Məhkəmə qərarları › İş №2-1(112)-5134/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5134/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5134/2022 12.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X7) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabehin nümayəndəsi X4, Üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X7) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizon Mənzil İstismar İdarəsinə qarşı (üçüncü şəxs: X7) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə əsas olmuş xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlakın X3 mülkiyyətinə verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil İstismar İdarəsi iş üzrə cavabdehlər sırasından çıxarılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizon Mənzil İstismar İdarəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 noyabr 2007-ci il tarixli, 373 saylı məktub ilə Bakı rayon Mənzil İstismar Hissəsi tərəfindən 4 saylı Evlər İdarəsinin ərazisində yerləşən Tağızadə küçəsi 7 saylı binanın zirzəmisində boş olan 45 kv.m qeyri-yaşayış sahəsinin X2 icarəyə verilmiş və gələcəkdə AR qanunvericiliyinə uyğun olaraq özəlləşdirilməsinə razılıq verilmişdir. Bu razılığı aldıqdan sonra X5 həmin qeyri-yaşayış sahəsində öz vəsaiti hesabına təmir işləri aparmış, binanın arxa tərəfindən küçəyə çıxışda qapı açdırmış, dəmir seyfdən ibarət qapı qoymuşdur. Sonra isə səhhətindəki ağır xəstəliklərlə əlaqədar icarə müqaviləsini və özəlləşdirməni axıra çatdıra bilməmişdir. xx.xx.2018-ci il tarixində xəstəliklə əlaqədar səhhətindəki problemlər nəticəsində vəfat etmişdir. 2020-ci ilin oktyabr ayında naməlum şəxs zirzəminin qapısının qıfılını sındırmış, zəbt etməyə çalışmışdır. Həmin qanunsuz hərəkətlərin qarşısını alınıb, qapıya yeni qıfıl qoydurmuşdur. Sonradan məlum olmuşdur ki, həmin naməlum şəxs X7 iddiaçının mənzilinin altında yerləşən zirzəmini öz adına keçirmək üçün onunla razılığa gəlmək istəyir, lakin o, öz etirazını bildirmişdir və zirzəmini öz adına rəsmiləşdirməyə başlamışdır. Müvafiq sənədləri toplayıb AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti idarəsinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə müraciət etmişdir. Müraciəti ƏMDX tərəfindən icraata qəbul olunub və hazırda idarənin icraatındadır. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021 tarixli, **********05 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, həmin qeyri-yaşayış sahəsində aparılan texniki-inventarlaşma işləri başa çatdıqdan sonra qaldırdığı məsələnin həlli ilə bağlı təqdim ediləcək dövlət əmlakının icarəyə verilməsi ilə bağlı tələb olunan sənədlər əsasında Xidmətdə qanunamüvafiq tədbirlər görüləcəkdir. Əlavə olaraq 4 aprel 2021-ci il tarixində AR Müdafiə Nazirliyinin Qarnizon Mənzil İstismar Hissəsinə də müraciət etmişdir. 2021-ci il may ayının 1-2-si tarixlərində X7 zirzəmini zəbt etmək üçün yenidən qanunsuz hərəkətlər etməyə başlamışdır. Belə ki, o, giriş qapısının qıfılını sındırıb zirəzmiyə daxil olmuş, qazıntı işləri aparmışdır. Bütün bunlar onu narahat etdiyinə görə DİN-in 102 qaynar xəttinə müraciət etmişdir. Həmin vaxt məlum olmuşdur ki, X7 2020-ci ilin oktyabr ayında AR İN yanında ƏMDX idarəsinə müraciət edərək, 2021-ci ilin yanvar ayında həmin zirzəmini özəlləşdirmişdir. Halbuki, ƏMDX İddiaçı razılığını almadan həmin zirzəmini özəlləşdirə bilməzdi, çünki ora illər əvvəl Bayramov Eldara icarəyə verilmiş və bununla da gələcəkdə Bayramov Eldar tərəfindən özəlləşdirilməsinə razılıq alınmışdır. Hal-hazırda X7 tərəfindən qeyd olunan zirzəmidə qanunsuz olaraq zəbt etmə işləri aparılır. Binanın layihə strukturu dəyişdirilir. Onun evinin altındakı həmin qeyri-yaşayış sahəsində aparılan işlər onun evi üçün xüsusi təhlükə törədir. Binanın əsas sütunu sökülmüşdür. Binanın əsas sütununun sökülməsindən əlavə, onun evinin balkonuna yeni tikililər quraşdırmışdır. Həmin bu özbaşına tikililər onun hüquqlarımı pozur, bina üçün təhlükə yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmənin qərardadı ilə İddiaçı iddia tələbi “əmlakın X3 mülkiyyətinə verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

İddiaçının nümayəndəsi (vəkili) elektron məhkəmə sistemi vasitəsilə müraciət edərək iclasda iştirak edə bilməyəcəyini qeyd etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 33 kv.m qeyriyaşayış sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonunun Mənzil İstismar Hissəsinin balansında olmaqla dövlət mülkiyyətində olmuşdur. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 629 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyə vermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərəncamçısına — Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 7.4-cü maddəsinə əsasən dövlət orqanının adı dəyişdirildikdə və ya bu orqan adının dəyişdirilməsinə səbəb olan birləşmə, qoşulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüquqi aktlarda ad dəyişmə hissəsində dəyişikliklər edilməlidir. Belə dəyişikliklər edilənədək əvvəlki adı əks etdirən normativ hüquqi aktlar adı dəyişdirilmiş (yeni yaradılmış) orqana tam həcmdə şamil olunur. Beləliklə, qeyd edilən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla onun barəsində icarə müqaviləsi bağlamaq səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti ilə X7 arasında ünvan 2 ünvanında yerləşən 33 kv.m qeyri-yaşayış sahəsinə dair xx.xx.2020-ci il tarixli, 382 nömrəli icarəsi müqaviləsi bağlanılmış və daha sonra qeyd edilən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.5-ci yarımbəndinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, xx.xx.2020-ci il tarixli, 41 nömrəli alqı-satqı müqaviləsi ilə X7 tərəfindən satın alınmışdır. İddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinə dair onunla icarə müqaviləsinin bağlanılmasında və həmin əmlakın satın alınmasında hər hansı üstünlük hüququna malik olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd edilən qanunvericilik normalarına əsasən müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında bağlanılır və mülkiyyətçi əmlakına istədiyi kimi sərəncam verməkdə, o cümlədən kiminlə icarə müqaviləsinin bağlanılmasını müəyyənləşdirməkdə sərbəstdir. Balanssaxlayıcı dövlət təşkilatının xx.xx.2020-ci il tarixli, 833 nömrəli razılıq məktubu nəzərə alınaraq, ünvan 3 ünvanında yerləşən 33 kv.m qeyri-yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə X7 arasında xx.xx.2020-ci il tarixli, 382 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Beləliklə, iddianın predmeti olan qeyri-yaşayış sahəsi yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən X6 icarəyə verilərək özəlləşdirilmiş və iddiaçının həmin əmlak üzərində hər hansı hüququ mövcud olmamışdır. İddiaçı tərəflər arasında bağlanmış müqaviləsinin etibarsız hesab edilməsini və buna dair üçüncü şəxsə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsini xahiş etsə də, həmin hüquqmüəyyənedici sənədin qanunsuz olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Eyni zamanda, Mülki Məcəllənin 339-350-ci maddələrinə əsasən hakimiyyətdən sui- istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd, uydurma və yalan əqd, qeyri-ciddi əqdlər, fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqd, fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqd, əqd bağlamaq səlahiyyətləri məhdudlaşdırılmış şəxsin bağladığı əqd etibarsız sayıla bilər. Beləliklə, mülki hüquqi əqd yuxarıda qeyd edilən hallardan biri olduğu təqdirdə etibarsız sayıla bilər. Lakin, iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti ilə üçüncü şəxs arasında icarə və alqı-satqı müqavilələri bağlanılarkən Mülki Məcəllənin hansı şərtlərinin pozulduğunu və ya həmin Məcəllənin 339-350-ci maddələrində qeyd edilən hallardan hansının mövcud olduğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti ilə Nüsrətov Anar arasında bağlanılmış icarə və alqı- satqı müqavilələrinin etibarsız sayılması üçün hər hansı hüquqi əsas mövcud olmadığına görə, həmin əqdlərin nəticəsində üçüncü şəxsə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi üçün də əsas yoxdur. Şifahi məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə üçüncü şəxs qismində cəlb olunan X7 ünvan 1 ünvanında yerləşən, 33 kv.m. sahədən ibarət olan qeyri-yaşayış sahəsinin qanuni mülkiyyətçisidir. Qeyd edilən sahənin X3 istifadəsində olmasına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonunun Mənzil İstismar Hissəsi tərəfindən 11 iyun 2020-ci il tarixli Arayış təqdim olunmuş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X7 arasında 16 noyabr tarixli, 41 saylı alğı-satqı müqaviləsi bağlanmış və X6 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış təqdim edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, qeyd edilən əmlak vətəndaş X3 qanuni mülkiyyətində olduğundan və X7 vicdanlı alıcı olduğundan, onun əmlakı üzərinə hər hansı məhdudiyyət qoyula bilməz və onun öz əmlakına dair sərbəst surətdə mülkiyyət hüquqlarının həyata keçirilməsi məhdudlaşdırıla bilməz. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Marks Belçikaya qarşı" iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvesniyasınm 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Maddədə üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoğlu Türkiyəyə qarşı [BP], № 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistins və Perepjolkins Latviyaya qarşı [BP], № 71243/01, § 93, 25 oktyabr 2012-ci il). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir... Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair" 2010-cu il 25 oktyabr tarixli Qərarı). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovamn şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı). Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki döv¬riyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiy¬yata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanm şikayəti üzrə 2019-cu il 7 avqust tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərarında təsbit etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanm şikayəti üzrə 2019-cu il 7 avqust tarixli Qərarı). "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasmın (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Bununla bağlı qeyd etmək istəyirik ki, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarında göstərilmişdir ki, "belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçiincii şəxslərin hüquqları dövlət tərəfindən qorunur". Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanmır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X7 arasında bağlanmış 16 noyabr tarixli, 41 saylı alğı-satqı müqaviləsi üzrə tərəflər öz öhdəliklərini yerinə yetirmişlər. Yəni satıcı qismində çıxış edən Əmlak Məsələləri Dövlət Xidməti satış predmeti olan qeyri-yaşayış sahəsini alıcı A.Nüsrətovun mülkiyyətinə vermiş, alıcı isə bunun müqabilində müqavilədə nəzərdə tutulan pul məbləğini ödəmişdir. Bu isə tərəflərin alğı-satqı müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir. "inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd etmək istəyirik ki, tərəfimizdən təqdim edilmiş çıxarışın mötəbərliyi şübhə altına deyil və qanunvericiliyiə uyğun olaraq, müvafiq dövlət orqanları tərəfindən təqdim edilmişdir. Bildirir ki, iş üzrə üçüncü şəxs olan və vicdanlı alıcı qismində çıxış edən A.Nüsrətovun mülkiyyətində olan əmlaka başqa şəxslər tərəfindən nəinki mülkiyyət hüquqları iddia edilə bilməz, həmçinin yuxarıda qeyd etdikləri əsaslara görə ona mülkiyyət hüquqlarının həyata keçirilməsi məhdudlaşdırıla bilməz. İddiaçının mübahisəsi əmlakın keçmiş mülkiyyətçisi tərəfindən həmin əmlakın ona icarəyə verilməsi ilə bağlıdır. İddiaçının əmlakdan faktiki istifadə etməməsi, icarə haqlarını ödəməməsi, habelə mübahisə predmeti olan əmlaka iddiaçının mülkiyyət hüquqlarının keçmişdə də olmaması və artıq yarana bilməyəcəyini (icarə müqaviləsinin mülkiyyət hüququnu bütövlükdə (mülkiyyət, sərəncam və istifadə hüquqları) yaratmaması) nəzərə alaraq, qeyd edir ki, iddiaçının mübahisə predmetinə subyektiv hüquqları yoxdur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı rayon Mənzil İstismar Hissəsinin 373 nömrəli xx.xx.2007-ci il tarixli məktubun surəti. - AZ-İ 955740 nömrəli Ölüm haqqında şəhadətnamənin surəti. - 384704 nömrəli Nikah haqqında şəhadətnamənin surəti. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli 632 nömrəli məktubu. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər, xx.xx.2022-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın müəyyən etmə və ya tanınma haqqında iddia növünə aid olduğunu və cavabdehin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Məhkəmə iddiaçının subyektiv hüququ ilə bağlı qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı rayon Mənzil İstismar Hissəsinin 373 nömrəli xx.xx.2007-ci il tarixli məktubunda mübahisə predmeti olan qeyriyaşayış sahəsi X2 icarəyə verilməsi göstərilmişdir. İddiaçı X5 nikahda olması və X1 vəfat etməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Cavabdeh inzibati orqanla üçüncü şəxs X3 arasında bağlanmış alqı-satqı müqaviləsinə mülki qanunvericilikdə nəzərdə tutulan müvafiq müqavilə kimi yanaşılmamalıdır. Belə ki, qeyd edildiyi kimi mübahisə predmeti olan alqı-satqı müqaviləsi inzibati orqanın, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin publik hüquqdan irəli gələn səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı bağlanmışdır. Yəni həmin müqavilə tərəflər arasında publik hüquqdan irəli gələn münasibətləri rəsmiləşdirən aktdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçının iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia tələbi əsassızdır və iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə əsas olmuş xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini Bakı rayon Mənzil İstismar Hissəsi tərəfindən 1 noyabr 2007-ci il tarixli, 373 saylı məktubla 4 saylı Evlər İdarəsinin ərazisində yerləşən Tağızadə küçəsi 7 saylı binanın zirzəmisində boş olan 45 kv.m qeyri-yaşayış sahəsinin X2 icarəyə verilməsi ilə əsaslandırsa da, iddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq X5 ilə icarə müqaviləsinin bağlanılmasına dair hər hansı sübut təqdim edilməmişdir və işin məhkəmə araşdırılması ilə bu hal öz təsdiqini tapmamışdır. Həmçinin, iş materiallaından müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 33 kv.m qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonunun Mənzil İstismar Hissəsinin balansında olmaqla dövlət mülkiyyətində olmuşdur. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 629 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyə vermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərəncamçısına — Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 7.4-cü maddəsinə əsasən dövlət orqanının adı dəyişdirildikdə və ya bu orqan adının dəyişdirilməsinə səbəb olan birləşmə, qoşulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüquqi aktlarda ad dəyişmə hissəsində dəyişikliklər edilməlidir. Belə dəyişikliklər edilənədək əvvəlki adı əks etdirən normativ hüquqi aktlar adı dəyişdirilmiş (yeni yaradılmış) orqana tam həcmdə şamil olunur. Beləliklə, qeyd edilən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla onun barəsində icarə müqaviləsi bağlamaq səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti ilə X7 arasında ünvan 2 ünvanında yerləşən 33 kv.m qeyri-yaşayış sahəsinə dair xx.xx.2020-ci il tarixli, 382 nömrəli icarə müqaviləsi bağlanılmış və daha sonra qeyd edilən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.5-ci yarımbəndinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, xx.xx.2020-ci il tarixli, 41 nömrəli alqı-satqı müqaviləsi ilə X7 tərəfindən satın alınmışdır. Həmin “Əsasnamə”nin 18-ci bənində əsasən özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələri əsasında icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair belə amillər nəzərə alınmaqla, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aşağıdakı qaydada özəlləşdirilir: icarəyə verilmiş əmlak 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 (otuz) gün ərzində əmlakın dəyərini ödəyir. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinə dair onunla (mərhum əri X5 ilə) icarə müqaviləsinin bağlanılmasında və həmin əmlakın satın alınmasında hər hansı üstünlük hüququna malik olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 155.4-cü maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Beləliklə, qeyd edilən qanunvericilik normalarına əsasən müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında bağlanılır və mülkiyyətçi əmlakına istədiyi kimi sərəncam verməkdə, o cümlədən kiminlə icarə müqaviləsinin bağlanılmasını müəyyənləşdirməkdə sərbəstdir. Balanssaxlayıcı dövlət təşkilatının xx.xx.2020-ci il tarixli, 833 nömrəli razılıq məktubu nəzərə alınaraq, ünvan 3 ünvanında yerləşən 33 kv.m qeyri-yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə X7 arasında xx.xx.2020-ci il tarixli, 382 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Beləliklə, iddianın predmeti olan qeyri-yaşayış sahəsi yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən X6 icarəyə verilərək özəlləşdirilmiş və özəlləşdirmə zamanı cavabdeh inzibati orqan tərəfindən hər hansı maddi hüquq normalarının tələbləri pozulmamışdır. İddiaçı tərəflər arasında bağlanmış müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, həmin hüquqmüəyyənedici sənədin qanunsuz olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. ... 37. Həmin Qanunun 68-ci maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Həmin Qanunun 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Həmin Qanunun 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Həmin Qanunun 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidməti ilə Nüsrətov Anar arasında bağlanılmış alqı-satqı müqavilələrinin etibarsız sayılması üçün hər hansı hüquqi əsas mövcud olmadığına görə hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X7) cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə əsas olmuş xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar