Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5132/2021 08.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, layihəyə uyğun kompleksin iddiaçının adına qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, layihəyə uyğun kompleksin iddiaçının adına qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 25 aprel 2007-ci il tarixli 166 nömrəli sərəncamına əsasən İddiaçı MMC-yə Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsinin şərq hissəsində istirahət kompleksinin tikintisinin layihələndirilməsi üçün 8,5 ha torpaq sahəsi icarə əsasında istifadəyə verilmişdir. Daha sonra Bakı ŞİH başçısının 11 mart 2008-ci il tarixli 140 nömrəli sərəncamına əsasən 25 aprel 2007-ci il tarixli 166 nömrəli sərəncama dəqiqləşdirmə edilərək torpaq sahəsinin ölçüləri 11,2 ha müəyyən edilmişdir. Bundan sonra həmin ərazidə planlaşdırılan istirahət kompleksinin tikintisinə başlanılmışdır. Tikinti başa çatdırıldıqdan sonra yenidən Bakı ŞİH-ə müraciət olunmuş və Bakı ŞİH başçısının 27 aprel 2015-ci il tarixli 173 nömrəli sərəncamına əsasən 11 mart 2008-ci il tarixli 140 nömrəli sərəncama dəyişiklik olunaraq, ayrılmış torpaq sahəsinin ölçüləri 13,0 ha müəyyən edilmişdir. Layihə Bakı ŞİH tərəfindən təsdiq edilərək razılaşdırılmışdır. Bundan sonra İddiaçı MMC tərəfindən ərizə ilə hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və həmin daşınmaz əmlaka dair reyestrdən çıxarışın verilməsi xahiş olunmuşdur. Lakin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda cavabdeh bildirmişdir ki, hüquq müəyyənedici sənədlər İddiaçı MMC tərəfindən müvafiq ərizəyə əlavə edilməmişdir. AR Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göstərilənlərə və AR Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1, 2.2, 8-ci maddəsinə, İPM-in 2.2.2, 8.1.1, 33, 73-cü maddələrinə əsaslanaraq, cavabdehin imtinasının qanunsuz sayılması və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, dənizkənarı, Park Villa kompleksinin layihələrə uyğun olaraq dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş 7 may 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı MMC-nin iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində inşa edilmiş “X8” kompleksinin tikintisi başa çatmış 50 fərdi yaşayış evinin qeydiyyata alınıb, ayrı-ayrılıqda 50 ədəd çıxarış və texniki pasportların verilməsi ilə bağlı 27 iyul 2020-ci il tarixli ərizə ilə İdarəyə rəsmi qaydada müraciət etmişdir. Həmin ünvanda inşa edilmiş 25 ədəd A tipli fərdi yaşayış evinin zirzəmisində və 1-ci mərtəbəsində aşırımların uzunluğu 6 metrdən artıq olduğundan, qanunvericiliyə uyğun olaraq məlumatlandırma icraatının tətbiq edilməsi mümkün deyildir. Sözügedən fərdi yaşayış evlərinin təqdim edilmiş layihəsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, 3-cü mərtəbə layihədə mansard kimi göstərilsə də, faktiki 3-cü mərtəbədir və zirzəmidə, mansardda sahələr, otaqların təyinatı göstərilməmiş, otaqların sayında və sahəsində fərq aşkar olunmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvanında inşa edilmiş 25 ədəd В tipli fərdi yaşayış evlərinin təqdim edilmiş layihəsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, 3-cü mərtəbə layihədə mansard kimi göstərilsə də, faktiki 3-cü mərtəbədir və zirzəmidə, mansardda sahələr, otaqların təyinatı göstərilməmiş, otaqların sayında və sahəsində fərq aşkar olunmuşdur. Həmçinin hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi təqdim edilməmiş və təqdim edilmiş icarə müqaviləsində torpaq sahəsi istirahət kompleksinin tikintisi üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı əlavə edilmiş sənədlər surətdir. Göstərilənlərə və AR Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2, 74.1, 80.1-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.10.1-ci maddəsinə, İPM-in 48.2-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nünayəndəsi X3 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazı müdafiə etdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2-ci maddəısinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, Bakı ŞİH başçısının 25 aprel 2007-ci il tarixli 166 nömrəli sərəncamı ilə Əzizbəyov RİH başçısının 19 iyul 2006-cı il tarixli 735 nömrəli razılıq məktubu və İddiaçı MMC-nin 5 iyul 2006-cı il tarixli 5 nömrəli müraciəti nəzərə alınaraq, Əzizbəyov rayonu, Buzovna qəsəbəsinin şərq hissəsində istirahət kompleksinin layihələndirilməsi üçün 8,5 ha torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, Bakı ŞİH başçısının 11 mart 2008-ci il tarixli 140 nömrəli sərəncamı ilə İddiaçı MMC-yə aid Bakı ŞİH-in 15 aprel 2007-ci il tarixli 166 nömrəli sərəncamının 1-ci bəndində dəqiqləşdirmə aparılaraq, torpaq sahəsinin ölçüləri “11,2 ha” müəyyən edilmişdir. İş materiallarından görünür ki, Bakı ŞİH başçısının 27 aprel 2015-ci il tarixli 173 nömrəli sərəncamı ilə İddiaçı MMC-nin 15 aprel 2015-ci il tarixli 16 nömrəli müraciəti nəzərə alınaraq, Bakı ŞİH başçısının 11 mart 2008-ci il tarixli 140 nömrəli sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində istirahət kompleksinin tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərək “13,0 ha” müəyyən edilmişdir. İş materiallarından görünür ki, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı ŞİH başçısının 27 aprel 2015-ci il tarixli 173 nömrəli sərəncamı ilə İddiaçı MMC-yə istirahət kompleksinin tikintisi üçün Xəzər rayonu, Buzovna qəsəbəsinin şərq hissəsində ayrılmış 13.0 ha ölçüdə torpaq sahəsinə dair 20 may 2015-ci il tarixli 15/101 nömrəli ayrıc aktı verilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC-nin sifarişçi kimi təqdim etdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, dəniz kənarında “X9” kompleksinin layihəsi Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən “razılaşdırılmışdır” möhürü ilə təsdiqlənmişdir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Bakı ŞİH başçısının müvafiq sərəncamı ilə Əzizbəyov RİH başçısının nömrəli razılıq məktubu və İddiaçı MMC-nin müraciəti nəzərə alınaraq, Əzizbəyov rayonu, Buzovna qəsəbəsinin şərq hissəsində istirahət kompleksinin layihələndirilməsi üçün 13,0 ha torpaq sahəsi icarə əsasında həmin qurumun (İddiaçı MMC-nin) istifadəsinə verilmişdir. Bundan sonra tikinti üzrə məlumatlandırma icraatı üzrə həmin sahədə inşa olunacaq müvafiq tipli fərdi yaşayış evlərinin layihəsi Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilmiş və sonuncu həmin layihəni “razılaşdırılmışdır” möhürü ilə təsdiq etmişdir. İddiaçı MMC sözügedən istirahət kompleksindəki evlərin tikintisini başa çatdırdıqdan sonra ona reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə mübahisəyə mahiyyəti üzrə qiymət verilməsi ilə əlaqədar aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: AR Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.4-cü yarımbəndinə görə müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini «Torpaq icarəsi haqqında» AR Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) “dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində” yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Əsasnamənin 4.18.2ci yarımbəndinə görə bu Əsasnamənin 4.16.4-cü yarımbəndində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.10.2-ci maddəsinə əsasən AR Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə görə bu Məcəllənin 79- 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə görə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.6-cı maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. AR Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Göründüyü kimi, mövcud qanunvericilik məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas kimi müəyyən etmişdir. Hazırkı işin hallarına görə İddiaçı MMC-yə istirahət kompleksinin layihələndirilməsi və tikintisi üçün səlahiyyətli qurum kimi Bakı ŞİH tərəfindən sərəncam verilərək müvafiq ərazidə 13,0 ha ölçüdə torpaq sahəsi ayrılmış və bu barədə ayrıc aktı tərtib olunmuşdur. Bununla da belə nəticə yaranır ki, həmin torpaq sahəsi qanuni əsaslarla hazırkı İddiaçı MMC-yə icarəyə verilmişdir. Sözügedən torpaq sahəsində müvafiq layihə üzrə fərdi evlərin tikintisinə gəldikdə isə, məhkəmə vurğulayır ki, fərdi evlərin layihəsinin Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiqlənməsi iddiaçının tikintini məlumatlandırma icraatı çərçivəsində aparmaq niyyətini və bu prosedura riayət etməsini təsdiqləyir. Lakin bu hal üzrə müvafiq sənədlər təqdim edilsə də, cavabdeh inzibati orqan evlərin müvafiq göstəricilərə uyğunsuzluğunun (hündürlüyünün 12 metrdən artıq, mərtəbələrinin sayının 3dən artıq və s.) mövcudluğu ilə bağlı heç bir tutarlı sübut təqdim etməmiş, formal mülahizələrə söykənən mövqe ilə qaldırılan məsələnin həllindən imtina etmişdir. Halbuki, iddiaçının inzibati icraatda cavabdehə təqdim etdiyi və hazırkı məhkəmə icraatında tədqiq olunmuş yuxarıda sadalanan sənədlər «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.10.2-ci maddəsinin tələblərinə görə müvafiq ərsazidəki torpaq sahəsi və məlumatlandırma icraatı üzrə onun üzərində inşa edilmiş tikililərə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır və məhkəmə icraatında həmin əmlaklara hüquqların reyestrdə qeydiyyata alınmasından qeyd olunan Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş imtina əsaslarının mövcudluğu müəyyən edilmir. Məhkəmə yuxarıdakılara əsasən belə nəticəyə gəlir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəbolan hal kimi qiymətləndirilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz sayılmalı, Bakı ŞİH başçısının 25 aprel 2007-ci il tarixli 166 nömrəli sərəncamı ilə İddiaçı MMC-yə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ayrılmış torpaq sahəsində inşa edilmiş daşınmaz əmlakların layihələrə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 75, 83, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz sayılsın. Bakı ŞİH başçısının 25 aprel 2007-ci il tarixli 166 nömrəli sərəncamı ilə İddiaçı MMC-yə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ayrılmış torpaq sahəsində inşa edilmiş daşınmaz əmlakların layihələrə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Kərimli Rüstəm
Məhkəmə qərarları › İş №2-1(112)-5132/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5132/2021
08.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver