Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5139/2021 14.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti ilə Akademik H.Hüseynov küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi dövlət reyestrində qeydiyyata alınaraq, onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti ilə Akademik H.Hüseynov küçələrinin kəsişməsində yerləşən və ümumi sahəsi 55,78 kv.m olan qeyriyaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti ilə Akademik H.Hüseynov küçələrinin kəsişməsində öz hesabına qeyri-yaşayış sahəsi inşa edilmişdir və istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə adına sənədləşdirilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısına müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 209 saylı, 05.06.2013-cü il tarixli sərəncamı ilə mövcud vəziyyətdə adına sənədləşdirilməsi qərara alınmışdır. Qeyri-yaşayış sahəsinin cizgisi də tərtib edilib, təsdiq edilmişdir. Artıq uzun illərdi yuxarıda qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış sahəsi onun istifadəsindədir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Ona bildirilmişdir ki, obyektin tikintisinə icazə sərəncamı təqdim edilməmiş və digər səbəblər əsas gətirilməklə çıxarışın verilməsindən imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, sözügedən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim edilməlidir. Belə ki, təqdim ediləcək sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməlidir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən göstərilən sahənin bir hissəsi dövlət əmlakı olan ərazi ilə üst-üstə düşür. Bundan əlavə ərazi ümumi istifadədə olan yaşıllıq ərazisidir. Bununla bağlı İddiaçı **********92 nömrəli 24.02.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdınlmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqlarm dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsinin xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının “H.Zərdabi prospekti ilə Ak.H.Hüseynov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə vət. İddiaçı adına sənədləşdirilməsi haqqında” 209 №-li, 05.06.2013-cü il tarixli sərəncamının lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, Yasamal rayon İcra Hakimiyyətinə ünvan 1 ünvanda yaşayan vət. İddiaçı müraciət edərək H.Zərdabi prospekti ilə Ak.H.Hüseynov küçəsinin kəsişməsində yerləşən və uzun illər qabaq tikib hal-hazırda istifadə etdiyi qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə onun adına sənədlşədirilməsini xahiş etmişdir. Qeyri-yaşayış sahəsinin vət. MƏ.Cahangirova tərəfindən 1999-cu ildə tikilib bu günə qədər istifadəsində olması 56 saylı MKİS-iddiaçının nümayəndəsi məktubu ilə təsdiq olunur. Qeyri-yaşayış sahəsinin texniki vəziyyəti qənaətbəxş olmaqla istismar üçün yararlıdır. Qeyd olunanlara əsaslanaraq Yasamal rayonu, H.Zərdabi prospekti ilə Ak.H.Hüseynov küçələrinin kəsişməsində İddiaçı tərəfindən 1999-cu ildə inşa edilmiş, ümumi sahəsi 55,78 kv.m., tikintialtı sahəsi 63.12 kv.m olan qeyri-yaşayış sahəsi mövcud istifadə vəziyyətində onun adına sənədləşdirilməsinə, qeyri-yaşayış sahəsinin yerinin icarə xərcləriin ödənilməsi üçün vət. İddiaçı ilə müvafiq qurumlar arasında müqavilə bağlanmasına, qeyri-yaşayış sahəsinin texniki pasportunun hazırlanması və qeydiyyata alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etməsinin vət. İddiaçı tövsiyyə olunmasına sərəncam verilmişdir. - Yasamal rayonu, H.Zərdabi küçəsi ilə X5 küçələrinin kəsişməsində yerləşən “qeyriyaşayış” sahəsinin mövcud vəziyyətdə cizgisinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən inşa edilmiş ümumi sahəsi 55,78 kv.m. olan qeyri-yaşayış sahəsinin layihəsi Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətinin Layihə-Smeta Bürosu tərəfindən təsdiq edilmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanan **********92 №-li, 24.02.2021-ci il tarixli məktubdan görünür ki, sözügedən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim edilməlidir. Belə ki təqdim ediləcək sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməlidir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən göstərilən sahənin bir hissəsi dövlət əmlakı olan ərazi ilə üst-üstə düşür. Bundan əlavə, ərazi ümumi istifadədə olan yaşıllıq ərazisidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən 1999-cu ildə Yasamal rayonu, H.Zərdabi prospekti ilə Ak.H.Hüseynov küçələrinin kəsişməsində ümumi sahəsi 55,78 kv.m. qeyri-yaşayış sahəsi inşa edilmişdir. İddiaçı müraciətinə əsasən Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətinin 05.06.2013-cü il tarixli, 209 nömrəli sərəncamı ilə həmin qeyri-yaşayış sahəsinin layihəsi təsdiq edilmiş və mövcud istifadə vəziyyətində onun adına sənədləşdirilməsinə icazə verilmişdir. İddiaçı 1999-cu ildə inşa etdiyi qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən tikintiyə icazə verilməsi barədə qərarın, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin, tikinti obyektnin istismarına icazənin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməməsi əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139-1.1.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.9-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.12-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək səlahiyyəti mövcuddur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsi 1999-cu ildə inşa edilmiş və müvafiq icra hakimiyyətinin 05.06.2013-cü il tarixli, 209 nömrəli sərəncam ilə mövcud istifadə vəziyyətində layihəsi təsdiq edilərək istismara qəbul edilmişdir. İddiaçının mövcud qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlərinin mövcud olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmışdır. Bundan əlavə mübahisəli daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadəsini istisna edən hallara dair, həmçinin həmin tikilinin İİİ məsuliyyət səviyyəli binaya aid olmamasını istisna edən hallar müəyyən edilmədiyindən, bununla bağlı məhkəmə icraatında cavabdeh tərəfindən başqa sübutlar təqdim edilmədiyindən, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyatı qanuna zidd deyildir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nətcəyə gəlir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti ilə Akademik H.Hüseynov küçələrinin kəsişməsində yerləşən ümumi sahəsi 55,78 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları əldə etmişdir və onun müvafiq qeyriyaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalı və bu barədə reyestrdən müvafiq çıxarış verilməli idi. Belə olan halda məhkəmə cavabdehin imtinasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti ilə Akademik H.Hüseynov küçələrinin kəsişməsində yerləşən və ümumi sahəsi 55,78 kv.m olan qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti ilə Akademik H.Hüseynov küçələrinin kəsişməsində yerləşən və ümumi sahəsi 55,78 kv.m. olan qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5139/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5139/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver