Məhkəmə qərarları › İş №2-1(112)-5133/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5133/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5133/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək bağ və binaların uzunmüddətli icarəyə verilməsi haqqında 15417 saylı müqavilə əsasında Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,2483 ha torpaq sahəsinin Dövlət reyestrində qeydə alınmaqla müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmənin xx.xx.2025-ci il tarixli iclasına gəlməmiş və bu barədə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı işin hallarına görə, iddiaçının hüquqi marağı, torpaq sahəsinə mərhum atası X1 adına dövlət reyestrində qeydiyyata alınmaqla arayışın verilməsi ilə bağlıdır və həmin tələblə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq həmin torpaq sahəsinin digər şəxsin adına qeydiyyata alınması ilə bağlı imtina cavabı ünvanlanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli etirazda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən torpaq sahəsinin sərhədləri şərti olaraq göstərilmiş, sahədə hasarlanma işlərinin aparılmadığı müəyyən edilmişdir (torpaq sahəsi iddiaçının qanuni istifadədə deyil). Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yerləşməsi İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlmir. Həmçinin göstərilən torpaq sahəsi istifadə hüququ ilə Nardaran İnvest MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahədir və sənəd üzrə 2500 kv.m qeyd edilsə də, faktiki sahə 2483 kv.m təşkil edir. Etirazdan görünüyü kimi, vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı iddia etdiyi, mülkiyyət hüququna dair mərhum atasının adına arayışın verilməsini tələb etdiyi torpaq sahəsinə dair üçüncü şəxs MMC-nin adına dövlət reyestrində qeydiyyatın aparılması öz təsdiqini tapır. Həmçinin cavabdeh tərəfindən məhkəmə təqdim olunmuş xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən sahə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 20 iyun 2007-ci il tarixli 285 nömrəli Sərəncamı əsasında "Nardaran İnvest” MMC-yə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. Həmin məktuba həm iddiaçının iddia etdiyi torpaq sahəsinin, həmçinin üçüncü şəxsə ayrılan torpaq sahəsinin hüdudlarının müəyyən etməyə imkan verən ortofoto görüntüsü əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb olunan torpaq sahəsinə dair digər şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın reyestrində qeydiyyata alındığından və həmin qeydiyyat hazırda qüvvədə olduğundan və eyni daşınmaz əmlak üzərində hüquqlar haqqında qeydiyyat qüvvədə olduğu halda yenidən digər şəxslərin hüquqlarının qeydiyyatının aparılması yolverilməz olduğundan iddia ərizəsi mümkün sayıla bilməz. Məhkəmə iddiaçıya hüquqi yardım edərək bildirir ki, iddiaçı hüquqi marağına çatmaq üçün ilk növbədə iddia etdiyi torpaq sahəsinə dair üçüncü şəxsin adına aparılmış qeydi mübahisələndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. İstinad edilən Plenum qərarlarındakı hüquqi mövqelərdən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsas inzibati aktdırsa, həmin inzibati akt, inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Məhkəmə iddiaçıya hüquqi yardımın edilməsi məsələsinə də hüquqi qiymət verərək qeyd edir ki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırkı iddia tələbində işin inzibati mühakimə icraatında davam etdirilməsinə mane olacaq və məhkəmənin hüquqi yardımına əsasən aradan qaldırılması mümkün ola biləcək nöqsanlar yoxdur. Odur ki, məhkəmə iddiaçının iştirakının təmin edilməsi, məhkəmə iclasının təxirə salınmasına zərurət görmür. Məhkəmə iddiaçıya izah edir ki, iddiaçı üçün uyğun iddia növü hazırda mübahisələndirdiyi qeydin aparılmasına əsas olmuş sənədin etibarlılığını (əsaslılığını) mübahisələndirməkdir. Qeyd olunan iddia isə, cavabdehə müvafiq müraciətin edilməsindən və cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilməsindən sonra yeni iddia tələbinin predmetidir və hazırkı icraat çərçivəsində baxıla və həll edilə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar