Məhkəmə qərarları › İş №2-1(112)-5136/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5136/2022

29.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5136/2022 29.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəsarətin müharibə dövründə alınmasının təsdiq edilməsini” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə dövründə yaralanmasını təsdiq edən və hərbi əlil kimi adlandırılması üçün əsas olan qərarın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1964-cü il təvəllüdlü olub, İ X2. Lakin eyni anda 1991-1992-ci illərdə iştirak etdiyi müharibədə yaralanmış və bununla əlaqədar olaraq Ağdam rayon Sarçalı Xəstəxanasında müalicə olunmuş, bu yaralanmanın fəsadlarının bu günə kimi hələ də var olduğu ağır kontuziya almış xəstədir. Müharibədən gəldikdən sonra mütəmadi, fasiləsiz müalicədə olmuş və son 2-3 ildə əlilliyinin alınması üçün cəmi 70-80 gün olmaqla müxtəlif vaxtlarda müvafiq poliklinika göndərişlərilə aidiyyəti dövlət xəstəxanalarında vəziyyətinin mühümlüyü səbəbilə müalicə almışdır. Onun müharibə əlili kimi elektron sənədlərinin kompüter sistemilə göndərilməsi üçün müharibə dövründə yaralanmasını təsdiqləyən “Müharibə dövründə yaralanmışdır, Hərbi travmadır” məzmunlu Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının Qərarını Komissiyaya təqdim edə bilməməsi halı müharibə əlili kimi pensiya almasına, ümumən müharibə əlilliyinin təsdiqlənməsinə mane olur. Bu qərarın alınmasında əsas maneələrdən biri də Ağdamdakı Xəstəxanada olmasını təsdiqləyən əsas xəstəxana qeydiyyatı Kitabçasının əslinin iddiaçıda olmasına baxmayaraq xəstəxanada olmasını təsdiqləyən arxiv sənədlərinin olmamasıdır ki, bu sənədlərin tapılmaması onları Hərbi Həkim Komissiyasına ilkin müraciət sənədi kimi arxiv sənədi olaraq təqdim etməyini mümkünsüz edir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında göstərmişdir ki, İddiaçı hərbi xidmət keçdiyi N saylı hərbi hissə Ədliyyə Nazirliyinin tabeliyində olduğuna görə onun yaralanmasının səbəb əlaqəsinin təyin edilməsi üçün qeydiyyatda olduğu SHXÇDX-nın müvafiq rayon şöbəsindən göndəriş, hərbi xidmət keçməsinə dair arayış və hərbi xidmət dövründə yaralanmasını təsdiq edən tibbi sənədləri Ədliyyə Nazirliyinin hərbi həkim komissiyasına göndərilməlidir. İddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası yoxdur. Qeyd olunanlara əsasən cavabdeh iddianın rədd olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məkhəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı iddia qaldırmamışdır. Çünki iddiaçının iddia tələbi hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə daxil deyil. Belə ki, işdə olan Ədliyyə Nazirliyi Penitensiar Xidmət Mühafizə Alayı tərəfindən məhkəməyə təqdim edilmiş 17/15-424 saylı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.1991-ci il tarixli 48 saylı əmri ilə İddiaçı Cəmil oğlu müddətdən artıq həqiqi hərbi xidmət etmək üçün hərbi hissənin şəxsi heyətinin siyahılarına və bütün növ təminatlarına daxil edilmişdir. Kiçik çavuş İddiaçı N saylı hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.1992-ci il tarixli 235 saylı əmri ilə döyüş tapşırığını yerinə yetirmək üçün döyüş bölgəsinə ezam olunmuşdur. Xidməti davam etdirməyə layiq olmadığı üçün kiçik çavuş İddiaçı Cəmil oğlu N saylı hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.1995-ci il tarixli N saylı əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlarından çıxarılaraq, ehtiyata buraxılmış və qeydiyata düşmək üçün Bakı şəhəri Xətai RHK göndərilmişdir. İddiaçı Cəmil oğlunun xəsarət alıb almaması barədə N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərdə heç bir qeydiyyat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş N saylı hərbi hissə komandirinin xx.xx.1991-ci il tarixli, 78 nömrəli əmrindən görünür ki, iddiaçı 2 il müddətinə - xx.xx.1991-xx.xx.1993-cü ilə qədər müddətdən artıq həqiqi hərbi xidmət etmək üçün hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlarına daxil edilmişdir. Ona kiçik çavuş hərbi rütbəsi verilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 235 nömrəli əmrindən görünür ki, iddiaçı döyüş tapşırığını yerinə yetirmək üçün döyüş bölgəsinə ezam olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MQİBİ-nin rəisi N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 51 nömrəli əmrindən görünür ki, İddiaçı Cəmil oğlu xx.xx.1995-ci il tarixdən hərbi xidmətdən ehtiyata buraxılmış, Bakı şəhəri, Xətai RHK-ya qeydiyyata düşmək üçün göndərilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 33.1-ci maddəsinə əsasən penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Həmin Qanunun 35.2-ci maddəsinə görə penitensiar xidmətdə hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçmə qaydaları “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi” və digər normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.2-ci bəndinə görə hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. Əsasnamənin 1.3-cü bəndinə görə hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. Əsasnamənin 1.4-cü bəndinə əsasən hərbi-həkim komissiyalarına həvalə olunur: ç) hərbi qulluqçuların, orqanlarda xidmət, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış, orqanlarda xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin, habelə hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin ölümü ilə nəticələnmiş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi. Əsasnamənin 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Göründüyü kimi, hərbi xidmət dövründə alınmış xəsarətin səbəb əlaqəsi hərbi qulluqçunun xidmət keçdiyi orqanın hərbi həkim komissiyası tərəfindən müəyyən edilir. İşin hallarından müəyyən olunur ki, iddiaçı hazırkı cavabdeh Azərbaycan Respublikası Müdafiiə Nazirliyinin deyil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeliyində olan hərbi hissədə xidmət etmiş, iddiasına görə xidmət zamanı döyüş bölgəsinə ezam zamanı xəsarət almışdır. Deməli, onun şəhadətləndirilməsi, xəsarətinin səbəb əlaqəsinin müəyyən edilməsi hazırkı cavabdeh tərəfindən deyil, Ədliyyə Nazirliyinin hərbi-həkim komissiyası tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar