Məhkəmə qərarları › İş №2-1(112)-5135/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5135/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5135/2024 11.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri XDS İK xx.xx.1989-cu il tarixli 6/255 saylı qərarı ilə və Səbail rayon təhsil işçilərinə b/y -nın xx.xx.1997-ci il tarixli 07 saylı protokolu ilə Bakı şəhər Xəzər rayonu, Türkan bağ massivində 500 kv.m 1 saylı bağ evi tikilməsi üçün torpaq sahəsinin adına özəlləşdirilərək çıxarış verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri XDS İK xx.xx.1989-cu il tarixli 6/255 saylı qərarı ilə və Səbail rayon təhsil işçilərinə b/y-nin xx.xx.1997-ci il tarixli 07 saylı protokolu ilə Bakı şəhər Xəzər rayonu, Türkan bağ massivində 500 kv.m 1 saylı bağ evinin tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş, həmin torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək 20 iyul 2014-cü il tarixdə X9 kitabında A№510315 saylı qeydiyyatla uçota alınmışdır. Bununla əlaqədar dəfələrlə Azərbaycan Respublikası Əmlak Məsələləri üçrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə müraciət edərək, həmin torpaq sahəsini, adına özəlləşdirməklə çıxarış verilməsini xahiş etmişdir. Lakin cavabdeh əsassız olaraq müraciətinə imtina etmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Səbail rayonu təhsil işçilərinin bağçılıq yoldaşlığı birliyinin xx.xx.1997-ci il tarixli 07 saylı protokolu ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində 500 kv.m torpaq sahəsi olan 1 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, idarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən bağçılıq yoldaşlıq təsərrüfatının bölgü sxemi olmadığından dəqiq yerləşməni müəyyənləşdirmək mümkün olmamışdır.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə məhkəmə tərəfindən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə şifahi məhkəmə baxışı iclasında işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İşdə olan Təhsil işçiləri X6 Səbail rayon Komitəsinin 04 oktyabr 1997-ci il tarixli 10 №-li iclas protokolundan çıxarışdan görünür ki, bağ sahəsinin hazırki sahibi üzun müddət ərzində bağ sahəsində heç bir abadlıq işi aparmadığına görə həmin sahə ondan alınaraq İddiaçı verilməsi qərara alınmışdır.

9. İşdə olan Səbail rayonunun Təhsil işçiləri bağçılıq yoldaşlığı birliyinin 05 oktyabr 1997-ci il tarixli yığıncağının 8 №-li protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri X7 İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il 6/255 №-li qərarına əsasən Əzizbəyov rayonu Türkan qəsəbəsi ərazisində ayrılmış torpaq sahəsində hazırki bağçı heç bir abadlıq işi aparmadığına görə həmin sahə X1 alınaraq, İddiaçı verilməsi, onun bağ sahəsi 1 №-li qeydə alınaraq ümumi sahəsi 500 kv.m hesab edilməsi qərara alınmışdır.

10. İşdə olan Bakı şəhər X5 İcraiyyə Komitəsinin 6/255 nömrəli 21 iyul 1989-cu il tarixli qərara əsasən Əzizbəyov rayonu Türkan qəsəbəsi ərazisində Səbail rayonu təhsil işçiləri üçün ayrılmış torpaq sahələrinin uzun müddət istifadəsiz qaldığı nəzərə alınaraq Təhsil işçiləri X6 Səbail rayon komitəsinin rəyasət heyətinin 1 oktyabr 1997-ci il tarixli 3 №li qərarı ilə həmin ərazidə üzvlərə torpaq sahəsi ayrılmışdır. (Siyahının 38 İddiaçı adı qeyd olunmuşdur).

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 13 fevral 2023-cü il tarixli **********08 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, idarənin mövcud arxiv məlumatlarına əsasən bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən bağçılıq yoldaşlıq təsərrüfatının bölgü sxemi olmadığından dəqiq yerləşməni müəyyənləşdirmək mümkün olmamışdır.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 08 fevral 2014-cü il tarixli **********24 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin elektron-baza məlumatlarına əsasən torpaq sahəsi tərəfinizdən təqdim edilən Səbail rayonu təhsil işçilərinin bağçılıq yoldaşlığı birliyinə ayrılmış torpaq sahəsinin ümumi bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Belə ki, tərəfindən göstərilən sahə təqdim etdiyiniz bölgü sxemində qeyd olunan istifadə zonasına düşür. Bakı şəhər Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən arxiv siyahısında adı aşkar olunmamışdır. Səbail rayonu təhsil işçilərinin bağçılıq yoldaşlığı birliyinin xx.xx.1997-ci il tarixli yığıncağının 8 nömrəli protokolundan çıxarışda bağ sahəsinin kimdən alındığı yazılmamışdır.

13. Təhsil İşçilərinin Bağçılıq Yoldaşlıq Birliyi tərəfindən iddiaçıya 88 nömrəli bağçının üzvlük kitabçası verilmişdir.

14. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçü sənədindən görünür ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin 6/255 nömrəli 21 iyul 1989-cu il tarixli qərarına və Səbail rayonunun Təhsil işçiləri bağçılıq yoldaşlığı birliyinin 05 oktyabr 1997-ci il tarixli yığıncağının protokolunun çıxarışa əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları və texniki parametrlərini təsdiq edən sənəd verilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. İşin hallarından göründüyü kimi, cavabdeh tərəfindən etiraz ərizəsində göstərilmiş, iddiaçının müraciətinin təmin edilməsindən imtinanın əsası kimi iddiaçının adının bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamasına, bağçılıq yoldaşlıq təsərrüfatının bölgü sxeminin olmamasına istinad edilmişdir.

24. Cavabdehin imtina dəlillərindən biri iddiaçının adının bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmaması olmuşdur ki, məhkəmə tərəfindən bununla bağlı araşdırma aparılması məqsədilə aidiyyəti qurumlara sorğu göndərilmiş, həmin sorğulara daxil olmuş cavab məktublarına əsasən müəyyən edilmişdir ki, İdarənin arxivində yalnız bağçılıq üzvlərinin ilkin siyahısı mövcuddur. Sonrakı dəqiqləşmiş siyahılar arxivə təhvil verilməmişdir.

25. Məhkəmə qeyd edir ki, ddiaçının bağçılıq yoldaşlığı cəmiyyətinin üzvlüyünə qəbul edilməsindən sonraki dövr üzrə bağçılıq yoldaşlığı üzvlərinin siyahısının yenilənməməsi iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun ziyanına şərh edilə bilməz. Əksinə, iddiaçının sonradan üzv kimi qəbul edilməsinə baxmayaraq ilkin siyahıda adının olması həmin sənədlərin mötəbərliyinə şübhə altına alınmasına səbəb ola bilərdi ki, hazırkı iş üzrə təqdim edilən sənədlərin mötəbərliyinə həmin faktiki və hüquqi əsasla da şübhə mövcud deyildir.

26. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddia olunan bağ sahəsi ilkin olaraq bağçılıqyoldaşlıq təsərrüfatının üzvü olan X2 adına ayrılmış, daha sonra isə adıçəkilən şəxs üzvlükdən çıxarılaraq həmin bağ sahəsi iddiaçıya ayrılmışdır. Xüsusi ilə qeyd olunmalı məqamlardan biri odur ki, bağ sahəsinin ilk sahibi X2 adı İdarənin arxivində saxlanılan siyahıda mövcuddur. Göründüyü kimi İdarənin arxivində saxlanılan siyahı faktiki olaraq iddiaçının üzvlüyə qəbul edilməsindən daha əvvələ aid olduğunun göstəricisidir.

27. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, Bağçılıq Yoldaşlığı idarə heyətinin yığıncağının iddiaçının adı da qeyd olunan protokoldan çıxarışı və üzvlük kitabçası Qanunun 8.0.7-ci maddəsində göstərilən sənədlərə aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. Qeyd olunan protokol və üzvlük kitabçası hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. Bu səbəbdən də həmin protokol və protokol əsasında verilmiş üzvlük kitabçası iddiaçının iddia olunan torpaq (bağ) sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığının göstəricisidir.

28. Eyni zamanda iş materiallarına əlavə edilmiş əmək kitabçasından müəyyən olunur ki, iddiaçı torpaq ayrılma zamanı M.İsmayılov adına uşaq Gənclər yaradıcılıq sarayında əmək fəaliyyəti ilə məşğul olmuşdur. Göründüyü kimi iddiaçının həmin dövrdə təhsil sferasında işləməsi faktiki olaraq həmin bağçılıq yoldaşlığı cəmiyyətinin üzvlüyünə qəbul edilməsini və ona bağ sahəsinin ayrılmasını təsdiq edən sənədlərin mötəbərliyini təsdiq edir.

29. Təqdim edilən sənədlərdən də göründüyü kimi təkcə sənəd üzrə yox, faktiki olaraq da bağ sahəsinin iddiaçıya ayrılması həyata keçirilmiş, bağ sahəsi onun istifadəsinə ayrılmışdır ki, iddiaçı hal-hazırda da həmin bağ sahəsinin qanuni istifadəçisidir. İş materiallarında olan torpaq sahəsinin planı və ölçü sənədindən də göründüyü kimi, zamanında səlahiyyətli olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi öz səlahiyyətləri çərçivəsində iddia olunan bağ sahəsinin koordinatları və texniki parametrlərini əks etdirən sənəd tərtib etmişdir ki, həmin sənədin verilməsinin əsasında da məhz Bakı şəhər X5 İcraiyyə Komitəsinin 6/255 nömrəli 21 iyul 1989-cu il tarixli qərarına və Səbail rayonunun Təhsil işçiləri bağçılıq yoldaşlığı birliyinin 05 oktyabr 1997-ci il tarixli yığıncağının protokoluna istinad olunmuşdur.

30. Doğrudur ki, torpaq sahəsinin plan və ölçü sənədi texniki sənəddir. Lakin, həmin texniki sənəd torpaqyırma zamanı X9, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmişdir.

31. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli, 576 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında” Əsasnamənin aşağıda sadalanan müddəalarından görünür ki:

9. Komitənin əsas vəzifələri aşağıdakılardır: 9.1. X9, torpaqların monitorinqi, yerquruluşu, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaqların münbitliyinin bərpası və artırılması, torpaq bazarının təşkili, torpaq-hüquq münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi və torpaqla bağlı digər işləri təşkil etmək və həyata keçirmək; 9.2. Öz səlahiyyətləri hüdudlarında torpaqlardan istifadəyə və onların mühafizəsinə, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək; 9.3. Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət torpaq reyestrini aparmaq (-)

10. Komitə ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: (-) 10.22. Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq rayon, şəhər, şəhər tipli qəsəbələr və digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədlərini naturada müəyyən edir və xəritələşdirilməsini həyata keçirir.

32. Göründüyü kimi X9, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən Bakı şəhər X5 İcraiyyə Komitəsinin 6/255 nömrəli 21 iyul 1989-cu il tarixli qərarına və Səbail rayonunun Təhsil işçiləri bağçılıq yoldaşlığı birliyinin 05 oktyabr 1997-ci il tarixli yığıncağının protokoluna istinad edərək, torpaq sahəsinə dair plan və ölçü sənədini tərtib etmişdir ki, bununla da həmin hüquqmüəyyənedici sənədlərin mötəbərliyinə dair öz mövqeyini nümayiş etdirmişdir.

33. Göründüyü kimi, cavabdehin sözügedən dəlilləri əsassız olmaqla iddiaçının ona məxsus hüququn qeydə alınmasını tələb etməsini istisna edə bilməz.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. 35.Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

38. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində 500 kv.m torpaq sahəsi olan 1 saylı bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar