Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5128/2020 18.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Binəqədi rayon Xidmət Nümayəndəliyinin adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, iddiaçı-İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Binəqədi rayon Xidmət Nümayəndəliyi) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Binəqədi rayon Xidmət Nümayəndəliyi və bundan sonra mətndə DSMF Binəqədi rayon Xidmət Nümayəndəliyi) qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əmək kitabçasında qeyd olunan illərin sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməsi, pensiya hüququ yarandığı xx.xx.2019-cu il tarixdən halhazıradək olan məbləğin hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə doğulmuşdur, hazırda 65 yaşı vardır. Əmək fəaliyyətinə 1971-ci ildə başlamış, həmin dövrdən 1999-cu ilə qədər bir neçə müxtəlif vəzifələrdə çalışmışdır. O, pensiya yaşına çatdığından yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, onun müraciətinin təmin olunmasından 25 il sosial sığorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində pensiya kapitalı toplanmadığından xx.xx.2020-ci il tarixli **********7 saylı məktubla imtina edilmişdir. O, hazırki imtina ilə razılaşmır və bildirir ki, onun iş stajı 28 ildən artıqdır və işlədiyi illər əmək kitabçası ilə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabeh DSMF Binəqədi rayon Xidmət Nümayəndəliyi məhkəməyə təqdim etdiyi iddiaya dair etirazında (mülahizə) göstərmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İddiaçı fərdi hesabın sığorta hissəsində pensiya kapitalı toplanmadığından və ya 25 il sığorta stajı olmadığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu qeyd olunmuşdur. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1 -dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı hesab olunur. Əmək kitabçasındakı qeydlərin mötəbərliyinə dair əsaslı şübhələr yaranmışdır. Belə ki, iddiaçı x xxxx 2019-cu il tarixli iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (İş № 2-1(81)-3168/2019) müraciət etmiş, yaşa görə pensiya təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını tələb etmişdir. Lakin iddia ərizəsinə qoşma formasında əlavə olunmuş əmək kitabçasının surətində 1994-1998-ci illərə dair qeydlər mövcud olmamışdır. Lakin, iddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Füzuli rayon İcra hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin xx.xx.2019-cu il tarixli 01/263 saylı arayışında qeyd olunur ki, iddiaçı xx xxxxxxx 1994-cü ildən xx.xx.1999-cu il tarixə kimi Füzuli rayon X2 Tədarük İdarəsinin direktoru vəzifəsində işləmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Füzuli rayon X2 məcburi dövlət sosial ödənişləri barədə heç bir məlumat əldə edilməmişdir. Həmçinin vətəndaşın həmin müəssisədə işləyib məvacib alması faktının yoxlanılması mümkün olmamışdır. Hazırda icraatda olan iş ( № 2-1(112)-5128/2020 ) üzrə təqdim oiunan əmək kitabçasının surətində isə 1994-1998-ci illərdə vətəndaşın işlədiyi qeyd olunub. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi Dövlət Arxivinin Füzuli filialına və Azərbaycan Respublikası Füzuli rayon İcra hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri X3 rayon X2 Tədarük İdarəsində işlədiyi illərə dair əmrlərin surətini və əmək haqqı cədvəlinin təqdim edilməsinə dair sorğular verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Füzulı filialından xx.xx.2020-ci il tarixli DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına daxil olmuş məktuba əsasən, Füzuli rayon X2 X5 Davud Əii oğluna dair sənədləri arxiv idarəsinə təhvil verməmişdir. Məhz iddiaçıya məxsus sənədlərin arxivə təhvil verilməməsi arayışın mötəbərliyi və vətəndaşın işləmə faktını şübhə altına alır. Həmçinin arayışı təqdim edən Azərbaycan Respublikası Füzuli rayon İcra hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Bayram Niftəliyevə xx.xx.2020-ci il tarixli sorğu göndərilməyinə baxmayaraq cavab məktubu gəlməmişdir. Məhkəməyə təqdim olunmuş əmək kitabçasının sürətində iddiaçının xx.xx.1994-xx.xx.1998-ci illərdə Gənclər X4 “İlkin Gənclər” konserinin rayoniararası istehsalat birliyində işlədiyi qeyd olunub. Əmək kitabçasına sonradan əlavə edilmiş bu fakt əsaslı şübhələr doğurur. Belə ki, İddiaçı iddia etdiyi kimi eyni illərdə Füzuli rayon X2 Tədarük idarəsində və Gənclər X4 “İlkin Gənclər” konserinin rayonlararası istehsalat birliyində işləməsi mümkünsüzdür. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması barədə iddia tələbi əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazda göstərilənlərin nəzərə alınmaqla iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1955-ci ildə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır (AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsi). O, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmətdə olmuşdur (ВЦ seriyalı 054680 saylı hərbi bilet). 1974-1981-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda meyvə-tərəvəzçilik və üzümçülük ixtisasında oxumuşdur (EB seriyalı 282965 saylı diplom). İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilədək “Engels” adına üzümçülük sovxozunda fəhlə, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək fəhlə, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək Milli Kanal Su idarəsində çilingər, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək “Engels” adına üzümçülük sovxozunda fəhlə fəhlə, xx.xx.1978-ci ildən xx.xx.1987-ci ilədək 116 saylı Kənd orta texniki peşə məktəbində müəllim, xx.xx.1987-ci ildən xx.xx.1991-ci ilədək Füzuli rayon Partiya Komitəsində İdeologiya şöbəsinə təlimatçı, xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək Engels adına sovxozun direktoru, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək Füzuli rayon X2 07 saylı əmrinə əsasən Qoyunçuluq sovxozunun direktoru, xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilədək Azərbaycan Respublikası Gənclər X4 “İlkin” Gənclər konserinin Rayonlararası İstehsalat Birliyində direktor müavini işləmişdir (əmək kitabçası). İddiaçı hazırki tələblə cavabeh DSMF Binəqədi rayon şöbəsinə müraciət etmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********7 saylı məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə və ya azı 25 ıl sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Lakin təqdim olumuş sənədlərə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmadığından və ya 25 il sığorta stajı olmadığından ona “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə iddiaçının sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının sığorta stajının xx.xx.1994-cü ildən xx.xx.1998-ci il tarixədək illərə münasibətdə cavabdeh tərəfindən mübahisələndirilmişdir. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. İşin müəyyən edilmiş hallarına görə isə iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1998-ci il ilədək (mübahisələndirilən dövr) Azərbaycan Respublikası Gənclər X4 “İlkin” Gənclər konserinin Rayonlararası İstehsalat Birliyində işləməsinə dair əmək kitabçasında qeyd aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Eləcə də hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı sosial sığorta stajının olması ilə bağlı məhkəməyə yalnız əmək kitabçasını təqdim etmiş, cavabdeh tərəfindən əmək kitabçasında olan qeydlərin mötəbərliyi mübahisələndirilmiş, məhkəmə tərəfindən bununla bağlı sorğu göndərilməsinə baxmayaraq qeyd olunan sübutların əldə edilməsi mümkün olmamışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin də iddiaya dair etirazda göstərdiyi kimi, hazırki iddia ərizəsindəki tələblə (yaşa görə pensiya təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması) ilə eyni məzmulu tələblə bağlı iddia ərizəsi ilə x xxxx 2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdiyini, həmin iddia ərizəsinə onun tərəfindən əlavə olunmuş əmək kitabçasının surətində xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilədək Azərbaycan Respublikası Gənclər X4 “İlkin” Gənclər konserinin Rayonlararası İstehsalat Birliyində işləməsinə dair qeydlərin mövcud olmadığını, qeyd olunan halın özünə məxsus iki əmək kitabçasının olması ilə izah olunduğunu bildirmiş, lakin bunu təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı həmçinin Füzuli rayon İcra hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin xx.xx.2019-cu il tarixli 01/263 saylı arayışında qeyd olunduğu kimi xx xxxxxxx 1994-cü ildən xx.xx.1999-cu il tarixədək Füzuli rayon X2 Tədarük İdarəsinin direktoru vəzifəsində işləmədiyini, oradan ona heç bir əmək haqqı ödənilmədiyini, yalnız adının formal olaraq qeyd olunduğunu bildirmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malk olduğunu nəzərə almaqla yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də bunu təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5128/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5128/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver