaşayış sahəsi kimi dövlət reysterində qeyd edilməsini cavabdehdən xahiş etmişdir. Belə müraciətinə əsas aşağıdakı faktiki və hüquqi əsaslar olmuşdur. O, Bakı şəhəri, Xətai rayonu, 1197-ci məhəllə, Mehdi Mehdizadə (keçmiş ünvan 2 ünvanında yerləşən və tikintisi "xxxx" MTK tərəfindən başa çatdırılaraq, 14.04.2009-cu il tarixində müvafiq Aktla istismara qəbul edilmiş 2 girişli 17 mərtəbəli binanın texniki mərtəbəsinin bir hissəsində yerləşən 154 kv.m olan 3 (üç) otaqlı, 117-saylı qeyri-yaşayış adlanan, ancaq faktiki yaşayış üçün tam yararlı sahəni əldə edərək uzun müddətdir ki, bu sahədə öz ailəsi ilə birgə yaşayır. Adı keçən sahənin pay dəyəri/qiyməti illər boyu tərəfindən tam ödənildikdən sonra, "xxxx" MTK-nın digər üzvlərinin ümumi iclasının qərarı ilə bu sahə mülki qanunvericiliklə nəzərdə tutulduğu kimi, mülkiyyətinə keçmişdir. (14.04.2009-cu il tarxli dövlət Aktı, sahənin plan-sxemi, mərtəbə plan-sxemi, "xxxx" MTK üzvlərinin ümumi yığıncağının qərarından çıxarış, maliyyə arayışı əlavə edilir.) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6. maddəsinə görə mənzil-tikinti koorperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti koorperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Bununla belə, faktiki uzun müddət yaşadığı bu qeyri-yaşayış sahəsi yaşayış/mənzil fonduna aid olmadığından, bu sahənin (faktiki mənzilinin) dövlət reyestrində yasayış/mənzil sahəsi kimi qeydə alınması və bu barədə ona müvafiq çıxarışın verilməsi hazırda mümkünsüzdür, belə ki bunun üçün ilk növbədə adı gedən daşınmaz əmlakın: qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə cavabdehin müvafiq qərarı tələb olunur. Qeyd etdiyi kimi, bunun üçün cavabdehə müraciət etmişdir. Adı keçən müraciət/ərizəsi cavabdeh tərəfindən 30 (otuz) gün əvvəl qəbul edilmiş (qəbz əlavə edilir) və onun əsasında sonuncu qeyd olunan mənzil sahəsində hətta müvafiq baxış keçirmiş və bunun nəticəsi olaraq rəy hazırlamışdır. Bununla belə, yerində keçirilmiş baxış üzrə hazırlanan rəyə əsasən müvafiq qərar qəbul edilməmiş, bunun səbəbini, yaxud bundan imtina edilməsi ona - ərizəçiyə bildirməmişdir, baxmayaraq ki mənzili (faktiki yaşayış sahəsi) yaşayış üçün tam yararlıdır və onun daşınmaz əmlakım kimi dövlət Reyestrində qeyd olunmamasına, eyni zaman qeyri-yaşayış statusunda qalmasına heç bir əsas yoxdur. Belə hal: cavabdehin hərəkət - hərəkətsizliyi sözsüz ki, onun mülkiyyət hüquqlarını məhdudlaşdırır, onun və ailəsinin qanuni mənafelərinə ziddir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.4-cü maddəsinə görə qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Halbuki, adı keçən və ailəsi ilə birgə yaşadığı sahə yaşayış üçün müəyyən edilmiş tələblərə tam cavab verir, yaşayış üçün onun yenidən uyğunlaşdınlmasına ehtiyac yoxdur və o, digər şəxslərin (ilk növbədə, o cümlədən qərar qəbul etmiş MTK üzvlərinin hüquqları ilə yüklü deyil. Adı gedən Məcəllənin 21.1-ci maddəsinə görə qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti haqqında Əsasnamənin 3.0.19-cu bəndinə görə qeyri-yaşayış fondundan yaşayış fonduna keçirilmiş daşınmaz əmlak obyektləri barədə məlumatları dövlət reyestrinə daxil etmək də cavabdehin vəzifələrindən biridir. (Əsasnamənin bu bəndindən göründüyü kimi, söhbət ümumilikdə daşınmaz əmlak obyektlərindən gedir: bu obyektlərin yaşayış, yaxud qeyri-yaşayış olub-olmamasından asılı deyil.) Beləliklə, göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə görə cavabdeh daşınmaz əmlakın dövlət reyestrinin aparılmasını təmin edən icra hakimiyyəti orqanının ərazi vahidi kimi müraciətini-ərizəsini əsassız və qanunsuz olaraq təmin etməmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanındakı 2 girişli, 17 mərtəbəli binanın texniki mərtəbəsində yerləşən 3 (üç) otaqdan ibarət 117 saylı qeyri-yaşayış sahəsinin yaşayış sahəsi kimi qyediyyata alınması və bu barədə dövlət reyestrindən ona müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqəlar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan daşınmaz əmlak binanın texniki mərtəbəsində yerləşdiyi müəyyən olunmuşdur. Qeyd olunan ünvanda yerləşən yaşayış binasının ünvan 3-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında texniki mərtəbənin yaşayış və ya qeyri-yaşayış sahəsi olması barədə məlumat yoxdur. Həmçinin, texniki mərtəbə binaya xidmət etmək üçün ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. Bundan əlavə, qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulan sahənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş planı təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********30 saylı, 22.04.2021-ci il tarilxi məktub ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı təqdim edilmiş etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normalarına əsasən hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki: - "xxxx" MTK üzvlərinin ümumi iclasının 01 nömrəli, 25.01.2021-ci il tarixli protokolundan çıxarışa əsasən, İddiaçı MTK-ya üzv qəbul olunmaqla, MTK-nın ünvan 1 ünvanında yerləşən 2 girişli, 17 mərtəbəli yaşayış binasının 2-ci girişinin texniki mərtəbəsində yerləşən ümumi sahəsi 154 kv.m olan 3 otaqlı 117 saylı qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilmişdir. - "xxxx" MTK tərəfindən verilmiş 41-m nömrəli, 25.01.2021-ci il tarixli maliyyə arayışına əsasən, ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu 2 girişli, 17 mərtəbəli yaşayış binasının 2-ci girişinin texniki mərtəbəsində yerləşən ümumi sahəsi 154 kv.m olan, 3 otaqlı, 117 saylı qeyri-yaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. - "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, 1197-ci məhəllədə, Mehdizadə - 5 ünvanında yerlşən 117 saylı qeyri-yaşayış sahəsinin sxemi tərtib və təsdiq edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti başçısının 15.04.2009-cu il tarixli, 137 saylı sərəncamına əsasən Bakı şəhəri, ünvan 5 ünvanda, 17 mərtəbəli, 2 girişli yaşayış binası (+ texniki mərtəbə, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) istismara qəbul edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********30 nömrəli, 22.04.2021-ci il tarixli imtina məktubuna əsasən, iddiaçının qeyriyaşayış sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya qeyd olunan qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı müraciətinə baxılaraq bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan daşınmaz əmlakın binanın texniki mərtəbəsində yerləşdiyi müəyyən olunmuşdur. Qeyd olunan ünvanda yerləşən yaşayış binasının ünvan 3-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul ediməsi haqda dövlət qəbul komissiyası”nın aktında texniki mərtəbənin yaşayış və ya qeyri-yaşayış sahəsi olması barədə məlumat yoxdur. Həmçinin, texniki mərtəbə binayay xidmət etmək üçün ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. Bundan əlavə, qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulan sahənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş planı təqdim edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna **********95 nömrəli, 20.08.2021-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi, 5 saylı evin texniki mərtəbəsində yerləşən 114, 116, 118 saylı mənzillər dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin, Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi, 5 saylı evin texniki mərtəbəsində yerləşən 117 saylı qeyriyaşayış sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı təqdim olunmuşdur ki, həmin müayinə aktında sözügedən mənzilin 17 mərtəbəli binanın texniki mərtəbəsində yerləşməsi, X2 əsasən mənzillərin ümumi say tərkibinə daxil olmaması, mənzildən yaşayış sahəsi kimi istifadə olunması, mənzil kimi kommunal və texniki parametrlərə uyğun gəlməsi göstərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********38 nömrəli, 11.11.2021-ci il tarixli məktubla təqdim edilmiş 116 və 118 saylı mənzillərə dair hüquqmüəyyənedici sənədlərdən müəyyən edilmişdir ki, həmin mənzillər payçılara ayrılan zaman binanın mansarda qatında olan qeyri-yaşayış sahələri olmuşlar. Sonradan məhkəmə qərarlarına əsasən həmin qeyri-yaşayış sahələri yaşayış sahəsi kimi tanınmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə bildirir ki, iddiaçının hazırki tələbi ondan ibarətdir ki, ona məxsus olan ünvan 1 ünvanındakı 2 girişli, 17 mərtəbəli binanın texniki mərtəbəsində yerləşən 3 (üç) otaqdan ibarət 117 saylı qeyri-yaşayış sahəsi yaşayış sahəsi kimi qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən ona müvafiq çıxarış verilsin. Lakin, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçıya ayrılmış sözügedən qeyri-yaşayış sahəsi X2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müayinə aktına əsasən 17 mərtəbəli binanın texniki mərtəbəsində yerləşir. Həmin qeyri-yaşayış sahəsi mənzillərin ümumi say tərkibinə daxil deyildir. Bundan əlavə, mübahisəli qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı iş materiallarında mövcud deyildir. Halbuki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 272 nömrəli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Fərmanın1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Məhkəmə, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi ilə eyni mərtəbədə (texniki mərtəbədə) yerləşən digər qeyri-yaşayış sahələrinin mənzil – yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınmasına münasibətdə qeyd edir ki, həmin qeyri-yaşayış sahələrinin dövlət qeydiyyatına alınması, inzibati orqanların mövcud inzibati praktikası əsasında olmamış, qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən olmuşdur. Bundan başqa, həmin mənzillərin dövlət qeydiyyatına alınması, mövcud inzibati praktika əsasında olsa idi belə, inzibati orqanlar həmin praktikanın formalaşmasında qanunun tələblərinə riayət etdikləri təqdirdə, bərabərlik prinsipi və inzibati praktika məhkəmə tərəfindən mötəbər qiymətləndirilə bilərdi. Beləliklə, məhkəmə araşdırması ilə sübut olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin mübahisəli bağ sahəsinin əlavə sahələri üzərində iddiaçının əmlak hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İPM–in 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5127/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5127/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver