Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5127/2024 01.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ-torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər, Binəqədi rayon, Sulutəpə bağlar massivində yerləşən 31 saylı torpaq sahəsinə dair onun adına çıxarış verilməsi öhdəliyinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri, 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər, Binəqədi rayon, Sulutəpə bağlar massivində yerləşən 31 saylı torpaq sahəsi iddiaçıya məxsusdur. İş materiallarına əlavə edilmiş Bakı su kəməri İİ yanında bağçılıq idarəsinin xx.xx.1991-ci il tarixli, 6 saylı protokolundan görünür ki, 31 nömrəli bağ sahəsi ona ayrılmışdır. İş materiallarına əlavə edilmiş Bakı su kəməri İİ yanında bağçılıq idarəsinin xx.xx.1991-ci il tarixli, 6 saylı protokolundan çıxarışdan görünür ki, 31 nömrəli bağ sahəsi iddiaçıya ayrılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər XDS İK-nin 7/437 saylı, xx.xx.1990-cı il tarixli qərarından görünür ki, torpaq sahəsi ona məxsusdur. xx.xx.2023-cü il tarixli Milli Arxiv İdarəsinin məktubundan görünür ki, bu torpağın sənədləri arxivdə vardır. Faktla bağlı cavabdehə aidiyyatı üzrə müraciət edilsə də, ona əsassız imtina cavabı verilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5127/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bak İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X1 üçüncü şəxs qimsində prosessual iştirakına xitam verilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etniş və xx.xx.2023-cü il tarixli, **********62 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi İdarənin arxivində mövcud olmadığından göstərilən torpaq sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin təqdim olunmuş hüquqmüəyyənedici sənəddə torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Bundan əlavə, İdarənin arxiv malumatlarına əsasən eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində 31 nömrəli torpaq sahəsi digər fiziki şəxsə X5 ayrılmış, həmin torpaq sahəsində bağ evi qeydiyyata alınmış, sonradan özgəninkiləşdirilmişdir. Hazırda hərrin bağ evi X1 mülkiyyətindədir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqlanın əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün asaslardan hesab olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması yolu ilə aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il taridi sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlet reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağlar massivində yerləşən 31 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərsu ASC-nin məhkəmə sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda İddiaçı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki: -Bakı şəhəri X7 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/437 nömrəli qərarı ilə torpaq sahələri kollektiv bağların yaradılması üçün rayon sovetlərinin icraiyyə komitələri yanında işçi komissiyalar tərəfindən baxılan materiallara uyğun olaraq aşağıda göstərilən təşkilatlara və müəssisələrə ayrılsın: "Bakısukəmər" İstehsalat idarəsinə, yoldaşlığın 32 üzvünə Kirov rayonu Sulu-Təpə qəs. rayonunda bağçılıq yoldaşlıqları massivində boşalan ərazilər hesabına torpaq ayrılmışdır. -“Bakı su kəməri” İİ yanında yaradılmış bağçılıq idarəsinin həmkarlar ittifaqı komitəsinin və kooperativinin rəhbərliyinin 30 yanvar 1991-ci il tarixli ümumi yığıncağının xx.xx.1991-ci il tarixli 6 nömrəli protokolundan görünür ki, Sulutəpə bağ sahələrinin “Bakı su kəməri” İİ yanında bağçılıq yoldaşlığına daxil olmuş üzvlər arasında X2 adı siyahıda 31ci yerdədir. İş materiallarına əlavə edilmiş Həmkarlar komitəsi rəhbərliyinin və xx.xx.1991-ci ildə “Bakısukəmər” İİ yanında yaradılan Bağçılıq üzrə idarəetmə kooperativinin ümumi yığıncağının protokolundan xx.xx.1991-ci il tarixli 6 nömrəli çıxarışından görünür ki, “Bakısukəmər" İİ həmkarlar komitəsi sədri yol. M.N.Aşumovanın püşkatma yolu ilə və zərfin açılması zamanı nömrələnmiş bağ sahələrinin paylanması, yol. İddiaçı bağ sahəsinə 31 nömrəsinin verilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli, **********96 nömrəli məktubu ilə göndərilmiş ərazinin ortofoto görüntüsündən görünür ki, mübahisələndirilən 500,0 torpaq sahəsinin qonşuğlunda 32, 33/548A, 33/548 nömrəli bağ torpaq sahələri yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli, **********96 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağlar massivində yerləşən 31 saylı torpaq sahəsinin xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyərini əks etdirən müayinə (baxış) aktı”na əsasən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 500.0 kv.m, faktiki olaraq 500.0 kv.m-dir. Göstərilən bağ sahəsi hasar daxilindədir. Sahədə 1 mərtəbəli ev və həyət tikilisi var. Sahənin koordinatları əlavə olundu: 3 tərəfi qonşu, bir tərəfi yol. X=393672.1081 Y=4477283.8862, X=393691.0882 Y=4477278.4255, X=393684.6006 Y=4477254.0875, X=393665.6304 Y=4477259.0160. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********84 nömrəli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq (bağ) sahəsi hasar daxilindədir. Faktiki sahəsi 500.0 kv.m təşkil edir. Üzərində birmərtəbəli ev və həyət tikilisi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi Bakı Su Kəmərləri bağçılıq yoldaşlığı ayrıc aktı daxilində yerləşir. Tikilinin qeydiyyatı barədə məlumat yoxdur. Həmçinin qeyd olunan ərazinin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********62/2023 nömrəli məktubunda bildirilmişdir ki, bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi idarənin arxivində mövcud olmadığından göstərilən torpaq sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin təqdim olunmuş hüquqmüəyyənedici sənəddə torpaq sahəsinin ölçüsü göstərilməmişdir Bundan əlavə, İdarənin arxıv məlumatlarına əsasən eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində 31 nömrəli torpaq sahəsi digər fiziki şəxsə ayrılmış, həmin torpaq sahəsində bağ evi qeydiyyata alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunia müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhəri X7 İcraiyyə Komitəsinin xx.xx.1990cı il tarixli, 7/437 nömrəli qərarı ilə "Bakısukəmər" İstehsalat idarəsinə bağçılıq yoldaşlıqları massivində torpaq sahələri ayrılmış, həmin torpaq sahələrindən Həmkarlar komitəsi rəhbərliyinin və xx.xx.1991-ci ildə “Bakısukəmər” İİ yanında yaradılan Bağçılıq üzrə idarəetmə kooperativinin ümumi yığıncağının xx.xx.1991-ci il tarixli 6 nömrəli protokolu ilə İddiaçı 31 nömrəli bağ sahəsi ayrılmış, iddiaçının adı xx.xx.1991-ci il tarixli 6 nömrəli protokolu təsdiq edilmiş adlı siyahıya (31-ci sıra) daxil edilmişdir. Beləliklə, Həmkarlar komitəsi rəhbərliyinin və “Bakısukəmər” İİ yanında yaradılan Bağçılıq üzrə idarəetmə kooperativinin ümumi yığıncağının xx.xx.1991-ci il tarixli 6 nömrəli protokolundan çıxarışı bağçılıq üzvlərinin adlı siyahısına uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağ massivində 31 nömrəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı imtina və etirazının dəlilləri aşağıdakılardan ibarət olmuşdur: -Təqdim olunmuş hüquqmüəyyənedici sənəddə torpaq sahəsinin ölçüsü göstərilməmişdir. -İdarənin arxıv məlumatlarına əsasən eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində 31 nömrəli torpaq sahəsi digər fiziki şəxsə ayrılmış, həmin torpaq sahəsində bağ evi qeydiyyata alınmışdır. -Bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi olmadığından göstərilən torpaq sahəsinin yerləşməsini nüəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə ilk öncə cavabdehin etirazında qeyd etdiyi təqdim olunmuş hüquqmüəyyənedici sənəddə torpaq sahəsinin ölçüsünün göstərilməməsi bağlı bildirir ki, qeyd edilən dəlil müraciətin təmin edilməsindən imtinaya əsas vermir. Belə ki, "xxxx" ASC-nin məhkəmə sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2024cü il tarixli məktubu ilə təqdim edilmiş “Bakı su kəməri” İİ yanında yaradılmış bağçılıq idarəsinin üzvlərinin adlı siyahısında olan şəxslərə ayrılmış torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Eyni zamanda iddiaçı ilə qonşu olan torpaq sahələrinin ortofoto görüntüsündə 32 nömrəli bağ sahəsinin iddiaçı ilə eyni eyni konfiqruasiyada və paralel yerləşdiyi, sonunciya aid cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavabla təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə isə bağ sahəsinin ölçüsünün 0.05 ha olduğu müəyyən edilmişdir. Eyni zamanda, cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinədə də torpaq sahəsinin ölçüsünün hüquqmüəyyənedici sənəd üzrə 500.0 kv.m, faktiki olaraq da 500.0 kv.m olduğu qeyd edilmişdir. Beləliklə, cavabdeh iddiaçıya ayrılmış torpaq sahəsinin 500 kv.m-dən az olması ilə bağlı əks sübut təqdim etmədiyindən qeyd edilən məsələ iddiaçının ziyanına şərh edilə bilməz. Cavabdehin digər imtina dəlili- eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində 31 nömrəli torpaq sahəsinin digər fiziki şəxsə ayrılması, həmin torpaq sahəsində olan bağ evnin qeydiyyata alınmasına gəlincə məhkəmə icraatı gedişində məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli, **********50 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağlar massivində yerləşən 31 saylı bağ sahəsinə dair sənədlərin surətindən görünür ki, Bakı şəhəri, Sulutəpə qəsəbəsində yerləşən yaşayış sahəsi 152 kv.m, ümumi sahəsi 505.2 kv.m olan 5 otaqdan ibarət olan 31 nömrəli fərdi yaşayış evi (bağ sahəsi) X1 adına hazırda mülkiyyətdə olsa da həmin bağ sahəsi ilkin olaraq X6 “Kommunsənayesutəchizatı” İİB-nin İTKİ-nin həmkarlar təşkilatının və bağçılıq kooperativinin ümumi iclasından xx.xx.1994-cü il tarixli protokolundan çıxarışına əsasən ayrılmışdır. Başqa sözlə, bağ sahələrinin nömrələri eyni olsa da, lakin iddiaçıya ayrılmış 31 nömrəli bağ sahəsi “Bakı su kəməri” İİ bağçılıq yoldaşlığı tərəfindən, digər qeydiyyata alınmış 31 nömrəli bağ sahəsi isə “Kommunsənayesutəchizatı” İİB-nin bağçılıq yoldaşlığı tərəfindən ayrılmışdır. Göründüyü kimi bağ sahələri iki müxtəlif hüquqmüəyyənedici sənədlə ayrılmış və iki müxtəlif bağçılıq yoldaşlıq tərəfindən iki fərqli bağ torpaq sahələrinə aiddir və həmin bağ sahələrinin naturada üst-üstə düşməsi barədə sübut məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. Bundan əlavə, cavabdehin istinad etdiyi bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi olmadığından göstərilən torpaq sahəsinin yerləşməsini nüəyyənləşdirmək mümkün olmamasına gəlincə isə qeyd edilməlidir ki, "xxxx" ASC tərəfindən bağçılıq yoldaşlığa aid torpaq sahəsinin xx.xx.1990-cı il tarixli cizgisi məhkəməyə təqdim edilmiş, həmin cizgidə bağçılığa aid 20.3 ha torpaq sahəsinin yerləşmə vəziyyəti öz əksini tapmışdır. Eyni zamanda cavabdehin mütəxəsisləri tərəfindən keçirilmiş yerli müayinə nəticəsində iddia olunan torpaq sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən Bakı Su Kəmərləri bağçılıq yoldaşlığı ayrıc aktı daxilində yerləşdiyi bilavasitə qeyd edilmişdir. İşin hallarından görünür ki, iddiaçı tərəfindən naturada göstərilən bağ torpaq sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmiş və həmin koordinatlarda olan bağ sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınması və digər şəxsin istifadəsində olması halı müəyyən edilməmişdir. Ərazinin təqdim olunmuş ortofoto görüntüsündə isə 31 nömrəli bağ sahəsinin qonşu bağ nömrələri ilə olan nömrə ardıcıllığa uyğun gəldiyi də müəyyən olunmuşdur. Beləliklə, iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hüquqi əsas mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağlar massivində yerləşən 31 saylı 500 kv.m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağlar massivində yerləşən 31 saylı 500 kv.m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5127/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5127/2024
01.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver