Məhkəmə qərarları › İş №2-1(112)-5132/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5132/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5132/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim: Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili): Vəkil Cavabdehin nümayəndəsi: X1 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçının riskli vergi ödəyicilərinin siyahısından çıxarılması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə suni şəkildə yaradılmış maneənin aradan qaldırılması və dəymiş zərərin ödənilməsi və qanunsuz hərəkətləri həyata keçirmiş vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edilməsi barədə xüsusi qərardad çıxarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi 13.01.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. 13 aprel 2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinin (vəkilinin) “İddiaçı riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin müqavilə tərəfləri olan alıcıların vəsaitin ödənilməsi ilə bağlı yaranmış problem barədə verdikləri məlumatlar əsasında məlum olmuşdur ki, alıcılar e-taxes.gov.az portalından istifadə edərkən, yəni eqaimə göndərmək istərkən İddiaçı MMC-nin riskli vergi ödəyici olması barədə xəbərdarlıq ekranda göstərilməkdədir. Bu səbəbdən iddiaçı tərəfindən maliyyə əməliyyatları aparılmasında məhdudiyyətlər yaradılmışdır. İddiaçı tərəfindən riskli vergi ödəyicilərinin siyahısı yoxlanılarkən məlum olmuşdur ki, İddiaçı MMC riskli vergi ödəyicilərinin siyahısına daxil edilməmişdir. Riskli vergi ödəyicisi olması barədə qərar da qəbul edilməmişdir. Riskli vergi ödəyicilərinin siyahısında olmadığı halda hansı əsasla e- taxes.gov.az portalından istifadə edərkən, yəni e-qaimə göndərmək istərkən İddiaçı MMC-nin riskli vergi ödəyici olması barədə xəbərdarlıq ekranda göstərilir? Vergi qanunvericiliyini tənzimlənyən normativ aktlarda belə bir hərəkətin edilməsi nəzərdə tutulmamışdır. Məsələnin aydınlaşdırılması üçün Vergi orqanlarına, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə 17.12.2021 -ci il tarixdə müraciətlər etmişdir. Lakin müraciətlərinə “əlaqə saxlamaq” tövsiyyə olunmuşdur. Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi onlar tərəfindən onlara qarşı hər hansı bir qərarın qəbul edilmədiyi bildirilmişdir. Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əlaqə saxlasalar da qeyri rəsmi hansısa vergi ödəyicisinə mal satdığı (bu irad qadağan edilməyən haldır) bildirsə də qanunvericiliyin hansısa normasına zidd hərəkət və ya hərəkətsizliyi barədə rəsmi bir irad bildirilməmişdir. Hal-hazırda MMC ilə əməkdaşlıq edən əməkdaşları iş görməkdən çəkinməkdədirlər. Satışlardan vəsaitlər daxil olmadığından MMC tərəfindən Banklardan götürülmüş kreditlərin ödənilməsində ciddi problemləlr yaranmaqdadır, gündəlik faizlər hesablanmaqdadır. Maraqlıdı Vergi Xidmətinin riskli vergi ödəyiciləri üzrə axtarış xidmətindən istifadə edərkən riskli vergi ödəyicisi olmadığı görünür. Lakin sonradan e-qaimə hissəsinə daxil olub ödəniş edilməsi istənildikdə riskli vergi ödəyicisi olması barədə bildiriş gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Şirkətin fəaliyyətində həmin meyarlara uyğun gələn hal olmamaqdadır. Hesab edir ki, bu hal sırf şəxsi xarakter daşımaqdadır, MMC-nin müflis olmasına nail olmaqla bazardan çıxarılmasına yönəlməkdədir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilməlidir. Vergi orqanına şikayətlər yazmağa başladığından barəsində səyyar vergi yoxlaması açıldı. Vergi yoxlaması açmaq vergi orqanının hüququ olsa da, hesab edir ki, bu halın pərdələnməsi məqsədini daşımaqdadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 13 aprel 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddianı qəbul etməyərək iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisinin fəaliyyəti “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq alt sistemlərinin mövcud imkanlarından istifadə edilməklə Baş İdarə tərəfindən araşdırılmış, aparılan təhlillər nəticəsində müəssisənin riskli maliyyə əməliyyatları həyata keçirdiyi müəyyən olunmuş və 10.12.2021-ci il tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Belə ki, "xxxx" MMC-nin (VÖEN: **********) 2021-ci il ərzində fəaliyyəti araşdırılarkən bir sıra kənarlaşmalar müəyyən olunmuşdur. Belə ki, müəssisə tərəfindən 01.01.2021-20.09.2021-ci il tarixləri aralığında 5 546 344 manat (ƏDV ilə birlikdə) dəyərində “su nasosu, parket, laminat, qreyfet, kran, kombi, qidrofor, MDF, laminat, metal qırıntısı” əldə edilmişdir. Dövr ərzində 4 988 630 manat (ƏDV ilə birlikdə) dəyərində “kombi, qreyfet, kran, eskovator, qara metal tullantısı” malların satılmasına baxmayaraq, dövriyyəsi və büdcəyə ödənişi olmamışdir. Depozit hesabının araşdırılması zamanı müəssisə tərəfindən riskli hesab edilmiş vergi ödəyicisinə ƏDV məbləğlərinin köçürüldüyü müəyyən edilmişdir. Eyni zamanda depozit hesabına daxil olan 88318.29 manat məbləğin İddiaçı MMC tərəfindən “DSP, MDF, laminat, əlüz yuyanlar, qaz və elektrik plitələri, sürtgü yağları və s” malların alınması üçün.avans şəklində ödənilməsi müəyyən olunmuşdur ki, bu mallar vergi ödəyicisi tərəfindən e-qaimə ilə təqdim edilməmişdir (Vergi ödəyicisinin qeydiyyata alınmış NKA-sı yoxdur) Vergi ödəyicisinin mütəmadi olaraq depozit vasitəsilə ödəmələrin aparılması malların e- qaimə ilə əldə etməsinə baxmayaraq e-qaimələrin təqdim etməməsi, dövriyyəsinin olmaması onun digər şəxslər üçün depozit əldə etmələrinə xidmət göstərdiyini ehtimal etməyə əsas verir. Eyni zamanda qeyd edirik ki, 1 yanvar 2020-ci il tarixdən etibarən Vergi Məcəlləsinə “riskli vergi ödəyicisi” anlayışı daxil edilib. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinin müddəalarına əsasən əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar sayılır. Əlavə olaraq bildiririk ki, Vergi məcəlləsinin 13.2.82-ci bəndinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Eyni zamanda Dövlət Vergi Xidməti tərəfindən mütəmadi olaraq əmtəəsiz əməliyyatlar apararaq və yalan əqdlər bağlayaraq vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətləri müvafiq risk meyarları əsasında təhlil edilir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçı riskli vergi ödəyiciləri siyahısında olmamasına dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet səhifəsindən çıxarış, - İddiaçı əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxs olması barədə internet səhifədən çıxarış, - İddiaçın adının riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasına dair cavabdeh inzibati orqana 17.12.2021-ci il tarixli müraciət məktubu, - "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna acvab olaraq təqdim edilmiş “"xxxx" MMC ilə İddiaçı MMC arasında 01.09.2021-ci il tarixli CAR 30/21 saylı Alı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilə əsasında mallar təhvil alınmış, mallara əsasən ödəniş həyata keçirilmişdir. Həmçinin, diqqətinizə çatdırırıq ki, "xxxx" MMC riskli vergi ödəyicisi qismində qeydə alınmamış, hal-hazırda da həmin siyahıda olmamaqdadır.” məzmunlu 18.03.2022-ci il tarixli məktubu. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş məktub.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mümkün iddiadır və mahiyyəti baxımından əsaslıdır. İddia əsaslı olduğundan təmin edilməlidir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh inzibati orqan tərəfindən riskli vergi ödəyicilərinin siyahısına əlavə edilmişdir. İddiaçı hazırki iddia ilə onu riskli vergi ödəyicilərinin siyahısına əlavə edilməsinin əsassız olduğunu iddia edərək məhkəməyə müraciət etmişdir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Həmin Meyarların 2.1-ci bəndinə əsasən aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Həmin Meyarların 3.1-ci bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən mövcud qanunvericiliyə əsasən İddiaçı MMC-nin riskli vergi ödəyicisi olması barədə hər hansı qərar qəbul edilməsi işin məhkəmə araşdırılması öz təsdiqini tapmamışdır. Həmçinin, cavabdeh inzibati orqan məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi 18.03.2022-ci il tarixli məktubda belə bir qərarın qəbul edilməsini qeyd etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunmadığından, apardığı əməliyyatlarda uyğunsuzluqlar aşkar olunmadığından, həmçinin əmtəəsiz əməliyyatlar aparması müəyyən olunmadığından, cavabdeh inzibati orqan tərəfindən İddiaçı MMC-nin riskli vergi ödəyicilərinin siyahısına alınması iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar