Məhkəmə qərarları › İş №2-1(112)-5133/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5133/2024

23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5133/2024 23.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” X1rşı “doğum yerinin akt qeydində dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” X1rşı “doğum yerinin akt qeydində dəyişdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək doğum yerinin Ermənistan SSR Stepanavan rayonu Puşkin kəndi kimi qeyd edilməsi və buna uyğun yeni doğum haqqında şəhadətnamə verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə iddia tələbi “iddiaçının doğum akt qeydində doğum yerinin Ermənistan SSR Stepanavan rayonu Puşkin kəndi kimi qeyd edilməsi və buna uyğun yeni doğum haqqında şəhadətnamə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, doğum haqqında akt qeydində toğum yeri Qazax rayonu kimi qeyd edilmiş, doğum yerinin Ermənistan SSR Stepanavan rayonu Puşkin kəndi olması nəzərə alınmamış, bu barədə dəyişikliyin edilməsindən də heç bir əsaslı səbəb olmadan imtina edilmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçının doğum yeri Qazax rayonu kimi qeyd edilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, doğum olduğu zaman qüvvədə olan qanunvericiliyə əsasən doğumun qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərinin, yaxud onlardan birinin yaşadığı yer üzrə qeydiyyat şöbəsi tərəfindən aparılırdı. Uşağın qeydiyyatı da doğulduğu yer üzrə deyil, valideynlərdən və ya onlardan birinin yaşadığı yer üzrə aparıldıqda, doğum haqqında akt qeydində doğum yeri valideynlərin yaşadığı yer göstərilirdi. İddiaçının atası X3 şəxsiyyət vəsiqəsindən görünür ki, onun doğum yeri Stepanavan kimi göstərilmişdir. 30 dekabr 1988-ci il tarixli doğum akt qeydindən görünür ki, iddiaçının doğum yeri Qazax kimi göstərilmişdir. Məhkəmənin qərardadından görünür ki, hüquqi əhəmiyyətli faktın tanınması barədə iddiaçının ərizəsinin icraata qəbulundan imtina edilmiş, inzibati qaydada, müraciət təmin edilmədikdə isə inzibati orqanın hərəkət və hərəkətsizliyindən inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının müəyyən edilməsini tələb etdiyi fakt xüsusi icraat qaydasında baxılıb müəyyən edilməli olan hüquqi əhəmiyyətli fakt kateqoriyasına aid deyildir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Ailə Məcəlləsinin: 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların:

1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. “İnzibati icraat haqqında” Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Yaranmış inzibati mübahisənin mahiyyətindən də aydın olduğu kimi iddiaçı onun doğum akt qeydində doğum yerinin Qazax rayonu əvəzinə Stepanavan rayonu Puşkin kəndi qismində yazılmasında iddialıdır ki, həmin iddianın əsası qismində isə onun faktiki doğum yerinin Qazax rayonu ilə əlaqəsinin olmadığını, doğumun Puşkin kəndində olması ilə əlaqələndirir. Məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə məhkəmə müəyyən etmişdir ki, iddiaçı həqiqətən də Puşkin kəndində anadan olmuş, lakin doğum yeri Qazax rayonu kimi göstərilmişdir. Həmin hal cavabdehin imtina məktubunda da təkzib edilməmiş, imtina məktubunda qeyd edilənlərin mahiyyətindən müəyyən edilmişdir ki, iddiaçının doğum akt qeydində doğum yerinin Qazax rayonu kimi qeyd edilməsi onun faktiki doğumunun həyata keçirilməsi ilə bağlı olmamış, həmin dövr qanunvericiliyinə əsasən valideynlərinin yaşayış yeri nəzərə alınmaqla həyata keçirmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçının qeyd etdiklərindən isə aydın olur ki, iddiaçı anadan olduqdan sonra məlum hadisələrlə bağlı iddiaçının doğumunun qeydə alınması həmin ərazidə mümkün olmadığından müvəqqəti olaraq Qazaxda olarkən qeydiyyat hərəkətlərinin aparılması üçün müraciət edilmişdir. Qazax rayonunda qaçqın kimi məskunlaşma ilə bağlı hər hansı rəsmiləşdirmə aparılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təmini istisna edən faktiki şərtlərin mövcudluğu məhz cavabdeh tərəfindən konkret hallara istinad edilirsə sübut edilməlidir. Sübutetmə baxımından isə məhkəmə hesab edir ki, iddianın təminini konkret istisna edilən hallar sübut edilə bilməmiş, iddiaçının valideynlərinin rəsmi məskunlaşması Qazax rayonu üzrə olmasa da, faktiki doğum yerinin nəzərə alınmamalı olmasına dair mövqenin qanunsuz və əsassızlığı sübut edilməmişdir. Halbuki, cavabdeh inzibati orqana iddiaçının müraciəti zamanı işin bütün faktiki hallarının araşdırmaq vəzifəsi daşımışdır ki, məhkəmə araşdırmasının gedişində də iddiaçının faktiki doğum yerinin Puşkin kəndi olduğu müəyyən edilmiş, cavabdehin məhz köhnə dövr qanunvericiliyinə əsaslanmaqla müraciətinin təminindən imtinası əsassız olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının doğulduğu dövr qanunvericiliyi doğum yerinin müəyyən edilməsinə münasibətdə alternativ seçim imkanının valideynlər üçün nəzərdə tutubsa, həmin alternativ seçim imkanından doğum yerinin əsas götürülməməsi, digər seçimin edilməsi, sonradan 18 yaşına çatmış şəxs üçün doğum akt qeydində müvafiq dəyişikliyin edilməsinə dair mövcud olmuş hüququnu aradan qaldırmır. Əksinə, doğum akt qeydində göstərilən məlumatların düzgün əks olunması cavabdehin də marağında olmalıdır ki, təsadüfi deyildir ki, hazırda olan qanunvericilik doğum yerinin qeyd edilməsinə münasibətdə hər hansı alternativ seçim imkanı nəzərdə tutmamış, doğum yerinin hər bir halda şəxsin harda qeydiyyata alınmasından asılı olmayaraq faktiki doğduğu yer üzrə aparılmalı olmasına dair imperativ şərt müəyyən etmişdir. Məhkəmə hesab edir ki, həmin norma da nəzərə alınmaqla aparılan qiymətləndirmə iddianın təmini üçün əsaslar yaratmışdır ki, məhkəmə hesab edir ki, iddiaçının doğum akt qeydində reallığa uyğun olaraq doğum yerinin Puşkin kəndi kimi göstərilməsi istər doğum akt qeydində düzgün məlumatın əks olunması baxımından hər hansı şəxsin hüquq və maraqlarına toxunmamaqla iddiaçının çatmaq istədiyi hüquqi marağa uyğundur. Belə ki, iddiaçı doğum yerinin dəyişdirilməsini qaçqın və məcburi köçkünlərlə bağlı ölkə üçün mühim əhəmiyyət daşıyan ictimai məsələrə qiymət verilməsi ilə əlaqədar birliklərdə iştirak etmək, qaçqın düşmüş şəxs kimi mövcud siyasi və hüquqi reallığı ifadə etmək hüququnu reallaşdırmaq arzusunda olmuşdur ki, məhkəmə hesab edir ki, faktiki ailə üzvləri ilə birlikdə qaçqın düşmüş şəxsin statistikasının aparılması zərurəti də hazırkı növ iddianın təmini üçün əsas müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin: 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. xx xxxxxxxx 1988-ci il təvəllüdlü İddiaçı doğum haqqında akt qeydinə düzəliş edilərək doğum yerinin Ermənistan SSR Stepanavan rayonu Puşkin kəndi kimi qeyd edilməsi və buna uyğun yeni doğum haqqında şəhadətnamənin iddiaçıya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN Xidmət” X2 həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar