Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5129/2021 16.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi-X5, üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələri- X1 və X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Baş Prokurorluğu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın yenidən hesablanması və ona 2020-ci ilin aprel ayından başlayaraq məhkəmə qərarı qəbul edilən günə qədər verilməyən məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Azərbaycan Respublikası Baş X3 Orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru kimi pensiya təyin edilmiş və prokurorluqda işlədiyi üçün həmin pensiyanın 50 (əlli) faizini almışdır. 22.04.2020-ci il tarixdən prokurorluq orqanlarından təqaüdə çıxmağı ilə əlaqədar xaric edilmişdir. İşdən çıxmağını nəzərə alıb, işdən azad olunduğu gündən “X7” Qanunun 20.8-ci maddəsinə əsasən 2018-ci ilin aprel ayından başlayaraq sonuncu 24 (iyirmi dörd) ay nəzərə alınmaqla pensiyanın hesablanıb ödənilməsi həyata keçirilmişdir. Lakin ödənilən məbləğ düzgün hesablanmamış və pensiyanı tam həcmdə ala bilməmişdir. Belə ki, Dövlət Sosial Müdafiə Fonduna təqdim etdiyi, Baş Prokurorluğun verdiyi arayışda ona ödənilən 10.414,22 (on min dörd yüz on dörd manat, iyirmi iki qəpik) manat hesablanıb nəzərə alınmamış və hesablama zamanı səhvlərə yol verilmişdir. Həmin arayışda iddiaçıya verilən 10.414,22 (on min dörd yüz on dörd manat, iyirmi iki qəpik) manat əmək haqqı fondundan verilməklə, DSMF-yə müvafiq ayırmalar edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, bu məbləğ istifadə edilməmiş məzuniyyətlərə görə toplanılan və iddiaçıya zamanında ödənilməyən puldur. Əmək Məcəlləsinin 143-cü maddəsinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin "a" və "ç" bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili üçün ona məzuniyyət verilir və işdən çıxma məzuniyyətin son günü hesab edilir. Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 01 fevral 2021- ci il tarixdə pensiyanın yenidən hesablanması və iddiaçıya 2020-ci ilin aprel ayından bu günə qədər verilməyən məbləğin ödənilməsindən ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət etmiş, sonuncu tərəfindən müraciəti cavablandırılmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 05.05.2021-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi qərara alınmış, həmçinin məhkəmənin 07.07.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Baş Prokurorluğu inzibati iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının və 3-cü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun iddiaya dair yazılı etirazları məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən; - İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. - cavabehin nümayəndəsi X9 iddianı qəbul etməyərək, məhkəmədən iddia tələbinin əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. - üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi- X2 məhkəmədə verdiyi izahatında göstərdi ki, keçmiş prokurorluq əməkdaşı olan hazırki iş üzrə İddiaçı yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad olunarkən ona işlədiyi dövrlərdə istifadə etmədiyi məzuniyyətlərə görə 10.414 manat 22 qəpik məbləğində pul kompensasiyası hesablanaraq ödənilmiş, həmin vəsaitdən Dövlət Sosial Müdafiə Fondina müvafiq ayırmalar edilmişdir. Üçüncü şəxsin nümayəndəsi qeyd olunanların nəzərə alınmaqla məhkəmədən mübahisənin məhkəmənin öz mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1960-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 11/195-k №li 22.04.2020-ci il tarixli əmrinin surətindən görünür ki, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru ədliyyə müşaviri İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 22 aprel 2020-ci il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş 21.05.2020-ci il tarixli 17/252 №li “Pensiyanın hesablanması üçün əmək haqqı barədə arayış”dan müəyyən olunur ki, İddiaçı istifadə etmədiyi məzuniyyətlərə görə 10.414 manat 22 qəpik məbləğində pul kompensasiyası hesablanaraq ödənilmiş, həmin vəsaitdən Dövlət Sosial Müdafiə Fondina müvafiq ayırmalar edilmişdir. Məhkəmə araşdırması zamanı təqdim olunmuş pensiya işindən görünür ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsinin 042356 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, xx xxxxx 1960-cı il təvəllüdlü İddiaçı 1047 nömrəli 03.09.2009-cu il tarixli qərarla 24.08.2009-cu il tarixdən 1.275,40 manat ömürlük pensiya təyin edilmişdir. Daha sonra DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “Əmək pensiyasının təyin edilməsi haqqında” 03.06.2020-ci il tarixli **********9 №li qərarı ilə İddiaçı 22.04.2020-ci il tarixdən (dövlət qulluğu vəzifəsində stajı-34 il 06 ay 23 gün, Dövlət məvacibi 4262,19 manat, pensiyanın faizi- 80 faiz, pensiyanın müddəti – müddətsiz) 3.409,75 manat məbləğində pensiya təyin olunmuşdur. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 03.03.2021-ci il tarixli **********9 nömrəli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Göründüyü kimi ərizədə qeyd edilən pul təminatının əmək pensiyası hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “X7” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq olunmuş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nda (31-ci (sonuncu) bəndi) istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya nəzərə alınmayan ödənclərə aid edilmişdir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq, orta aylıq əməkhaqqının 80 faizi miqdarında pensiya təyin olunmuş və bu zaman sonuncuya istifadə edilməmiş əmək məzuniyyətlərinə görə ödənilmiş kompensasiyalar nəzərə alınmamışdır. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı oluşdur (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə) İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanları nəzərər alaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiya məbləğinin yenidən hesablanması və fərq məbləğinin ödənilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5129/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5129/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver