Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5132/2025 25.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının (bundan sonra Sabunçu RİHB) xx.xx.1992-ci il tarixli, 1971 saylı sərəncamına əsasən, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün ona verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi Sabunçu RİHB-nın xx.xx.1992-ci il tarixli, 1971 saylı sərəncamı əsasında ona ayrılmışdır. Qeyd edilən torpaq sahəsi onun sahiblik və istifadəsinə verildikdən hazırki vaxtadək torpaq sahəsindən maneəsiz istifadə edir. Həmin 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq qaydada rəsmiləşdirilməsi ilə əlaqədar tələb olunan sənədlərlə birlikdə cavabdeh təşkilata müraciət etsə də, müraciəti qəbul olunaraq qeydiyyata alınmış və müraciətinin icrasından imtina edilmişdir, imtinaya səbəb sənədlərin surət olması, torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsini əsas gətirmişlər. Hesab edir ki, imtina tamamilə qanunsuz və əsassızdır, tərəflərindən Milli Arxiv İdarəsinin 25 noyabr 2021-ci il tarixli arxiv arayışı təqdim edilmiş, eyni zamanda onun qanunla qorunan hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən, perimetrik ölçülərdə ciddi fərq olduğundan sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq, Sabunçu RİHB-nın xx.xx.1992-ci il tarixli 1971 saylı sərəncamı ilə şəxsiyyət vəsiqəsi arasında hüquq sahibinin ad və soyadında uyğunsuzluqlar mövcuddur. Belə ki, müvafiq sərəncamda hüquq sahibinin soyadı və adı “Aləkpərov Firuddin”, şəxsiyyət vəsiqəsində isə “İddiaçı” kimi qeyd olunmuşdur. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: AZE seriyalı 0******* №li şəxsiyyət şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1940-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli, BA-05618-2021 №-li məktubu ilə iddiaçıya təqdim edilmiş Sabunçu RİHB-nın “Vət. X1 şəxsi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması barədə” xx.xx.1992-ci il tarixli, 1971 №-li sərəncamının arxiv nüsxəsindən müəyyən olunur ki, qeyd olunan sərəncamla Bakı şəhəri, Qədirli küçəsi,dalan 6, ev 6-da yaşayan X1 Pirşağı qəsəbəsi, məhəllə 7, yer 11-də 1200 kv.metr torpaq sahəsi şəxsi yaşayış evi tikmək üçün ayrılmışdır. Sərəncama torpaq sahəsinin yerləşmə cizgisi əlavə olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********28 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “... təqdim edilmiş sənədlər surətdir. Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xətinin mühafizə zonasında yerləşir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinad və məsəfələr qeyd edilmədiyindən perimetrik ölçüdə ciddi fərq olduğundan sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq, Sabunçu RİHB-nın xx.xx.1992-ci il tarixli, 1971 saylı sərəncamında şəxsiyyət vəsiqəsi arasında hüquq sahibinin ad və soyadında uyğunsuzluq mövcuddur. Belə ki, müvafiq sərəncamda hüquq sahibinin soyadı və adı “Aləkpərov Firuddin” şəxsiyyət vəsiqəsində isə “İddiaçı” kimi qeyd edilmişdir. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.” Məhkəmənin müvafiq sorğusuna əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-1166/2025 saylı cavab məktubu ilə təqdim edilmiş xx.xx.2024-ci il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 1200 kv. metr təşkil edir. Torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır və 1 tərəfi qonşu 3 tərəfi yoldur. Torpaq sahəsinin şərq sərhəddindən 6 kv-lıq, YGEX-İ keçir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi ... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi ... Maddə 46.Dövlətin torpaq üzərində mülkiyyət hüququ
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; ... Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası
2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. ... Maddə 50.Torpaq sahəsi üzərində istifadə hüququ
1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. ... Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. ... Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ... Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ... Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. .. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Xidmət) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.7. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək.
3. Xidmətin vəzifələri. ... 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
... 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
... 3.0.25-ci bəndinə əsasən ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.
MƏHKƏMƏNİN MÖVQEYİ
Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Sabunçu RİHB-nın xx.xx.1992ci il tarixli, 1971 №-li sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, məhəllə 7, 11 saylı sahədə yaşayış evi tikmək üçün ona ayrılmış 1200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün üç əsasa istinad etmişdir:
1. Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsinin yüksək gərginliklik elektrik xətinin mühafizə zonasında yerləşməsi;
2. Təqdim edilmiş yerləşmə cizgisində istinad və məsəfələr qeyd edilmədiyindən perimetrik ölçüdə ciddi fərq olması:
3. Sabunçu RİHB-nın xx.xx.1992-ci il tarixli, 1971 saylı sərəncamında iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi arasında hüquq sahibinin ad və soyadında uyğunsuzluq mövcud olması;
İlkin olaraq məhkəmə iddia tələbinin hüquqi əsasına uyğun olaraq cavabdehin imtina məktubunda eləcə də, iddia tələbinə dair yazılı etirazında əks etdirdiyi mövqe ilə bağlı qeyd edir ki, torpaq sahəsi üzərində istifadə hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Bu zaman icra hakimiyyəti orqanlarının funksional səlahiyyət bölgüsü, icra hakimiyyətinin vahidliyi prinsipi, şəxsin ona münasibətdə inzibati orqan tərəfindən qəbul olunmuş əlverişli inzibati aktın, yəni hüquqmüəyyənedici sənədin məzmununa etimad hüququ nəzərə alınmalıdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aiddir. Qeydiyyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Göründüyü ki, torpaq sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq sərəncam əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmiş torpaq sahəsinin ölçüsü göstərilmişdir. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinin müddəalarına görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Beləliklə, göründüyü kimi Sabunçu RİHB-nın xx.xx.1992-ci il tarixli, 1971 sərəncamı qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin sərəncam “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Sabunçu RİHB-nın xx.xx.1992-ci il tarixli, 1971 №li sərəncamı ilə dövlətə məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan sərəncamı Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi yerli icra hakimiyyəti orqanı tərəfindən torpaq ayırma barədə sərəncamlar mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması əsası qismində çıxış edir ki, iddiaçı da həmin sənəd əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb edir. Yuxarıda istinad olunan sərəncamdan da göründüyü kimi iddia olunan torpaq sahəsi sərəncam əsasında və yerləşmə cizgisi əsasında iddiaçının mərhum anasına ayrılmışdır ki, həmin sərəncam əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair tələb qanuni və əsaslı hesab edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 33.1-ci maddəsinə görə, müraciətə baxılması və müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı səlahiyyətli olub-olmadığını müəyyən etmək inzibati orqanın xidməti vəzifəsinə aiddir. Şəxsin üzərinə aidiyyəti orqana müraciət edilməsi ilə bağlı mütləq öhdəliyin qoyulması və ya səlahiyyətin müəyyən olunması ilə bağlı neqativ nəticələrin şəxsə aid edilməsi yolverilməz sayılmalıdır. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Qeyd olunur ki, yerli icra hakimiyyəti orqanının sərəncamı, eləcə də yerləşmə cizgisi qüvvədədir, ləğv edilməmiş və qüvvədən düşməmişdir ki, həmin sərəncamın hüquqi nəticəsi kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması iddiaçının konstitusion hüququnun tərkib hissəsidir. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.2-ci maddəsinə əsasən İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə ilkin olaraq cavabdehin imtina əsası kimi göstərdiyi birinci dəlilə münasibətdə onu qeyd edir ki, cavabdeh müvafiq torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyini iddia etsə də, bu halı təsdiq edən hər hansı mötəbər dəlili məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, torpaq sahəsinin iddiaçının mülkiyyətinə verildiyi vaxtda qüvvədə olan 1991-ci il 9 noyabr tarixli Torpaq Məcəlləsinin 81-ci maddəsinə əsasən, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, sahibləri və istifadəçiləri aidiyyəti üzrə mülkiyyət, sahiblik və istifadə hüququndan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, torpaq sahibləri və torpaq istifadəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Eyni tələb 1999-cu il 25 iyun tarixli Qanunla təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndində təsbit olunmuşdur. Həmin normaya əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarıxli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxari olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 3-cü bəndində qeyd edilir ki, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin Qaydaların 5-ci bəndində qeyd edilir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində >1≤20 Un, KV gərginliyində 10 metr elektrik şəbəkəsinin mühafizəsi zonası müəyyən edilmişdir. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfındən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6-cı bənd); Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə “Tikinti Normaları və Qaydaları”na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların yolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir (9-cu bənd); Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; Beləliklə, qüvvədə olan qanunvericilik elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadəyə verilməsini istisna etməsə də, mühafizə zonasına aid torpaq sahəsinin istifadəçisi qeyd olunan Qaydaların 12-ci bəndinə nəzərdə tutulmuş işləri elektrik şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan apara bilməz. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Eyni zamanda, sxemdə istinad və məsaflərin qeyd edilməməsinə münasibətdə də cavabdehin imtinası məhkəmə tərəfindən qanuni və əsaslı hesab edilmir. Belə ki, yerləşmə cizgisində istinad və məsafələrin qeyd edilməməsi iddiaçının təqsir sferasından kənar olmaqla, aidiyyəti torpaq ayırmanı həyata keçirən qurumun səlahiyyətləri daxilində olan məsələdir. Adıçəkilən yerləşmə cizgisi iddiaçı tərəfindən tərtib edilməmiş, tərtibetmə zamanı da iddiaçının iştirakı olmamışdır, bununla bağlı iddiaçının spesifik sahə üzrə məlumatı da olmamışdır ki, həmin hallar nəzərə alınmaqla imtinanın göstərilən dəlili də məhkəmə tərəfindən əsassız hesab edilməlidir. Belə ki, həmin yerləşmə cizgisi səlahiyyətli olan qurum yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir. Həmin yerləşmə cizgisində hər hansı səhvin mövcudluğu aydındır ki, dövlət orqanının birinin səhvinin digər dövlət orqanı tərəfindən aşkar edilməsi və bunun iddiaçının ziyanına şərh edilməsi işin hallarına, o cümlədən etimad hüququna dair tələblərə uyğun hesab edilməməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanuni istifadədə olan torpaq sahəsinin sahibliyi və istifadənin həyata keçirilməsi şəxsin səlahiyyətində olmaqla onun hasarlanması, hasarlanmaması, başqa torpaq sahələri ilə birlikdə hasarlanması kimi hüquqlarının realizəsində müstəqilliyə malikdir. Odur ki, mülkiyyət hüququnun realizəsindən torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsi səbəbi ilə imtina edilməsi yolverilməz hesab edilməlidir. Digər imtina dəlilləri kimi ad və soyadda texniki səhvin getməsi kimi dəlillərini də məhkəmə qanunsuz və əsassız hesab edərək qeyd edir ki, vaxtılə səlahiyyətli qurum hüquqmüəyyənedici sənədə hər hansı yalnışlığa və ya texniki səhvə yol vermişdirsə, bunun nəticəsi iddiaçıya əlavə məsuliyyət yaratmamalıdır. Çünki, iddiaçı Sabunçu RİHB tərəfindən verilən sərəncamda yol verilmiş səhvə görə cavabdehlik daşımır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan xarakterli texniki səhv mahiyyətə hər hansı təsir etməməklə formal imtina əsası qismində çıxış edir. Belə ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş cizgidə istinad, istinad məsafəsi, perimetrik ölçülər qeyd edilməməsi ilə bağlı cavabdehin qeyd etdiyi arqumentə gəlincə məhkəmə qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Torpaq Məcəlləsinin 65-ci maddəsinin müddəalarına əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (1). Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (3). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (5). Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daşınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 35, 75-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1971 saylı sərəncam ilə Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsində ayrılmış 0,12 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev