Məhkəmə qərarları › İş №2-1(112)-514/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-514/2020

26.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-514/2020 26.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X2 (Katibliyin hüquq xidmətində zabit-hərbi hüquqşünas, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı fasiləsiz xidmət illərinə görə əlavənin yenidən hesablanması və müvafiq hesablama vərəqinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, fasiləsiz xidmət illərinə görə əlavənin vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində hesablanmaqla, müvafiq hesablama vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilən məlumat vərəqində nəzərə alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə- Plan İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından ehtiyata buraxılarkən xidmət müddəti imtiyazlı hesablama ilə 33 il 02 23 gün təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 4-cü bəndində qeyd olunur ki, “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur”. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə ərizə ilə müraciət etməsinə baxmayaraq, onun fasiləsiz xidmət illərinin 30 ildən yuxarı olmasını nəzərə alaraq, fasiləsiz xidmət illərinə görə əlavəni 50 faizi məbləğində hesablanmaqla, müvafiq hesablama vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilən məlumat vərəqində nəzərə alınması üçün Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə göndərməkdən imtina edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 98 nömrəli Qərarının 6-cı bəndinə əsasən “Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar, daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 98 nömrəli Qərarının 2-ci bəndinin 1-ci, 4-cü hissələrinin və 6-cı bəndinin təsiri dairəsinə düşən fasiləsiz xidmət illərinə aşağıdakı dövrlər hesablanmalıdır: - xx.xx.1998-xx.xx.2004-cü il tarixlərdə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə, Hərbi Əks-Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyində zabit vəzifələrində həqiqi hərbi xidmət (05 il 05 ay 14 gün); xx.xx.1998-xx.xx.2004-cü il tarixlərdə həmin orqanın Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi üzrə şöbəsində keçdiyi və 1 gün 3 gün kimi hesablanan zabit vəzifələrində güzəştli həqiqi hərbi xidmət (10 il 10 ay 28 gün); xx.xx.2004-xx.xx.2018-ci il tarixlərdə DİN-in Daxili Qoşunlarında zabit vəzifələrində həqiqi hərbi xidmət (13 il 10 ay 02 gün). Həmin dövr fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün 30 ildən yuxarı təşkil etdiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarına əsasən fasiləsiz xidmət illərinə görə Əlavə də müvafiq olaraq 50 faizlə hesablanmalıdır. Cavabdeh mübahisənin məhkəməyədək müraciəti cavablandırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 aprel 2018-ci il tarixli Q21-001-18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili X3 hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”sinə istinad edərək, fasizləsiz xidmət illərinə yalnız təqvim illərini nəzərə almaqla əlavənin 50 faizlə yox, 30 faizlə hesablanmasının düzgünlüyünə israr edir. Presedent halla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli 2-1(102)-230/2019 saylı iş üzrə Qərarında qeyd olunduğu kimi hazırki işin mübahisələndirilən yeganə halı iddiaçının təminat xərcliyində xidmət illərinə görə əlavənin faiz dərəcəsi ilə bağlıdır. Ali Məhkəmə adı çəkilən Qərarında Bakı Apelyasiya Məhkəməsinin “xidmət illərinə görə əlavə hesablanarakən təqvim hesabı ilə iddiaçının xidmət etdiyi müddət əsas götürülməlidir” mövqeyini əsas götürülməlidir mövqeyini əsassız hesab etmiş, 2-1(103)-1786/2018 saylı 05 sentyabr 2018-ci il tarixli Qərarını ləğv etmiş və iddianı təmin etmişdir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 73 nömrəli və onu dəqiqləşdirən 98 nömrəli Qərarları cavabdehin cavab məktubunda istinad etdiyi aktdan daha yüksək hüquqi qüvvəyə malikdir və onlar arasında ziddiyyət yaranarsa, birincilər üstün tutulmalı və tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2001-ci il tarixli 190 nömrəli Qərarının 3-cü bəndində göstərilmişdir ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinhetinin 73 nömrəli daxili işlər orqanlarının digər əməkdaşlarına da şamil edilsin. Bu da həmin X1 Nazirliyinin tərkibində olan Daxili Qoşunların hərbi qulluqçularına da olunmasını imperativ surətdə tələb edir, DİN-in hər hansı Qərarı və ya Əsasnaməsi ilə dəyişdirilməsini istisna edir. Belə olan halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin istinad etdiyi aktlar fasiləsiz xidmət illərinə görə Əlavənin 50 faizi məbləğində hesablanmaqla, müvafiq hesablama vərəqinin göndərilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin sabiq hərbi qulluqçusu İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı “fasiləsiz xidmət illərinə görə əlavənin vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində hesablamaqla, müvafiq hesablama vərəqinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilən məlumat vərəqində nəzərə alınması üçün DİN-nin Maliyyə- Plan İdarəsinə göndərilməsi” tələbinə dair iddiası əsassız və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 22 iyul 2004-cü il tarixli 98 nömrəli, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” 20 aprel 2000-ci il tarixli 73 nömrəli və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” 4 dekabr 2001-ci il tarixli 190 nömrəli qərarlarının tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 4-cü bəndində qeyd olunur ki, “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalara əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur”, Daxili Qoşunların Baş İdarəsinə ərizə ilə müraciət etsə də fasiləsiz xidmət illərinin 30 ildən yuxarı olmasını nəzərə alaraq, fasiləsiz xidmət illərinə görə əlavənin 50 faizi məbləğində hesablamaqla müvafiq hesablama vərəqinin DSMF-nin XŞTİ-nə göndərilməsindən imtina edilməsini bildirmişdir. Bundan başqa iddiaçı ərizəsində qeyd etmişdir ki, iddianın maddi əsasları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 98 nömrəli Qərarının 6-cı bəndinə əsasən “Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar, daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır”. İddiaçının ərizəsini əsassız hesab edir və aşağıda göstərilən səbəblərə görə təmin olunmamalıdır. Belə ki, Daxili Qoşunların sabiq hərbi qulluqçusu, ehtiyatda olan polkovnik-leytenant İddiaçı 16 iyun 2004-cü il tarixdən 18 aprel 2018-ci il tarixədək Daxili Nazirliyinin Daxili Qoşunlarında xidmət etmiş və X4 müavini - Daxili Qoşunların komandanın 18 aprel 2018-ci il tarixli 43 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Nazirlər Kabinetinin “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 22 iyul 2004-cü il tarixli 98 nömrəli qərarına olan əlavənin 6-cı hissəsinə əsasən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması zamanı nəzərə alınır. Qeyd edilən qərar və sadalanan digər normativ hüquqi aktlar daxili işlər orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır, daxili işlər orqanlarının adrlarına daxil edilərək xüsusi rütbə verilmiş sıravi, kiçik, orta, böyük və ali rəis heyəti əməkdaşlarına aiddir və hərbi qulluqçulara şamil edilmir. Hərb qulluqçulara xidməti illərə görə üstəlik məbləğin hesablanması və ödənilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli qərarı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 aprel 2018-ci il tarixli Q21-001-18 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Qoşunlarının hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” ilə tənzimlənir ki, İddiaçı xidməti illərə görə üstəlik məbləğin hesablanması bu normativ hüquqi sənədlərin tələblərinə əsasən həyata keçirilmişdir. Beləliklə müəyyən edilmişdir ki, İddiaçı xidmətdən buraxıldığı günə aldığı fasiləsiz xidmət illərinə görə əlavə, mövcud normativ hüquqi aktların tələblərinə əsasən təqvim illəri ilə 20 il 5 ay 22 gün olmaqla düzgün hesablanmışdır. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxssin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçıiddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1994/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı 04 avqust 1998-ci il tarixdən 17 yanvar 2004-cü il tarixədək döyüş bölgəsində yerləşən N saylı hərbi hissə üzrə şöbədə xidmət keçdiyi xidmət illərinin 1 günü 3 gün kimi hesablanmayan müddətinin 1 günü 3 gün kimi hesablanmaqla, müvafiq hesablama vərəqinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilən məlumat vərəqində nəzərə alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında müəyyən edilənlərdən görünür ki, iddiaçı 04 avqust 1998-ci il tarixdən 17 yanvar 2004-cü il tarixədək Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin – Hərbi Əks-kəşfiyyat Xidmətinin – AR MTN Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin N saylı briqada üzrə bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət keçmişdir. 2004-cü ilin yanvar ayında “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində xidmət göstərmiş və öz arzusu ilə istefaya buraxılmış və ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 15 may 2018-ci il tarixli məlumat vərəqəsi əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********8 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 15 may 2018-ci il tarixli 18 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada ona İdarə tərəfindən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Həmin orqan tərəfindən təqdim olunmuş 4 iyul 2019-cu il tarixli 18 nömrəli yeni məlumat vərəqəsinə əsasən 33 il 2 ay 23 gün xidmət müddəti nəzərə alınmaqla əmək pensiyası xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üçün yenidən hesablanmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, 13-1/2790- 2677M saylı məktubdan görünür ki, iddiaçının ona pensiya hesablanması üçün verilmiş pul attestatının eynidən tərtib olunması və orada xidmətdən buraxıldığı günə aldığı fasiləsiz xidmət illərinə görə əlavənin təqvim illəri ilə deyil, güzəştli hesablama ilə qeyd edilməsi barədə ərizəsinə baxılmış və cavab olaraq bildirilmişdir ki, müraciətdə qeyd etdiyi normativ hüquqi sənədlər daxili işlər orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır, daxili işlər orqanlarının kadrlarına daxil edilərək xüsusi rütbə verilmiş sıravi, kiçik, orta, böyük və ali rəis heyəti əməkdaşlarına aiddir və hərbi qulluqçulara şamil edilmir. Hərbi qulluqçulara xidmət illərə görə üstəlik məbləğin hesablanması və ödənilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli qərarı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 aprel 2018-ci il tarixli Q21-001-18 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” ilə tənzimlənir ki, ona xidməti illərə görə üstəlik məbləğin hesablanması bu normativ hüquqi sənədlərin tələblərinə əsasən həyata keçirilmişdir. Bununla əlaqədar olaraq bildirilmişdir ki, xidmətdən buraxıldığı günə aldığı fasiləsiz xidmət illərinə görə əlavə mövcud normativ hüquqi aktların tələblərinə əsasən təqvim illəri ilə 20 il 5 ay 22 gün olmaqla düzgün hesablanmışdır. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, iş materiallarında olan cavabdehin imtina məktubundan və iddiaya dair yazılı etirazından görünür ki, işin mübahisələndirilən halı iddiaçının hazırkı iddia ilə tələb etdiyi əlavənin daxili işlər orqanlarının kadrlarına daxil edilərək xüsusi rütbə verilmiş sıravi, kiçik, orta, böyük və ali rəis heyəti əməkdaşlarına aid olması, iddiaçının isə hərbi qulluqçu olması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə əsasən Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə hesablanır, həmçinin polis əməkdaşları dövlət qulluqçusu hesab edilirlər. Belə ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları” təsdiq edilmişdir. Həmin Qərara əsasənAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Aparatı dövlət orqanıdır. Məhkəmə qeyd edir ki, iddiaçının 30 ildən yuxarı fasiləsiz qulluq keçməsi, həmçinin Daxili Qoşunların Baş İdarəsinin (Baş İdarədə) Kadr şöbəsinin rəis müavini vəzifəsində qulluq keçməsi işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi strukturundan görünür ki, Daxili Qoşunların Baş İdarəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Aparatına daxildir. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, daxili qoşunlar, ərazi və ixtisaslaşdırılmış polis orqanları, nizami polis hissələri, tədris, təhsil və tibb müəssisələri, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu, idman cəmiyyəti, habelə digər qurumlar Nazirliyin vahid sistemini təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarının 1 nömrəli əlavəsinə əsasən «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi qaydaları» təsdiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının xidmət xüsusiyyətlərini nəzərə alaraq, təminat xərcliyi və başqa ödənişlər aşağıdakı qaydada təyin edilir: 1. Fasiləsiz xidmət illərinə görə verilən haqq vəzifə və xüsusi rütbəyə görə maaşlardan hesablanaraq aşağıdakı məbləğdə ödənilir: 1 ildən 2 ilə qədər fasiləsiz xidmət illərinə görə - 5 faiz; 2 ildən 5 ilə qədər fasiləsiz xidmət illərinə görə - 10 faiz; 5 ildən 10 ilə qədər fasiləsiz xidmət illərinə görə - 15 faiz; 10 ildən 15 ilə qədər fasiləsiz xidmət illərinə görə - 20 faiz; 15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə - 25 faiz; 20 ildən 25 ilə qədər fasiləsiz xidmət illərinə görə - 30 faiz; 25 ildən 30 ilə qədər fasiləsiz xidmət illərinə görə - 40 faiz; 30 ildən yuxarı fasiləsiz xidmət illərinə görə - 50 faiz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2004-cü il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə"yə və daxili işlər orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır və daxili işlər orqanlarının kadrlarına daxil edilərək xüsusi rütbə verilmiş sıravi, kiçik, orta, böyük və ali rəis heyəti əməkdaşlarına (bundan sonra - əməkdaşlar) fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması qaydasını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən daxili işlər orqanlarının kadrlarında saxlanılmaqla, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarına, hüquq mühafizə orqanlarının təşkilati və qanunvericilik təminatı ilə bağlı işə keçmiş və bu orqanlarda işdən çıxdıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət; Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə hesablanır. Həmin Qaydaların 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 gün ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı polis əməkdaşı olduğundan və mövcud qanunvericiliyə əsasən Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, vəzifəsində xidmət müddəti fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə hesablandığından, həmçinin iddiaçının 30 ildən yuxarı fasiləsiz xidmət etməsi iş materialları ilə təsdiq edildiyindən, cavabdehin imtinası əsassız və qanunsuz hesab edilməli və iddia təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində məhkəmə vasitəsi ilə verilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının fasiləsiz xidmət illərinə görə əlavə vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində hesablanmaqla yeni məlumat vərəqəsinin hazırlanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı fasiləsiz xidmət illərinə görə əlavə vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində hesablanmaqla yeni məlumat vərəqəsinin hazırlanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar